525.Az

İşıqlı həqiqətlərin yorulmaz carçısı - Esmira Fuad yazır


 

USTAD ŞAİRİMİZ MİRZƏ HÜSEYN KƏRİMİ MARAĞALININ ƏZİZ XATİRƏSİNƏ

İşıqlı həqiqətlərin yorulmaz carçısı - <b style="color:red"> Esmira Fuad yazır</b>

2023-cü ilin 9 fevralında o taylı-bu taylı Azərbaycan qəfil xəbərlə bir daha silkələndi... Öyrəndik ki, sevdiklərindən, soydaşlarından:

 

Sağlığımda məni yad et, əxəvi,                

Mən öləndən sora cırma yaxavı.

Sağlığımda məni dindir dilinən,

Gəlmə tərhimimə tacü gülünən.

Sağlığımda əlini çək başıma,

Yaxma burnun zılığın başdaşıma.

Ta varam, üzmə əlimdən əlivi,

Nə qara gey, nə uzad saqqalıvı!

 

- kimi dürüst, səmimi bir umacağı olan, Güney Azərbaycanın ünlü şairi, ustad satiriki kimi tanınıb-sevilən Mirzə Hüseyn Kərimi Marağada, müalicə olunduğu "Əmir əl-Möminin" xəstəxanasında 91 yaşında dünyasını dəyişib və əlini əlimizdən əbədiyyən üzüb...

Onunla 2014-cü ildə xalqımızın "taleyindəki ən xoşbəxt, ən iftixarlı, həm də ən narahat məqamları özündə bir ayna kimi əks etdirən, millətin ruhunu, mahiyyətini, necəliyini nümayiş etdirən açar şəhər, ülgü şəhərdə (Rafael Hüseynov)" - dünyanın möcüzə şəhərində, qədim və ecazkar Təbrizdə görüşüb şəxsən tanış olmuşdum. Təbrizdə keçirilən Uluslararası Şəhriyar konfransı və şairin anısına düzənlənmiş "Milli şeir günü" zamanı xatirələrə bürüdüyü duzlu söhbətini və şairin anısına yazdığı qəzəli də dinləmiş, xeyli məmnun olmuşdum... Konfransa qatılan alimlərlə xatirə şəkli çəkdirəndə də şair məni öz yanına çağırmışdı...

Bir əsrə yaxın ömür yaşasa da, ölümü sevdiklərini gerçəkdən yasa boğdu Mirzə Hüseyn Kəriminin və yoxluğu ilə Mirzə Ələkbər Sabir, Mirzəli Möcüz Şəbüstərli və Bayraməli Abbaszadə Hammalın yaratdığı çağdaş dövr Azərbaycan satira məktəbində bir boşluq yaratdı böyük sənətkarın...

Çünki sələflərində olduğu kimi, onun da cəmiyyətdə mövcud olan siyasi, ictimai problemlərə, mədəni gerilik və cəhalətə, dövrün eybəcərliklərinə ayna tutan satirik ruhlu əsərləri insanların bu mərəzlərdən qurtulması üçün sanki bir dəniz fənəri rolunu oynayır, dərdlərinə məlhəm olurdu.

Şeir, nəsihət və həcvlərini sevərək canlı-canlı dinləyən oxucuları bundan sonra onları daha onun öz dilindən eşidə bilməyəcək, yalnız "Rəngarəng" silsiləsindən çap olunmuş ruhun qidası, dərdlərin məlhəmi olan kitablarından oxuya biləcək, həyatda özünə və xalqına sayğı ilə yaşamaq dərsi alacaqlar...

1950-70-ci illərdə Marağa şəhərində yetişmiş, ömrünün sonunadək də Güney Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Marağada yaşamış, parlaq yaradıcılığı ilə tanınmış Mirzə Hüseyn Kərimi kəskin satira və həcvləri ilə sələfləri Sabir, Möcüz və Bayraməli Abbaszadə Hammalın layiqli davamşısı olduğunu təsdiqləmişdi. O taylı-bu taylı Azərbaycanın çağdaş satirik şairi gülümsər çöhrəsi, təqdirəlayiq nəzakəti, təvazökarlığı və mənəvi-əxlaqi saflığı ilə də xalqının sevimlisinə çevrilmişdi. Quzey və Güney Azərbaycanda-İranda, həm də saf əxlaqlı bir şəxsiyyət kimi tanınan ünlü satira ustası, demək olar ki, bütün əsərlərini Azərbaycan türkcəsində yazırdı.

"Rəngarəng və ya Külliyyate-ədəbiyyate-Kərimi" kimi zəngin mirası ilə Güney Azərbaycan ədəbiyyatına öz töhfələrini verən M.H.Marağalı çəkici bir dil ilə oxucusunu öncə güldürür, sonra düşündürür və ən sonda isə düşdüyü acınacaqlı duruma görə onu ağladırdı. Külliyyata şairin təkcə satiraları deyil, qəsidə, mədhiyyə və nəsihətləri, həmçinin, 64 səfərnaməsi daxildir. Çox sayda mərsiyələri də ayrıca cildlərdə yayınlanmışdır. Siyasi, ictimai və mədəni çatışmazlıqları satıralarında tənqid edir, insanları ətalətdən çıxarmaq, yaşama həvəsləndirmək, cəmiyyətdəki gerçəklikləri soydaşlarına çatdırmaq və onları ayıltmaq üçün çeşidli ədəbi formalardan istifadə edirdi şair. "Dünya beş günlükdü" atalar sözünə söykənərək anladırdı ki, hakimiyyət, şahlıq, taxt-tac, keçicidir, dünya, vəzifə, yüksək məqam, şöhrət də keçici, ötüb keçəndir, əbədi deyil... Bütün bunlar üçün dəridən-qabıqdan çıxmağa, özünü öldürməyə, yalaqlıq-yaltaqlıq etməyə dəyməz. Allahın sənə bəxş elədiyi ömür payını insan kimi yaşamaq, ədalətli olmaq, el-obanın işinə yaramaq, xalqa xidmət etməklə keçirərsənsə, sənin, hər kəsin və bütün el-ulusun həyatını gözəlləşdirər. "Dəyməz" qəzəlində şair bu məqamları göz önünə gətirir:

 

Beş gündü rəyasət dəvəsi, minməyə dəyməz,

Beş gündən ötür minmə, minib yenməyə dəyməz.

Şirin yuxudur, ləzzəti-röyaiyi insan,

Bir ləhzə bu şirin yuxu diksinməyə dəyməz.

Min cam alasan saqiyi-əyyamın əlindən,

Bir kərmə ömür camını təmsinməyə dəyməz.

Ərreylə bölünsən, Zəkəriyya kimi səbr et,

Hifz eylə vüqarın, dil açıb dinməyə dəyməz.

Molla dedi bir cifeyi-gəndidədi dünya,

Bu məzbələdə it kimi sümsünməyə dəyməz.

Bir salxım üzüm dərməyimiz özgə bağından,

Yüz dəfə üzüquylu yerə sinməyə dəyməz.

Xətm eylə, qutar, qafiyə dar gəldi Kərimi,

Udqunmağa, zıtqınmağa, dürtünməyə dəyməz...

               

Ana dilində yazdığı mərsiyələrinin də xalq arasında geniş yayılmasına, əzbərdən oxunmasına baxmayaraq, o, xurafata, cəhalətə, yalançı inanclara, saxtakarlığa qarşı mücadilə edir, İran cəmiyyətindəki eybəcərliklərin, çatışmazlıqların, ictimai-mədəni geriliyin aradan qaldırılması, milli şüurun yüksəlməsi üçün böyük çaba göstərirdi. Beləliklə də, toplumsal və məişət şeirlərinin çəkisi onu xalq şerinin ustasına çevirmiş, ən çox sevilən milli şair səviyyəsinə çatmışdı. Onun qərəzsiz, səmimi, həm də kəskin şair baxışını çoxsaylı oxucuları rəğbətlə qarşılayırdı.

Qeyd etdiyimiz kimi, ustad Mirzə Hüseyn Kərimi Marağalının satirik ruhlu, tənqidi şeirləri İranda, Quzey və Güney Azərbaycanda çox sevilirdi və sağlığında ikən şairi canlı-canlı dinləyənlərin, şeirlərinə qulaq kəsilənlərin sayı-hesabı yox idi. Onun yaşamın, cəmiyyətin güzgüsü olan yaradıcılığı bütün Azərbaycan türkləri, əsərlərini oxuyub sevən bütün oxucuları üçün dostluq və məhəbbət körpüsünə çevrilmişdi. Şairin həyat və yaradıcılığı haqqında monoqrafiya yazan tədqiqatçı Sədaqət Məmmədova qeyd edir ki, "...Kərimi öz şeirlərində təkcə öz yaşadığı şəhəri deyil, ümumən İranı götürərək, bütövlükdə onun siyasi, ictimai-siyasi problemlərini özünün poeziya süzgəcindən keçirərək gördüklərinə ictimai məna verməyə çalışır... Ümumiyyətlə, Kəriminin şair ovqatı bütövlükdə İranın problemlərini özündə əks etdirir. Cənubi Azərbaycan məsələsi isə bu problemlərin tərkib hissəsi kimi götürülür. Şair gördüklərini vətəndaş yanğısı ilə belə ümumiləşdirir: Hamı millət qaçır sənət dalınca, Yazıq iranlı da zinət dalınca..."

M.H.Kərimi bu məsələləri "Mənayi-təməddündür İran" şeirində ədəbi müstəviyə gətirir və iranlıların düşdükləri durumun ciddiyyətini anlamayaraq qayğısız, kef-damaqla ömür sürmələrindən, elm-təhsilin insan həyatını yaxşılığa doğru büsbütün dəyişdiyini görməzdən gəldiyindən narahat olan şair şeirdə nəfsinin qulu olanlara öncə incə yumorla təsəlli verir, sonra isə məzəmmət edərək danlayır: "Əgər yox sənətin, kəllən sağ olsun, Kef olsun, gülmax olsun, çalmax olsun. Pişik tək yat yük üstündə mırılda, Gözün tik özgəyə, zır-zır zırılda". 

Şair məhz bu arxayınçılıq və tənbəlliyin, kef-damaqla yaşayıb təhsil almaq və elm dalınca getmək istəməyənlərin nə qədər cahiliyyət içində qaldıqlarından vicdan əzabı duyur, yağışın belə yağmamasının səbəbini təbiət hadisəsi, təbii proses ilə deyil, Allah qarşısında hansısa günah işləmələri ilə bağlayıb çıxış yolunu ilahi qüvvələrə yalvarmaqda, yağış yağdırmaq üçün pul-para, rüşvət təklif etməkdə görən özünü eybsiz "pakü pakizə sayan müsəlman" sayan, münəccimlərinin belə sözlərində kəsər, dualarında əsər qalmadığından şikayətçi olan cahillərin halına acıyır, kəskin sarkazma keçir: "Əl yetişmir, yaxasından yapışım Cəbrayılın, Deyəm, oğlum, nədi ünvan, niyə yağmır bu yağış? Nəzərüz puldu, verax, ayrı sözüz vardı, deyün, Nədi bu atəşi-suzan, niyə yağmır bu yağış?" Amma satira ustası bir az da dərinə gedir, cəmiyyətdəki mizan-tərəzinin pərsənginin əyilməsinə, qız-gəlinlərin geyimlərindəki aşırı açıq-saçıqlığa, gənclərin davranışlarında ədəb-ərkanın yavaş-yavaş aradan getməsinə tənqidi yanaşaraq, güclü yumora keçir: "Namxuda, qızlarımız şərmü həya mədənidir, Tur-tumançag, hamı üryan, niyə yağmır bu yağış?!"

Şair sanki demək istəyir ki, bütün bunlara görəmi Tanrı öz müsəlmanlarından üz çevirib və yağışı yağdırmır?!

M.H.Kəriminin 350 min misradan oluşan qiymətli bədii irsində əxlaqi-didaktik şeirlər də böyük yer tutur. "Tiryəkin nətinəsi", "Damdan yıxılıb", "Bizim oğlan", "Bişüur oğlan", "Nəsihəti-bəradəranə", "Şairin oğluna nəsihəti", "Şair oğlum", "Dilli pilo" kimi əsərlərində vətəndaş şair çağdaş gənclərin sağlam ruhda tərbiyə olunması, cəmiyyətə, el-obaya layiq övlad-şəxsiyyət kimi yetişməsi, pis vərdişlərdən uzaq olması üçün didaktik mövqedə durur, nəsihətlər edir, xeyirli məsləhətlər verir. "Kərimini narahat edən ən böyük problem həmvətənlərinin milli-mənəvi qəfləti, bunun səbəbləri və vəziyyətdən çıxış yollarıdır. Odur ki, şair "milləti-İranın" daim yuxuda olmasının səbəblərindən birini-camaatın tiryəkə uyub daim başıdumanlı olmasında görür. Onun "Yuxuda" satirasından məlum olur ki, bütün fikri-zikri tiryək olan bu bədbəxtlər yuxuda da tiryək görürlər. Burada o da məlum olur ki, tiryəkin ölkədə belə geniş yayılmasına bir səbəb də dövlət məmurlarının, müstəntiqlərin özlərinin həm tiryək alveri ilə məşğul olmaları, həm də özlərinin ondan istifadə etmələridir... (Sədaqət Məmmədova)" Bu bəla şairi son dərəcə narahat edir, yuxusunu ərşə çəkir və haray salır, həyəcan təbili çalır ki, vətəni sevən insanlarla, vətənpərvərlərlə dövlət bir araya gəlib əlbir olsalar, bəlkə bu bəladan tiryək aludəçilərini xilas edər, xabi-qəflətdən oyadarlar. Nəticədə, tiryək bəlasına tutulanlər əyri yoldan çəkinər, düz yola yönələrlər:

 

Dövlətin qəsdi budur,

milləti bidar eləsin,

Millət amma qurtarır

ömrünü yeksan yuxuda.

Ey gözüm, əsri-tərəqqidi,

təməddündə yaşa,

Vəqtivin qiyməti var,

eyləmə ərzan yuxuda...

 

M.H.Kəriminin satirik ruhlu "Dilli pilo" poemasının bətnində qoruduğu məna çox böyükdür. Bir çox ictimai və sosial problemlərə ayna tutan "Dilli pilo" poeması xoş gün keçirən, kefdə-damaqda olan, ehtiyacın nə olduğunu bilməyən və hər gün yağlı plov, küftə-bozbaş yeyən varlı təbəqə ilə bir parça duz-çörəyi zorla tapan yoxsulların acınanaqlı güzəranının və şairin özünün fərdi düşüncələrinin güclü əks-sədasıdır.

Bütün ədəbiyyatşünasların dönə-dönə vurğuladıqları bir məqam da budur ki, M.H.Kəriminin Əhli-beytə həsr etdiyi mərsiyələrində və nəsihətamiz, didaktik şeirlərində mərifət, nəzakət və təvazökarlıq, xoş niyyət, səmimiyyət aşkar görünür.

Mirzə Hüseyn Kərimi yaradıcılığı o tayda da, bu tayda da araşdırılıb, haqqında monoqrafiyalar yazılıb, əsərləri bir sıra nəşrlərə,  eləcə də "Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası"nın III cildinə daxil edilib. Tədqiqatçı Sədaqət Məmmədovanın monoqrafiyası əsasında qələmə aldığı "Mirzə Hüseyn Kərimi" adlı portret yazısı isə "Cənubi Azərbaycan Ədəbiyyatı Tarixi (XIX-XX əsrlər 2013-cü ildə "Qanun", 2013)"ndə və "Azərbaycan Ədəbiyyatı Ttarixi"nin Cənubi Azərbaycan Ədəbiyyatına həsr olunmuş IX cildində çap edilib.

Mirzə Hüseyn Kərimi yaradıcılığında tarixilik və müasirlik müstəsna əhəmiyyət daşıyan meyar kimi səciyyələnir. Təkcə stabil vəziyyətlərdə deyil, xalq hərəkatının genişləndiyi və İranda siyasi rejimin daha kəskin xarakter aldığı vaxtlarda belə, Güney şairləri, həmçinin, İrandakı siyasi, ictimai və mədəni çatışmazlıqları, dövrünün eybəcərliklərini satıralarında tənqid edən və əsərləri Azərbaycan türkləri tərəfindən rəğbətlə qarşılanan Mirzə Hüseyn Kərimi təsirli poetik söz deməyə müvəffəq olur, təqib və qadağalar şəraitində böyük əzmkarlıq göstərərək qoruyub saxladıqları ana dilinin - Azərbaycan türkcəsinin imkanları çərçivəsində yazıb-yaradır, Güney Azərbaycan ədəbiyyatında tarixiliyin müasirlik kontekstində təqdimi prosesində müstəsna xidmətlər göstərir, ədəbi yenilikləri dəstəkləyirdi.

 





02.05.2023    çap et  çap et