525.Az

Modern quldarlıq - Anar Qasımov yazır


 

QƏRB "TƏRƏQQİSİ"NİN NƏTİCƏLƏRİ

Modern quldarlıq - <b style="color:red"> Anar Qasımov yazır</b>

Dünyada misli görülməmiş proseslər cərəyan edir. 2020-ci ilin əvvəllərində COVİD-19 pandemiyasının dünyanı cənginə alması bir anda insanlığı silkələdi. Dünyanı idarə etməkdə iddialı olan güclər - silahı və texnologiyanı öz əlində tutanlar bir-birlərinə qılınc çəkdilər. İnsanoğlu ilk dəfə bu dərəcədə irimiqyaslı kimyəvi müharibə qarşısında sınandı. Bəlkə də, yenə ilk dəfə idi ki, kürəsəlləşmə qarşısında ölkələr öz içlərinə bunca qapandılar, sərhədlər dövlətlərin inteqrasiyası qarşısında yenidən önəm kəsb etməyə başladı. Məşhur Bill Qeytsə görə, dünya yaxın gələcəkdə laboratoriyada hazırlanmış yeni bir pandemiya dalğası ilə üz-üzə qalacaqdı, yəni, COVİD-19 hələ kimyəvi müharibələrin hazırlıq mərhələsi idi. Beləliklə, gözlənilən bu dalğanın COVİD-19-dan daha güclü pandemiya (oxu, müharibə) olacağı dünyaya elan olunurdu. Pandemiyanın "ümumi evimizi" yaxşıca silkələməsinin ardından müharibələr, nəticə etibarı ilə bütün bölgələrinin qaynar qazana çevrilməsi isə səhnə arxasında qurğulanan və icraya qoyulan oyunun üzə çıxması idi. Bəs bütün bunlar niyə baş verirdi? Geniş çərçivədən baxdıqda bunun yeni bir düzənin qurulması üçün gərəkli hesab edilən dünya müharibəsi olduğunu görmək heç də çətin deyildi. Sadəcə olaraq əvvəlki iki Dünya müharibəsindən bir qədər fərqlilik, amma mahiyyət etibarı ilə eyniyyət insanları bir qədər məsələləri anlamaqda çətinə salırdı.

Dünya hər yüz ildən bir güclü formatlanma ilə üz-üzə qalır. Xüsusilə də yeni dünya düzəninə qədəm qoyduğumuz XX əsr ilə birlikdə dünyanın güclü dövlətləri öz maraq və çıxarlarının əsas tutulduğu sistemlər yaratmış, onu dünyaya diqtə etmişlər. Osmanlının, çar Rusiyasının, Avstriya-Macarıstan imperiyası kimi nəhəng dövlətlərin dünya siyasət səhnəsindən silinməsi də bu yenidənqurmanın ağır və acı təzahürləri idi. Birinci Dünya müharibəsində təməlləri atılan, İkinci Dünya müharibəsi ilə artıq tam şəkildə yekunlaşdırılan dünya düzəni ABŞ və SSRİ-nın iki güc qütbü kimi idarəsinə verildi. Sovetlərin süqutu ilə təkqütblü dünya düzəni isə dünyada daha böyük qırılmalara, faciələrə səbəb yaratdı. Dünyanın "polisi" rolunu oynayan ABŞ "demokratiya" adı altında Əfqanıstanda, İraqda və bir sıra başqa regionlarda sağalmaz insanlıq faciələrinin yaranmasına səbəb oldu. Bütün bu proseslər nəticəsində dünyada faktiki olaraq bir çox dövlətlər müstəqil formada yaşamağa davam etsələr də, hakimiyyət boşluqlarına meydan verilməsi aclıq və səfalətin, daxili müharibələrin tüğyan etməsinə, xüsusilə də Avropanın güclü miqrant axını ilə üz-üzə qalmasına gətirib çıxardı. Və dünya bir daha onunla üz-üzə qaldı ki, bir coğrafiyada müharibələr, insani tragediyalar yaşanırsa, digər coğrafiyalarda yaşayan insanlar da bundan mütləq təsirlənəcəklər.

XX əsrin əvvəllərində əsası qoyulmuş, İkinci Dünya müharibəsi ilə tam şəkildə qurulma prosesi başa çatan dünya düzəni kommunist blokun (sosialist blokun) süqutu ilə, əslində, ötən əsrin sonlarından etibarən dağılma dövrünə qədəm qoymuşdu. Və dünya yeni minilliyə ayaq basdığı bir dövrdə artıq yeni güc mərkəzlərinin meydana çıxması, nəticədə həmin dövlətlərin hökm sürən düzənə qarşı bir mübarizəsini də başlatmış oldu. Birləşmiş Millətlər Təşkilatı kürsüsündən təşkilatın dünyanın idarə edilməsində söz sahibi olan beş daimi üzvünün fəaliyyətinə, əslində isə, fəaliyyətsizliyinə qarşı çıxan Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan da "Dünya beşdən böyükdür" deməklə, əslində, vədəsi başa çatmış düzənə qarşı bir başqaldırı etmiş olurdu.

Dünyada yeni bir sıfırlanmanın yaşanması və bununla yeni bir düzənə keçid alınması isə böyük ağrı və acıların yaşanmasını qaçınılmaz edirdi. Və bu keçidi labüd qılan əsas məqamlardan biri həm də dünyada ədalətsizliyin ən pik nöqtəyə çatması idi. İmperiyalizmin sömürgəçilik siyasəti, dünyada ən zəngin yeraltı qaynaqlara malik qitəsi hesab edilən Afrikanın Qərb tərəfindən sömürülməsi ilə "qara qitə"də həyat şəraitinin ən ibtidai formada cərəyan etməsi, Yaxın Şərqin müharibə meydanına çevrilməsi və buna bənzər bir sıra digər amillər mövcud düzənin formatlanmasını şərtləndirirdi. Xüsusilə də XX əsrdə Qərb tərəfindən qurulan dünya düzəninin insanlığa böyük bədbəxtliklər gətirdiyi artıq göz qabağında idi. Bəli, Qərbin elmi-texniki tərəqqi ilə dünyaya ağalıq etmə dövrünün başlanmasından sonra insanlıq ağla gətirilməsi belə mümkün olmayan elmi, texniki nailiyyətlərlə qarşılaşdı. Amma imperializm, irqçilik, "ağ irq"i üstüngörmə anlayışı və dünyanın digər qalanına barbarlıq nöqteyi-nəzərdən yanaşma müasir dövrümüzün, bir növ, "modern quldarlığa" çevrilməsinə gətirib çıxardı. Dünyada bir neçə iri şirkətlərin özünü dövlətüstü məqamda görməsi, ayrı-ayrı fərdlərin illik gəlirlərinin, dünyada bir neçə dövlətin toplamının büdcəsindən daha çox olması, bütün bunlar ədalətsizliyin ən pik nöqtəsi idi. Bunlar, əlbəttə, köhnə dünya düzəninin ortaya çıxardığı eybəcərliklərdən başqa bir şey deyildi. Yəni Qərbin insanlığa qazandırdığı elmi, texniki tərəqqi nailiyyətləri onları daha da gücləndirdi, qaranlıq güclər isə bu nailiyyətləri ümum insanlıq rifahı naminə istifadə etmək əvəzinə, imperializm, irqçilik və digər xalqların özünümüqəddəratına imkan yaratmamaq və onların sərvətlərinin talan edilməsinə səbəb olmaq yolundan getməklə dünyamızı daha da yoxuşa sürüklədi.

Beləliklə, yeni dünya düzəninə keçidin ayaq səslərini duyduğumuz bu günlərdə dünya xalqları tək və ya iki qütblü dünyadan çoxqütblü dünyaya keçidi dəstəkləməklə, əslində, ədalətli cəmiyyət, bərabərlik uğrunda mübarizə ideallarını ortaya qoymuş olurlar. Və görünən odur ki, son yüzillikdə ABŞ və Rusiyanın, sonrasında isə ABŞ-ın təkbaşına idarəsində olduğu dünya artıq yeni bir mərhələyə - çoxqütblü dünya sisteminə keçid ərəfəsindədir. Və hələ də bu yeni dünya düzəninə keçidin tam mənası ilə başa çatmadığı bir dövrdə ölkələr uzaqgörən, düşünülmüş, xüsusilə də günlük çıxarları deyil, geniş çərçivədən baxmaqla nəticə hasil etməklə gələcək yüzil üçün güclü nəticələr əldə edə bilərlər. Bir şey də bizim üçün maraqlıdır ki, Azərbaycan yeni dünya düzəninin harasında qərar tutacaq. 30 illik Qarabağ konfliktinin həlli, ölkəmizin Vətən müharibəsindən sonrakı dövrdə aktiv xarici siyasət yürütməyə başlaması, Qərbin enerji tədarükündə söz sahibinə çevrilməsi, hətta gələcəyin enerjisi hesab edilən "Yaşıl enerji" sahəsində güclü addımlar atması Azərbaycanın da yeni düzəndə regional güc sahibinə çevrilməsinin təzahürlərindən başqa bir şey deyil. Əlbəttə, bütün bu deyilənləri çox yaxın gələcəkdə açıq-aydın görmək mümkün olacaq. 

Naxçıvan

 

 





04.05.2023    çap et  çap et