525.Az

Naxçıvana həsr olunmuş ilk tarix kitabı haqqında qeydlər


 

Naxçıvana həsr olunmuş ilk tarix kitabı haqqında qeydlər<b style="color:red"></b>

 Naxçıvanın tarixi coğrafiyası haqqında məlumatlar qədim və orta əsrlər mənbələrində özünün geniş əksini tapıb. Xalq əfsanə və rəvayətləri, "Kitabi-Dədə Qorqud", bəzi klassik bədii əsərlər, türk, fars, ərəb dilində olan və digər əcnəbidilli mənbələr sübut edir ki, bu qədim diyarın tarixi həmişə diqqət mərkəzində olub. Lakin müxtəlif mənbələrə səpələnən həmin məlumatlar nə qədər əhəmiyyətli olsa da, onların ümumiləşdirilərək sistemli şəklə salınması və öyrənilməsi uzun onilliklər boyu vacibli bir məsələ kimi öz həllini gözləyib. Bu məsələnin həllinə girişənlərdən biri yox, birincisi fitri-istedadı ilə seçilən, 1925-1928-ci illərdə fəaliyyət göstərmiş Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (bundan sonra NTTC yazılacaqdır - F.X.) elmi katibi, səriştəli ölkəşünas  Hacı Mirbağır Mirheydərzadə (1877-1956) olub. O, təxminən 100 il bundan əvvəl gərgin axtarışlar nəticəsində ilk dəfə olaraq "Naxçıvan tarixi" adlı əsərini ərsəyə gətirib. Belə bir əsərin yazılması haqqında ilk məlumatlara NTTC-nin 1927-1928-ci illərə aid iclas protokollarında rast gəlirik. Protokollardan aydın olur ki, NTTC M.Mirheydərzadənin adı çəkilən kitabının oxunub dəyərləndirilməsi üçün xüsusi komissiya yaratmış, onun çap olunmasına ciddiyyətlə yanaşmış və kitabın nəşr edilməsi üçün  qərar çıxarmışdı. Təəssüf ki, bu kitab hansı səbəbdənsə çap üzü görməmişdi.

Kitabın əlyazması AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur və bu kitab iki hissədən ibarətdir. Birinci hissədə Naxçıvanın qədim dövrlərdən başlamış 1920-ci ilədək olan tarixindən bəhs olunur. İkinci hissə "Həyati-bəşəriyyə. Etnoqrafi məlumat" adlandırılıb. Birinci hissənin titul səhifəsindən sonra kitabın mündəricatı verilib: Naxçıvan ərəb istilası dövründə; Naxçıvan monqol istilası dövründə; İran istilası; Azərbaycanda ruslar və İran arasında mübarızə; Naxçıvanda olan tayfalar; Naxçıvanda olan tarixi abidələr; Naxçıvan ölkəsinin yetirdiyi şairlər və ədiblər" Kitabda istifadə olunmuş ədəbiyyatın siyahısı onun elmi səviyyəsi haqqında müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətlidir.                 Bu siyahıya  İskəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi", Məhəmmədrza Həmədanlının "Cənnatül-xülud", “Mirxondun "Rövzətüs-səfa", Xandəmirin  "Həbibüs-siyər", A.Bakıxanovun "Gülüstani-irəm", Hatifinin "Zəfərnamə (Teymurnamə)", Çələbinin "Cahanşuma", Əli Cavadın "Osmanlı tarixi", Əbülhəsən Marağalının "İran tarixi", K.Ptolomeyin "Coğrafiya", Mirzə ağa xan Kirmaninin "İran tarixi", Rzaqulu Mirzənin "Qarabağnamə", İmadəddin İsfəhaninin "Səlcuq dövlətinin tarixi", V.Pottonun "Qafqaz müharibəsi", Y.A.Paxomovun "Naxçıvan sikkələri", V.M.Sısoyevin "Naxçıvan Araz üstə və Naxçıvan MSSR-nin keçmişi"  və digər əsərlər daxil edilib.

Bundan başqa o, qeyd edir ki, kitabın müvafiq bölmələrini yazarkən Naxçıvanda fəaliyyət göstərən Xalq Maarif Komissarlığı, Baş Ərazi Komissarlığı, Ziraət Komissarlığı, Təsərrüfat İdarəsi, Ehsaiyyə İdarəsi, Naxçıvan Kəşf Hava Qərargahının Metereoloji Stansiya kimi idarə və təşkilatların verdiyi rəsmi məlumatlara da istinad edib. 

Kitabın Naxçıvanın tarixinə həsr olunan hissəsində xalq arasında yayılan əfsanə və rəvayətlərə, müxtəlif yazılı tarixi məxəzlərə, bəzi maddi mədəniyyət nümunələrinə əsaslanmaqla Naxçıvanın təşəkkül tarixi və 1920-ci ilədək olan dövrünün salnaməsi ardıcıllıqla izlənilir.

Müəllif "Müqəddimə"də Naxçıvan şəhərinin nə zaman və kim tərəfindən "bina edilməsi"nin üzərində dayanır, xalq arasında yayılan rəvayətlərdən, həmçinin, yunan, türk, ərəb, fars, rus və erməni tarixçilərinin əsərlərinə istinad edərək bu məsələ ilə bağlı iddiaları diqqətə çatdırır. Məsələn,  Xalq rəvayətinə  görə, "Naxçıvan şəhərini bizim eradan əvvəl Nuh bina etmişdi. Nuh onu bina etdikdə ip ilə ölçmüşdü. Nuh ilk dəfə Naxçıvan sahəsinə enib burada üzüm bağları salmışdı... Nuhun özü və qızı burada ölüb dəfn edilmişlər. Şəhərin cənub tərəfində olan "Nuhdaban" adlı yerdə Nuh dəfn edilmişdi".

Yenə xalq rəvayətinə görə, "Naxçıvan şəhəri guya Qeysər hökmdarlarından Dağyanus adlı padşah tərəfindən bizim eradan çox əvvəl bina edilib və onun paytaxtı olmuşdu". Yunan tarixçisi P.Bezonsun yazdığına görə, "Naqsuanda (Naxçıvanda - F.X.) ən qədim əsrlərdə israillər səltənəti zamanı yəhudilər yaşayırmış. İran şahı Şapur Naxçıvanı aldıqda burada 10 min nəfərdən artıq yəhudi qırılmışdır". Türk tarixçisi K.Çələbi yazır ki: "Naxçıvan şəhəri sasanilər dövrü Bəhram Çubin tərəfindən bina edilmişdir". İran tarixçisi M.Həmədininin yazdığına görə, "İndiki Naxçıvan ətrafında "Əfsus" adlı bir şəhər olmuş və bu şəhəri israil padşahlarından Bünyaminin nəvələrindən olan Şarl miladdan on əsr əvvəl bina etmişdir".  Rus tarixçisi V.Potto iddia edir ki: "Naxçıvan şəhəri qədim artaqsatlardan qalmış xarabalar üzərində qurulmuşdur".

Azərbaycan tarixşünaslığının sonrakı inkişaf səviyyəsi göstərir ki, Naxçıvanın "bina edilməsi" haqqında M.Mirheydərzadənin istinad etdiyi mənbələrdə təsadüfi, ziddiyyətli və qeyri-dəqiq məlumatlar da vardır.            

Kitabın "Naxçıvan eramızdan əvvəlki dövrlərdən başlayaraq miladın VII əsrinə - ərəb istilasına qədər" adlı bölməsində müəllif əvvəcə Qızılburun, Kültəpə və Xürrəm xarabalarından tapılmış bronz alətləri və saxsı qabları nümunə göstərərək belə bir qənaətdə olduğunu bildirir: "Bizim eradan bir neçə əsr əvvəl Naxçıvan şəhəri varmış. Burada insanlar yaşamaqla daş və bürünc dövrü keçirmişlər".

M.Mirheydərzadənin Naxçıvanın Midiya, Əhəmənilər və Atropatena zamanındakı vəziyyəti, Sasani dövlətinin tabeliyində olduğu illərə aid bəzi məlumatları da maraq doğurur. Məsələn, o, tarixçi Y.A.Paxomovun yazdıqlarına əsaslanaraq qeyd edir ki: "Sasanilər dövründə "Sikkə sarayı" olmuşdur ki, burada "Naxç" yazısı ilə Sasani tipli gümüş dirhəmlər kəsirmişlər. Naxçıvanın "Sikkə sarayı" miladın 636-cı ilinə qədər, yəni ərəb istilasına kimi Sasani sikkələri kəsmişdir".

Bu bölmədən sonra kitabın sonrakı səhifələrində Naxçıvana ərəb hücumları, Səlcuqilər və Xarəzmşahların hakimiyyəti zamanı, monqol istilası, Əmir Teymurun yürüşləri, Qaraqoyunlu və Ağqoyunluların hökmranlıq illəri, Səfəvilər dövrü, xüsusilə Şah Abbasın hakimiyyət illəri, Nadir şah zamanı, nəhayət, xanlıqlar dövründəki Naxçıvanın ictimai-siyasi, mədəni-iqtisadi vəziyyəti şərh olunur. Axırda 1828-ci il "Türkmənçay müqaviləsi" ilə Naxçıvanın da Rusiya tərəfindən işğalı zamanı burada gedən proseslərin təsviri verilir.

Çox əhəmiyyətlidir ki, M.Mirheydərzadə müxtəlif əsrlərin Naxçıvanından bəhs edərkən bu qədim diyarla  bağlı tarixi yaddaşı özündə hifz edib saxlayan bəzi maddi mədəniyyət nümunələri və epiqrafik abidələr haqqında da maraqlı məlumatlar verir.

Təxminən 100 il bundan əvvəl yazılan bu kitabın birinci hissəsində  bəzi mühüm tarixlərin səhv göstərilməsi, bəzi müəlliflərin antik dövrə aid yoxlanılmamış məlumatlarının verilməsi, ehtiyac olan yerdə tarixi hadisələrin təfsilatının verilməməsi, elmi aparaturanın kamil olmaması kimi qüsurlara da rast gəlmək olur. Bütün bunlara baxmayaraq M.Mirheydərzadənin "Naxçıvan tarixi" kitabının tarixi hissəsi  sovet dövründə nəinki Naxçıvan, hətta Azərbaycanda tarixşünaslığın əsasını qoyan əsərlərdən biri hesab oluna bilər.

Kitabın "Həyati-bəşəriyyə. Etnoqrafi məlumat" adlandırılan ikinci hissəsi keçən əsrin 20-30-cu illərinə aid olan bir dövrü əhatə edir. Bu hissədə əvvəlcə statistika idarəsinin 1927-ci ilin 1 yanvarınadək olan məlumatına görə, Naxçıvan əhalisinin sayının 104559 nəfər olduğunu qeyd edən müəllif sonra əhalinin milli tərkibinin türklər (azırbaycanlılar - F.X.), gəlmə ermənilər, kürdlər, hərbçi ruslar və başqalarından ibarət olduğunu bildirir. M.Mirheydərzadənin müşahidələri və araşdırmalarına görə, Naxçıvanda yaşayan azərbaycanlılar beş tayfadan ibarətdir: Bektaş, Cığatay, Bəydili, Kəngərli və Sürücü adlı tayfalar. Müəllif bu tayfaların əcdadı, Naxçıvan ərazisində yerləşdiyi məkanlar, özlərinə məxsus xüsusiyyətləri, Naxçıvanda qalan izləri haqqında maraqlı məlumatlar  verir.

Bu hissədə Naxçıvan diyarında yaşayan kənd və şəhər əhalisinin məişət tərzi, evlərinin quruluşu, milli geyimləri, qidalandığı xörəklər, yemək vərdişləri, kürsü adəti, qış üçün ərzaq tədarükü və başqa adət-ənənələri haqqında da çox maraqlı məlumatlar verilir. Bu məlumatlar müasir etnoqraflar üçün qiymətli faktlardır.

"Naxçıvan ölkəsinin coğrafi vəziyyəti, mövqe və hüdudi-haliyyəsi" adlı bölmə kitabın maraqlı hissələrindən biridir. Bu hissədə müəllif Naxçıvan respublikasının coğrafi mövqeyindən bəhs edir.

Kitabın "Naxçıvan ölkəsi iqtisad və gəlir nöqteyi nəzərincə" adlandırılan bölməsində isə M.Mirheydərzadə diqqəti ona cəlb edir ki, Naxçıvanın iqtisadiyyatını yüksəltmək üçün taxılçılıq,  pambıqçılıq, maldarlıq, üzümçülük, bağçılıq, bostançılıq, tütünçülük və baramaçılığın mühüm əhəmiyyəti var.

Kitabda bu hissəsində M.Mirheydərzadənin Naxçıvan, Ordubad, Şərur, Əbrəqunus, Culfa və Şahbuz dairələrinə ekspedisiyalar zamanı həmin  ərazisindən tapılan maddi mədəniyyət nümunələri, həmçinin bir sıra epiqrafik abidələr haqqında da müəyyən məlumatlar verilib.

M.Mirheydərzadənin müxtəlif arxeoloji qazıntılar zamanı əldə edilən materiallar və Naxçıvan ərazisində mövcud olan qədim epiqrafik abidələr haqqında araşdırmalarının nəticələrinin bir qismi mətbuatda dərc etdirdiyi məqalələrində,  digər qismi isə muxtar respublikanın müxtəlif dairələrinə etdiyi elmi ezamiyyətlərinin hesabatlarında və digər əlyazmalarında  da öz əksini tapıb.

M.Mirheydərzadənin Naxçıvanın tarixi, etmoqrafiyası, əhalisi, qədim abidələri, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı və s. haqqında yazılmış "Naxçıvan tarixi" kitabı çox dəyərli bir elmi əsər olsa da, indiyədək çap olunmadığı üçün tədqiqatçıların diqqə-tindən kənarda qalıb. Bu kitab elə bir dövrdə yazılmışdı ki, həmin  vaxt Azərbaycan tarixşünaslığı tam şəkildə formalaşmamışdı. Bu istiqamətdə sistemli elmi araş-dırmaların aparılmasına yenicə başlanılmışdı. Belə bir vaxtda M.Mirheydərzadənin "Naxçıvan tarixi" kitabının yazılması Azərbaycan tarixşünaslıq elminin ilk nailiyyətlərindən biri hesab olunmalıdır.

 





03.05.2023    çap et  çap et