Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Türk Dünyası" adlı beynəlxalq konfrans keçirilib. Konfrans Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın və türk dünyasının böyük şəxsiyyəti, müstəqil Azərbaycan dövlətinin rəmzi, ölkəsinin, xalqının gələcəyi üçün geniş imkanlar yaradan parlaq liderdir. Türk Akademiyasının prezidenti Ulu öndərin tarixi nailiyyətlərindən, onun qardaş türk ölkələrinin münasibətlərinin möhkəmləndirilməsindəki rolundan danışıb.
Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın Ümumilli lideri, Türk Dünyasının böyük dövlət və siyasi xadimi Heydər Əliyevin 100 illiyinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təntənə ilə qeyd olunmasından söz açıb. G.Əfəndiyeva bu möhtəşəm yubileyə həsr olunmuş tədbirin Qazaxıstanda təşkilinin rəmzi məna daşıdığını bildirib. Fondun prezidenti qeyd edib ki, Heydər Əliyev tərəfindən Türk Dünyası ilə əlaqələrin qurulması naminə sevgi və uzaqgörənliklə atılmış addımlar bu gün öz bəhrəsini verməkdədir: "Könlü hər zaman türk coğrafiyasıyla, türk xalqları ilə bərabər olmuş Heydər Əliyevi bu gün bütün Türk Dünyası özünə doğma hesab edir. Zaman keçdikcə ona bəslənilən hörmət və ehtiram daha da artır. Və buna görə də Ulu öndər təkcə Azərbaycanın deyil, həm də Türk Dünyasının böyük oğlu adlandırılır".
Konfransda çıxış edən Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darhan Kıdırali bildirib ki, Qazaxıstanla Azərbaycan arasındakı tarixi və mədəni əlaqələrin inkişafının təməlini Heydər Əliyev qoyub. Nazir çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin bu il Qazaxıstana səfəri zamanı Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmağa başladığını və il ərzində Qazaxıstanda bir çox tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və başqaları da Ümummilli liderin türk dünyasının mədəni-mənəvi irsini mükəmməl bildiyini, qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verdiyini vurğulayıblar.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin bir hissəsi konfrans iştirakçılarına nümayiş etdirilib.
çap et