525.Az
Füzuli poeziyasına məhəbbətlə
Dünyaya “təfəkkür qədəmi qoyduqda aləm sədəfində insandan qiymətli bir gövhər görməyən və insan gövhərində isə sözdən şərəfli cövhər tapmayan” dahi şairimiz Füzulinin yaradıcılığı həmişə tədqiqatçıların diqqətini cəlb edib və edəcəkdir. Füzuli poeziyasının hər beytində, hər bir misrasında yeni nəfəs, yeni fikir və yeni duyğu olduğu kimi, onlar haqqında yazılan hər bir tədqiqat əsərində də bir yenilik, orijinallıq, fərqli bir baxış bucağı olmalıdır, – qənaətindəyik.
Filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlının “Füzuli və çağdaş ədəbi-nəzəri fikir” adlı monoqrafiyası bu baxımdan diqqəti çəkir. Monoqrafiyada anadilli ədəbiyyatımızın ən yüksək zirvəsi olan Füzuli poeziyası özünəməxsus şəkildə – intibah, romantizm və sufizm işığında araşdırılmışdır. Müəllifin özünün də qeyd etdiyi kimi, bu baxımdan yanaşdıqda Füzuli sevgisi yeni dəyər, yeni anlam qazanır, Füzuli poeziyası daha dolğun, daha zəngin bir poeziya örnəyi kimi ortaya çıxır. Üç bölmədən ibarət olan elmi-tədqiqat əsərinin hər bir bölməsində Füzuli yaradıcılığı adı çəkilən problem-konsepsiyalar işığında təhlil olunur, şairin dünya ədəbiyyatındakı yeri və mövqeyi müxtəlif rakurslardan işıqlandırılır.
Monoqrafiyanın birinci fəslində Füzuli poeziyasının intibah özəllikləri, şairin ayrı-ayrı əsərlərində özünü göstərən intibah motiv və obrazları incələməklə Füzuli estetikasının ana xəttini təşkil edən humanizm təsbit edilir. Onun enessans ədəbiyyatının əsas şəkillərindən sayılan dialoq-danışıq üslubunun, eləcə də din-ağıl qarşıdurması və Tanrı-insan ikiliyinin Füzuli yaradıcılığında üzə çıxma məqamları göstərilməklə ümumən şairin intibah dünyagörüşünə işıq çilənir. Bu bölmədə ümumən orta əsrlər Azərbaycan intibah ədəbiyyatına keçmiş Sovetlər dönəmində qısqanc və qərəzli yanaşmalar da nəzərdən keçirilir, bu məsələdə xüsusi canfəşanlıq göstərən Ş.Nutsubidze və Q.Z.Apresyan kimi üzdəniraq alimlərin “elmi yalanları” faktlarla alt-üst edilir. “Orta əsrlər qaranlığında” yaşayıb-yaratmış Nizami və Füzuli kimi dahi Azərbaycan şairlərinin bütün Qafqaz, Yaxın və Orta Şərq ədəbiyyatına istiqamət verməsi, hətta Avropa ədəbiyyatına müəyyən təsiri elmi dəlillərlə sübuta yetirilir.
Tədqiqatın ikinci bölməsi bütünlüklə Füzuli romantizminin təhlilinə həsr olunub. Müəllif burada klassik ədəbiyyatımızda hələ də mübahisəli və aktual olan bədii metod axtarışları və Füzulinin yaradıcılıq metodu məsələsini yeni baxışlar prizmasından araşdırır, maraqlı nəticələrə gəlir. Bununla da Azərbaycan romantizminin köklərini XX yüzilliyin başlanğıcında axtarmaq təşəbbüslərini alt-üst edir. Tədqiqatçı alim Avropa romantik ədəbiyyatında olduğu kimi, Füzulinin romantik poeziyasının da iki başlıca rükn: romantik sevgi konsepsiyası və romantik dünya kədəri üzərində dayandığını şairin əsərlərindən gətirdiyi konkret misallarla göstərib əsaslandırmağa çalışır. Ölməz sənətkarın ölməz eşqinin təsvir və tərənnüm üsulları, təqdim və təsəvvür yolları açılıb göstərilməklə ümumilikdə orta əsrlər poeziyasında romantik sevgi konsepsiyasının fəlsəfi şərhi verilir. Hər yeri və hər şeyi qapsayan sonsuz və tükənməz sevgi və bu sevgidən doğan “dünyəvi kədər” həmin sevginin ən uyğun və fədakar təmsilçisi Məcnunun idealları və yaşantıları ilə tutuşdurularaq təhlil olunur.
“Şərqin ən həssas və ən səmimi şairinin” (Gibb) lirikasında tərənnüm edilən ülvi mənəvi sevgi və incə duyğuları çox diqqətlə incələyən tədqiqatçı ölməz sənətkarımızın yaradıcılığında romantik metodla realist cizgilərin nə qədər sıx və çulğaşmış şəkildə bağlı olduğunu göstərir. Bəli, Füzuli heç zaman ayaqları yerdən üzülməyən, eyni zamanda göylər-fələklərlə bağlı, başqa bir şairin sözləriylə desək, “yerlə çarpışan, göylə əlləşən” (M.Müşfiq) ideal bir şair-insandır. Z.Bayramlı məhz bu istiqamətlərdən çıxış edərək Füzuli yaradıcılığında “elmli şeir” (S.Əliyev) konsepsiyasını də təhlilə cəlb edir.
Əsərin uğurlu cəhətlərindən biri də odur ki, müəllif hər bölmədə özünə qədər bu sahədə uyğun araşdırma aparmış tədqiqatçıların fikirlərinə hörmətlə yanaşır, yeri gəldikcə onların haqlı mülahizə və ideyalarına müraciət edir, müqayisə-qarşılaşdırmalar aparır və sonda öz elmi qənaətlərini ortaya qoyur.
Kitabın üçüncü fəsli bütünlüklə “Füzulinin sufizmi” probleminə həsr olunub. Yeri gəlmişkən, əsər keçən əsrin 90-cı illərində yazıldığı üçün bu sahədə ilk təşəbbüslərdən biri kimi qiymətli və cəsarətli fikirlərlə zəngindir. Müəllifin kitaba 1995-ci ildə yazdığı “Ön söz”də deyildiyi kimi, “əsər hər cür siyasi-ideoloji tabular torunun çözələndiyi, ədəbiyyatı və mənəviyyatı siyasətə qulluqdan azad etmək hərəkatının başlandığı vaxtlarda yazılmışdır. Elə buna görə də əsərdə gündəlik həyatımızda cücərməyə başlayan aşkarlıq və plüralizm prinsipləri, eləcə də Füzuli poeziyasının iç ruhu əsas götürülmüş, bəzi nəzəri doqmalar yenidən saf-çürük edilmişdir”. Məlumdur ki, Sovetlər dövründə ümumən klassik Şərq ədəbiyyatında, eləcə də Füzuli yaradıcılığında İslam fəlsəfəsinin və sufi-irfani dünyagörüşünün təsir dərəcəsi həmişə mənfi planda anılmış, bir qayda olaraq, bu motiv “böyük şairin ədəbi-mənəvi ziddiyyətləri”, “dövrünün yetirməsi olan mürtəce nəzəriyyələrdən yaxa qurtara bilməməsi” kimi yozulmuşdu. Monoqrafiya müəllifi isə fərqli yolla getmiş, heç bir siyasi-ideoloji təlimə əsaslanmadan, şairin əsərlərini olduğu kimi araşdırmağı qarşısına məqsəd qoyub. Özünün də dediyi kimi, “bütün “izm”lərdən yuxarıda dayanan Füzulini Füzuli kimi öyrənməyə çalışmışdır”.
Z.Bayramlı Füzuli yaradıcılığında sufi-irfani görüşlərin təsir və izlərini də diqqətlə incələyir. Bir çox alimlərin toxunduğu “Tanrı sevgisinin meyi”ndən Z.Bayramlı da danışır. Ancaq o, hər kəsi və hər şeyi unutduran bu sevginin meyini oxucuya fərqli piyalədə təqdim edə bilir. Ümumiyyətlə, əsərdə Füzulinin sevgi fəlsəfəsi, tükənməz eşq və kədər dünyası yeni və orijinal baxışlarla təhlilə cəlb edilir. Bir daha bildirmək istəyirik ki, bütün bunlar bu gün yox, məhz yazıldığı dövr üçün çox cəsarətli fikirlər olmaqla “Füzuli və sufizm” məsələsində irəliyə doğru bir addım kimi qiymətləndirilməlidir.
Əminik ki, Füzuli poeziyasını sevən və onu dərk etməyə çalışan hər bir oxucu bu kitabı oxuduqdan sonra Füzuli əsərlərinə bir də nəzər salmağa çalışacaq, nəyisə tutuşdurmaq, dəqiqləşdirmək istəyəcək. Bəlkə də nə vaxtsa aça bilmədiyi, sonadək dərk etmədiyi məqamların burada işıqlandığını görüb Füzulini başdan-başa yenidən oxuyacaq. Elə bunun üçün də yazıb-yaratmağa dəyər.
Yeganə HÜSEYNOVA
GDPU-nin baş müəllimi
21.07.2014
çap et