525.Az

Mətbuat ictimai inkişafın mühüm faktoru kimi


 

Mətbuat ictimai inkişafın mühüm faktoru kimi<b style="color:red"></b>

Bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da 3 may Ümumdünya Mətbuat Azadlığı Günü qeyd edilir. Bu günün qeyd edilməsi beynəlxalq ictimaiyyətə, o cümlədən, bizə də imkan verir ki, söz və ifadə azadlığı, medianın sərbəst fəaliyyəti ilə bağlı məqamlara nəzər salaq, mövcud çətinliklərin aradan qaldırılması yollarını müəyyənləşdirək.

Hələ ötən əsrin 80-ci illərində BMT-nin kommunikasiya sahəsində siyasətini “Dünyanın yeni informasiya və kommunikasiya düzəni” adlı strateji proqram əks etdirirdi. Soyuq müharibənin başa çatması ilə əlaqədar 80-ci illərin sonunda planetin siyasi mənzərəsi ciddi şəkildə dəyişdi. 1991-cı ilin mayında Namibiyanın paytaxtı Vindhukda Afrika qitəsində müstəqil və plüralist mətbuatın inkişafına təkan vermək məqsədilə seminar keçirildi. Seminar iştirakçılarının qəbul etdikləri Vindhuk  Bəyannaməsi mətbuat azadlığının qorunması, müstəqil və plüralist informasiya vasitələrinin inkişafı üçün zəmin yaratdı. YUNESKO-nun Baş Konfransı özünün 26-cı sessiyasında 3 may 1991-ci ildə qəbul edilmiş Bəyannamənin ildönümünü keçirməyi və mayın 3-nü hər il “Ümumdünya Mətbuat Azadlığı Günü” kimi qeyd etməyi BMT-nin Baş Məclisindən xahiş etdi. 1993-cü ildə BMT-nin Baş Məclisi YUNESKO-nun təklifini nəzərə alaraq may ayının 3-nü “Ümumdünya Mətbuat Azadlığı günü” elan etdi. Məlum olduğu kimi, bunadək 1992-ci ildə qəbul edilmiş Alma-atı Bəyamnaməsi var idi ki, bu sənəd Vindhuk Bəyamnaməsinin ruhunu və irəli sürdüyü prinsipləri həm təsdiqləyir, həm də onları Asiya qitəsinə gətirirdi. Yəni,  “Ümumdünya Mətbuat Azadlığı Günü”nün təsis edilməsi, bütövlükdə, dünyanın gəldiyi ortaq qərar idi.

3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bu gün Bakıda Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək” mövzusunda kofrans keçirilir. Bugünkü konfransımız Ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsinə təsadüf edir. Ulu öndəri hörmətlə anır və hesab edirik ki, Heydər Əliyevin müstəqil Azərbaycanda mətbuat azadlığının təmin edilməsi sahəsində gördüyü işlər misilsizdir. Ulu öndər fəaliyyəti dövründə bir qayda olaraq cəmiyyətdə plüralist fikrin inkişafına böyük dəyər verir, eyni zamanda, bu dəyəri dövlət idarəçiliyində də tətbiq edirdi.

Ümumdünya Mətbuat Azadlığı Günündə biz Azərbaycan jurnalistləri Ümummilli lider Heydər Əliyevin hələ 6 avqust 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanını xüsusi vurğulamalıyıq. Həmin fərman kifayət qədər dolğun və əhatəli sənəd idi. Sənəddə ölkəmizin söz, fikir və məlumat azadlığının qorunması sahəsində müvafiq beynəlxalq sazişlərə qoşulmasından tutmuş, jurnalist kadrların peşə hazırlığının və təhsilinin yüksəldilməsinə, onlara vətəndaşlıq məsuliyyətinin və mənəvi dəyərlərin aşılanmasınadək, bir çox məqamlar dolğun şəkildə əksini tapmışdı. Fərmanın başlıca önəmi bu idi ki, ona əsasən “Mətbuatda dövlət sirlərini mühafizə edən Baş İdarə” ləğv edilir, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Prezident fərmanı, eləcə də bütün informasiya yayımı üzərində nəzarətin tətbiqi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş sayılırdı. Bütün bunlar isə ölkəmizdə senzuranın rəsmən aradan qaldırılması demək idi.

1999-cu ildə Ulu öndər Heydər Əliyev “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunu təsdiq etdi və 27 mart 2000-ci ildə “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” fərman imzaladı. Mətbuatımızın keçdiyi yola mükəmməl baxışın ifadə edildiyi bu fərman müstəqillik dövründə milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinin əsasını qoydu.

Ulu öndərin 20 iyul 2001-ci il tarixli “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” fərmanı da mətbuata fundamental yanaşmanın göstəricisi idi. Həmin sənəddə, jurnalistlərin, kütləvi informasiya vasitələri ilə bağlı mütəxəssislərin beynəlxalq standartlara uyğun hazırlığı və ixtisaslarının artırılması ilə əlaqədar məsələlər də öz əksini tapmışdı.

Azərbaycan Mətbuat Şurası modeli ilə bağlı axtarışlar da məhz bu sənədin ruhundan irəli gəlirdi. Ulu öndər medianın özünütənzimləmə strukturunun olmasına ciddi önəm verirdi. Təsadüfi deyil ki, o, Mətbuat Şurasının təsis edildiyi Azərbaycan jurnalistlərinin 2003-cü il martın 15-də keçirilmiş birinci qurultayına təbrik məktubu da ünvanlamış, qurultayın işinə uğurlar arzulamışdı. Ulu öndər Heydər Əliyev mətbuata dəstəyinə görə “Jurnalistlərin dostu” adını qazanmışdı.

Azərbaycan Mətbuat Şurası ötən 20 ildə medianın özünütənzimləmə modeli olaraq bir sıra layihələr reallaşdırıb. Qurumun bu illər ərzində gördüyü işlər ölkədə söz və ifadə azadlığının, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunmasına dəstək baxımından da önəmli sayıla bilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz fəaliyyəti dövründə ardıcıl olaraq Ulu öndərin media siyasətinə sadiqliyini nümayiş etdirir. Əgər Heydər Əliyevin “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” fərmanında mətbuat işçilərinin əməyini qiymətləndirilməsinin zəruriliyi vurğulanırdısa, cənab İlham Əliyev bunu ənənə halına gətirdi. Onun 2005-ci ildə milli mətbuatımızın 130 illiyini qeyd edilməsi ilə bağlı sərəncamına əsasən müstəqillik dövründə jurnalistlər ilk dəfə olaraq, dövlət təltiflərinə, fəxri adlara layiq görüldülər. “Əməkdar jurnalist” fəxri adı bərpa edildi. Milli mətbuatımızın 135, 140 və 145 illiklərində də jurnalistlərimiz ali səviyyədə mükafatlandırıldılar.

Ölkəmizdə dövlətin informasiya siyasəti Konstitusiyamızda əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib. Bu fikirlər Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına kütləvi informasiya vasitələrinin inkişafına dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapıb. Sənəd medianın dövlətin və cəmiyyətin prioritet saydığı istiqamətlər üzrə stimullaşdırılmasını rəhbər tutur.

Prezident İlham Əliyev də müxtəlif illərdə üç dəfə “Jurnalistlərin dostu” mükafatı adına layiq görülüb. Media təmsilçilərimiz bu fikrə gələrkən, dövlətimizin başçısını ölkədə bütün sahələrdə olduğu kimi, media sahəsində də apardığı genişmiqyaslı islahatları nəzərə alıblar. İsahatlar bu gün də davam edir. Məlum olduğu kimi, ötən il “Media haqqında” qanun qəbul edildi. Bu gün Medianın İnkişafı Agentliyi sənədin icrası istiqamətində mühüm addımlar atmaqdadır. Bu addımlar həm media fəaliyyəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini, həm də mövcud sahədə nizam-intizam mühitinin formalaşdırılmasını rəhbər tutmaqdadır.

Medianın İnkişafı Agentliyinin təklifi ilə Vergilər Məcəlləsinə dəyişiklik oldu. Media fəaliyyəti üçün əlavə dəyər vergisi aradan qaldırıldı ki, bu, KİV-lərin gəlirlərinin artmasına təkan verəcək. Təbii ki, nəticə etibarilə, proseslər medianın daha da müstəqilləşməsinin təmin edilməsinə hesablanıb. Nəzərə alaq ki, müstəqil media, eyni zamanda, məsuliyyətli media deməkdir. Medainın özünün məsuliyyətli olması ilə yanaşı, həm də media ilə münasibətlərdə məsuliyyətli davranılmalıdır. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinə son zamanlar edilmiş dəyişiklikləri də yüksək qiymətləndirmək lazımdır.

Bu gün Azərbaycanda media cəmiyyətlə iç-içədir. Cəmiyyətdə baş verən elə bir proses yoxdur ki, mediada öz əksini tapmasın. Biz jurnalistlərimizin Vətən müharibəsində iştirakının, öz peşə borclarını layiqincə yerinə yetirmələrinin şahidi olduq. Bundan başqa, bəşəri bəla olan koronavirus pandemiyasına qarşı mübarizədə də jurnalistlərimiz mütəşəkkillik göstərdilər. Bu gün də qələm sahiblərimiz eyni qaydada aktiv fəaliyyətdədirlər. Kəlbəcərdə mina partlaması nəticəsində iki nəfər həmkarımız -  Məhərrəm İbrahimov və Sirac Abışov öz həyatını itirdi. Bu gün biz onların əziz xatirələrini də ehtiramla yad edirik. Onlar Vətən uğrunda şəhid olmaqla yanaşı, həm də canlarını söz azadlığı uğrunda fəda ediblər.

Qloballaşan dünyada media fəaliyyəti kifayət qədər geniş diapazonu əhatə edir. Artıq hər birimizin həyatına təsir göstərən sosial media anlayışı var. Hazırda hər kəs əlindəki telefonla da bu və ya digər dərəcədə informasiya yayıcısına çevrilir. Cəmiyyətdə informasiya seli mövcuddur. Belə bir məqamda peşəkar jurnalistlər necə davranmalıdırlar? Onların cəmiyyətə verdikləri mesaj nədən ibarət olmalıdır? Elə bilirəm ki, mühüm və vacib məsələlər kimi bu məqamlar bugünkü müzakirələrimizdə diqqətdə saxlanılacaq.

Bir qədər öncə “Media haqqında” qanundan söz açdım. Sənəd, əlbəttə, fundamental əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu baxımdan oradakı “Media savadlılığı” anlayışı üzərində xüsusi dayanmağa ehtiyac var. Media savadlılığı yalnız jurnalistlərin informasiya ilə davranış xüsusiyyətlərini müəyyənləşdirmir, bütövlükdə, cəmiyyətin informasiyaya münasibətinin ayrı-ayrı tərəflərini vurğulayır.

Nəzərə alaq ki, informasiya yaşadığımız dövrdə cəmiyyətin mütəhərrikliyini təmin edən vasitə olmaqla yanaşı, eyni zamanda, onun təhlükəsizliyinə də, ayrı-ayrı fərdlərin yaşam tərzinə də təsir göstərən mühüm amildir. Hesab edirəm ki, bu gün ilk növbədə peşəkar jurnalistlər informasiya ilə davranmaq sahəsində cəmiyyətə nümunə göstərməlidirlər. Mətbuat Şurası üçün başlıca prioritet də məhz budur. Buna görə də ötən il media orqanlarına, sosial media istifadəçilərinə, platforma yayıcılarına müraciət ünvanladıq. İstəyimiz budur ki, hər kəs “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əməl etsin.

Etik davranış qaydalarına əməl edərək fəaliyyət göstərmək, həm də cəmiyyətin inkişafına töhfə verməkdir. Yəni, biz jurnalistlər çalışmalıyıq ki, ölkəmizdə söz və ifadə azadlığı ilə bağlı mövcud əlverişli mühit xalqımızın, dövlətimizin inkişafı naminə ayrı-ayrı məqamların nəzərə alınmasını şərtləndirsin. Söz azadlığından sui-istifadə meylləri aradan qalxsın. Hesab edirəm ki, mənfi halların aradan qalxması sözün çəkisini daha da artıracaq. Unutmayaq ki, bu, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi baxımından da müstəsna əhəmiyyət daşıyan faktordur.

Sonda Azərbaycanın bütün media nümayəndələrini, dəyərli jurnalist həmkarlarımı 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 





03.05.2023    çap et  çap et