525.Az

Gecikmiş məktub - Lətif Şüküroğlu yazır


 

Gecikmiş məktub - <b style="color:red"> Lətif Şüküroğlu yazır</b>

Bu məktubu azı 45 il öncə yazmalıydım. Ancaq tale bəzən bizə bir çox şeyləri gizli, ya açıq diqtə edir. İnsan iradəsinin gücünə şübhə etməsəm də, bir çox hallarda talenin hökmündən kənara çıxa, onun yazdığına iradə gücü ilə də qarşı dura bilmirik. "Yazıya pozu yoxdur" deyiminin insanların yaddaşında daşlaşması da yəqin belə təcrübələrin məntiqi nəticəsidir.

Onda 1977-ci ilin payızı idi. O vaxt yeganə universitetimizin Jurnalistika fakültəsinə qəbul imtahanında müsabiqədən keçə bilməyib (rayonda "kəsilib" deyirdilər) Zəngilana qayıtmışdım. Qəbul qaydalarına görə, növbəti il müsabiqədə iştirak etmək üçün azı 6 ay iş stajın olmalıydı. Buna görə başqa "kəsilən"lər kimi mən də artıq iki ay idi ki, işə düzəlmişdim. Rayon Rabitə Qovşağında poçtalyon işləyirdim. Bu işi seçməyimin iki səbəbi vardı. Birincisi, xidmət edəcəyim ərazi şəhərin bizim də yaşadığımız "aşağı məhəllə" deyilən hissəsində yerləşirdi, deməli işimi tez bitirəcək, hazırlaşmaq üçün kifayət qədər vaxtım qalacaqdı. Həm də ona görə ki, abunəçilərə poçtun çatdırılmasında kiçik qardaşlarım və məhəllə uşaqları da kömək edəcəkdilər. İkincisi isə, poçtalyon kimi o vaxt məhdud sayda olan qəzet-jurnalları abunəsiz oxuyacaqdım.

Həmin gün bir çox rusdilli jurnallar da gəldiyi üçün çantam dolu idi və çiyinlərimə düşən ağırlıqdan güclə yeriyirdim. Növbəti ünvanın qəzet-jurnalını hasardan içəri atmaq istəyirdim ki, bir səs məni saxladı.

- Ay Lətif, bir içəri keç görüm, elə əlinə gələni hasardan atıb qaçırsan.

Səs gələn tərəfə baxdım. Şəhərin orta məktəblərindən birində ixtisas təcrübəsi keçən tələbə qız idi. Hələ uşaqlıqdan tanıdığım, Zəngilanın neçə baharını məndən əvvəl görmüş bu yaraşıqlı, şux zarafatları ilə tanınan qızın təkidi ilə həyətə girdim. Adətən yaşlı ata-anasının (onda yaşı 50-ni keçənlərin hamısı gözümüzdə belə görünürdü) nə iləsə məşğul olduğu həyətdə kimsə gözə dəymirdi. Yaxınlaşdım. Son bahar mehinin (biz tərəflərdə külək az olurdu) təsirindən saçları gözəl üzünə dağılmış bu qızı tanısam da, düzü, onun sınayıcı baxışları altında sıxıldığımı hiss etdim. Utandığımdanmı, izahediməz hisslərin, yoxsa onun şaqraq gülüşünün təsirindənmi, bilmirəm, nədənsə üz-gözüm od tutub yanırdı, yəqin əməlli-başlı pörtmüşdüm. Bu yaraşıqlı, ərgən xanım həyat sevgisi ilə qaynayıb-daşırdı. Onun arxayın, nüfuzedici, bir az da işvəli baxışları altında bığ yeri təzəcə tərləyən gəncin hansı hallara düşə biləcəyini özünüz təsəvvür edin. Dediyi sozləri, suallarını elə bil qeybdən gələn kimi eşidirdim və qulaqlarımda əks-səda verirdi.

- Mənə məktub gətirməmisən... gətirməmisən... gətirməmisən? Bəlkə saxlamısan ki, oxuyub sonra gətirəsən... sonra gətirəsən... sonra gətirəsən?

- Nə məktub, axı, sizə məktub olmayıb. Olsa, gətirərdim.

Güc-bəla verdiyim bu cavabın ardından daha bir zərbənin gələcəyini gözləmirdim. Düzü, o illərdə rayon yerində gənc bir xanımın kiminləsə zarafatla da olsa, bu sayaq açıq söhbəti, sevgi məktubu gözləməsi istəyini dilə gətirməsi hər gün təsadüf olunacaq hadisə deyildi.

- Özün yaz, qəzetə məqalə yazmırsan, bir dəfə də mənə məktub yaz, gətir!

İlahi, nələr eşidirdim, yəqin qulaqlarımın dibi də qızarmışdı. Zarafat da olsa, bu qədər səmimi, saf duyğulardan doğan doğal hisslər bir gəncə necə təsir edər, bunun cavabını hər kəsin öz öhdəsinə buraxıram.

- Axı, mən heç kimə sevgi məktubu yazmamışam.

Bax, bunu düz demirdim. Qeyri-ixtiyari daxilimdə qorxuya bənzər bir hiss baş qaldırdı. Bəlkə sevgi məktubları, hətta şeirlər də yazdığımdan xəbəri var. Axı, həm də dostum olan sinif yoldaşlarımdan biri yaxın qonşuları idi. Onların məhəlləsində isə doğrudan da, qibtə ediləcək bir ünsiyyət, saf bir yaxınlıq vardı. Bu qeydlərimi oxuyan şəhərimizin digər məhəllələrinin sakinləri sözsüz, fikirləşəcəklər ki, elə bizdə də beləydi, burada qeyri-adi nə var ki? Razıyam, çünki bizdə də eləydi. Bir an çəkən bu hiss tez də yox oldu. Çünki yaxın dostumdan başqa kimsə o yazılardan xəbərdar deyildi.

- Eşitmişəm, ədəbiyyat həvəskarısan, yəqin çoxlu romanlar, şeirlər oxumusan, sənin əlində bir sevgi məktubu yazmaq nə çətin şeydir ki.

Əməlli-başlı karıxmışdım. Görünür, hiss etdiyi üçün və daha betər vəziyyətə düşməyim deyə, insafa gəldi:

- Yaxşı, olsa, gətirərsən, ancaq kimsə bilməsin ha, şəxsən özümə çatdırarsan.

Qısa söhbətimiz astadan dediyim "yaxşı" sözü ilə sonuclandı. Əlbəttə, atasından, ən çox da böyük qardaşından çəkindiyini anlayırdım. Həm də yaraşıqlı, qara gözləri daim həyat eşqi ilə dolub-daşan bu qızı sevənlərin olduğunu da bilirdim. Məndən məktub istəməsi isə yəqin, sadəcə, şux bir zarafatdı.

O illərin nəinki sevgi, hətta adi məktublarının da ayrı ləzzəti, dadı-duzu vardı. Sanki insanlar doğmalıq, yaxınlıq, dostluq hisslərini əksər hallarda bər-bəzəkdən uzaq, ancaq səmimi sözlərlə o məktublara hopdururdular. Bir vaxt Zəngilana da minlərcə məktublar gələrdi. Onlardan bir xeylisini poçtalyon işlədiyim 8 ayda mən də ünvanlarına çatdırmış, yaxşı tanıdığım insanların, xüsusi ilə anaların, bacıların alxışını, xeyir-duasını eşitmişdim. Və bir gün o məktubların arası kəsildi. O məktublar yeni ünvan axtarışında bir həftə, bir ay, bəzənsə aylarla dolaşdılar. Ünvanlarla bərabər ovqatlar da dəyişmişdi. Neçə illər belə oldu, insanlar gözü dolusu gülmədi, ürəkləri açılmadı. Doğmalardan gözlənilən məktubların həsrəti çəkilməz bir dərdlə, yurd, torpaq, Vətən dərdi ilə əvəzləndi. Yüzlərin, minlərin gözləməyə səbri yetmədi, qəlbləri ağrılara tab gətirmədi...

Nə həmin vaxt, nə də sonra, düz 45 il mən də o xanımın "gözlədiyi" məktubu yaza bilmədim. Zəngilan yerində olanda, işğal bəlası onu talayıb, didib-dağıtmamış onun artıq unutduğu (ailə həyatı qurmuşdu və bəlkə o vaxtkı yaşımda nəvəsi də vardı) həmin məktubu yazmamaq, yəqin, günah sayılmazdı. Ancaq Zəngilan həm də məktublara ünvan olmaq xoşbəxtliyini itirəndə özümə vəd verdiyim o sevgi məktubunu yazmaq bir mənəvi, bəlkə də insanlıq borcu idi. Çünki məcburi köçkünlük taleyi o xanımın, artıq dünyadan köçmüş neçə doğmasının da acı qisməti olmuşdu. Bəlkə elə bircə məktub, lap sevgi ünvanlı olmasa da, onun da qəlbinə azacıq təsəlli olardı, Zəngilanın dərddən-qəmdən uzaq günlərini xatırlayıb könlü bir qədər rahatlıq tapardı. Necə ki, sonralar bir neçə təsadüfi görüşdə həmin günün həyəcanlı vəziyyətimi və özünə ciddi görkəm verərək "mənə sevgi məktubu yazmalısan" - deyə yenilədiyi tələbi yada salıb, o vaxtkı kimi olmasa da, xəfifcə gülümsəmişdi.

O ağır illərdə itkilərimizdən bir də ünvanına çatmayan məktublar oldu. Ancaq nə etmək olardı... Yurdun düşmən əlində əsir qaldığı illərdə bütün düşüncələrimizin, sevgilərimizin və nə yazıq ki, dərdlərimizin də bir ünvanı vardı - Zəngilan! Doğma yurdsuz yaşaya bilməyən ağsaqqal-ağbirçəklərimizin gözümüz görə-görə şamtək əriməsi və son nəfəsində belə "İlahi, o yerləri bir də görəcəmmi" demələri çox ağır idi. Zəngilanın ağsaqqallarından olan adaşım və yaxın qohumumun 17 il qabaq məni bu barədə sorğu-suala tutması, təsəlli sözlərimə daha inanmadığının sübutu kimi köks ötürməsi həmişəlik yadımdadır. O gözlərdəki sonuncu işartının bu ümidsizlikdən necə öləzidiyini görmək çox ağır idi. Qəhrəman ordumuzun Zəngilanı işğaldan azad etdiyi 2020-ci ilin 20 oktyabrında atam, anam, başqa doğmalarla yanaşı, həmin ağsaqqalı xatırladım. Ürəyimdə: "Səni bu günün mümkünlüyünə inandıra bilmədiyim üçün məni bağışla, Lətif kişi", - dedim.

Digər rayonlarımızın düşmən tapdağında azad edildiyi günlərdə də o yerlərdən olan dostlarımı, tanışlarımı xatırladım. Bir neçəsini sosial şəbəkələrdəki paylaşmalarımda da yada saldım. Sevdiyi Laçının qurtuluşunu görməyən Yaşarı, qanı-canı bahasına qoruduğu Qubadlının yenilməzlik rəmzinə çevrilmiş Əlyarı, Füzulinin Bəhmənli kəndində cəbhənin bir addımlığında, çox gəzib-dolaşdığı səngərlərdə düşmənə ölümcül zərbə endiriləcəyi günü səbirsizliklə gözləyən Söhbəti yada salıb: "Gözünüz aydın, ruhunuz şad olsun, o gün gəldi!" - dedim.

Vəd verdiyim sevgi məktubu isə yenə ertələndi. Dost-tanış, qohum-qonşu Zəngilana səfər etdi, videolar, fotolar paylaşdılar, yurdda keçirdikləri bir neçə saatın zəngin, günlərlə danışılacaq təəssüratlarını bölüşdülər. Dostlarımız arasında mətbuatda, sosial şəbəkələrdə yazanlar, televerilişlərdə iştirak edənlər oldu. Yazıldı, deyildi, göstərildi. Məcburi köçkünlərin ilk köç karvanı Zəngilanın yeni salınmış Ağalı kəndinə çatdı, dağıdılmış yurdlarda quruculuq işləri bir az da vüsət aldı. İşğalın dəhşətli mənzərələri fonunda boy verən yeni firavan həyatın, doğma torpaqlarda bu dəfə əbədi olacağına inandığımız yaşamın başlanması qəlblərdə yeni ümid çırağı yandırdı. Ancaq nə gizlədək, hərdən yurd həsrətindən, uzun illərin ayrılıq əzabından doğan narahatlıqlar da dilə gətirildi. Kimlərsə məcburi köçkünlük həyatının neçə il uzana biləcəyindən, kimlərsə yeni salınan yaşayış məskənlərində əkin-biçin, mal-qara saxlamaq üçün sahələrin yetərli olmayacağından şikayətləndi. "Kredit ayırsalar, dövlətin yükünü azaltmaq üçün eyni layihə əsasında özümüz də tikərik" deyənlər, fermer təsərrüfatı yaratmaq, müxtəlif  biznes obyektləri, daha çox da turizm mərkəzləri qurmaq istəyənlər oldu. Bu fikirdəyəm ki, işğaldan qurtarılmış rayonlarımızda layihələr gerçəkləşdirənlər o yerlərin özünəməxsus, əvəzsiz təbiətinin saxlanmasına çalışmalı, yüz demirəm, azı bir neçə dəfə ölçüb-biçməli, təcrübəli mütəxəssislərin rəylərini öyrənməlidirlər. İri layihələrdən birinin əhatə dairəsinə düşəcəyi bildirilən Oxçu ilə bağlı isə zəngilanlıları çox şey birləşdirir. Oxçu adi çay deyil, gözümüzü güldürən, ruhumuzu dincəldən, uca dağlarımızdan, gen dərələrimizdən, yaşıl meşələrimizdən süzülərək böyük bir əraziyə can verən nur selidir, qan damarıdır. Oxçusuz nə o dağlar, nə o dərərlər, nə də meşələrimiz rahatlıq tapar. Onun həyat verdiyi, gur suları dərman olan buz bulaqları, yaşıl çəmənləri demirəm. Oxçunun qədrini bilək ki, yurd abad olsun.

... O xanım bu məktubu nə vaxt oxuyacaq, oxuyacaqmı? Bilmirəm. Ancaq yəqin, zəngilanlılardan kimsə oxuyacaq. Onlardan xahişim var: bu məktubu cığaraya büküb uşaqkən sularında çimdiyimiz, ermənilərin bulandırdığı suları durulanda balıq tutmaq istədiyimiz, elə o xanımın da sevdiyi, doğma bildiyi Oxçu çayına atın. Yəqin, Araza qovuşan o suların bir məktubu Xəzərə çatdırmağa gücü çatar. Qoy yazıları pozulsun, ancaq ağ vərəqlər də qalsa, Xəzərə çatsın. Bəlkə o vərəqlərdə yenidən nəsə yazmaq mümkün olar. Bəlkə onlara yurddaşlarımın istəklərini, Zəngilansız dünyadan köçənlərimizin son arzularını yazarlar. Saf duyğulu bir xanıma illər sonra yazdığım bu gecikmiş məktub kimi.

 





03.05.2023    çap et  çap et