525.Az

Poetik rekviyemin nikbin harmoniyası


 

Poetik rekviyemin nikbin harmoniyası<b style="color:red"></b>

Azərbaycan bədii-poetik fikrində və qəzet publisistikasında son dərəcə fəal qələm işlədən söz sahiblərindən olan Əli Rza Xələflinin yaradıcılığını ardıcıl izləyənlərdən, yazdıqları ilə bağlı nəzəri-tənqidi fikirlərimizi yeri gəldikcə ədəbi ictimaiyyətə çatdırmağa səy göstərənlərdən biri kimi bu dəfə şairin "Kredo" qəzetində (10 mart 2023-cü il) Türk dünyasının yenilməz lider şəxsiyyəti Rəcəb Tayyib Ərdoğana həsr etdiyi poema bizi müəllif haqqında yenidən danışmağa vadar etdi. Əslində Əli Rza Xələfli poetik növün bütün janrlarında özünü sınamaqla, fikirlərini hədəfə tuşlamağı bacaran şairlərimizdəndir. Son vaxtlarda onun "Dağlarda duman qaldı" poemalar toplusuna bir "Ön söz" də yazmışdım. 10 müxtəlif mindəricəli və biçimli bu poemalarda o, xalqımızın tarixindən, Qarabağımızın taleyindən, doğma Cəbrayılın etnoqrafik mənzərəsindən, məişətindən, düşmən əlində qalmış yurd yerlərimizin durumundan səriştəli tərzdə və  ülvi bir məhəbbətlə bəhs edib.

Şair bu əsərində də poema janrının kələfini elə çözməyə başlayıb ki, onun bu janrda ortaya qoyduqları təqdirəlayiqdir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr etdiyi poemanı şair ikili anlamda "Türkiyənin zəlzələ ağrıları", "Ərdoğana və Türkiyəyə təskinlik üçün yarıqəm - yarıqürur dastanı" kimi adlandırıb və bildirək ki, bu adlardan hər ikisi əsərin başlıca qayəsini açmağa tuşlanıb. Müəllif türkün Tanrı dağı, Turan, Turan bayrağı, Malatya, Xatay, Kahramanmaraş, Qaziantəp, Alp Ər Tunqa, Bilgə Kağan, Tonyukuk və başqa bu kimi etnonim və toponimlərini göz önündə canlandıqmaqla bu poetik rekviyemin nikbin ruhlu poema şəklində ortaya qoyulmasında uğur qazanır və oxucu üçün çox mətləblərdən, türk tarixinin lap dərinliklərindən söz açır:

Qətiyyətin yol açır Türkün Tanrı dağına,

İradən işıq saçır Turanın bayrağına...

Dirilər Qaziyantəp, igid qazilər yurdu,

Doğudan Batıyacan uluyar Türkün qurdu -

deyərək Ərdoğanın qətiyyətindən, türkün gələcəyinə inamdan ağızdolusu bəhs edir:

Ulutürkün səddində basılmaz bir qalasan,

Qardaşlığa ziyarət, inama pir qalasan.

Türkiyənin önündə Turana yol açırsan,

Alp Ər Tonqa ruhuna qəlbindən nur saçırsan.

Bizə belə gəlir ki, Əli Rza Xələfli poemanı qələmə almamışdan əvvəl Rəcəb Tayyib Ərdoğanın ümumi siyasi-ictimai fəaliyyəti, o cümlədən, türk dəyərlərinə, tarixinə sadiqliyi ilə seçilən, yüksək xarizma və idarəçilik qabiliyyəti ilə fərqlənən, nəinki Türkiyə türklərini, həm də dünya türklərini öz inandırıcı ideya və məsləki altında birləşdirməyi bacaran şəxsiyyət kimi onun liderliyinin çeşidli tərəflərini müxtəlif dövrlər üzrə diqqətlə izləyib. Və bütün bunlar poemanın məzmununa, mahiyyətinə uğurla oturdulub.

Əli Rza Xələfli son dövr yaradıcılığında özünün içindən keçənləri poema janrında daha səmərəli əks etdirməyə çalışmaqdadır. Yəqin şairin yaradıcılığı yetkinləşib püxtələşdikcə o, özünü bu janrın qəlibləri içində bundan da sərbəst hiss edəcək. Bu baxımdan, görürük ki, o, poemanın çeşidli növlərindən də yaxşı xəbərdardır. Poema, hər şeydən öncə, bu və ya digər tarixi hadisələri, mənəvi, sosial-ictimai problemləri əks etdirən poetik üslublu təhkiyə əsəridir. Əli Rza Xələflinin də qədim dövrlərdən ədəbi-mədəni düşüncəmizə hakim kəsilib adlayan bu janra sevgi ilə yaraşdığını görmək mümkündür. O, bəzi epik nümunələrində ("Söz doğrunun, düzündü" sözə fəxriyyə ithaf edir, onu öyür, digərində ("Könlümə yol aradım") fəxriyyə poemanın çeşidli elementlərini ortaya çəkir, bir başqalarında ("Hər ocağın öz işığı", "Bir atanın düz yolu", "Karvan gəlir, yola bax və s.) tarixi olayları, adət-ənənələri, ocağa bağlılığı, etnoqrafik etüdlər şəkilində şairlik hiss və duyğularını epikanın köməyi ilə oxucusuna hədiyyə edir, "Anamın nağılı" və "Bir çinarın hekayəti" və s. kimi əsərlərini isə xatirə-poema üslubunda qələmə almağa üstünlük verir.

"Türkiyənin zəlzələ ağrıları", "Ərdoğana və Türkiyəyə təskinlik üçün yarıqəm - yarıqürur dastanı"nda yuxarıda qeyd etdiyimiz məqamlarla yanaşı, epik qəhrəmanın emotiv halı özünün yüksək hərəkiliyi və situativliyi ilə diqqət çəkir. Bu da təbiidir. Çünki insanla onun emosiyaları bir-birindən ayrılmazdır. Əgər hətta bir qədər tarixə baş vursaq, emosiyaların hələ nitq olmamışdan əvvəl, jestlər, mimikalar şəklində mövcud olduğunu görərik. Əli Rza Xələfliyə gəldikdə isə onun özü bir insan və şair kimi son dərəcə emosionaldır. Bunu nəinki biz, həm də onu yaxından tanıyanlar yaxşı bilirlər. Şeirlərini oxuyanda onun emotiv hissləri daha çox coşqun və oyaq olması ilə nəzərə çarpır. Bunu biz şairin Ərdoğana "Sultanım" deyə müraciətində də yaxşı görürük:

Biz səninlə gedirik Ulu Turan dağına,

Sonuncu dənizəcən türkü soran dağına.

 

...Azərbaycan bu dərdin ocağında közlənir,

Türkiyənin yanğısı varlığımda sözlənir

Müəllif Türkiyənin hüznünü Azərbaycanın hüznündən ayırmır. Onların hər ikisi bir qəlbdə iki can kimi təqdim olunur. Türkiyə şəhərlərinin acısı Qarabağ, Şuşa, Gəncə, Kəpəz, Təbriz, Şamaxı, Zəngəzur, Zəngilan ilə eyniləşdirilir. Bizə belə gəlir ki, bu dastan-poema türkün başına gəlmiş təbii bəlalara təkcə rekviyem kimi nəzərdən keçirilməməlidir. Buna görə də müəllif əsəri

Sultanım, əyilmə sən, əyilməz Tanrı dağı,

Yağılara göz dağı - sönməz Türkün çırağı 

kimi türk ellərini ümidləndirən nikbin sonluqla başa çatdırmağa çalışır. Başqa sözlə, biz Əli Rza Xələflinin bu məsnəvisini həm də "nikbin poema" kimi adlandırmaqda israrlıyıq. Əlbəttə, belə təyinin özü sərti olsa da, nədənsə onu biz qeyd etdiyimiz rakursda daha çox qəbul edir, yaxud da onu "nikbin rekviyem" kimi dəyərləndiririk. Poemanın tematik çevrəsi türk dünyasına, türklərin gələcəyinə nikbin hissləri ifadə etmək baxımından bizi bunları qeyd etməyə sövq edir. Burada heç də müəllifin məsələyə romantik yöndən yanaşması diqqət mərkəzində deyil. Lirik qəhrəmanın gələcəyə, sonsuz uğura can atması sanki içindəki harmoniyanın ifadəsi olaraq səslənir.

Əli Rza Xələflini bu əsərdə yeni ədəbi uğura imza atması ilə bağlı təbrik edir, ona gələcək epik yaradıcılığında da poetik vüsət və orijinallıq arzulayırıq.

 





02.05.2023    çap et  çap et