525.Az

"Şair Şəhriyar"


 

"Şair Şəhriyar"<b style="color:red"></b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla Əməkdar rəssam Həmzə Abdullayevin "Şair Şəhriyar" əsərindən danışmışıq.

Həmzə Abdullayev 1946-cı ildə Bakıda anadan olub. 1967-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu, 1974-cü ildə Moskva Dövlət Poliqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Peşəkar rəssam 1976-cı ildən bəri  Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, yerli və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Əsərləri Türkiyə, Polşa, Almaniya, Rusiya, Ukrayna, Finlandiya və Vyetnamda nümayiş etdirilib.

Həmzə Abdullayev pedaqoji fəaliyyətlə də məşğul olmaqdadır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

 

 

- Ustad Şəhriyar və Həmzə Abdullayev fırçası. Söhbətimizə elə bu vəhdətdən başlayaq.

- Bir millətin mədəniyyətini onun dəyərli şəxsiyyətləri ilə qiymətləndirmək mümkündür. Məhz belə şəxsiyyətlər yaşadıqları dövrdə öz qiymətli bədii irslərini töhfə verərək, özündən əvvəlki və sonrakı xalqlarla əlaqələrini qoruyub saxlayan milli-mədəni dəyərə çevrilirlər. Bu unudulmaz şəxsiyyətlərdən biri də həm fars, həm də türk ədəbiyyatında bənzərsiz əsərlər yaratmış Məhəmmədhüseyn Şəhriyar-i Təbrizidir. Şəhriyarı milli-mədəni dəyərə çevirən onun ölməz şeirləridir. Şəhriyar bir çox rəssamın, heykəltəraşın ilham mənbəyinə çevrilib. Onlardan biri də Həmzə Abdullayevdir.  Unudulmaz şairi kətan üzərində təsvir edən peşəkar rəssam Həmzə Abdullayev olduqca mistik ab-havaya malik sənət nümunəsi yaratmağa müvəffəq olub. Usta rəssam dahi Şəhriyar obrazını bir neçə dəfə kətana köçürüb. Şəhriyarın obrazını uğurla yaradan rəssamın ilham qaynağı elə "Ustad Şəhriyar" və onun duyğu yüklü, bir-birindən qiymətli şeirləri olub.

- Əsər hazırda harada saxlanılır?

- Tablo rəssamın öz kolleksiyasında saxlanılmaqdadır.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Tənha gecədə şairin yeganə yoldaşları qələm və dəftər, üzərində bardaş qurduğu xalı, önündə çay dəstgahı, heç vaxt sönməyən, sanki şairin "ruh"unu təmsil edən alışıb-yanan çıraq və başının üzərində  dövr etməyə tələsən saat əqrəbləridir. Rəssamın təxəyyülü bu obrazın da ruhsal və emosional kimliyində kontrast yaradaraq, onu daha da dərinləşdirməyə nail olub. Gecənin bəzəyi hesab olunan ay və ulduzlardan səmada əsər-əlamət yoxdur. Rəssam bəlkə də demək istəyir ki, ədəbiyyatın ayı da, ulduzu da, elə ən parlaq işığı da Şəhriyardır. Onun obrazının məhz belə lirik tərənnümü Həmzə Abdullayev yaradıcılığının leytmotividir. Ümumi kompozisiya olduqca duyğulu, olduqca kövrəkdir...

- Əsərin rəng koloriti necədir?

- Rəssamın buradakı qalın fırça vuruşları, çoxqatlı və fakturalı boya təbəqələri bəsit kateqoriyalara sığmayan son dərəcə müasir və avanqard vizual yanaşma tərzi ilə həll olunduğu üçün kompozisiyadakı ümumi harmoniyanın bədii gücünü artıran ən vacib amillərdəndir. İlk baxışdan rəssamın palitrasından kətana süzülən hər bir rəng seçimində şərqilik, millilik, ənənəvilik və fəlsəfilik hiss olunmaqdadır. Emosional ekspressiv duyğunu özündə daşıyan bu kolorit həllində sanki rənglər də dil açıb tamaşaçılar ilə danışırlar.

- Kompozisiyada pəncərədən görünən gecənin tünd "üzü" rəssamın işıqlı, parlaq və aydın evi ilə ziddiyyət təşkil edir. Sizcə, bu məqamın təsviri ilə rəssam nə demək istəyir?

- Bu tabloda rəssamın Şəhriyarın işıq dolu "könül evi" ilə qaranlıq və tünd dünyanın bir-birindən necə kəskin formada fərqləndiyini göstərmək cəhdi var.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Peşəkar rəssam bu sənət nümunəsini ərsəyə gətirərək Ustad Şəhriyarın daxili aləmindən izləyicilərə xəbər verir. Rəssam kompozisiyanın köməyi ilə şairin həssas ruhunun həm öz daxilini, həm də ətrafını zülmət qaranlıqda belə nura boyamağa qadir olduğunu göstərir. Gecənin ilıq nəfəsində şairi yuxulamağa qoymayan hər bir misranın önəmini gözlər önünə gətirir. Qırmızı rəng ilə kompozisiyanın sağ üst qismində qeyd olunan misralar da təsadüf deyil:

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən

Məndən aşağı kimsə yox, ondan da yuxarı.

Aytac SAHƏD 

 

 





03.05.2023    çap et  çap et