525.Az

Ümidli yaradıcılıq üfüqləri - İlham Rəhimli (III məqalə)


 

Ümidli yaradıcılıq üfüqləri - <b style="color:red"> İlham Rəhimli (III məqalə)</b>

Qəmər  Məmmədova (10 sentyabr 1954-cü il). 1971 - 1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1975 - 1979 və 1983 - 2002-ci illərdə Şəki Dövlət Dram Teatrında, 1979 - 1983-cü illərdə İncəsənət İnstitutunun Tədris teatrında, 2002 - 2009-cu illərdə Dövlət Gənclər Teatrında aktrisa işləyib. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının truppasındadır. 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 10 dekabr 2013-cü ildə Əməkdar incəsənət xadimi fəxri adları ilə təltif olunub.

Səhnəyə məktəb yaşlarında çıxıb. Bərpadan sonra Şəki Dövlət Dram Teatrının fəaliyyətində coşqun yaradıcılıq nümunəsi göstərib. Lirik-dramatik xarakterli rolları xüsusi məharətlə ifa edir. Yaradıcılığının əsas estetik səciyyələri baxımından lirik-psixoloji aktrisadır. Daxili emosional duyğularla oynamaqda təcrübəlidir. Müəyyən mürəkkəb janrlı tamaşalarda bu emosionallığa fəlsəfi dərinlik də əlavə edir. Dramatik komediya aktrisası kimi də tanınır. Qroteskli və satirik çalarlı bədii personajları daha uğurlu oynayır. Məişət yumorlu tamaşalarda daha çox yumşaq, məzəli gülüş elementlərinə əsaslanır. Faciə rollarında daxili dramatizmə üstünlük verir. Ehtirasının coşqunluğunu hadisələrin psixoloji mahiyyətinə uyğun şəkildə gərginlikdə saxlaya bilir. Obrazın dəhşətli hadisələrlə üzləşdiyi məqamda səsinin faciə ahəngini bacarıqla dəyişir. Belə məqamlarda səsinin ahəngi ilə daxili gərginliyi, mənəvi-psixoloji dönüşləri vəhdətdə birləşir.

Ümumən altmışdan çox obraza səhnə həyatı verib. GTT-də ifa etdiyi əsas rollar: Gülgəz ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Xeyransa ("Buzovna kəndinin əhvalatları", Elçin), Sədəf qarı ("Əcəl atı", Vaqif Əlixanlı), Manya, Qətibə ("Ünvansız qatar" və "M.S.S. Mən səni sevirəm", Əli Əmirli), Umgülsüm Sadıxzadə ("Kod adı: "V.X.A.", Mehriban Ələkbərzadə), Roze nənə ("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt), Qoca qarı və Kayın nənəsi ("Qar kraliçası", Hans Xristian Andersen), Missis Mann ("Oliver Tvistin macəraları").

Nübar Novruzova (1 mart 1958-ci il). Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1975 - 1979). Ali təhsil alandan sonra təyinatla Gənc Tamaşaçılar Teatrında işləməyə göndərilib. Həmin ildən truppanın üzvüdür. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 10 dekabr 2018-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.

Peşəkar səhnəyə ilk addımlarından cazibəli səhnə görkəmi, ürəyəyatımlı məlahəti, səmimi emosionallığı, dinamik ritmi və çevikliyi ilə rejissorların diqqətini cəlb edib. Mənəvi-əxlaqi problemli psixoloji obrazlarda bacarıqla oynayıb. Daxili temperamentini obrazın bədii tutumuna uyğun tərzdə realizə edib. Teatrın aparıcı aktrisalarından olan Nübar Novruzova Gənc Tamaşaçılar Teatrında Müxtəlif mövzulu və müxtəlif janrlı əsərlərin tamaşalarında maraqlı rollar oynayıb. Yaradıcılığının ilk iyirmi-iyirmi beş ilində oynadığı rolların əksəriyyəti baş qəhrəmanlar olub. Teatr, televiziya, kinoda yaradıcılığında altmışdan çox rol var.

Faciə janrında Ana ("Ana", Hüseyn Cavid), mürəkkəb fəlsəfi-dramatik Qadın ("Unutmağa kimsə yox", Kamal Abdulla) obrazları tərifəlayiqdir. Lirik-psixoloji üslublu tamaşalarda Nargilə ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Leyla ("Bir sahilin adamları", Xalidə Hasilova), Leyla ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov və Həsən Seyidbəyli), Qadın ("Unutmağa kimsə yox", Kamal Abdulla), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) rollarında uğurla çıxış edib. Uşaq tamaşalarında Qar qız ("Qar qız", Teymur Elçin), Bahar ("Ana laylası", İsgəndər Coşqun), Aynur ("Sirli dəyirman", Feyruz Məmmədov) rollarını oynayıb. Sona ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Gülnar ("Tamahkar", Süleyman Sani Axundov), Dilbər ("Qonşu qonşu olsa...", Rəşid bəy Əfəndiyev), Naza ("Məhəbbət, şeytan və Lambada", Marat Haqverdiyev), Janina ("Məzəli hadisə", Karlo Qoldoni) komediya rollarında səmimiyyət və koloritli cazibə, xalq gülüş estetikasının əsas prinsiplərindən ustalıqla istifadə etmək bacarığı nümayiş etdirib.

Güşvər Şərifova (30 may 1962-ci il). 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Gəncə Dövlər Dram Teatrında (1984 - 1995) və Bakı Kamera Teatrında (1995 - 2003) işləyib. 2003-cü ildən GTT-nin truppasındadır. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Xarakterlər aktrisası kimi daha çox uğur qazanıb və bu istiqamətdə kifayət qədər mənalı ifadə vasitələrinə yiyələnib. Eyni zamanda, məişət komediyasında, sosial məsxərələrdə komik obrazlar, mənəvi-əxlaqi dəyərlər burulğanında çırpınan dramatik personajlar, faciə janrlı əsərlərdə müsibətlərə düçar olan mürəkkəb, həm əqidəli, həm də mənən cılız surətlər də ifa edib. "Sonluğun sonu" (Rövşən Ağayev) monotamaşasında Zəhra rolunu əsasən, üç ovqat-ritmdə oynayır: lirik-psixoloji ovqatı həzin kövrəkliklə, dramatik-psixoloji dəyişməni dinamik ahəngdə, inamsızlığın obrazı sürüklədiyi faciəni çılğın və coşqun ehtirasla ifa edir. Aktrisanın lirizmindəki emosionallıq, dramatizmindəki cingiltili coşqunluq, mənəvi sarsıntılardan əzaba düçar olan fəci harayındakı püskürən ehtirasın çılğınlığı peşəkarlığın bədiilik təcəssümü kimi heyranedicidir. İfadə vasitələri zəngin olan aktrisa Səkinəni ("Mürafiə vəkilləri", Mirzə Fətəli Axundzadə. Gəncə teatrı) zavallı qadın kimi, Qumralı ("Əliqulu evlənir", Sabit Rəhman. Gəncə teatrı) şən məişət komediyası estetikasında, Məryəmi ("Qız atası", Əfqan. GTT) hiperbolaya əsaslanan satirik qrotesklə, Ruqiyyə Qurbanova ("Kod adı: "V.X.A.", Mehriban Ələkbərzadə. GTT) ictimai-siyası faciə zəminində oynamaqla yüksək peşəkarlığını cəsarətlə sübut edib.

GTT-də İzzət ("Məkkəyə gedən yol", Cəlil Məmmədquluzadə), Əzra ("Şeyx Sənan", Hüseyn Cavid), Səlimə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Qətibə ("M.C.C. Mən səni sevirəm", Əli Əmirli), Nazlı, Gülpəri ("Danışan gəlincik" və "Qaraca qız", Abdulla Şaiq), York hersoginiyası ("III Riçard", Vilyam Şekspir), Qarı ("Göyçək Fatma", Azərbaycan xalq nağılı), Missis Prüsellüs ("Uzuncorab Pippi", Astrid Lnndqren), Missis Saurberi ("Oliver Tvistin macəraları", Çarlz Dikkens), Xanım ("Yatmış gözəl", Blangi Marvin) rollarını da uğurla ifa edib.

Mehriban Abdullayeva (15 may 1963-cü il). 1985-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1986-cı ildən Gənc Tamaşaçılar Teatrının truppasında fəaliyyət göstərir. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Aktrisa kimi əlvan yaradıcılıq palitrası var. Hətta dramaturji baxımdan "oxşar" rollarda da ifadə təkrarına yol vermir. Onun üçün amplua çətinliyi, həddi yoxdur. Facələrdə ehtiraslı coşqunluqla (Hafizə xanım. "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev; Yelizaveta, Ledi Kapuletti. "III Riçard" və "Romeo və Cülyetta", Vilyam Şekspir) oynayır. Faciə ovqatlı dramlarda (Böyükxanım. "Aydın", Cəfər Cabbarlı; Firuzə. "Ölüm hökmü", Elçin) obrazın fəci və lazım gələndə komik səciyyələrini ahəngdar vəhdətdə verməyi peşəkarcasına bacarır. Lirik psixoloji tamaşalarda (Aynur. "Büllur sarayda", İlyas Əfəndiyev; İntizar. "Kiçik təpə", Nəbi Xəzri) çılğın, psixoloji temperamentə və həzin lirizmə üstünlük verir. Poetik teatr estetikasında hazırlanan tamaşada (Qeysin anası. "Leyli və Məcnun", Məhəmməd Füzuli) epik teatra xas olan ifadə vasitələrindən məharətlə istifadə edir. Komediyalardakı (Səbinə. "Məhəbbət bir bəladır", Əhməd Orucoğlu; Sabah. "M.C.C. Mən səni sevirəm", Əli Əmirli) təravətli, ürəkoxşayan yumoru ürəkaçandır. Romantik pafoslu tarixi əsərlərdə (Elçinin "Ağ dəvə", "Mahmud və Məryəm" əsərlərində Hökümə xala və Aysulu) hərarətli qaynarlığı dominantdır, bu duyğu obrazların psixoloji mahiyyətlərinə dərindən sirayət edir. Nağıl-tamaşalarda (Ana. "Ana laylası", İsgəndər Coşqun; Klaudia. "Zorro", ispan xalq rəvayəti əsasında; Ana. "Şelkunçik", Ernest Teador Amadey Hofman) kiçik yaşlı tamaşaçılara məhrəm, yaxın olan səmimi, qaynar sadəliklə oynayır. Vilyam Lyusun "İstədiyim kimi yaşamışam" dramının monotamaşasında, demək olar, bütün səhnə janrlarının ifadə vasitələrindən məharətlə istifadə etməklə Zelda obrazın maraqlı xarakter kimi təqdim edib. Mehriban xanım altmışa yaxın iştirakçısı olan "Kod adı: "V.X.A" (Mehriban Ələkbərzadə) tamaşasındakı kiçik Firəngiz Rzayeva rolu ilə də yadda qalır.

Naibə Allahverdiyeva (28 may 1963-cü il). 1981 - 1985-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. İki il Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib. 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının truppasındadır. 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 may 2018-ci ildə Xalq artist fəxri adları ilə təltif olunub. Naxçıvan teatrında Sara ("Apardı sellər Saranı", Kəmalə), Birinci rəfiqə ("Elektra", Sofokl), Antelino ("Gülən adam", Viktor Hüqo).

Aktyorluq cəbbəxanasında kifayət qədər koloritli və duzlu, cazibədar və dinamik yumorlu ifadə vasitələri var. Faciələrdə (Şamama cadu. "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev; Dayə. "Romeo və Cülyetta", Vilyam Şekspir), dramlarda (Simuzər. "Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev;  Əminə. "Buzovna kəndinin əhvalatları", Elçin; Münəvvər. "Mənim ağ göyərçinim", Tamara Vəliyeva), komediyalarda (Tükəz. "Hacı Qara", Mirzə Fətəli Axundzadə; Konstansiya. "Məzəli hadisə", Karlo Qoldoni; Sien. "Öldürsnə məni, canikom!..", Əziz Nesin; Çimnaz xanım. "Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm; Bibi ("Bala bəla sözündəndir", Əli Əmirli), romantik-epik əsərdə (Burla xatun. "Dədəm Qorqud", Əbdüləzəl Dəmirçizadə), eləcə də nağıl-tamaşalarda (Ögey ana. "Göyçək Fatma", Azərbaycan xalq nağılı; Kraliça. "Yatmış gözəl", Blangi Marvin) adi, ikinci dərəcəli personajları əlvan ifadə vasitələri ilə koloritli, canlı, tamaşanın ideyasında, ana xəttində məqsəd və məramı aydın olan tip-xarakter səviyyəsində sənətkarlıqla canlandırır. Azərbaycan Dövlət Televiziyasının hazırladığı Əkrəm Əylislinin "Bağdada putyovka var" (Sitəmxanım), Cəlil Məmmədquluzadənin "Nigarançılıq" (Hüseynin arvadı), Məcnun Vahidovun "Yarımştat" (Tomka) teletamaşalarında koloritli və populyarlıq qazanan rolları yüksək peşəkarlıqla oynayıb. Komediya obrazlarında istifadə etdiyi ifadə vasitələri cazibədar, koloritli, yumorlu olduğu qədər də bir-birindən fərqlidir, bənzərsiz və dolğundur, gülüş yükü heyranedicidir. Ümumiyyətlə, istənilən janrlı obrazı səhnə və yaxud ekran personajına çevirməkdə qətiyyən çətinlik çəkmir.

Ədalət Əbdülsəməd (17 yanvar 1966-cı il). 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 1989 - 2009-cu illərdə Dövlət Gənclər Teatrında aktyorluq edib. 1 may 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Tragikomediyanın satirik çalarlarında Məşədi Hacı və Hacı İslam ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), lirik məhəbbət faciəsində Sinyor Montekki, kəskin konliktli ictimai-siyası tragediyada Rives ("Romeo və Cülyetta" və "III Riçard", Vilyam Şekspir), Kral ("Əriməyən ürək", Oskar Uald), poetik teatrın ifadə vasitələri ilə canlandırdığı Şeyx Əbülləhya ("Şeyx Sənan", Hüseyn Cavid), cəmiyyət və şəxsiyyət probleminin fəlsəfi-psixoloji kontekstdə təqdim olunan Qul ("Dəlixanada qətl", Fridrix Dürrematt), sosial-fəlsəfi yükündə müasir faciə ovqatı duyulan Komissar ("Kod adı: "V.X.A", Mehriban Ələkbərzadə) rollarını romantik teatr estetikasında, yüksək peşəkarlıqla ifa edib. Milli klassik komediya ənənələri ilə çağdaş gülüş məziyyətlərini birləşdirən Kazak, Hacı Qara ("Xırs quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Məcid ("Dələduz" Nəcəf bəy Vəzirov), Xudayar xan, Məşədi Seyfulla ("Xortdanın cəhənnəm məktubları", Əbdürrəhim bəy Haqverdiyev) obrazlarının ifasında tamam fərqli oyun-üslub və ifadə vasitələri,  xarakterik jestlər nümayiş etdirir. Lirik-fəci İbn Səlam ("Leyli və Məcnun", Məhəmməd Füzuli), dramatik-psixoloji Mirzə Cavad və Novruz bəy ("Aydın", Cəfər Cabbarlı), mahiyyəti məişət qayğıları ilə yoğrulmuş Ağamehdi ("Qum üzərində ev", Rüstəm İbrahimbəyov), haqla nahaqın, ədalətlə riyakarlığın çarpışmasındakı mürəkkəblikləri təmsil edən Ağabəşir ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev) rollarının səhnə təfsiri aktyorun tamamilə fərqli yaradıcılıq potensialının zənginliyindən soraq verir. Realist teatr poetikasının səciyyələrindən şirə çəkən Səftər müəllim ("Buzovna kəndinin əhvalatları", Elçin), Ağsaqqal ("Ünvansız qatar" Əli Əmirli), Murtuz, Nəvə ("Dağ tikirik"və "Generalın son əmri", Vaqif Səmədoğlu), Balay ("Sultanqulu körpüsü", İsi Məlikzadə) personajları tamaşaçıları düşündürən mənəvi-əxlaqi dəyərlərin mahiyyətinə işıq salır.

Mehriban Hüseynova (17 may 1973-cü il). 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1 dekabr 2000-ci ildən Gənc Tamaşaçılar Teatrının truppasında fəaliyyət göstərir.

İfadə vasitələrindəki əlvanlıq böyük səhnəyə ilk addımlardan rejissorların diqqətini cəlb edib. Lirik-poetik Hürrəm Sultan ("Leyli və Məcnun", Məhəmməd Füzuli), mürəkkəb yumorlu Adriana ("Səhvlər komediyası", Vilyam Şekspir), psixoloji-dramatik Xədicə xala ("Mustafa", Orxan Asena), qaravəlli-məsxərə ruhlu Ağabacı ("Buzovna kəndinin əhvalatları", Elçin) rollarında obrazların xarakterinə uyğun olaraq ehtiraslı dramatizm, həzin emosional vüsət, fəlsəfi mahiyyətin psixoloji dürüstlüyü, şirin yumorun duzu və dadı, realizmin təbii çalarları aktrisanın ifasına xüsusi canlılıq aşılayıb. "Şəngülüm, Şüngülüm, Məngülüm", "Cənnətin üç alması", "Ələddinin sehrli çırağı", "Çal, oyna", "Pişiyin evi", "Çipollino", "Aycan" nağıl-tamaşalarında aktrisanın zərifliyinin və məlahətinin, daxili emosiyasının yeni keyfiyyətləri peşəkarlıqla təqdim olunub. Alleqorik rolları xüsusi ləzzətlə, can-başla və emosional coşqunluqla oynamaqdan həzz alır və belə yumşaq oyun tərzi azyaşlı tamaşaçılara da zövq verir. Məzəli komediyalarda bir qədər çılğın, şən, hərəkət plastikasına əsaslanan oyunu emosional gülüşü daha da təravətləndirir.

Sona xanım, Mariya Adamovna ("Hacı Qara" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Zabitə ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev), Qadın, Gülzar ("Mahmud və Məryəm" və "Ölüm hökmü", Elçin), Bələdçi ("Ünvansız qatar", Əli Əmirli), Güllü ("Mağara" Aygün Həsənoğlu), Natalya Talıblı ("Kod adı: "V.X.A" (Mehriban Ələkbərzadə), Missis Roz ("Oliver Tvistin macəraları", Çarlz Dikkens), Melitos ("Ezop", Gilerma Fiqeyredu), Qar kraliçası ("Qar kraliçası", Hans Xristian Andersen), Marta Bol ("Dəlixanada qətl", Frdrix Dürrematt), Oğru ("Lotoreya", Marsel Brikye Marinye) obrazlarının ifasında Mehriban Hüseynovanın yaradıcılığının boya əlvanlığı aydın nəzərə çarpır. Aktrisanın xeyli müxtəlif xarakterli ekran rolları da var.

Elşən Şıxəliyev (28 avqust 1974-cü il). 1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Əvvəllər Tənqid və Təbliğ Teatrında aktyor işləyib. 16 sentyabr 1999-cu ildən Gənc Tamaşaçılar Teatrının truppasında çalışır.

Çıxış etdiyi rolun xarakterik fərdi cəhətlərini dəqiqləşdirməyi və gəldiyi bədii-estetik nəticəni, qətiləşdirdiyi qənaətləri inandırıcı detallarla, ştrixlərlə, sifət ifadələri, səs ahəngi və baxışlarla canlandırır. Obrazın psixoloji mahiyyətini və ya ana xətdə daşıdığı bədii yükün ölçüsünü ifadəli, canlı, real boyalarla oynamağa üstünlük verir. Adi, mürəkkəb kolliziyalı hadisələr burulğanında iştirak etməyən, bədii cəhətdən bir qədər "çiy", zəif, dramaturji yükü az olan obrazların ifasına da ciddi yaradıcılıq münasibəti ilə yanaşır. Kütləvi ifaçılar olan epizodda diqqətini səfərbər etməyi, səhnədəki prosesin qaynarlığında yaradıcılıqla davranmağı bacarır. Səhnəni görmək, tamaşaçı enerjisini hiss etmək və bu daxili hazırlıqla obrazı oynamaq onun  ifasını daha da təravətləndirir və cazibəli, maraqlı edir. Komediya janrlı tamaşalarda şövqlə, hadisənin məzmun və mahiyyətinə ahəngdar olan dinamikayla oynayır. Faciə janrlı personajları, lirik emosionallıq tələb edən obrazların ifası üçün yaradıcılıq imkanlarında nəfəs genişliyi var.

Aktyorun ifa etdiyi əsas rollar: Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Kərim, Saymaz ("Danışan gəlincik" və "Qaraca qız", Abdulla Şaiq), Əbülüla ("Şeyx Sənan", Hüseyn Cavid), Çoban ("Mahmud və Məryəm", Elçin), İmran ("İki tonqal, Aygün Həsənoğlu), Yusif ("Olmuş əhvalat", Aqşin Babayev), Kərbəlayı Türbət ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İzzət ("Ana", Hüseyn Cavid), Şahqulu ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Mirzə və Zəncirli oğlan ("Leyli və Məcnun", Məhəmməd Füzuli), Konvoy ("Kod adı: "V.X.A", Mehriban Ələkbərzadə), Elçi kişi ("Bala bəla sözündəndir", Əli Əmirli), Yusif ("Arzu və Murad", Sevinc Elsevər), Baltazar ("Səhvlər komediyası", Vilyam Şekspir), Freyin ("Zorro", ispan xalq rəvayətinin motivləri əsasında), Ricmond ("Viktoriya", Knut Hamsun), Cüvəllağı Cek ("Oliver Tvistin macəraları, Çarlz Dikkens), Şahzadə ("Qar kraliçası", Hans Xristian Andersen).

Zülfiyyə Alhüseynova (26 iyun 1977-ci il). 2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2001 - 2009-cu illərdə Bakı Kamera Teatrında işləyib. 1 may 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyor truppasında çalışır.

Uca boylu, zərif bədənli, çılğın emosiyalı, çevik və qaynar təbiətli aktrisadır. Təmiz qəlbli məhəbbət personajı Nigarı ("Eşq-i-Nigar", Amaliya Ömərova), rejissorun tamaşaya əlavə etdiyi eşq duyğusu ülviyyətinin təcəssümçüsü Mələyi ("Romeo və Cülyetta", Vilyam Şekspir) poetik lirizmlə, emosional zərifliklə oynayır. Şirəli, duzlu, təravətli, şən ovqatlı komediya obrazları üçün kifayət qədər daxili enerjisi və cəlbedici, gülüşün səmimiyyətinə, təravətinə zəmin yaradan əlvan ifadə vasitələri var. Rus düşüncə tərzinin psixologiyasındakı Dunyaşa ("Albalı bağı", Anton Çexov), Avropa mənəvi-əxlaqi dəyərlərini və cəmiyyət-şəxsiyyət-zaman səciyyələrini daşıyan Baş tibb bacısı, Bricit və Edma ("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt), qərb karnaval estetikasının bariz nümunəsi Nensi ("Oliver Tvistin macəraları", Çarlz Dikkens), Pərilər kraliçası ("Yatmış gözəl", Blangi Marvin), slavyan xalqlarına məxsus skamarox səyyar teatrının koloritli nağıl-məişət tipi Alisa ("Buratinonun macəraları", Aleksey Tolstoy) obrazlarının vacib milli xarakter-xüsusiyyətlərini, kolorit cazibəsini reallıqla canlandırmaqda yüksək peşəkarlıq göstərir.

Ziba xanım, Şərəfnisə xanım ("Lənkəran xanının vəziri" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Nisə ("Buzovna kəndinin əhvalatları", Elçin), Klara ("Ünvansız qatar", Əli Əmirli), PanfiliyaTanaildi ("Kod adı: "V.X.A", Mehriban Ələkbərzadə), Rəmiziyyə ("Danışan gəlincik", Abdulla Şaiq), Gülnaz ("Bir gecənin nağılı", Rövşən Ağayev), Kölgə ("Otello", Vilyam Şekspir), Ana ("Məkr və məhəbbət", Fridrix Şiller), Aygün ("Ağ ölüm", Vasili Siqarev) rolları aktrisaya yeni uğurlar qazandırıb. "Tıq-tıqxanım" (Abdulla Şaiq), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Mikayıl Müşfiq), "Çipollino" (Canni Rodari) tamaşalarında uğurlu alleqorik rollar oynayıb.

Manaf Dadaşov (21 noyabr 1981-ci il). 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kütləvi tədbirlər və tamaşalar rejissorluğu fakültəsini bitirib. 1 oktyabr 2002-ci ildən GTT-nin truppasında çalışır.

Aktyor kimi işlədiyi sənət ocağının janr-üslub poetikasını mənimsəyən və tamaşadan-tamaşaya onu daha da təkmilləşdirənlər sırasındadır. Səhnə texnikasını tamaşanın ritm ahənginə uyğunlaşdıra, obrazın bədi səciyyələri ilə həmahəng təqdim etməyə çalışır.

Oynadığı rolun xarakterinə uyğun olaraq ona daxili coşqunluğu və dramatik gərginliyi ilə təbii reallıq, hətta romantik cazibə verə bilir. Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şəkinski ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Famil ("Ünvansız qatar", Əli Əmirli), səpkili tip-prsonajların bədii məzmununa uyğun xarakterik cizgilər və hərəkət plastikası tapmağı, tapdıqlarını koloritli ştrixlərlə bəzəməyi bacarır. Poetik teatr estetikasında Orxan ("Ana", Hüseyn Cavid), emosionallıqla  Tərlan ("İki tonqal", Aygün Həsənoğlu), sarkazmlı, ironiyalı məsxərəylə İfrit və Qara cadugər ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı), romantik lirizmlə 1-ci aktyor ("Eşq-i Nigar", Amaliya Ömərova), İbn Səlam ("Leyli və Məcnun", Məhəmməd Füzuli), realist teatr üslubunda  Həmid  ("Ağ ölüm", Vasili Siqarev), Marlen ("M.C.C. Mən səni sevirəm", Əli Əmirli), nağıl-tamaşa etsetikasında Polismen ("Oliver Tvistin macəraları", Çarlz Dikkens), Vasili ("Pişiyin evi", Samuil Marşak) rollarını eyni coşqunluqla, eyni peşəkarlıqla, eyni təbii reallıqla oynaya bilir.

Manaf Dadaşov fərqli oyun-üslublarda Əsgər bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Adil ("Ağ dəvə", Elçin), Qonşu ("Ana qaz", Rəsul Rza), Şah ("Xeyir və Şər", Nizami Gəncəsi), Qafar ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm), Nazim və Vəzir ("Güc birlikdədir", Rəvan Tohidoğlu), Xortdan ("Xortdanın cəhənnəm məktubları", Əbdürrəhim bəy Haqverdiyev), Mühafizəçi ("Məkkəyə gedən yol", Cəlil Məmmədquluzadə), Bəybulat ("Varislər", İlgiz Zəyniyev), Həbəş ("Ezop", Gilerma Fiqeyredu), Alik ("Yarımçıq qalmış...", Yefim Abramov və Leyla Bəyim) obrazlarına da maraqlı səhnə təsviri verib.

Zümrüd Quliyeva (3 may 1982-ci il). 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2003 - 2009-cu illərdə Dövlət Gənclər Teatrında aktyorluq edib. 1 may 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının truppasında çalışır.

Milli və əcnəbi nağıl-tamaşalarda ifa etdiyi obrazlarda janrın estetik prinsiplərini həssaslıqla qorumaqla yanaşı, personajın müasir səslənməsinə, tamaşaçılar üçün anlaşıqlı olmasına ciddi cəhd göstərir. Müxtəlif mövzulu əsərlərin tamaşasında, fərqli janrlı və sosilal təbəqəli Ziba ("Məkkəyə gedən yol", Cəlil Məmmədquluzadə), Lord Lukas ("Dəlixanada qətl", Fridrix Dürrematt), Anna Dembi ("IV Kin", Qriqori Qorin), Cülyetta ("Tədbirə qarşı tədbir", Vilyam Şekspir), Oskarın anası ("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt), Həlimə  ("Ünvansız qatar", Əli Əmirli) obrazlarının ifasında yaradıcı aktyor kimi rolun psixoloji və sosioloji mövqeyinin mürəkkəbliyini, bədii-dramaturji yükünü bacarıqla göstərə bilib. Səhnə danışığı lətafətli, aydın və ifadəlidir. Gənc Tamaşaçılar Teatrının əksər aktyorlarına xas olan işgüzarlıq, sənətə bəslənən vurğunluq, məftunluq, məhəbbət Zümrüd Quliyevanın da yaradıcılığına mərhəmlik, aydınlıq, cazibədarlıq bəxş eləyib.

Aktrisanın nağıl-tamaşa janrında hazırlanmış səhnə əsərlərində ifa etdiyi Klerxen ("Şelkunçik", Ernest Teador Amadey Hofman), Bet ("OliverTvistin macəraları", Çarlz Dikkens), Pippi ("Uzuncorab Pippi", Astrid Lindqren), Çipoliçço ("Çipollino" Canni Rodari), Qalya ("Çeburaşka" Eduard Uspenski), Nəvə ("Möcüzəli turp", Rus xalq nağılı), Azərbaycan xalq nağıllarında Zümrüd quşu ("Məlik Məmməd"), Züleyxa ("Tənbəl Əhməd") rollarında koloritli, incə yumorlu və xoş ovqatlı, canlı tip-personajları ürəkaçandır. "Aycan" (Xanımana Əlibəyli), "Dəcəl keçi" (Pərvin Nurəliyeva), "Biri vardı, biri yox" (Əjdər Ol), "Çirkin ördək balası" (Hans Xristian Andersen) tamaşalarındakı alleqorik səpkili rolları məktəb uşaqlarının qavrama imkanlarına uyğun olduğuna gözrə maraqla qarşılanır.

Ələsgər Muradxanlı (10 iyul 1964-cü il). Truppa müdiridir. 1989 - 1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində təhsil alıb. 1993-cü il sentyabr ayının 1-dən Gənc Tamaşaçılar Teatrında truppa müdiri işləyir. İşgüzarlığı, məsuliyyəti, təşkilatçılıq bacarığı ilə kollektivin rəğbətini qazanıb. Teatra bütün aktyorlardan tez gəlib gec gedən işçidir. Tamaşaların və məşqlərin qrafik cədvəlini dəqiqliklə nizamlayır. "Şirin bülbül", "Mən sənin dayınam", "Yeni həyat", "Yoxlama" film və film-tamaşalarda çəkilib. 10 dekabr 2018-ci ildə Tərəqqi medalı ilə təltif olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 





03.05.2023    çap et  çap et