Fransanın xarici işlər naziri Ketrin Kolonnanın ötən həftə Cənubi Qafqaza səfəri Parisin regionda yer almağa çalışması niyyətini bir da açıq şəkildə göstərdi. Məlumdur ki, Fransa hər zaman ermənipərəst mövqe sərgiləyib və Azərbaycana qarşı qərəzli yanaşmadan çıxış edib. Amma Fransanın hazırkı hakimiyyəti əvvəlkilərdən fərqli olaraq bu istiqamətdə daha da "irəli" getməyi bacarıb.
Öz vətəndaşları arasında nüfuzu günü-gündən azalan prezident Makron digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərində də uğursuzluğa düçar olub. Biz bunu Livanda, Suriyada, Afrikada və s. yerlərdə gördük. Çünki məqsəd kömək etmək deyil, ayrı-ayrı regionlarda var olmaq, həmin ölkələrin üzləşdiyi çətin vəziyyətdən istifadə edərək onları öz təsiri altında saxlamaq, başqa sözlə, neokolonolizm siyasətini davam etdirməkdir. Fransanın artıq keçmiş olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın həmsədrlərindən biri kimi fəaliyyəti heç nə ilə yadda qalmadı. Bu ölkə münaqişənin sülh yolu ilə həllində hər hansı addım atmadı. 44 günlük müharibənin gedişində isə baxmayaraq ki, hələ onda Minsk qrupu mövcud idi, Fransa sözdə olsa belə, neytral mövqedən çıxış etməli idi, ancaq bunu da etmədi. Açıq şəkildə işğalçının yanında oldu, Azərbaycan ərazisindəki separatçılara dəstək verdi, bununla da dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı ilə bağlı beynəlxalq normanı kobud formada pozmuş oldu. Fransa bacardığı qədər bütün müstəvilərdə Azərbaycan əleyhinə iş apardı. Amma istədiyi nəticəni əldə edə bilmədi. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanırdı. Heç bir dövlət 30 ilə yaxın öz ərazisinin işğal altında qalmasına, dağıdılmasına, talan edillməsinə, eyni zamanda, həmin ərazilərdə separatizmin əl-qol açmasına göz yuma bilməzdi. Azərbaycan liderinin dediyi kimi, Bakı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini özü icra etmiş oldu. Fransa nə işğal dövründə, nə müharibdən sonrakı mərhələdə dəfə də olsun Azərbaycanın haqlı tələbini dilə gətirdi. Əksinə, bu ölkənin parlamenti Azərbaycan əleyhinə qətnamələr qəbul etdi. Fransa XİN rəhbərinin ötən həftəki səfəri bu ölkənin Azərbaycana yönəlik siyasətinin dəyişmədiyini göstərdi. Paris Azərbaycanın bölgədəki əhəmiyyətini, potensial imkanlarını, Avropanın enerji təhlükəsizliyindəki önəmini yaxşı anlayır. Ona görə də regionda yaranmış yeni reallıqları artıq qəbul edib, öz yanaşmasında dəyişiklik etməli idi. Amma əvəzində daxili işlərə müdaxilə cəhdləri yenidən özünü göstərdi. Bakıda bəzi müsbət fikirlər səsləndirib, neytral ritorika sərgiləməyə çalışan Kolonna İrəvanda bunun əksini etdi. Bu da Fransa diplomatiyasına məxsus ənənəvi "tərzdir". Məsələn, Kolonna Azərbaycan Prezidentinin qəbulunda olarkən bildirdi ki, Emmanuel Makron Prezident İlham Əliyevlə açıq və mütəmadi əlaqələrə çox önəm verir. Fransa Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub. Ketrin Kolonnanın sözlərinə görə, Fransa Azərbaycanla ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verir və bu istiqamətdə geniş potensial mövcuddur.
Azərbaycanın mövqeyi açıq mətnlə fransız nazirin diqqətinə çatdırıldı. Dövlət başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmiz Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdi. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşınmasını həyata keçirirdi. Prezident Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd edib.
Yuxarıda vurğuladığımız kimi, Kolonna Ermənistanda tamamilə əks fikirlər səsləndirdi. O, birtərəfli qaydada Laçın dəhlizində Azərbaycan keçid məntəqəsinin quraşdırılmasını qəbuledilməz adlandırıb, "Dağlıq Qarabağ xalqı"nın sülh və təhlükəsizlik şəraitində yaşamağa davam etməli, onların mədəniyyətinə və adət-ənənələrinə hörmət edilməli olduğunu deyib. Birincisi, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. İkincisi, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqlarını heç kim əlindən almır. Əksinə, onların ölkəmizin Konstitusiyası və qanunları çərçivəsində daha dinc və təhlükəsiz yaşayışları, Azərbaycan vətəndaşları kimi bütün hüquqları təmin ediləcək. Nəhayət, Fransa hələ də anlamır ki, bu iddialarla nəyəsə nail ola bilməyəcək. Rəsmi Bakının bəyan etdiyi kimi, Azərbaycan tərəfi erməni sakinlərlə dialoqu ölkə qanunvericiliyi çərçivəsində həyata keçirəcək və üçüncü tərəflərin bu məsələyə müdaxiləsi qəbuledilməzdir.
çap et