525.Az

Rəsul Rza və altmışıncılar: ustadlıq missiyası


 

Rəsul Rza və altmışıncılar: ustadlıq missiyası <b style="color:red"></b>

Altmışıncıların bir pleyada kimi özünəməxsusluğunu onların güclü ictimai-siyasi təsir-təzyiqlər və bu prosesə qarşı yönəlmiş qayğı-dəstəklər qovşağında fəaliyyət göstərməsi də səciyyələndirirdi. Bu ədəbi nəslin bütün mühüm əsərlərinin, xüsusən də, ədəbi-siyasi mühitin müqavimətinə rast gələn yaradıcılıq nümunələrinin, zamanla uyğunlaşmayan və uzlaşmayan kitablarının çap olunmasında ustad Rəsul Rzanın əməyi və xidmətləri bu gün də heyrətlə anılmaqdadır. O illərdə mübariz ədəbi gənclik öz mənəvi liderinə və kumirinə ilhamlı şeirlər həsr etmişdi. Əli Kərimin məşhur "Şair" ithafından tutmuş, Məmməd Arazın "Bu il Sabir günlərinə gəlmədi Rəsul", Xəlil Rza Ulutürkün "Şeirimizin Babəki" coşqun poetik xitabına qədər onlarla gözəl bədii nümunə yaranmışdı. Bu şeirlər və başqa bədii nümunələr Rəsul Rzanın 60-70-ci illərin ədəbi prosesindəki nüfuzunu və rolunu parlaq şəkildə təsdiq edir. Bu cəhətdən təcrübəli ədəbiyyatşünas alim və tənqidçi Vaqif Yusiflinin aşağıdakı analitik fikirləri əsaslıdır: "...Rəsul Rza Azərbaycan poeziyasında yaranan yeni meyl və istiqaməti hamıdan qabaq duydu və əgər belə demək mümkünsə, bu prosesdə həqiqi bayraqdar rolunu üzərinə götürdü. Rəsul Rzanın 60-70-ci illər yaradıcılığında nəzərə çarpan fəlsəfi notlar, insan amilini təkcə sosioloji amil kimi deyil, fəlsəfi, psixoloji, geniş mənada isə bəşəri müstəvidə nəzərə çarpdırmaq meyli həmin illərin cavan şairləri üçün bir təcrübə oldu".

Altmışıncıların həyata bu cür duyğularla atılması yalnız ədəbiyyatı deyil, elə həyatın özünü də kökündən dəyişdirəcək bir qüvvənin doğulmasından xəbər verirdi. Yeni lirik qəhrəman zamanın ədəbi-estetik zövqünü də, ümumilikdə ictimai-mənəvi münasibətlər sistemini də yeniləyəcək bir enerjinin daşıyıcısı idi. Altmışıncıların estetik intibah mücahidlərindən cəmiyyəti yeniləşdirən gücə - ictimai dəyişiklik fədailərinə çevrilməsi də məhz yaradıcılıq prosesində baş verdi. Bu həmin  pleyadanı şəkilləndirən və onun ümumi atributuna çevrilən bir keyfiyyət idi. Ədəbiyyat tarixində ictimai yeniləşmə üçün bütün imkanlarını səfərbər edən ədəbi nəsillər o qədər də çox olmayıb. Altmışıncılar pleyadası məhz belə nadir ədəbi mərhələlərdən birinin iştirakçıları kimi çoxminillik söz sənəti tarixində şərəfli yer tutmuşlar.

Xüsusi qeyd etməliyik ki, altmışıncıların yaradıcılığında mühüm yer tutan və ayrıca bir silsiləni təşkil edən rəmzi obrazlar müxtəlif bədii-fəlsəfi təsir və dəyişikliklərə məruz qalaraq, özlərinin qayəvi hüdudlarını və məna tutumunu genişləndirərək, nəticədə istiqlala işarə edən poetik obrazlar dərəcəsinə - milli istiqlal rəmzləri siviyyəsinə yüksəldilər. Bu mənada ədəbiyyatımızın Vətənin müstəqilliyi üçün apardığı çoxəsrlik mübarizə tarixində 1960-cı illər əlahiddə bir etap kimi diqqətəlayiqdir. 1930-40-cı illərdə fövqəladə bir amansızlıqla həyata keçirilən siyasi qırğın və qətliamlar nəticəsində cəmiyyət mənəvi həyatını tutmuş sükunət buzları məhz bu dövrdə əriməyə başlamışdı. 1950-ci illərin ikinci yarısından sonra meydana çıxan ciddi dəyişikliklər ictimai sahədə də müəyyən canlanmalara, bütün məzlum millətlərin şüurunda oyanışa, mənəvi dirçəlişə təkan verdi. Elə bu vaxtdan etibarən söz sənəti də repressiyalar dövründəkinə nisbətən özünü sərbəst hiss etməyə, bir qədər mülayimləşmiş ictimai-siyasi iqlimdə nəfəs almağa başladı. Və beləliklə, təxminən, on-on beş illik bir müddət ərzində, bu çox qısa tarixi dövr içində estetik dünyagörüşü əvvəlkilərdən fərqlənən, yeni bir ədəbiyyat pöhrəsi kök atıb böyüməyə başladı. Qısa bir nisbi sərbəstlik, yarımçıq hürrfikirlilik və yarımçıq azadlıq mühitində böyük səltənətin bətnində doğulan mübariz nəsil, ədəbi pleyada növbəti milli-bədii tərəqqi pilləsində öz yerini tutdu. Demək olar ki, altmışıncıların ədəbi tərcümeyi-halı, özünəməxsus poetik qiyafəsi həmin mürəkkəb və ziddiyyətli zaman axınında, dolaşıq və mübarizələrlə dolu illərdə formalaşdı. Amma çox keçmədən məlum oldu ki, bu təzələşən və mülayimləşən ictimai-siyasi mühit də xalq ələm və dərdlərini aydın şəkildə ifadə etməyi, açıq söyləməyi xoşlamır. 60-80-ci illər ədəbi prosesinə diqqət yetirən professor Şirindil Alışanlı bu epoxanın mürəkkəb və təzadlarla zəngin poetik mənzərəsini elmi cəhətdən obyektiv canlandırıb: "50-60-cı illərdə poetik fikir həyat həqiqətinə doğru yaradıcılıq axtarışlarında konservativ düşüncə tərzi ilə mübarizə aparmalı oldu. Poeziyanın tarixin sərt həqiqətlərini, şəxsiyyətin bugünkü taleyini sənətin əsas predmetinə çevirmək yolunda mübarizəsi ədəbiyyata həyatın isti, təravətli nəfəsini gətirdi. Həyat həqiqəti, müasir düşüncənin bədii təsdiqi ətrafındakı mübahisələr bəzən də formanın, vəznin köhnəliyi və yaşarılığı səmtində bir-birini inkar edən fikir cəbhələrinə bölündü. Bu mübahisələr poeziyanın müasirlik, həyatilik, reallıq keyfiyyətlərini irəli apardı...

50-ci illərin ikinci yarısından vüsət alan bu proses ədəbi fikirdə aparıcı poetik təmayül kimi həlledici rol oynamağa başladı". Altmışıncıların yaradıcılığında özünəməxsus rəmzi obrazların, ümumən, poetik rəmzi təfəkkürün aparıcı mövqeyə çıxması mövcud ictimai-siyasi təzyiq və təsirlərin bədii fikir aləmindəki əks-sədası idi.

Qeyd etdiyimiz kimi, altmışıncıların ədəbi taleyində ustad Rəsul Rzanın rolunu onların bədii fəaliyyəti və mühiti müstəvisindəki mövqeyini dərindən dərk etmək üçün nöqteyi-nəzərindən maraqlı birt ədəbi-nəzəri paralelə müraciət etmək burada yerinə düşər. "Gümüş dövr" rus ədəbiyyatının mahir bilicisi, həmin dövr ədəbi prosesinin fəal iştirakçılarından və şahidlərindən biri Vikrot Şklovski 1917-ci il Oktyabr çevrilişinin ictimai və ədəbi həyatda yaratdığı təlatümlərin, dəhşətli uçurumun ayrı-ayrı sənətkların yaradıcılıq qismətinə qarşısıalınmaz təsirindən bəhs edərək yazırdı ki, bu misilsiz dönüş və çevrilməni hər bir ədib özünəməxsus şəkildə yaşamağa məcbur və məhkum idi. Bu uçurum o qədər dərin və qorxunc idi ki, bir çoxları ürək eləyib onu adlaya bilmədi. Uçurumun o biri tərəfinə - tamamilə yeni və mənəviyyatsız cəmiyyət məkanına bir sıra böyük ədiblər keçməyə çətinlik çəkdilər: Aleksandr Blok, Andrey Belıy, Sergey Yesenin, Vladimir Bryusov, Nikolay Qmulyov, Anna Axmatova, Marina Svetayeva, Boris Pasternak, Osip Mandelştam və başqaları.

Bəziləri fiziki cəhətdən bir qədər yeni cəmiyyətdə mövcud olmaqda davam etsələr də, onlar mənəvi cəhətdən keçmişdən qopa bilməmişdilər. 50-ci illərin ortalarında, Stalinin ölümündən (1953-cü il 5 mart) sonra sabiq Sovet cəmiyyətində, 20-ci illərin əvvəllərində olduğu dərəcədə olmasa da, hər halda böyük bir dönüş və yenilənmə mərhələsi başlanırdı. XX qurultayın (1956-cı il fevral) sabiq imperiyanın ictimai-siyasi həyatında və ədəbi-mədəni mühitlərində meydana gətirdiyi dərin çat və uçurum hətta ən böyük sənət adamlarını belə çətin seçim qarşısında qoymuşdu: Hökümət ədəbiyyatı və milli ədəbiyyat cəbhələrindən birini seçmək zəruri idi. Ustad Rəsul Rza heç tərəddüd etmədən ikinci cəbhədə - gənc altmışıncıların milli ədəbiyyat cinahında özünəməxsus bir mövqe tutdu. Beləliklə, öz yaşıdlarından və taledaşlarından çox az ədəbi şəxsiyyətlərə nəsib olan bir tale - ikinci ədəbi gəncliyi və nəsildaşlığı yaşamaq R.Rzaya qismət oldu. Stalinin repressiya maşınının əzib məhv etdiyi məhşur otuzuncular nəslinin çox az nümayəndələri almışıncıların ədəbi yarışlarına və döyüşlərinə tab gətirə, onlarla səmimi və təbii şəkildə qaynayıb-qarışa bildilər. Ucsuz-bucaqsız Rusiyanın mürəkkəb, mübarizələrlə zəngin və qaynar ədəbi həyatında Aleksandr Tvardovski, Aleksandr Soljenitsin, Yaroslav Smelyakov və başqaları, qardaş Özbəkistan ədəbi mühitində repressiya iztirablarını yaşamış Mirtemir, Maqsud Şeyxzadə, Şükrulla, Şöhrət, Səid Əhməd, Mamarasul Babayev və başqaları altmışıncılarla həmfikir, həmrəy və həmdəm ola bilmişdilər. Azərbaycan poeziyasında bu mühüm ədəbi-tarixi və əsl vətəndaşlıq missiyasını cəsarətlə, qətiyyətlə və heç bir namərd zərbəsindən çəkinmədən Rəsul Rza yerinə yetirdi. Onun fədakar və cəsur şagirdləri sırasında XX yüzilin ikinci yarısındakı milli şeirimizin korifeyləri səviyyəsinə yüksələn Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Fikrət Sadıq, Hüseyn Kürdoğlu, Vaqif Səmədoğlu, Abbas Abdulla, İsa İsmayılzadə, Musa Yaqub və başqalarının olması fikirlərimizin təsdiqidir. Son 70-80 ildəki poeziyamızın, ümumən, ədəbiyyatımızın ciddi dönüş məqamlarını, təzlənmə mərhələlərini təsəvvür etmək, anlamaq və obyektiv dəyərləndirmək üçün bu həqiqətləri dərindən duymaq və bilmək vacibdir.

 

 

 





05.05.2023    çap et  çap et