525.Az

Krımda hərəkətlənmə gözlənilir - Kənan Novruzov yazır


 

Krımda hərəkətlənmə gözlənilir<b style="color:red"> - Kənan Novruzov yazır</b>

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib ki, Ukrayna Rusiyanın Krımla əlaqəsinin kəsilməsinə çalışır. 

O, Rusiya ilə Krım arasında əlaqənin kəsilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.

A.Çernyak deyib ki, Rusiya istiqamətində körpüdə kilometrlərlə uzunluğunda yaranan tıxaclar bunun sübutudur.

Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski dəfələrlə deyiblər ki, 1991-ci il sərhədləri bərpa olunmayana, o cümlədən Krım azad edilməyənədək müharibə bitməyəcək. A. Çernyakın fikirlərini bu kontekstdən səciyyəvi hesab etmək olar.

Adətən müharibə şəraitində tərəflər planlarını açıqlamırlar və verilən açıqlamalar daha çox ictimai rəyi formalaşdırmaq məqsədi daşıyır. Bu mənada Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsinin səsləndirdiyi fikirlərin səhihliyi sual altındadır. Amma əgər, həqiqətən, Çernyakın dediyi kimidirsə, onda Ukrayna Silahlı Qüvvələrinin seçdiyi taktika alqışlanmalıdır. 

Əvvəllər də dediyimiz kimi, Krım Rusiyanın "şah damarıdır". Yarımadanın işğaldan azad olunması Rusiyaya ciddi zərbə olacaq. Buna baxmayaraq, deməliyik ki, bu, heç də asan deyil. Ukraynanın Krıma quru yolu, demək olar, yoxdur. Ukrayna yarımadaya quru yolla girmək üçün əvvəlcə həmin istiqamətdəki digər əraziləri işğaldan azad etməlidir. Amma Krıma aviazərbələr endirilə, oradakı rus hərbi bazaları havadan məhv edilə bilər.

Rusiyanın Krımla əlaqəsinin kəsilməsinin ən böyük əhəmiyyəti yarımadaya hərbi təminatın qarşısının alınmasıdır. Əgər Ukrayna buna nail olarsa, Krımdakı qondarma rejim məhdud imkanlarla mübarizə aparmalı olacaq. Bu isə Ukrayna Silahlı Qüvvələrinin işini asanlaşdıracaq.

Yaxın gələcəkdə Krıma hava zərbələrinin endirilməsi mümkündür. Bunun nəticəsində Krımdakı əhali arasında panika yaranacaq. İnsanlar tədricən yarımadanı tərk edə bilərlər. Bu isə Ukraynanın gələcək əməliyyatları üçün əlverişli şərait yaradacaq. 

Krımın taleyinin necə olacağını indidən proqnozlaşdırmaq çətindir. Amma, yarımada Rusiya üçün həssas nöqtədədir. Oradakı istənilən nəticədə birbaşa olaraq müharibənin taleyinə təsir edə bilər. Ukrayna Silahlı Qüvvələrinin ehtimal olunan əks-hücum əməliyyatları çərçivəsində yarımadada müəyyən hərəkətlənmənin olması gözləniləndir.

 





03.05.2023    çap et  çap et