525.Az

Hələ Kəlbəcərə səfərimiz var... - Nəsib Nəbioğlu yazır


 

VƏLİYƏDDİN MİSİROĞLUNUN "DƏLİDAĞIN SÖZ SƏRVƏTİNƏ ƏSL OĞUL MƏHƏBBƏTİ" TOPLUSUNUN OYATDIĞI TƏƏSSÜRAT

Hələ Kəlbəcərə səfərimiz var... - <b style="color:red"> Nəsib Nəbioğlu yazır</b>

Tanınmış publisist - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Vəliyəddin Misiroğlunun "Dəlidağın söz sərvətinə əsl oğul məhəbbəti" adlı məqalələr toplusu çapa hazırlanır. Kitaba müəllifin müxtəlif illərdə yazdığı, dövrü mətbuatda dərc etdirdiyi, oxucularımızın qəlbinə yol saldığı məqalələri toplanıb. Bu məqalələr respublikamızın görkəmli, tanınmış ziyalılarına, şairlərinə aşıqlarına, ictimai xadimlərə və digər sənət adamlarına həsr edilib. Vəliyəddin Misiroğlunun hələ Kəlbəcərdə işlədiyi dövrlərdə "Yenilik" qəzetində mütəmadi olaraq məqalələri çap olunsa da, onun əsas yaradıcılığı 90-cı illərin gərgin, ağrılı-acılı dövrlərinə, torpaqlarımızın ermənilər tərəfindən işğalından sonra xalqımızın Qarabağ müharibəsinin əzabları, qaçqınlıq həyatı yaşadığı illərə təsadüf edir. Uzun illər müxtəlif vəzifələrdə çalışmaqla bərabər, həm də bədii-publisistik yaradıcılıqla məşğul olub.

Kitabın birinci cildində müəllifin 56 məqaləsi, xatirələri, məktubları, eləcə də digər publisistik yazıları toplanıb. Bunlardan 21-i Kəlbəcər şairlərinin həyat və yaradıcılığından bəhs edir. Bu yazılar müəlifin həyatda rastlaşdığı, yaxın münasibətdə olduğu, ünsiyyət qurduğu, bu gün isə xatirələrə çevrilən, həzin notlarla yaddaşlara hopan dostları haqqında yazdığı məqalələrdir. Onlar təkcə Vəliyəddin Misiroğlunun özünün tanıdığı yox, eldə-obada müdriklüyüylə, xeyirxahlığıyla, qayğıkeşliyiylə, yüksək insani keyfiyyətləriylə çoxlarımızın yaddaşında qalan, fəxr etdiyimiz, xatirəmizdə əbədiləşən insanlardır.

Bu müəlliflər həqiqətən öz şəxsiyyəti, ləyaqəti, istedadı və sadəliyi ilə camaatımız arasında böyük hörmət və nüfuz qazanan, xalqına və vətəninə qəlbən bağlı olan, həyatını xalqa həsr edən insanlardır. Sözü daim uca tutan, ona dəyər verən, cılızlaşmağa qoymayan, urvatdan salmayan qədir-qiymətini bilən və ona hər zaman hörmətlə yanaşan, elini-obasını, dədə-baba yurdunu dərin bir məhəbbətlə sevən qələm sahibləridir.

Vəliyəddin Misiroğlunun sətir-sətir şeirə, sənətə, saza-sözə, yaradıcı insanlara dağlarımıza sevgisinin təsiri ilə qələmə aldığı bir-birindən maraqlı bu məqalələr əsl yaradıcılıq nümunələridir. Zəngin söz ehtiyatı və nadir ifadə üslubu, rəvan və sadə yazı dili onun məqalələrinin oxunaqlılığını artırır.

Bu məqalələr ilk növbədə müəllifin həyat təcrübəsinin zənginliyindən, mütaliəsinin genişliyindən, şəxsi müşahidəsindən, geniş məlumata malik olmasından xəbər verir. Məqalələri oxuduqca gözümün önündə sehirli, sirli bir dünya, füsunkar və möcüzələrlə dolu bir aləm açılır. Məqalələr büllur dağ çayı kimi təmiz bir dilə, obrazlı düşüncəyə, qeyri- adi maraqlı hadisələrə, yaddan çıxmayan xatirələrə söykənir. Bu yazılarda mən sözün hikmətini duydum, sözün qüdrəti qarşısında heyran qaldım, sözün gücünü, təsirini hiss etdim, sözə necə dəyər verildiyini, İncildə deyildiyi kimi "Əvvəldə söz var idi" ifadəsini xatırladım. Onları oxuduqca xəyal məni çox uzaqlara, Bakıda təhsil aldığım illərə, gənclik çağlarıma, ömrümün ən əziz, ən şirin günlərinə apardı. Vəliyəddin Misiroğlunun haqqında yazdığı adamları yada saldım, onları xatırlamaq, onlar haqqında oxumaq, qəlbimdə xoş duyğular yaratdı. Çünki onların əksəriyyətini mən də şəxsən tanımışam, dostluq eləmişəm. Mənim üçün çox əziz və doğma olan insanları - Mirzə İbrahimovu, Cəmil Əlibəyovu, Şamil Əsgərovu, Qənbər Qurbanovu - Şəmşiroğlunu, Zəlimxan Yaqubu, Məmməd Aslanı, Bəhmən Vətənoğlunu, Sücaəti, Əyyub Cabbarovu, Yaqub Əsgərovu bu yazılar bir daha xatırlatdı mənə. Zaman-zaman belə işıqlı, istedadlı şəxsiyyətlər xalqın güvənc yeri, ümid, pənah yeri olmaqla, millətimizin adını uca tutublar. Mən xalqımızın belə dəyərli ziyalıları ilə həmişə fəxr etmişəm, onları milli sərvətimiz saymışam.Vəliyəddin Misiroğlunun məhz belə adamlardan, cəmiyyətimizin dəyərli insanlardan yazmağını alqışlayıram.

V.Misiroğlunun məqalələri maraqlı hadisələrlə doludur, gözəl dil-üslub xüsusiyyətlərinə malikdir. Bu məqalələrdə müəllifin həyata, insanlara məhəbbət, dağlarımıza, yurd-yuvamıza doğma oğul münasibəti, təbiətə vurğunluq öz əksini tapıb. Əslində V.Misiroğlu bu məqalələri yazmağı özünə bir mənəvi borc sayıb. Bu sanki mənəvi ehtiyacdan və zərrə-zərrə, damla-damla qəlbinə süzülən istəkdən yaranıb.

Dədə Ələsgərdən tutmuş Aşıq Şəmşir, Mirzə İbrahimov, Cəmil Əlibəyov, Bimar Əli, Qara Ələsgərov, Şamil Əsgərov, Qənbər Qurbanov, Dəmirçi Abbas, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət, Yaqub Cabbarov, Əyyub Cabbarov, Yaqub Əsgərov, Mirsəyyaf Zamanlı, Yusif Hüseyn, Məhəmməd Nərimanoğlu, Kamil Təbib, Məhyəddin Məhərrəmoğlu, Cabir Umud, Zərraf Təhməzoğlu, Elşən Əzim, Ələmdar Cabbarlı kimi özünəməxsusluğu ilə seçilən şairlərimizdən yazılan məqalələr çox əhəmiyyətli, olduqca təqdirəlayiqdir.

Vəliyəddin müəllimin Kəlbəcərdən bəhs edən yazılarında diqqəti çəkən bir məqam da odur ki, burada hər bir nəslin nümayəndələrindən söz açılır və elə nəsil var, bir neçə nümayəndəsi barədə maraqlı bilgilər əldə etmək mümkündür. "Analı dünyam", "Atamın atalıq yadigarı", "Atamın xatirəsi", "Ata qəlbi kövrək olurmuş", "Qəribsəyən məzarlar" məqalələrində V.Misiroğlu həm də milli adət-ənənələrimiz, valideyn-övlad münasibətləri haqqında dəyərli fikirlər irəli sürüb. Müəllif burada valideynlərə xüsusi yer ayırır, ata-ananı tanrının müqəddəs varlığı kimi uca tutur və onlara hörmət və sayğı göstərilməsinin hər bir övladın mənəvi borcu olduğunu vurğulayır.

Doğulub boya-başa çatdığı Kəlbəcərimiz V.Misiroğlunun həyatı qədər sevdiyi bir diyardır. Məhz buna görə də kimdən, nədən yazırsa yazsın, yaradıcılığı boyu bu torpağı, el-obamızı məhəbbətlə tərənnüm edir. Dağlarımıza vurğunluq, şairlərimizə doğma, poeziya dünyamıza səmimi məhəbbət, ana təbiətə heyranlıq, ağsaqqallarımıza, ağbirçəklərimizə hörmət onun yaradıcılığının əsas qayəsini təşkil edir.

Müəllifin qələmindən süzülən el deyimləri, kövrək xatirələr onun yazılarını daha da ürəyəyatımlı, təsirli edir. Onun yaradıcılığında diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri də hər hansı fikir və hadisəni oxucuya canlı, səmimi şəkildə çatdırmasıdır.

Uzun illər hamımızın ağrılı yeri olan Qarabağ dərdi də şairlərimizi bir vətəndaş kimi narahat edirdi, dərindən düşündürürdü, qəlbimizi didib parçalayırdı. Babalarımızın bizlərə əmanət etdikləri və miras qoyduqları torpaqlara sahib çıxa bilmədiyimizi, yağı düşmən tərəfindən işğal olunmasını özümüzə heç cür bağışlaya bilmirdik. Bu ağır dərd şairlərimizi, ümiyyətlə qələm adamlarımızı için-için göynədirdi, yandırıb-yaxırdı. Onlar qələmlərini silaha çevirib Vətən övladlarını düşmən üzərində zəfər yürüşünə səslədilər. Tapdaq altında qalan, inləyən yurd-yuvalarımızı unutdurmağa qoymadılar.

Bu 30 ildə başımıza çox bəlalar gəldi. Sovetlər imperiyasının süqutundan sonra baş verənlər - 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın bir-birinin ardınca işğal olunması, soydaşlarımızın yurdlarından didərgin düşməsi, ümumiyyətlə bu səbəbdən kəlbəcərlilərin ağır taleyi V.Misiroğluna da bir yaradıcı adam kimi ağır təsir göstərib və bütün bunlar onu bu məqalələrdə həmin mövzulara da ətraflı yer verməyə sövq edib.

Ənvər Rza, Məmməd Aslan, Əyyub Cabbarov, Bəhmən Vətənoğlu, Sücaət, Adil Cəmil, Elşən Əzim, Ələmdar Cabbarlı, İlham Məmmədli, Xəqani Həbiboğlu, Namiq Dəlidağlı, Məhəbbət Kəlbəcərli, Yusif Hüseyn, Daşqın Ziyəddinoğlu, Əlövsət Saldaş, Elməddin Nicat və başqa imzalar Azərbaycan poeziyasında həm el arasında, sözü, özü olan şairlərdir.

İşğal dövründə Kəlbəcər şairləri dağlar boyda dərdlərinə poetik don geyindirdilər, dağlar dərdinə tab gətirib dözə bildilər, dərdi əzizlədilər, sevdilər, bala kimi böyütdülər və bu dərdi özlərilə haqq dünyasına aparan şairlərimiz də az olmadı. V.Misiroğlu bu mənada üzünü Kəlbəcər şairlərinə tutaraq yazır: "Biz yaxşı bilirik ki, sizlər əsl vətən şəhidlərisiniz, siz qələminizlə yana-yana şəhid oldunuz, ey şairlərimiz! Vaxt gələcək, sizlərin böyük abidələri Dədə Şəmşir zirvəsilə üzbəüz ucaldılacaq. Sizin pak ruhlarınız oradan Dədə Ələsgərin ruhuna qovuşacaq, Göyçə gölünə salavat çevirəcək, gələcək nəsillərə örnək olacaq".

Bu yaxınlarda Vəliyəddin Misiroğluyla telefonla danışdıq, ikimiz də sevindik ki, bu böyük Zəfəri görmək bizə qismət oldu. Sevinirdik ki, şəhidlərimizin qanı yerdə qalmadı, cəngavər Azərbaycan oğulları onların intiqamını döyüş meydanlarında vuruşaraq, qan tökərək aldılar. Qalib bir ordusu olan məmləkətin övladı olmaq həqiqətən də bu gün bizim üçün çox qürurvericidir. Qarabağın işğalı otuz ilə yaxın dağlarımızın düşmən tapdağında qalması bütövlükdə o faciəli hadisələr bizim hər birimiz üçün bir sınaq oldu. Silah tutanlarımız silahdan, silah tuta bilməyənlərimiz isə qələmdən yapışdılar, qələmlərini silaha çevirdilər.

Vəliyəddin Misiroğlu ədəb-ərkanlı, elinin-obasının ən yaxşı adət-ənənələrini yaşatmağa çalışan, sözü ilə əməli bir olan, vətənini ürəkdən sevən, təpədən-dırnağa Kəlbəcərə vurğun, davranışı, tərbiyəsi ilə xalqına, el-obasına, dostlarına başucalığı gətirən bir el ağsaqqalımızdır. Onun bu il 80 yaşı tamam olub. 80 il bir Kəlbəcərli üçün zaman etibarilə yetərli deyil. Vəliyəddin müəllimə uzun və sağlam ömür, möhkəm cansağlığı arzu edirəm. Əziz dostum, canın sağlam, qələmin iti, sözün ötgün olsun, doğma dağlarımız naminə yazıb-yaratmaqdan, onu tərənnüm etməkdən heç zaman yorulmayasan! "525"in oxucularına ixtisarla təqdim olunan bu yazımı sənə ünvanladığım misralar ilə tamamlayıram:

 

Hələ deyiləsi sözlərimiz çox,

Hələ Kəlbəcərə səfərimiz var.

Hələ qarşımızda min-min uğurlar,

Hələ irəlidə zəfərimiz var!

 

Ruhumuz dincələr sazın səsində,

Yetər dərd içində dinlədik, yetər.

Əlimiz dağlara uzalı qaldı,

Qürbətə sığınıb inlədik yetər.

 

Biz nələr çəkmişik, bir Allah bilir,

Ürək ağrımasın, ürək neyləsin.

Nə gözəldir sənin qala dağların!

Tələsək dağlara, mehman eyləsin...

 

Elə müqəddəsdir, elə əzizdir,

Çağırır qoynuna o yurd, o torpaq.

Ana laylasıyla ruhumuzdadır,

O dağları sevdik hər şeydən qabaq...

 

Moskva, 2023

 





03.05.2023    çap et  çap et