525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət - Telman Orucov yazır


 

Din və məhəbbət - faciələrə aparan ziddiyyət - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Ögey qardaşı ona ölən anasının keşişlə birgə imzaladığı ərinə ünvanlanan etiraf məktubunu göstərir. Artur üstünə yağan bədbəxtliklərdən qaçmaq üçün şlyapasını kanala atmaqla özünə qəsd etməsi səhnəsini yaradır və gəmi ilə Cənubi Amerikaya yollanır.

13 il sonra İtaliyaya qayıdıb, Rivares adı altında yenə mübarizəyə qoşulur, Avstriya işğalçılarına, katolik kilsəsinə, birbaşa yepiskop Montanelliyə qarşı sərt məzmunlu pamfletlər yazır. İnqilabçı dəstə yeni qəsd hazırlayır və onun icrasını Artur öz üzərinə götürür. Əməliyyat vaxtı isə həbs olunur. Bioloji atası, Montanelli həbsxanada onun yanına gəlir, hər şeyi etiraf etməsini məsləhət görür, onun xilas yolunu bunda görür. Lakin Artur atası qarşısında sərt bir şərt qoyur. Keşiş öz Allahından üz döndərsə, ona oğul olacağına razılıq verəcəyini deyir. Yepiskop ona nə qədər yalvarsa da, Artur öz tələbindən dönmür. O, hərbi-səhra məhkəməsində mühakimə edilir və məhkəmənin hökmü ilə güllələnir. Bu, həm də oğluna xəyanət edib, sonra isə dinə sədaqətinə görə ondan imtina edən Montanellinin mənəvi və fiziki sonluğuna çevrilir.

Montanelli oğlunun qətlinə görə dəli olur, kilsəyə gələn dindarları adam yeyənlər, meyitlə qidalanan quzğunlar adlandırır, onlara görə oğlunu qurban verdiyindən şikayətlənir. O, dini rəmz olan xaçı döşəməyə çırpıb sındırır. Bir neçə gün sonra Lorentso Montanelli ürək partlamasından ölür.

Artur ilk dəfə keşişlər tərəfindən aldadılmaqla, öz mübarizə yoldaşlarına xəyanətə yol vermişdi. Bu xəyanətin də bünövrəsini guya nəcib məqsəd naminə birbaşa öz atası qoymuşdu. Ata ikinci dəfə yenə ona öz mübarizəsindən əl çəkmək barədə yalvarırdı. Dinin aliliyi öz xadimlərini kölə vəziyyətinə salmaqla, belə qeyri-humanist, hər cür əxlaqdan kənar münasibətlərə və faciəvi hadisələrə gətirib çıxarır. Bunun insanlığa zidd olduğunu duyanlar az sayda olsalar da, onlar hətta Allaha qarşı da üsyana qalxmağa hazır olduqlarını bildirirlər. Axı çoxları Bibliyadakı İov deyil ki, Allahın ona hər cür xəstəliklər və bədbəxtliklər göndərdiyini bilə-bilə, ona sədaqət göstərməkdə davam etsin ki, nə vaxtsa Allah onun sədaqətini, hər cür bəlalara etiraz etmədən dözdüyünü qiymətləndirəcək, çəkdiyi əzablara görə mərhəmət göstərməklə, onu lazım olduğundan artıq dərəcədə mükafatlandıracaqdır. İnsanı taqətdən salan sınaq ağır olduğundan və onun mükafatı böyük qiymətə başa gəldiyindən, belə mərhəmət nəticə etibarilə hətta öz əhəmiyyətini, əslində mahiyyətini də itirir.

İnsanlar çox vaxt digərinə bəslədikləri ülvi hisslərini heç nəyə, hətta hansısa bir müqəddəsliyə də qurban vermək istəmir, axı o, özünün məhz insana xas olan təbiətinin qeyri-adi sevinc bəxş edən təntənəsinə, zəfərinə nail olmuş, fəth etdiyi bu zirvəni axirət dünyasında vəd edilən hansısa Yelisey çölünə, cənnətə dəyişmək istəmir. Real həyatda qədəm qoyduğu və cənnət meyvəsi hesab etdiyi bəxt hədiyyəsi ilə o, xudahafizləşməlidir ki, həyatdan köçdükdən sonra hansısa bir təxəyyül olunan cənnətdə, müqəddəsliyin mərhəməti və köməyi ilə məskunlaşa bilsin. Axı heç kəs əlindəki arıquşunu göydəki durnaya dəyişmək istəmir, axı ənginliklərdə pərvazlanan durnaya sahib olmaq olduqca müşkül məsələdir, əslində, xəyaldan başqa bir şey deyildir. Kim Yer üzərində, şəxsi həyatında qazandığı xoşbəxtliyi hansısa ehtimala qurban verməklə, o dünyadakı güman edilən və dini rəvayətlərdən başqa, real olaraq heç nəyə əsaslanmayan cənnətlə dəyişməyə razılaşar? Axı burada tələb olunan qurban elə bir nəcib məqsədə, mənəvi fədakarlığa görə deyil, yalnız dinin irəli sürdüyü, obrazının da mövcud olmadığı vədlərə əsaslanır. Bu vədlərin həyata keçməsi imkanları və vasitələri aydın olmamaqla, hindlilərin ənənəsindəki adamın gələcək taleyində rol oynayacaq karma kimi qeyri-müəyyənlik rəmzindən başqa bir şey deyildir. Dinin bir sıra tələblərinə kor-koranə tabe olmaq ağıl, şüur köləliyinə yaxınlaşmağa bənzəyir. Axirət dünyasına ifrat inam bəsləməklə, real həyatın real fərəhli cəhətlərini kiçiltmək daha çox ağılın qüsurluluğundan və ya deformasiyaya uğramasından xəbər verir.

 

Qaratikan quşunun intiharı

 

Avstraliya yazıçısı Kollin Makkalounun "Qaratikan quşu" əsəri həm oxucuların, həm də Hollivudun çəkdiyi uğurlu kinofilm hesabına tamaşaçıların böyük marağına səbəb olmuşdu. Roman keşiş Ralf ata ilə gənc qız Megginin sönməz məhəbbətindən bəhs edir və bu cütlüyün taleyinə dinin ağır zərbə vurduğunu göstərir.

11 yaşlı Meggi adlı qızcığazın valideynləri uşaqları ilə birlikdə XX əsrin əvvəllərində Yeni Zelandiyadan Avstraliyaya, onun ziyadə isti guşəsi olan Droqhedaya gəlirlər. Buradakı varlı qadın Meri Karson qardaşı Peddini öz yanında yaşamağa və öz təsərrüfatında uşaqları ilə birlikdə işləməyə dəvət etmişdi. Dəniz səyahətindən sonra ailə qatarla həmin əyalətə gəldi və Meggi burada ilk dəfə onları vağzalda qarşılayan keşişi gördü. Qızcığazin özü də ilk baxışdan Ralf atanın çox xoşuna gəlmişdi.

65 yaşlı varlı qadın olan Meri Karson cavan, qəddi-qamətli keşişə vurulmuşdu, onu ələ keçirmək istəyirdi. Həm də yaxşı bilirdi ki, başqaları kimi, Ralf da onun özünə deyil, puluna ehtiram bəsləyir. Qadın Ralfa, onu şirnikləndirmək üçün minik atları və avtomobil bağışlamışdı. Keşiş bu cəhənnəm timsalı olan, tozu, milçəyi və qızmar istisi ilə şöhrət tapmış Droqhedaya, yepiskopu təhqir etdiyinə görə gəlib düşmüşdü. Qadın inanırdı ki, o, gələcəkdə kardinal olacaqdır. Ralf isə belə möcüzənin baş verəcəyinə inanmırdı. Keşiş həm də öz davranışı ilə regionda yaxşı nüfuz qazanmışdı.

Malikanə sahibi olan qadın öz şəhvət istəyinə nail olmaq üçün hər şeyə əl atırdı, bəzən keşişə hiddətlənib acı sözlər də işlədirdi. Bir dəfə ona demişdi ki, səni məcbur edəcəyəm ki, ən pozğun fahişə kimi özünü satasan, bunu isə yalnız zaman göstərəcəkdir.

Bir neçə ildən sonra Meggi artıq qadına çevrilmək metamorfozalarına uğrayırdı. İlk aybaşısı olanda bərk qorxmuşdu, güman edirdi ki, bu, xərçəng xəstəliyinin əlamətidir. Ralf onu başa saldı ki, səndə heç bir xəstəlik yoxdur, bu qanaxma bütün qadınlara xasdır, ayda bir dəfə bir neçə gün ərzində baş verir. Qızlarda bu, 12-13 yaşlarında başlayır, bu vaxt Megginin isə artıq 15 yaşı var idi. Hər ay qanın axması qızın həddi-buluğa çatması, uşaq doğmağa qabil olmasının başlanması əlamətidir. Gərək anası Meggiyə bunu başa salaydı.

Bu yeniyetmə qız üçün Ralf ata sevimli bir büt, Göy qübbəsindəki yeni bir Günəş idi. Onlar birgə at çapanda dostluq şüası buraxırdılar, bu isə özlüyündə intim yaxınlığa bərabər idi. Çünki qız keşişi sevirdi, yaşı otuzdan yuxarı olan bu kişi açılmamış qızıl gülə bənzəyirdi, yazıq qız axı ondan başqa heç bir kişini görməmişdi.

Artıq 72 yaşında olan Meri evində rəqs gecəsi təşkil etmişdi. Burada iştirak edən Meggi keşişə olduqca gözəl göründü. Qadın isə ömrünün bu son gecəsində Ralfa dedi ki, əgər mən cavan olsaydım, səni hökmən ələ keçirərdim. Həyatımın otuz ilini pəncərədən kənara ata bilsəydim, əgər şeytan ruhumu satın almaq istəsəydi, mən o dəqiqəcə onu satardım və səfeh Faust kimi olmazdım, keşişə müraciətlə dedi ki, səni məhv etməyə sevinərdim. Keşiş isə bildirdi ki, mən başqa qadınlar barədə deyil, yalnız Meggi barədə düşünürəm. Qadın patetik qaydada bildirdi ki, mən səni sevmişəm. Axı səfeh bədənim içərisində mən hələ gəncəm. Qoca yaş qısqanc Allahın mənə ünvanladığı ən böyük intiqamdır. Qadın qərara aldı ki, Meggi ilə Ralfın birləşməsinə imkan verməyəcəkdir, açıqca dedi ki, qardaşı qızına, sən onu sevdiyinə görə nifrət edirəm. Bu vaxt keşişə bir məktub verdi və onun öz meyitini görməyənə qədər məktubu açmayacağı barədə də and içdirdi. Səhərisi günü isə Meri Karsonun ölüm xəbəri yayıldı.

Məktubda qadının mülkiyyətinin keşişə çatması barədə vəsiyyəti var idi. Evində isə qardaşının ailəsinin yaşamasına icazə verirdi. Ralf ataya bütövlükdə 30 milyon funtluq mülkiyyət qalırdı. Bu pulun hesabına o, kardinal ola bilərdi.

Bu vaxt 17 yaşı olan Meggi cəhalətin və mənəviyyatın qarışığı, sintezi kimi idi. Keşiş onu sevdiyini dedi, həm də əlavə etdi ki, bu, heç də kişi kimi sevmək deyildir. Keşiş vəsaitindən Meggiyə və anasına, hər birinə ildə 2 min funt məbləğində olmaqla pul müavinəti ayırdı. Meridən miras qalan "Roll-Roys" da onların sərəncamında idi.

Sonralar Megginin ailəsində faciə baş verdi. Eyni gündə yanğında atası Peddi öldü və onun meyitini tapan oğlu Styuartı isə vəhşi qaban parçaladı. Onların yanına gələn Ralf ata Meggini qucaqlayıb öpdü. Bu vaxt o, ağrını da, kilsəni də unutmuşdu. Allah da unudulmuşdu. Bir qədər sonra onları tərk edərkən anasından xahiş etdi ki, qızını ərə getməyə həvəsləndirsin, Meggiyə isə yalvardı ki, onu unutsun.

Artıq Ralf yepiskop idi. Meggi bu vaxt Meridən miras qalmış iri sürüdəki qoyunları qırxmaqla məşğul olub, muzdla işləyən Lyuka ərə gedəndə onun 23 yaşı var idi. Daha çox pul qazanmaq naminə şəkər qamışı biçmək üçün Lyuk cavan arvadı ilə birlikdə başqa əyalətə yollandı. Lakin əri ona diqqət göstərmirdi. Yepiskop Ralfı isə bir müddətdən sonra Romaya, papanın yanına işə dəvət etdilər. O, artıq kardinala çevrilmişdi.

Lyuk pul qazanmaq dəlisi idi, Meggi hamilə olanda onu ərdən və şikəst arvaddan ibarət olan bir ailəyə qulluqçu düzəltdi. Onların nikahı saxta əsaslar üzərində qurulmuşdu. Burada məhəbbətdən heç bir əsər-əlamət yox idi. Lyuk onun pulunu ələ keçirmək istəyirdi. Meggi isə Ralfı yenidən əldə etmək üçün ondan uzaq qaçmağı qət etmişdi. Belə cansıxıcı şəraitdə qız tez-tez Ralfa nifrət bəsləyirdi.

Meggi körpə qızı doğulanda Ralf onun yaşadığı evə gəldi. Burada ev sahibəsi Annaya dedi ki, Meggi mənə mənəviyyatı görməyə kömək edən bir güzgüdür. Onun dilindən daim Meggini sevdiyini eşitdikdə, həmin qadın bunun hər ikisi üçün faciəli olacağını dedi.

Meggi Lyukdan doğduğu körpə qızı sevmirdi. O, protestant keşişlərin evləndikləri halda, katolik keşişlərin hələ də qadağaya görə evlənə bilmədiklərindən dəhşətə gəlirdi, axı bu zalım qayda Ralfı onun əlindən almışdı.

Xeyirxah ev sahibləri olan ər-arvad doğuşdan sonra Megginin çox zəif olduğunu nəzərə alıb, onu Metlok adasındakı kurorta yola saldılar. Bu ada Droqhedadan və yaşadığı yerdən tam fərqli idi. Laqunadakı mərcan rifi sakit suya əlavə gözəllik verirdi. Yenidən Meggiyə baş çəkməyə gələn Ralf ata, onun harada olduğunu öyrənib, adaya yollandı. Onlar görüşdükdə Ralf qızın məhzun gözlərində işıq gölməçəsini gördü. O, artıq fiziki cəhətdən də qızı istəyirdi. Ona görə də onu qucaqladıqda, ağlının iradəsi bütünlüklə bədəninin iradəsində söndü. Və o, ilk dəfə özünün kişi olduğunu, heç vaxt Allah olmadığını dərk etdi. Bu, şəhvət idi. Qızın qolları və əlləri canlı kəndir kimi ona sarılıb işgəncə verirdi. Uzun illər atəşi sönməyən məhəbbətdən sonra qızı özününkü etmişdi. Meggi ağla sığmayan dərəcədə xoşbəxt idi. Onların intim yaxınlığı bədən poeması idi, nəhayətsiz həzdən xəbər verirdi. O, məhəbbətin alovunda yanan kimi görünürdü, lakin bundan şikayətlənmirdi, axı uzun illər bu anları arzulamışdı. O, Ralfla yaxınlıqdan qeyri-adi ləzzət alırdı. Onun bədən daşqını üzərindəki səbir limiti arxada qalmışdı. Ralfın da ağrısında bir ədalətlilik var idi. Onlar bədən yorğunluğunu deyil, könül yorğunluğunu hiss edirdilər.

Müharibədən sonra məğlubiyyəti, təslim olmağı, sülhü anlamaq olduqca şirindir. O, Meggiyə yaxşı döyüş vermişdi. Keşişin qürurunun saxta olduğunu isə həyat özü göstərmişdi, Lutsifer kimi (Lutsifer - yıxılan mələk, şeytan - məqalə müəllifi) o, Allahın tək olduğunu etiraf etmiş və Lutsifer kimi də yıxılmışdı.

Ralfa elə gəlirdi ki, bu vaxta qədər o, dünyanı görməmiş, anlamamışdı. Bu qızın özü də, ümumiyyətlə, adi adam deyildi, ona xeyli yaxşı təsir göstərmişdi. Bir neçə gündən sonra Ralf adanı tərk etdi, bundan sonra o, Romada, bəlkə də, Megginin bütün qalan ömrü qədər yaşayacaqdı. Ona görə də gedəndə, onun gözlərindən kədər yağırdı.

Ralf ata Vatikanda kardinala etiraf etdi ki, o, bütün andları pozmuşdur. Meggi ilə fiziki yaxınlıq ona yeni dünyanı açıb göstərmişdir, deyirdi ki, həmin qızla görüşdən aldığım ekstazı Allahla olanda heç vaxt görməmişdim, həyatın mənə indiyə qədər  məlum olmayan nəhayətsiz sevincini yaşamaq xoşbəxtliyinə qovuşmuşdum. Onu da əlavə etdi ki, o, məni həm bədəni, həm də ruhu ilə sevirdi.

(Ardı var)   

 





03.05.2023    çap et  çap et