525.Az

"Qaya"nın 30 yaşı tamam oldu


 

XANHÜSEYN ƏLİYEV: "QAYA" VAR, "QAYA" YAŞAYIR VƏ ÜMİDVARAM Kİ, BUNDAN SONRA DA YAŞAYACAQ"

"Qaya"nın 30 yaşı tamam oldu<b style="color:red"></b>

"Qaya" mətbuat yayımı firması 1993-cü ildə rəsmi qeydiyyatdan keçib. Elə həmin ildən də firma Azərbaycanda nəşr olunan qəzet və jurnalların paytaxt və bölgələrə geniş oxucu auditoriyasına vaxtında çatdırılması işi ilə məşğuldur. 30 illik fəaliyyəti dövründə "Qaya" operativlik, hər bir müştərinin arzu və istəklərinin nəzərə alınması prinsipini rəhbər tutub.

"Qaya" mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev deyir ki, rəhbəri olduğu yayım firmasının başlıca məqsədi Azərbaycan mətbuatının inkişaf dinamikasını, onun yayımını mütərəqqi metodlarla təşkil etməkdir. Mətbuat rəhbərləri mənsub olduqları mətbu orqanların günün tələbləri səviyyəsində yayımını quran və redaksiyaya çatacaq dəyəri vaxtında ödəyən yayım firmalarına üstünlük verir. "Qaya" mətbuat yayımı firması da çalışır ki, qəzetinin yayımını ona etbar edən mətbuat rəhbərlərinin bu etimadını doğrultsun: "Qaya" mətbuat yayımı 1993-cü ildə rəsmi qeydiyyatdan keçib və həmin ildən də fəaliyyətdədir. Bu tip yayım şirkəti ilk dəfə Latviyada yaranıb. Ancaq onların fəaliyyəti uğursuz oldu, çatdıra bilmədilər və işi dayandırdılar. MDB məkanında dövlət mətbuat yayım qurumuna ilk alternativi biz yaratdıq. Heç kimdən asılı olmayaraq. Bizdə sovet vaxtı da abunə sistemi mövcud idi. İki təşkilat var idi, biri Bakıda, digəri regionlarda işləyirdi. Sovet dövründən qalma abunə sistemi var idi. Ancaq sistem köhnəlmişdi və işləmirdi. O zaman qəzetin alınması və çatdırılması ilə bir təşkilat məşğul olurdu. Qəzet çapdan çıxırdı, verilirdi poçta, poçt bunu abunəçiyə aparırdı, ya aparmırdı. Biz bu iki işi birləşdirdik. Əvvəl həm rayonlarda, həm də Bakıda işləməyə başladıq. Köşklər və abunə vasitəsiylə. Hamısı bir yerdə oldu. Abunəçi bir qəzeti üç günlük istəyirsə, biz razılaşırıq, abunəçinin istədiyi vaxt qəzeti çatdırırıq".

Xanhüseyn Əliyevin dediyinə görə, "Qaya" mətbuat yayımı yarandığı gündən kütləvi informasiya vasitələri arasında ayrı-seçkilik salmadan, öz işini vicdanla yerinə yetirib, müstəqil mətbuatın yayılmasında böyük xidmət göstərib. Fikrimcə, ölkədə "Qaya"dan narazılıq edə biləcək bir qəzet redaksiyası yoxdur. Çünki "Qaya" mətbuat xidmətinin bir özəl xüsusiyyəti ondan ibarətdir ki, mətbuatın yayımı ilə biznes maraqlarını heç vaxt qarışdırmayıb. Firma həqiqətən də ölkədə müstəqil mətbuatın formalaşmasında əməli marağını ortaya qoymağa çalışıb: "Qaya" mətbuat yayımı yarandığı vaxtdan bu günə kimi bütün qəzetlərin nə satışına, nə abunəsinə heç bir fərq qoymayan yeganə firmadır. "Qaya" Azərbaycanda yayımın necə işləməli olduğunu göstərən bir qurumdur. "Qaya" mətbuat yayımı yaranandan sonra bir neçə özəl firma yarandı, bunlardan bağlananlar da oldu, vicdanla işləyən də. Ancaq bu günə kimi əzmlə və peşəkarlıqla işini davam etdirən məhz "Qaya" olub. Bu gün də bu öz prinsipinə sadiq qalır. "Qaya" Azərbaycanda qəzet yayımının, satışının daha optimal şəkildə təşkil edilməsində maraqlıdır. Çünki nəzərə almaq lazımdır ki, vətəndaşların bir xeyli hissəsi hələ də qəzet oxuyur. Yəni informasıyanı qəzetlər vasitəsilə əldə etməyə üstünlük verir. Ölkənin ictimai-siyasi, mədəni həyatı ilə bağlı məlumatları qəzetlər vasitəsilə almaq istəyirlər". Firmasının direktoru bildirib ki, "Qaya"nın ölkənin bir sıra rayonlarında həmçinin, Bakı şəhərində köşk və abunə şöbələri fəaliyyət göstərir: "Əvəllər "Qaya"nın ölkənin  26 rayonunda filialları, Bakı şəhərində 21 köşkü, abunə şöbələri və topdansatış mərkəzləri fəaliyyət göstərirdi. İndi onların sayı azalıb. Xüsusən də bölgələrdə. Mənim ən böyük istəyim qəzetlərin Azərbaycanın bütün bölgələrinə yayımını təşkil etməkdir. Köşklərimizin sayı nə qədər çox olsa, qəzet yayımını bir o qədər artıq təşkil edə bilərik. Ümid edirəm ki, Azərbaycan hökuməti bu məsələdə "Qaya"ya öz dəstəyini göstərəcək. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm. 2007-ci ildə "Gülüstan" sarayında mətbuatın yubileyi keçirilirdi. Prezident İlham Əliyev də tədbirdə iştirak edirdi. Baş redaktorlarla söhbət edirdik. Baş redaktorlardan biri mənə təklif etdi ki, cənab prezident buradadır, get problemini həll et. O vaxta kimi üstündən 6 il keçsə də, köşklər qaytarılmamışdı. Ağlıma batdı. Yaxınlaşdım prezidentə, gülümsədi və Hacıbala Abutalıbovu çağırdı. Onda başa düşdüm ki, prezident hansı məsələni qaldıracağımı bilir. Hacıbala Abutalıbov gəldi, dördlükdə söhbət etdik. Abutalıbova birinci sualı bu oldu ki, köşkləri niyə götürmüsən? Mən heç açıqlama vermədim ki, problemim nədir. O, özü bilirdi. Abutalıbov da dedi ki, qeyri-qanuni qoyulmuşdu. Mənim də yanımda yalan danışanda dözə bilmirəm. Amma bilirəm ki, bu ağ yalandır. Dözə bilmədim, Abutalıbova dedim ki, Hacıbala müəllim, bu sözləri mən 6 ildir eşidirəm. Dedim ki, siz baxın kimə məlumat verirsiniz ki, bu köşklər qeyri-qanuni idi. Mənə cavab vermədi. Cənab prezident Abutalıbova daha bir sual verdi ki, köşklərin dizaynı nə cürdür? Fikirləşdim ki, o, yenə yalan danışsa, özümü pis hiss edəcəyəm. Ancaq Allah var, dedi ki, cənab prezident, köşklərin dizaynı Avropa standartlarına cavab verir. Belə deyəndə prezident gülümsədi və dedi ki, bəs niyə götürdün? Abutalıbov yenə susdu. Prezident dedi ki, neçə köşk götürülüb? Dedim 9. Göstəriş verdi ki, 9 köşkü də 24 saat ərzində bərpa et və mənə məlumat ver. Mən prezidentə təşəkkür etdim, ayrıldım. Bu gün də mən prezident İlham Əliyevə təşəkkür edirəm. Prezidentin sayəsində 9 köşk geri qaytarıldı. İnanıram ki, İlham Əliyev yenə də qəzetlərin yayım işinin geniş təşkili üçün bizə dəstək göstərəcək".

Xanhüseyn Əliyevin sözlərinə görə, "Qaya"nın son dönəmlərdə bir sıra çətinlikləri olub. Hətta bəzi yerlərdə belə söhbətlər də gedir ki, "Qaya" süqut edib. Mən isə deyərdim ki, heç kəs "Qaya"nı dəfn etməyə tələsməsin. Hələ çox  tezdir. Problemlər var, ancaq normal sahibkar yaranan problemlərin həlli yollarını axtarıb çıxış yolu tapmağa çalışmalıdır: "Bir deviz vardı: "Qaya"nı sıradan çıxarmaq! Çünki o vaxt Azərbaycanda mövcud olan iki dövlət mətbuatı yayımı və bir də fərdi şəkildə işləyən "Qaya" vardı. Firmanı təhvil verməklə bağlı təklifi rədd etdiyim günün səhərisi Bakıda, Naxçıvanda və digər rayonlarda köşklərimizi yığışdırmağa başladılar. Bu, bizə birinci zərbə idi, ancaq onu vaxtında neytrallaşdıra bildik. O vaxtlar iqtisadi cəhətdən mübarizə aparmağı bacarmayanda məsələni siyasiləşdirməyə çalışırdılar. Bizdə də belə oldu. Başladılar məsələyə siyasi don geyindirməyə, ancaq məsələ sırf iqtisadi məsələ idi, "Qaya"nı əlimdən almaq istəyirdilər. Fəaliyyətimizi xeyli araşdırdılar, lakin heç bir siyasi tərəf tapılmadı.Azərbaycanda azad rəqabətin, normal iqtisadi mübarizə şəraitinin tərəfdarı olan adamlar çoxdur. Həmin zamanlarda mənə ən böyük kömək edənlər qəzetlərin baş redaktorları oldular. Onlar "Qaya"nı qorumağı bacardılar. O vaxtlar deyirdilər ki, "Qaya" guya təkcə müxalifət qəzetlərini satır. Amma bu, yanlış yanaşma idi. Biz ömrü boyu iş prosesində qəzetin mövqeyini meyar kimi götürməmişik. Bizi qəzetin mövqeyi maraqlandırmayıb, əgər oxucu qəzeti istəyirsə, biz onu ünvanına çatdırırıq. Bizim işimiz bu idi. Bir müddət sonra hər şey üzə çıxdı və məlum oldu ki, danışılanlar hamısı sabun köpüyüdür. Sonra vəziyyət yavaş-yavaş düzəlməyə başladı. İndi demək olar ki, problemlərimizin müəyyən qismini həll etmişik. Ancaq bəzi problemlərimiz hələ də qalıb. Mən Azərbaycanda qəzet yayımı işinin yüksək səviyyədə təşkili üçün dövlət tərəfindən bizə kömək göstərilməsini istərdim. Ümid edirəm ki, mənim bu istəyim reallaşacaq". 

Firmanın direktoru qeyd edib ki, pandemiya  "Qaya"nın işinə çox böyük zərbə vurub: "Biz abunəçilər üçün xarici ölkələrdən qəzet, jurnallar gətirirdik. Bu, dövriyyənin bir hissəsidir. Təkcə Azərbaycandakı qəzetlərdən deyil, xaricdən gətirdiyimiz mətbu nəşrləri satıb onlardan da gəlir əldə edirdik. Pandemiya başlayanda iqtisadi əlaqələr bir müddət dayandı. Qaldı bircə yerli qəzetlər. Yerli qəzetlər də satışı aşağı düşürdü, dövriyyə azaldı, bununla da gəlir azaldı. Belə olanda nəsə bir çıxış yolu tapmaq lazım idi. İşçilərin 50 faizini ixtisar etmək problemi ilə üzləşdik. İnanın ki, "Qaya"nın əməkdaşlarının 80 faizi 20 ildən artıqdır ki, bizimlə birlikdə çalışırlar. Kimi işdən çıxara, kimi ixtisar edə bilərdim, axı?! Mən buna getmədim. Üzləşdiyim ağır vəziyyətə baxmayaraq "Qaya"nın bir işçisini belə işdən çıxarmadım".

Xanhüseyn Əliyevin fikrincə, mətbuat yayımı ilə redaksiyalar bir-birinə bağlıdır: "Bu, mənim sözüm deyil, bu, devizdir. Azad yayım olmasa, azad mətbuat da olmayacaq. "Qaya" var, "Qaya" yaşayır və ümidvaram ki, bundan sonra da yaşayacaq".

S.QARAYEVA

 

 





05.05.2023    çap et  çap et