525.Az

Şöhrətin sevinci ona yaraşırdı - Qəzənfər Paşayev yazır


 

Şöhrətin sevinci ona yaraşırdı - <b style="color:red"> Qəzənfər Paşayev yazır</b>

Bir neçə gün əvvəl ARB kanalında Zəlimxan Yaqubla bağlı verilişə dəvət olunmuşdum. İnanılası deyil, gecə yuxuma girdi. Ürəyi, qələmi, bütün vücudu ilə Zəlimxanın yaradıcılığı üstə köklənən Musa Nəbioğlundan söz saldı, razılığını bildirdi. Qəflətən yuxudan oyandım. Yata bilmədim. Şairlə bağlı acılı-şirinli xatirələr kino lenti kimi göz önümdən keçdi. Yadıma gəldi ki, bu əvəzsiz şair dostum haqqında ölümündən keçən yeddi il ərzində yalnız "Zəlimxansız keçən bir il" adlı bir məqalə yazmışam.

Doğrudur, şairin sağlığında haqqında bir neçə məqalə yazmışdım. Musa Nəbioğlunun "Sözün Zəlimxan zirvəsi" ("Vətən" nəşr., 2015) monoqrafiyasına 22 səhifədən ibarət "Zəlimxanın poeziya aləminə ziyarət" adlı Ön söz yazmışdım. Eləcə də Əli Rza Xələflinin şairin "Əbədiyyət dastanı"na həsr etdiyi "Ölməzlik nəğməsi" monoqrafiyasına ("Vətən" nəşr., 2013) geniş Ön söz yazmışdım. Şairə həsr etdiyim "Gör ürəyim nə deyir?" məqaləm ölümündən bir az əvvəl çıxmışdı. Bununla belə, xəcalət təri tökdüm. Qələmə sarıldım və rahatlıq tapdım.

Yaradan Zəlimxan Yaqubdan heç nəyi əsirgəməmiş, ona boy-buxun, yaraşıq, ağıl, zəka, təfəkkür, heç nəylə əldə edilməyən müdriklik, bəlağətli nitq, qeyri-adi yaddaş, tükənməyən enerji, xeyirxahlıqla döyünən ürək, ilham, fitri şairlik istedadı bəxş etmişdi.

Şübhəsiz, buna görədir ki, Zəlimxan poeziya aləminə şimşək kimi çaxaraq, dağ çayı tək kükrəyərək, kürə tək püskürərək, qayalardan süzülüb gələn bulaq kimi qaynayaraq gəlmiş və heç vaxt çəkilmələrə məruz qalmamış, səngiməmişdir.

Qədim romalılardan qalma kəlam vardır: "Şairlər doğulur, natiqlər yetişir!"

Qəribədir ki, Zəlimxan anadan şair və natiq doğulmuşdu.

Yeri gəlmişkən deyim ki, bizim üç tribun şairimiz olub: Xəlil Rza Ulutürk, Tofiq Bayram və Zəlimxan Yaqub. Xəlil Rza Ulu Türk və Tofiq Bayram kürsüdən şeir deyəndə də, yığıncaq aparanda da zal sehirlənirdi.

Xəlil Rza Ulu Türk təsadüfi demirdi: "Zəlimxanın apardığı görüşlər bizim üçün örnəkdir. Onu dinləyəndə kiçik salon genişlənir, təlatümə gəlir, ləngər vurur, damarlarda qan coşur, ürək qanadlanır!"

Zəlimxan Yaqubun poeziyasında iki cəhəti fərqləndirmək istərdim. Onun poeziyasında həyat, həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, onun poeziyası milli  özünüdərkə, milli ruhun təbliğinə, milli oyanışa xidmət edir.

Şairin "Füzuli-Sabir" şeiri deyilənlərə dayaq olur:

 

Gözəlliyə, gözlə könlünü bağlayanda,

Füzuli "Heyrət" - dedi.

Millətinin halına güləndə, ağlayanda,

Sabirim "Qeyrət" - dedi.

Heyrət ilə Qeyrəti yoğurdular, yapdılar.

Bu ölümlü dünyada bir ölməzlik tapdılar.

Hər biri bu dünyada həyat qədər qalası

Azərbaycan şeirinin

Biri Heyrət qalası!

Biri Qeyrət qalası!

 

Onca sətirlik bu şeirdə Zəlimxanın iki dahi şairimizin ədəbiyyatımızdakı mövqeyini dəqiq göstərə bilməsi, iki böyük nəhəngimiz haqqında bu klassik tərifi verə bilməsi onun istedadından xəbər verir.

Zəlimxan Yaqub olduğu kimi görünən, göründüyü kimi olan təbii və səmimi şair idi. Xalq ruhu ilə qaynayıb-qarışan, xalqın içində olan, xalq tərəfindən sevilən, poeziyası ilə xalqın qəlbində məskən salan şair idi. Təbiət vurğunu idi. O, təbiəti ilham mənbəyi, poeziya bulağı hesab edirdi. Təbiətə vurğunluğu onu səyyah etmişdi. "Hər yeri gəzməyə ömür də çatmır" - deyən şair ömrünün böyük bir hissəsini yollarda, səyahətlərdə keçirirdi. Zəlimxanın səfərləri çox vaxt əzablı, daşlı-kəsəkli olsa da, barlı-bəhrəli olmuşdur. Zəlimxan yaradıcılığını sistemli şəkildə tədqiq edən Musa Nəbioğlu bu münasibətlə yazmışdır: "İnsan doğulduğu gündən onu axirətə aparan bir yolun yolçusu olur. Və bu böyük yolun hər dayanacağı, hər döngəsi, hər tini, enişi, yoxuşu insana çox şey öyrədir, dünyagörüşünü zənginləşdirir, həyat təcrübəsini artırır".

Mənim qənaətimə görə, çağdaş şairlərimizdən Zəlimxan Yaqub qədər rəsmi və qeyri-rəsmi səfərlərdə olan ikinci bir şair təsəvvür etmək çətindir. O, Avropa, Asiya,  Afrika qitələrini, xüsusən də Türk ellərini gəzib, vətənə bol-bol ədəbi materiallarla, şeirlərlə, poemalarla dönüb. Onun hər səfəri bir kitaba çevrilib. Şairin öz misralarıdır:

 

Şair bu dünyanı boşuna gəzməz,

Hər səfər bir tarix, bir kitab olar.

 

Şair Krıma səfər etdikdən sonra "İçimdə Krım ağlayır" poeması, İraqda soydaşlarımız yaşayan yerləri gördükdən sonra "Bir kövrək havadır içimdə Kərkük", Göyçəni ziyarət etdikdən sonra "Göyçə dərdi" və "Ələsgər" poemaları, müqəddəs yerləri ziyarət etdikdən sonra "Peyğəmbər" poeması, Qazaxıstana səfərdən sonra həyəcansız oxumaq mümkün olmayan "Sürgün", Türkiyəni ziyarət etdikdən sonra "Yunis İmrə" poemaları meydana gəlmişdir. Borçalı ilə bağlı "Aşıq Hüseyn Saraçlı" dastanını yazmışdır.

Xalq yazıçısı Elçin şairin dastanını yüksək qiymətləndirmişdir: "Zəlimxan Yaqub "Aşıq Hüseyn Saraçlı" dastanı ilə yazılı ədəbiyyatımıza dastan janrını gətirmişdir.

Şairin göz yaşları ilə bir nəfəsə yazdığı möhtəşəm "Əbədiyyət dastanı" və "Saz" poemaları üzərində xüsusi dayanmaq istəyirəm. "Əbədiyyət dastanı" Azərbaycan tarixində epoxa olan, xalq qarşısında misilsiz xidmətlərinə görə xalqın qəlbində əbədilik qazanan dahi şəxsiyyət Heydər Əliyevə kədər dağının zirvəsindən oxunan elegiyadır, ölməzlik nəğməsidir. "Əbədiyyət dastanı" ali kədər və ali məhəbbətdən yaranıb:

 

Mən belə ağlamışam,

Qanlı fələk ilk dəfə

Ürəyimi qıranda.

Yetim qalıb atamı

Torpağa basdıranda.

 

Poemanın son misralarında şairin səmimiyyəti və Ulu öndərə sonsuz məhəbbəti özünü bariz şəkildə göstərir.

 

Eşqin ilə yaratdığım bu dastanın

Son nöqtəsi mən öləndə qoyulacaq.

 

Açığını deyim, Zəlimxanın "Əbədiyyət dastanı" və VII əsr Azərbaycan hökmdarı Cavanşirin ölümünə şair Dəvdəkin ürəklərə od salan ağıları, elegiyaları qədər heç nə məni bu qədər kədərləndirməmişdir. Dəvdəkin on üç bənddən ibarət qəsidəsindən - elegiyasından dörd misranı burada verməyi münasib bildim:

 

Mənim ağım nə qu quşu, nə də pəri nəğməsidir,

Qatarından ayrı düşən bir durnanın naləsidir.

Yetim qalıb bizim şəhər, kövrəkləşib Qədim qala

Uzun illər görməmişdik bu cür kədər, bu cür bəla.

 

Məlumdur ki, Zəlimxan Yaqub Aşıq yaradıcılığını, aşıq sənətini dərindən bilirdi. Bu, təsadüfi deyildir. Zəlimxanın mayası sazla, sözlə tutulmuşdu. Buna görə də şairin "Saz" poeması xalqımıza əvəzsiz töhfədir. Ədəbiyyatşünas alimimiz Azər Turan Zəlimxan Yaqubun yaradıcılığına həsr etdiyi "Əzəl-axır dünya türkün dünyası" əsərində şairin "Saz" poemasına layiq olduğu qiyməti verə bilmişdir: "Azərbaycanda muğamın dərki müstəvisində Bəxtiyar Vahabzadənin "Muğam" poeması hansı işi görübsə, Zəlimxan Yaqubun "Saz" poeması da saz havalarının dərki müstəvisində eyni işi görmüşdür".

Dahi Ü. Hacıbəyli yazırdı: "Aşıq sənəti elə bir aləmdir ki, burada bəstəkarın da, şairin də, xanəndənin də, rəqqasın da istənilən qədər götürə biləcəyi pay vardır".

Mənə belə gəlir ki, şairlərimiz arasında aşıq sənətindən, aşıq yaradıcılığından Zəlimxan qədər pay götürən, bəhrələnən ikinci bir şairimiz yoxdur.

Yeri gəlmişkən, Zəlimxan Aşıq Birliyinin sədri olanda Azərbaycan Aşıq mühitlərini və türk dünyasını birləşdirmişdi. İki ildən bir Türk dünyasının Aşıq festivalları keçirilirdi. Güney Azərbaycan və Türk aşıqları tez-tez ölkəmizə gəlirdilər.

Bu gəliş-gedişlər saz-söz sənətinin zənginləşməsinə xidmət edirdi. Böyük yaradan Zəlimxana qısqanclıqdan savayı hər şey bəxş etmişdi. O, şairlərimizi təbliğ etməkdən usanmırdı. Poeziyamıza sonsuz məhəbbəti, qeyri-adi hafizəsi, bəlağətli nitqi, xeyirxahlıqla döyünən ürəyi vardı. Şairlərimizi təbliğ etməsi bir örnək idi. Yaxşı yadımdadır, 1994-cü ilin sentyabr ayında dörd avtobusda, İraqa - Füzulinin 500 illik yubileyinə gedirdik. Zəlimxanla bir avtobusda gedib-gəldik. Onun Bağdada qədər klassik və çağdaş şairlərimizdən, aşıq poeziyasından "Koroğlu" və "Aşıq Qərib" dastanlarından şeirlər deməsi hamını heyrətə gətirmişdi. Etiraf edək ki, şairin özünün sahibsiz ümmana bənzər şeir baxçası poeziyasevərlərin seyrangahına çevrilmişdir. Sonsuz xalq məhəbbəti qazanan şair sağlığında şöhrətin sevincini bol-bol yaşadı. Şöhrətin sevinci ona yaraşırdı.

Azərbaycan və Gürcüstan Respublikalarının "Şöhrət" və "Şərəf" ordenlərinə eləcə də yüksək "Xalq şairi" fəxri ada layiq görülmüşdür. Nə edəsən ki, vaxtsız əcəl onu bizdən tez ayırdı. Təsəllini Zəlimxanın uyuduğu müqəddəs məkanda vaxtilə Üzeyir Hacıbəylini son mənzilə yola salanda Səməd Vurğunun dəfn mərasimində oxuduğu şeirdə tapırıq. Şeiri xalq qarşısında böyük xidmətləri olan dünyasını dəyişmiş görkəmli yaradıcı şəxsiyyətlərə, o cümlədən də Zəlimxan Yaquba aid etmək olar:

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Zəlimxan Yaqub sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu. 

 





05.05.2023    çap et  çap et