525.Az

Aqroparklar gözləntiləri niyə doğrulda bilmir?


 

Aqroparklar gözləntiləri niyə doğrulda bilmir?<b style="color:red"></b>

Bu gün dünya iqtisadiyyatında ən çox təsirə məruz qalan sahələrdən biri qlobal ərzaq bazarıdır. Azərbaycan bu qlobal çağırışa hələ bir neçə il əvvəldən hazırlaşmağa başlayıb. Bu əsasən ölkədə aqrar sektorun inkişafına dövlət dəstəyinin artırılmasında, fermer təsərrüfatları və aqroparkların yaradılmasında özünü büruzə verir.

Ölkəmizdə iqtisadi inkişafın əsas sütunlarından biri aqrar sektor hesab olunur. Aqrar sektorun inkişafı, ərzaq bolluğunu artırmaq məqsədilə hazırda Azərbaycanda 32 rayonu üzrə 51 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir. Aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur. Digər kənd təsərrüfatı müəssisələrində olduğu kimi, aqroparklar da vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararla bilir.  Aqroparklar özündə kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət kimi müxtəlif strukturları birləşdirir.

Amma bir çox mütəxəssislər aqroparkların təşkilində müəyyən nöqsanlara yol verildiyini, fermerlərin isə bundan əziyyət çəkdiyini bildirirlər. İqtisadçı Akif Nəsirli "525"ə açıqlamasında aqroparkların çoxalması ilə ölkənin istədiyi hədəflərə çatmayacağını düşünür: "Bazar iqtisadiyyatı ilə idarə olunan ölkədə özəl sektor üstünlük təşkil etməlidir. Dövlət mülkiyyəti azaldılmalı, əvəzində özəl sektora yer verilməlidir. Eyni zamanda, kənd təsərrüfatı sektorunda özəl şirkətlər yaradılmalıdır. Biz isə bunun əksi olaraq aqroparkların yaradılması ilə özəl sektorun geriləməsinə rəvac veririk. 2022- ci ilə qədər Azərbaycanda 51 aqropark fəaliyyət göstərib. 2016-ci ildən, aqroparklar yaradılan 5 ildən sonra ölkəmizin buğda idxalından azad olunacağı qeyd olundu. Lakin ötənilki nəticələrə görə,  aqroparklar ixracatın 10 faizi qədər də buğda istehsal etməyib. Məlumdur ki, ərzaqlıq buğdanın 50 faizini xaricdən alırıq. Həmin 50 faizi 2021-ci ilə qədər aqroparklar təmin etməli idi. Halbuki 1 milyon 300 min ton buğda idxal etmişik. Bu il daha 51 aqroparkın yaradılması planlaşdırılıb. Bununla  da Azərbaycanda aqroparkların sayı 102-yə  çatacaq. Aqroparkların çoxalması  ilə istədiyimiz  hədəflərə çata bilmərik. Özəl mülkiyyət hər zaman inkişafı sürətləndirir, dövlət mülkiyyətində  isə  əksinədir. Özəl sektorda rəhbərdən sıravi işçiyə qədər hər kəs gördüyü işi özününki hesab edir. Dövlət müəssisələrində isə hər kəs gördüyü işi dövlət  işi sayır və işinə ikinci dərəcəli münasibət göstərilir. Buna görə də belə şirkətlərdə korrupsiya halları, qeyri-şəffaflıq kifayət qədərdir. Bu isə inkişafın qarşısını alır. Düşünürəm ki, aqroparklar yaratmaq əvəzinə, özəl sektora, fermerlərə dəstək göstərilməlidir. 2 milyon 700 min torpaq mülkiyyətli sahibkarımız var. Çalışıb onlara dəstək vermək lazımdır ki, fermer təsərrüfatları inkişafa nail ola bilsinlər".

Havar ŞƏFİYEVA

 





08.05.2023    çap et  çap et