525.Az

"Kitabi-Dədə Qorqud" eposu: Heydər Əliyevdən - İlham Əliyevə - İsa Həbibbəyli yazır


 

"Kitabi-Dədə Qorqud" eposu: Heydər Əliyevdən - İlham Əliyevə - <b style="color:red"> İsa Həbibbəyli yazır</b>

Məlum olduğu kimi, Azərbaycan xalqının möhtəşəm əbədi abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun ilk dəfə elm aləminə bəlli olduğu XIX əvvəllərindən, 1815-ci ildən bizim günlərə qədər keçən iki əsrdən artıq bir tarixi dövrdə bu Böyük Oğuznamə Kitabının tədqiqi, nəşri və təbliği ilə əlaqədar bir çox əlamətdar hadisələr yaşanmışdır. Bu çoxcəhətli fəaliyyətlərin içərisində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə "Kitabi-Dədə Qorqud"un 1300 illiyinin dövlət səviyyəsində və beynəlxalq miqyasda, böyük təntənə ilə qeyd edilməsi xüsusi tarixi mərhələ hesab edilməyə layiqdir. "Kitabi-Dədə Qorqud"un Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş 1300 illik yubiley tədbirləri, bu münasibətlə ölkədə və beynəlxalq miqyasda təşkil edilmiş kompleks fəaliyyətlər, nəhayət, eposun YUNESKO səviyyəsində təqdimatının bayram edilməsi böyük ədəbi-tarixi hadisələr kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sonrakı mərhələdə "Kitabi-Dədə Qorqud" eposu ilə əlaqədar imzaladığı mühüm tarixi əhəmiyyətə malik olan sərəncamlar, dövlət başçımızın Bakı şəhərində Dədə Qorqud Parkının salınması və "Dədə Qorqud Kitabəsi" abidəsinin ucaldılması kimi fərqli layihələri yüksək səviyyədə həyata keçirməsi Böyük Oğuznamə Kitabımızın xalqa çatdırılmasında gerçəkləşdirdiyi əhəmiyyətli tədbirlərdir.

Bütün bunlara "Kitabi-Dədə Qorqud" eposunun keçdiyi çətin, mürəkkəb və məsuliyyətli yolun fonunda baxıldıqda Heydər Əliyev - İlham Əliyev epoxasının bu möhtəşəm ədəbi abidəyə münasibətdə yeni bir era səviyyəsinə çatdırıldığını əyani şəkildə görməyə imkan yaradır. Bundan əvvəl, XX əsrin birinci yarısından "Kitabi-Dədə Qorqud" eposuna münasibətdə isə qorqudşünaslıq mühiti böyük gərginliklər yaşamış, çətin sınaqlardan keçmişdir. 

Məlum olduğu kimi, "Kitabi-Dədə Qorqud" eposu Azərbaycanda ilk dəfə olaraq 1939-cu ildə professor Məhəmmədhüseyn Təhmasibin redaktorluğu ilə professor Həmid Araslı tərəfindən və onun müqəddiməsi ilə nəşr edilmişdir. Lakin XX əsrin 30-cu illərinin mürəkkəb siyasi-tarixi hadisələri və 37-ci ilin repressiyaları uzun müddət "Kitabi-Dədə Qorqud" eposunun tədqiq edilməsinə imkan verməmişdir. Lakin bütün çətinliklərə baxmayaraq, Həmid Araslı 1948-1949-cu illərdə "Salur Qazanın evinin yağmalanması boyu"nu VIII sinfin ədəbiyyat dərsliyinə daxil etmişdir. Bundan sonra akademik Vasili Bartoldun rus dilinə tərcümə etdiyi "Kitabi-Dədə Qorqud" dastanı onun müqəddiməsi və izahları ilə birlikdə 1950-ci ildə azərbaycanlı tədqiqatçılar Həmid Araslı və Məhəmmədhüseyn Təhmasib tərəfindən Bakıda çapdan buraxılmışdır.

Qorqudşünasların əldə etdiyi materiallara əsasən demək olur ki, "Kitabi-Dədə Qorqud"un o zamankı əsas siyasi fiqurlarından olmuş Lavrenti Beriya xəbər tutmuş və ya Anastas Mikoyan ona  bu barədə xəbər çatdırmışdır. "Kitabi-Dədə Qorqud" eposundakı boylarda gürcülərə toxunan süjetlərin olması, hətta burada oğuz bəylərinin məclislərdə gürcü qızlarına şərab süzdürməsi kimi motivlərin mövcudluğu haqqında Sovetlər İttifaqının rəhbəri İosif Stalinə məruzə edilmişdir. Bu məlumatlardan qəzəblənən İosif Stalin Sovet Azərbaycanın başçısı Mircəfər Bağırova "Kitabi-Dədə Qorqud"un aradan götürülməsinə dair tapşırıq vermişdir. Bundan sonra Azərbaycanda "Kitabi-Dədə Qorqud" eposuna qarşı təbliğat kompaniyası həyata keçirilmişdir. Bu münasibətlə 1951-ci ilin may ayının əvvəllərində keçirilmiş Azərbaycan yazıçılarının ümumi yığıncağında "Kitabi-Dədə Qorqud"dan pantürkizm hadisəsi kimi söz açılmış və "eposun mürtəce burjua millətçilik mahiyyəti" ifşa obyektinə çevrilmişdir. Çıxış edənlər "Dədə Qorqud"u Azərbaycan xalqı, onun tarixi və folkloru ilə heç bir əlaqəsi olmayan, "Zaqafqaziya xalqları arasında ədavəti, dini fanatizmi qızışdıran" ədəbi abidə kimi damğalamağa məcbur edilmişlər. Yazıçıların Ümumi yığıncağında Əbdüləzəl Dəmirçizadənin Dədə Qorqud boyları əsasında "Qaraca çoban" adlı pyes yazması, Mikayıl Rzaquluzadəni həmin eposun motivlərindən istifadə etməklə "El gücü" hekayələr kitabı çap etdirməsi də tənqid obyektinə çevrilmişdir. Yeganə fakt kimi onu qeyd etmək olar ki, professor Həmid Araslı "damğalanma kampaniyasına" qoşulmayaraq, axıradək "Kitabi-Dədə Qorqud" eposunu müdafiə etmişdir. Bunun ardınca 24 may 1951-ci il tarixdə keçirilmiş Azərbaycan K(b)P-nin XVIII qurultayında respublikanın rəhbəri Mircəfər Bağırovun məruzəsində "Kitabi-Dədə Qorqud" eposu "başdan-başa soyğunçuluq və qırğın məqsədi ilə Azərbaycana gəlmiş oğuz köçəri tayfalarının yuxarı təbəqələrini tərifləməyə həsr edilmiş, qardaş gürcü və erməni xalqına qarşı yazılmış "zərərli və xalqa zidd" kitab kimi kəskin tənqid olunmuşdur. Beləliklə, "Dədə Qorqud"un təbliğatçıları və naşirləri olan Həmid Araslı, Məhəmməd Hüseyn Təhmasib, Əbdüləzəl Dəmirçizadə, Mikayıl Rzaquluzadə, Mikayıl Rəfili "Siyasi sayıqlığını və məsuliyyət hissini itirmiş" ədəbiyyatşünaslar hesab edilərək kəskin tənqidə məruz qalmışlar. Sovet dövlətinin əsas mətbuat orqanı olan "Pravda" qəzetində,  digər ölkə və respublika qəzetlərində "Dədə Qorqud"un əleyhinə məqalələr çap olunmuşdur. Doğrudur, adları çəkilən yazıçı və ədəbiyyatşünaslar həbs edilməmiş, lakin bir neçə nəfəri tutduqları vəzifələrindən çıxarılaraq elmi-ədəbi mühitdən uzaqlaşdırılmışlar.

Sovetlər İttifaqının həyatında böyük dönüş nöqtəsi olan İosif Stalinin 5 mart 1953-cü ildə ölümü və bundan sonra hakimiyyətə gəlmiş Nikita Xruşovun 1956-cı ildə Kommunist partiyasının XX qurultayında Stalinin timsalında şəxsiyyətəpərəstişi kəskin şəkildə tənqid etməsi ilə onlarla repressiya qurbanları kimi "Kitabi-Dədə Qorqud" eposu da bəraət almaq imkanı qazanmışdır. Görkəmli Azərbaycan alimləri Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif, Məhəmməd Hüseyn Təhmasibin 26 mart 1957-ci ildə "Kommunist" qəzetində çap etdirdikləri "Kitabi-Dədə Qorqud dastanları" adlı məqalə Azərbaycan qorqudşünaslığının tarixinə "Bəraət məqaləsi" kimi daxil olmuşdur.

Bütün bunlara baxmayaraq, XX əsrin sonrakı mərhələsində uzun müddət "Kitabi-Dədə Qorqud" dastanlarından ehtiyatla bəhs edilmiş, onun tədqiq edilməsi sahəsində tam arzuolunan səviyyədə tədqiqat və çap işləri aparılmamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsindən sonra digər sahələrdə olduğu kimi, "Kitabi-Dədə Qorqud" eposunun da tədqiqi, nəşri və təbliği sahəsindən ciddi bir dönüş başlanmış və mühüm elmi-ədəbi nailiyyətlər əldə edilmişdir. Heydər Əliyevin Azərbaycanda rəhbərlik etdiyi 1969-1982-ci illərdə "Kitabi-Dədə Qorqud" eposu bir neçə dəfə çap edilərək xalqımıza çatdırılmış, ali və orta məktəb dərslikləri və proqramlarında özünəməxsus layiqli yer tutmuşdur. Tanınmış qorqudçulardan Məhəmməd Hüseyn Təhmasib, Əbdüləzəl Dəmirçizadə, Tofiq Hacıyev, Şamil Cəmşidov, Samət Əlizadə və başqalarının kitabları və məqalələrində "Dədə Qorqud"a obyektiv elmi mövqedən qiymət verilmişdir. Azərbaycanın Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş "Dədə Qorqud" filmi geniş tamaşaçı marağına səbəb olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev "Dədə Qorqud" filminə yüksək qiymət verək və demişdir: "Mən Anarın bu münasibətlə yazdığı filmi çox qiymətləndirirəm. Anarın bu barədə təşəbbüsü olmasaydı və o, "Dədə Qorqud" filmini yaratmasaydı, "Kitabi-Dədə Qorqud" dastanı haqqında xalqımız üçün bu qədər geniş məlumat yox idi".

Bu mühüm əhəmiyyətli hadisələrin dalğasında "Kitabi-Dədə Qorqud" eposunun həyatında Azərbaycanda əhəmiyyətli beynəlxalq bir hadisə baş vermişdir. 1988-ci ilin iyul ayında Bakıda keçirilmiş tür-koloqların Birinci Sovet-Türkiyə kollokviumunda əsas müzakirə mövzusu "Kitabi-Dədə Qorqud" eposunun dünya qorqudşünaslığının son nailiyyətləri əsasında daha dərindən öyrənilməsi və hamının qəbul edə biləcəyi elmi-tənqidi mətnin hazırlanması məsələsi olmuşdur. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanın qorqudşünas alimlərinin iştirak etdiyi və Türkiyə Atatürk Kültur, Dil və Tarix Yüksək Qurumu üzvlərindən Orxan Şaik Kökyay, Əhməd Bican Ərcilasun, Tüncər Gülənsoy, Osman Fikri Sərtqaya, Bahaəddin Ögəl, Saim Sa-kaoğlu, Fikrət Türkmənin təmsil olunduğu  Kollokviumda Azərbaycandan Xaliq Koroğlu, Xalq yazıçısı Anar, Şamil Cəmşidov, Süleyman Əliyarov, Tofiq Hacıyev, Tofiq Məlikov, Kamil Vəli Nərimanoğlu, Kamal Abdullayev təmsil müzakirələrin əsas aparıcıları olmuşlar.

Birinci Dədə Qorqud kollokviumunun işığında professor Fərhad Zeynalov və Samət Əlizadə tərəfindən "Kitabi-Dədə Qorqud"un elmi tənqidi mətni hazırlanaraq geniş müqəddimə və izahlarla birlikdə 1988-ci ildə Bakıda kitab halında nəşr edilmişdir.

"Kitabi-Dədə Qorqud" eposunun həyatında ən böyük hadisələr Azərbaycan 18 oktyabr 1991-ci ildə ikinci dəfə yenidən müstəqilliyini qazandıqdan sonra həyata keçirmişdir. Müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyəti illərində də eposun dünyada tanıdılması və xalqımıza yenidən çatdırılması istiqamətlərində müstəsna dərəcədə böyük xidmətlər göstərilmişdir. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyev 20 aprel 1997-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi haqqında" tarixi Fərman imzalamışdır. Ulu öndərin bu Fərmanı türk dünyası qorqudşünasları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Fərmandan sonra ilk tədbir olaraq 1998-ci il 22-24 dekabrda Bakı şəhərində II Beynəlxalq "Dədə Qorqud" kollokviumu keçirilmişdir. Kollokvium 1988-ci ildə Bakıda keçirilmiş I Beynəlxalq kollokviumun 10 illiyinə həsr edilmişdir. Akademik Bəkir Nəbiyevin giriş sözü ilə açılmış kollokviumda Azərbaycanın Xalq yazıçısı Anar I beynəlxalq kollokviumdan keçən 10 ildə "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı ölkəmizdə həyata keçirilmiş tədbirlər haqqında iştirakçılara məlumat vermişdir.

Anarın çıxışı aşağıdakı müdrik sözlərlə tamamlanmışdır: "Qoy uzun əsrlər boyu olduğu kimi, bu gün də Dədə Qorqud milli qürurumuzu, ulusal duyğularımızı, Vətən sevgimizi yaşadan, yeni-yeni nəsillərə ötürən bir qüdrət kimi, qüvvət kimi bizi daima ruhlandırsın. Qoy uzun əsrlər boyu türk dünyasını birləşdirən mənəvi dayaqlardan olan bu müqəddəs Kitabımız bu gün də bizi bir-birimizdən ayırmasın, daha da yaxınlaşdırsın, türk xalqlarını, türk dövlətlərini yüksək amallar naminə birləşdirsin".

Qeyd etmək lazımdır ki, Heydər Əliyevin 20 aprel 1997-ci il tarixli Fərmanından sonra "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı ölkəmizdə və xarici ölkələrdə çoxlu sayda tədbirlər keçirilmiş, Azərbaycan dünya qorqudşünaslığının əsas mərkəzi kimi tanınmışdır. Ən möhtəşəm tədbir isə  9 aprel 2000-ci ildə Bakı şəhərində Dövlət səviyyəsində eposunun 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi olmuşdur.

Məlum olduğu kimi, böyük dövlət xadimi Heydər Əliyev əlamətdar ədəbiyyat və mədəniyyət hadisələrindən böyük siyasətdə istifadə etməyi bacaran nadir siyasət xadimlərindən biridir. Bu baxımdan uzaqgörən dahi rəhbər eposun 1300 illik yubileyi kimi möhtəşəm ədəbiyyat hadisəsini böyük məharətlə dünya mədəniyyətinin fenomenal hadisəsinə çevirməyi də bacarmışdır. Çünki o, "Kitabi-Dədə Qorqud" eposunu Azərbaycan xalqının milli sərvəti saymaqla bərabər, onu həm də ümumtürk və dünya mədəni hadisəsi kimi yüksək qiymətləndirirdi. "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi haqqında" tarixi Fərmanını da bu məqsədə nail olmaq üçün imzaladığını bəyan etmişdir: "Dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə həmişəlik daxil olmuş "Kitabi-Dədə Qorqud" dastanının Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zən-gin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq, onun 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədilə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi haqqında fərman imzaladım. Fərmanın ən böyük əhəmiyyəti on-dan ibarətdir ki, o, "Kitabi-Dədə Qorqud" dastanının ən azı 1300 il yaşı olduğunu dünyaya nümayiş etdirdi. Bu fərmanla biz bildirdik ki, "Kitabi-Dədə Qorqud" dastanı bütün türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir".

Heydər Əliyev "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyindəki tarixi nitqində bu qiymətli abidənin xalqımız üçün əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər sevəcəkdir".

Dahi rəhbərin təşəbbüsü ilə "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyi həm də YUNESKO səviyyəsində keçirilmişdir. Əlamətdar hadisə idi ki, YUNESKO-nun Baş direktoru Koisiro Matsura Bakıda keçirilən təntənəli mərasimdə iştirak və çıxış etmişdir. Ona görə abidənin Paris yubiley mərasimi Azərbaycan müstəqillik qazandıqdan sonra onun yenidən dünyaya tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbir kimi tarixə düşmüşdür.

Eposun 1300 illik yubileyi ilə bağlı ikinci beynəlxalq əlamətdar hadisə Bakıda keçirilən təntənəli yubiley mərasimində Türkdilli Dövlətlər Birliyinin VI Bakı Zirvə görüşünün iştirakçıları olan dövlət və hökumət başçılarının mərasimdə iştirak etməsi idi. Heydər Əliyev 1300 illik yubiley tədbirində Türkdilli Dövlətlər Birliyinin VI Bakı Zirvə görüşü iştirakçıları olan dövlət və hökumət başçılarının mərasimdə iştirakına böyük əhəmiyyət verdiyindən, yubiley tədbirini VI Bakı Zirvə görüşünün keçirildiyi vaxta salmışdır. Ulu öndər VI Bakı Zirvə toplantısında "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin keçirilməsinin böyük əhəmiyyətini vurğulayaraq mərasimdəki çıxışında demişdir: "Kitabi-Dədə Qorqud" yubileyinin ən böyük mənası, əhəmiyyəti ondan ibarətdir ki, bu bizim milli azadlığımızı, dövlət müstəqilliyimizi, sərbəstliyimizi bir daha nümayiş etdirir. "Kitabi-Dədə Qorqud" vəsiyyətləri bizə deyir ki, daim müstəqillik yolu ilə getmək, Azərbaycanın milli azadlığını və dövlət müstəqilliyini əbədi etmək bizim hər birimizin qarşısında duran ali məqsəddir".

Deməli, Ulu öndər "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyi münasibətilə keçirilən genişmiqyaslı tədbirlərdən həm Azərbaycan xalqında milli soykökə qayıdışın, milli-mənəvi dəyərlərin daha da möhkəmləndirilməsi baxımından və həm də türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi istiqamətində böyük bacarıq və uzaqgörənliklə istifadə etmişdir. Bu isə "Kitabi-Dədə Qorqud" eposunun yubileyinin keçirildiyi dövrdə gənc, müstəqil dövlət olan Azərbaycan üçün olduğu kimi, həm də eyni köklərdən gələn başqa türk dövlətləri üçün də eyni dərəcədə əhəmiyyətli idi. Bütün bunlar isə görkəmli dövlət xadimi Heydər Əliyevin geniş və dərin strateji baxışlara malik olan uzaqgörən bir lider olduğunu sübut edir.

Ulu öndər yubiley münasibətilə "Kitabi-Dədə Qorqud" eposunun tədqiqi, təbliği və dünyaya çatdırılması üçün nəşr olunan əsərlərdən də geniş söhbət açmış, qeyd etdiyi nəşrlər arasında abidənin 1300 illik yubileyi ilə əlaqədar olaraq 2000-ci ildə ikicildlik "Kitabi-Dədə Qorqud" Ensiklopediyasının kitab halında çap olunmasını xüsusi qeyd etmişdir. Xalq yazıçısı Anarın rəhbərliyi ilə Azərbaycan alimlə-rindən başqa Türkiyə, Avropa, Orta Asiya, Moskva və Leninqrad alimlərinin də iştirakı ilə yüksək səviyyədə hazırlanmış bu nəşrin I cildinə Ulu öndər Heydər Əliyev "Milli varlığımızın mötəbər qaynağı" adlı sanballı elmi müqəddimə yazmışdır. Həmin müqəddimədə Ulu öndər yubiley ərəfəsindəki nəşrlərə də münasibət bildirmiş və "Kitabi-Dədə Qorqud" Ensiklopediyasının əhəmiyyətini xüsusilə qeyd etmişdir: "Bu tədbirlər, nəşrlər içərisində ən önəmlisinin "Dədə Qorqud ensiklopediyası" olduğunu desəm, zənnimcə, yanılmaram. Hər hansı bir ensiklopediyanın hazırlanmasının nə qədər çətin iş olduğu hamıya bəllidir. Azərbaycanda ensiklopediya hazırlanması və nəşri sahəsində müəyyən təcrübə toplanmışdı. Lakin xalqımızın olduqca mühüm tarixi və mədəni qaynaqlarından biri olan "Kitabi-Dədə Qorqud" eposu haqqında ensiklopediyanın çoxşahəli və bir sıra spesifik xüsusiyyətlərə ma-lik olması bu proyektin həyata keçirilməsini xeyli çətinləşdirirdi. Bu gün biz qorqudşünas alimlərimizin - dilçilərin, tarixçilərin, ədəbiyyatşünasların, etnoqrafların və elmin başqa sahələrinin nümayəndələrinin gərgin əməyinin ilk bəhrəsini görürük. Bu ensiklopediya qorqudşünaslıq sahəsində çox mühüm hadisə olmaqla yanaşı, bütün türk xalqlarının tarixi və mədəniyyəti üçün mötəbər bir qaynaq rolu oynayacaqdır".

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqillik tariximizin mühüm ədəbi hadisəsi olan "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə kifayətlənməmiş, onun adının əbədiləşdirilməsi üçün də böyük işlər görmüşdür. Onlardan ən mühümü keçmiş SSRİ-də ilk dəfə yaradılmış üzən qazma qurğusu olan Xəzər dənizində istifadə edilən "Kaspmorneft" adlı qurğunun Ulu öndərin təşəbbüsü ilə adının dəyişdirilərək, "Dədə Qorqud" adlandı-rılması olmuşdur.

Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin türk dövlətlərinin və YUNESKO rəhbərliyinin iştirakı ilə Azərbaycanda keçirilməsi ölkəmizi beynəlxalq aləmdə həm Dədə Qorqudun vətəni və həm də dünya qorqudşünaslıq elminin vətəni kimi tanıtmışdır. Bundan başqa, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinə Heydər Əliyev kimi dahi şəxsiyyətin rəhbərlik etməsi Dədə Qorqudun və eposun populyarlaşmasında böyük rol oynamışdır. Bundan sonra, Azərbaycanda dünyaya gələn uşaq-lara verilən adlar içərisində Qorqud Atanın və eposunun əsas qəhrəmanlarının adı çoxluq təşkil etməkdədir. Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Dədə Qorquda heykəllərin qoyulması hərəkatı da Heydər Əliyevin keçirdiyi tarixi yubiley hadisəsindən başlayaraq, genişlənməkdə davam edən əhəmiyyətli bir prosesə çevrilmişdir. Bakıda, Brüsseldə, Qazax şəhərində Naxçıvanda, Qazaxda Dədə Qorquda ucaldılan abidələr Ulu öndər Heydər Əliyevin arzularının və ideyalarının işığında meydana çıxmış monumental sənət əsərləridir.

Ulu öndərin layiqli davamçısı, bütün sahələrdə dahi şəxsiyyətin ideyalarını yaradıcılıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də "Kitabi-Dədə Qorqud"un müasir dövrdə dünya miqyasında geniş təbliğ olunması sahəsində böyük əhəmiyyətə malik olan tədbirlər həyata keçirmişdir. Yeni tarixi epoxada müasir Azərbaycanın lideri İlham Əliyev 2003-cü ildə "Kitabi-Dədə Qorqud" eposunun adının əbədiləşdirilməsi, dünyada tanıdılması sahəsində əlamətdar hadisələrin təşəbbüskarı olmuş və dünya əhəmiyyətli tədbirlərin həyata keçməsinə birbaşa şəxsən özü rəhbərlik etmişdir.

Prezident İlham Əliyevin Dədə Qorqudun adının dünyada əbədiləşdirilməsi istiqamətində ilk çıxışı Dədə Qorqudun Brüsseldə ucaldılmış heykəlinin açılışı mərasimində olmuşdur. Dünya Gömrük Təşkilatının baş iqamətgahı qarşısında "Dədə Qorqud" abidə kompleksinin açılış mərasimi 18 may 2004-cü ildə olmuşdur. Kompleksə Dədə Qorqudun heykəli və yanındakı yazılı lövhə daxildir. Bu abidə-kompleks Dədə Qorqudun özünün Avropada populyarlaşdırılması sahəsində nə qədər əhəmiyyət daşıyırsa, "Kitabi-Dədə Qorqud" eposunun da tanıdılması və təbliği sahəsində mühüm əhəmiyyət kəsb edir. Dünyada Dədə Qorquda ucaldılan ilk abidə olan bu heykəl Avropada oğuz başbiləninin şərəfinə ucaldılmış ilk yazılı heykəl-abidə olaraq orijinal sənət əsəri kimi yüksək qiymətləndirilir. Heykəl-abidənin yanındakı lövhədə Azərbaycan, ingilis və fransız dillərində yazılmış yazı bunun bariz nümunəsidir. Qeyd olunan lövhədə aşağıdakı sözlər yazılmışdır: "Dədə Qorqud Azərbaycan xalqının əcdadı olan qədim oğuzların baş bilicisi, ozanı, müdrik el ağsaqqalı, hörmətli və nüfuzlu simasıdır. Haqq-ədalət, barışıq carçısı olub. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının, bütün türkdilli xalqların qədim və möhtəşəm abidəsidir. Elm aləminə iki nüsxəsi məlumdur. Bunlardan biri Drezden, ikincisi Vatikan kitabxanasındadır. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Bakı şəhərində bütün türkdilli xalqların mədəni irsinin qədim və ayrılmaz hissəsi, Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley mərasimi təntənəli surətdə keçirilmişdir. Eyni zamanda, "Kitabi-Dədə Qorqud" eposunun yaranmasının 1300 illiyi YUNESKO xətti ilə dünya miqyasında qeyd edilmişdir.

"Kitabi-Dədə Qorqud" eposunu Azərbaycan xalqının ədəbi incisi adlandıran möhtərəm Prezident İlham Əliyev Brüssel şəhərindəki açılış mərasimində çıxış edərək demişdir: "Mən bu gün burada, Ümumdünya Gömrük Təşkilatının binası qarşısında olmaqdan və Dədə Qorqudun abidəsinin açılmasından çox xoşbəxtəm. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının yaratdığı incilərdən biridir. Onun Azərbaycan xalqı və bütün Türk dünyası üçün qədim tarixi və böyük mənası var. 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Dədə Qorqud dastanının 1300 illiyinin rəsmi qeyd olunması barədə Fərman imzaladı və 2000-ci ildə Bakıda türkdilli ölkələrin prezidentlərinin iştirakı ilə bu yubileyə həsr edilmiş böyük mərasim keçirildi. 1999-cu ildə YUNESKO-da böyük proqramlarla çıxış edərək, "Dədə Qorqud" dastanının 1300 illiyini qeyd etdi. Bu ədəbi inci bu gün də yaşayır, "Kitabi-Dədə Qorqud"dakı ideyalar və fikirlər bugünkü nəsil üçün də əhəmiyyət kəsb edir və mən əminəm ki, hələ bir neçə əsrlər boyu öz aktuallığını saxlayacaqdır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Kitabi-Dədə Qorqud" eposunun dünyada populyarlaşdırılması məqsədilə 28 dekabr 2013-cü ildə imzaladığı "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında"kı Sərəncamı da böyük əhəmiyyətə malikdir. Sərəncamda "Kitabi-Dədə Qorqud" eposu mədəni-mənəvi dünyasında tutduğu mövqe yüksək qiymətləndirilir: "Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində "Kitabi-Dədə Qorqud" özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət "Kitabi-Dədə Qorqud" ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2007-ci il tarixində imzaladığı  "Azərbaycan Respublikasının monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqındakı" Proqram ölkəmizin paytaxtı Bakı şəhərində və regionlarda heykəllərin yaradılması işinə dövlət dəstəyinin əməli ifadəsidir. Məhz həmin dövlət sənədinin qəbul edilməsindən sonra respublikamızda heykəltəraşlıq sahəsində yeni bir tarixi mərhələ başlamışdır. "Kitabi-Dədə Qorqud" eposu ilə əlaqədar ölkəmizdə bənzərsiz heykəllərin ucaldılması da həmin dövlət əhəmiyyətli proqramın həyata keçirilməsi istiqamətində atılmış qiymətli addımlardır. Qəbul edilmiş proqram şəhərlərimizdə heykəllərin və parkların yaradılması kompleks bir layihənin icrası edilməsini irəli sürməklə portret heykəllərlə yanaşı, kompozisiyalı heykəltəraşlığın inkişafına da geniş meydan açmışdır. Bundan sonra 2013-cü ildə salınmış Dədə Qorqud parkı və "Kitabi-Dədə Qorqud" abidəsi park-heykəl layihəsinin mükəmməl bir nümunəsidir. Müasir dövrdə yaradılmış kompozisiyada park-heykəl yeni tipli heykəltəraşlığın əhəmiyyətli hadisəsidir. Bu, Azərbaycanda və dünyada yaradılmış  birinci Dədə Qorqud şəhərciyi kimi də mühüm əhəmiyyətə malikdir.

Bakı şəhərində 13 dekabr 2013-cü ildə təşkil olunan təntənəli açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu möhtəşəm tarixi-etnoqrafik kompleksinin salınması çox böyük əlamətdar hadisə adlandıraraq demişdir: "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur. Bir sözlə, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür".

Ümummilli lider Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdikləri tədbirlər nəticəsində "Kitabi-Dədə Qorqud" eposunun adı çoxdan Azərbaycan və türk dünyasının sərhədlərini keçib, ən mötəbər epos nümunəsi kimi dünya xalqlarının bir çoxlarının dilinə tərcümə olunaraq nəşr edilir, bu mövzuda yeni-yeni tədqiqat əsərləri yaranır. Bu işlərə yeni nəfəs verən və geniş yaradıcılıq imkanları yaradan əlamətdar hadisələrdən biri kimi "Kitabi-Dədə Qor-qud"un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən ilk dəfə 1815-ci ildə alman dilinə çevirib tədqiqata cəlb edərək dünya elmi ictimaiyyətinə təqdim etməsinin 200 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını xüsusi qeyd etmək lazımdır. Möhtərəm Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixində imzaladığı "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən Azərbaycan xalqı özünün möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastan-eposunun 1815-ci ildə görkəmli prussiya mənşəli Almaniya diplomatı və şərqşünas alimi, nadir və qiymətli əl-yazmalar və kitablar həvəskarı, dünya qorqudşünaslığının banisi Henrix Fridrix fon Dits (alm. Heinrich Friedrich Diez, 2 sentyabr 1751, Bernburq - 7 aprel 1817, Berlin) tərəfindən elmi dövriyyəyə daxil etməsinin 200 illik yubileyini təntənəli surətdə dövlət səviyyəsində qeyd etmişdir.

Abidənin 1300 illik yubileyində olduğu kimi, bu dəfə də 2015-ci il aprelin 15-də YUNESKO-nun mənzil-qərargahında Azərbaycanın təşəbbüsü və Türkiyənin, Qazaxıstanın və Türkmənistanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə "Kitabi-Dədə Qorqud" eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinə həsr olunan genişmiqyaslı tədbir keçirilmişdir.

Respublikamızda da cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2015-ci il dekabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Teatrında "Kitabi-Dədə Qorqud" eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinə həsr olunmuş yüksək səviyyəli elmi-bədii yubiley tədbiri təşkil olunmuşdur. Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya və başqa ölkələrin, eləcə də ölkəmizin tanınmış alimlərinin, qorqudşünasların elm nümayəndələri və geniş ictimaiyyətin təmsil olunduğu bu tədbirdə çıxış edənlər tərəfindən "Kitabi-Dədə Qorqud"un dünya epos sənətinin zirvəsində durduğu, eposun bütün türk dünyasının fəxr edəcəyi möhtəşəm abidə olduğu vurğulanmışdır.

"Kitabi-Dədə Qorqud"un alman dilinə tərcümə edilməsinin 200 illiyi qeyd edilərkən Azərbaycanda Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin təşəbbüsü və qayğısı ilə vaxtilə 1815-ci ildə böyük alman şərqşünası Fridrix Fon Dits tərəfindən üzə çıxarılaraq ilk dəfə almancaya çevrilmiş "Kitabi-Dədə Qorqud" dastanındakı "Basatın Təpəgözü öldürməsi boyu" 25 dilə tərcümə edilərək hər biri ayrı-ayrı kitablar kimi çap olunmuşdur. Bu "Kitabi-Dədə Qorqud" eposunun beynəlxalq aləmdə tanıdılmasına müstəqil Azərbaycan dövlətinin dəstəyinin əhəmiyyətli bir töhfəsidir.

Dədə Qorqudun dünyada tanıdılması baxımından Azərbaycan dövlətinin təşəbbüsü və dəstəyi ilə YUNESKO səviyyəsində qeyd edilmiş daha bir möhtəşəm addımı da xüsusi olaraq qeyd etməyə ehtiyac vardır. Belə ki, ümumiyyətlə, dünya ədəbiyyatının şedevrlərindən biri olan "Kitabi-Dədə Qorqud" abidəsinin 2018-ci ildə "Dədə Qorqud /Korkut Ata/ Dede Korkut irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumət-lərarası Komitəsinin 13-cü Sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Qazaxıstan və Türkiyə ilə birgə çoxmillətli nominasiya kimi Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu hadisə "Kitabi-Dədə Qorqud" eposunun dünyada tanıdılması, tədqiqi və təbliği istiqamətində Heydər Əliyev - İlham Əliyev epoxasında dövlət səviyyəsində həyata keçirilən tədbirlərin qanunauyğun məntiqi yekunudur.

Göründüyü kimi, Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun tapılıb üzə çıxarılması, kitab halında nəşr edilməsi,  tədqiq edilib öyrənilməsi, xalqa və dünyaya çatdırılması çətin və keşməkeşli yollardan keçmişdir. Bununla belə, "Kitabi-Dədə Qorqud" eposunun taleyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna dərəcədə əhəmiyyətli rolu olmuşdur.

"Kitabi-Dədə Qorqud" eposu məhz Heydər Əliyev - İlham Əliyev epoxasında sözün həqiqi mənasında xalqımızın əsl milli-mənəvi sərvətinə çevrilmək imkanı qazanmış, dünya miqyasına çıxarılmışdır. Müstəqillik illərində "Kitabi-Dədə Qorqud" eposu ilə əlaqədar ölkə-mizdə dövlət səviyyəsində həyata keçirilmiş tədbirlər Dədə Qorqudun azərbaycançılıq və vətənpərvərlik ideyalarının xalqımızın və dövlətimizin idealları ilə tam olaraq səsləşdiyini nümayiş etdirmişdir.

"Kitabi-Dədə Qorqud" müstəqil Azərbaycan dövlətində xalqımızın milli-mənəvi pasportu, dərs kitabı kimi nəsillərdən-nəsillərə çatdırılacaq, dövlət müstəqilliyimizin daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə xidmət edəcəkdir.

"Kitabi-Dədə Qorqud" eposunda təsvir edilən Qalın Oğuz Eli görkəmli dövlət xadimi Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin qoruyub inkişaf etdirdiyi müstəqil Azərbaycan dövlətinin sələfidir.

"Kitabi-Dədə Qorqud" eposu - Ata kitabımız, Birlik və Müdriklik abidəmizdir.

 





04.05.2023    çap et  çap et