525.Az

Dəyirman dərdimiz


 

Dəyirman dərdimiz<b style="color:red"></b>

Bu günlərdə "Qanun" nəşriyyatında Xalq yazıçısı Mövlud Süleymanlının "Dəyirman" dilogiyası işıq üzü görüb.

Kitabın ön söz müəllifi və redaktoru yazıçı-dramaturq Pərvindir. Sovet dövründə böyük şöhrət tapmış və mühitdə ciddi söz-söhbətə səbəb olan "Dəyirman"ın ikinci hissəsi 40 ildən sonra "Qobustan" dərgisinin 2021-ci il payız sayında oxuculara təqdim edilib.

Dərginin baş redaktoru Pərvin əsərə yazdığı ön sözündə əlyazmanın köçürülməsi və çapı tarixçəsini oxucularla bölüşür.

Ön sözü oxuculara təqdim edirik.

 

Adamların öz balasını qucağına almağa çəkindiyi, anasını bağrına basmağa qorxduğu bir vaxt idi. Hər yer xəstəlik, virus, hamı daşıyıcı... Bir yandan müharibə, fərəh, qələbələr... O biri tərəfdən bənizi solmuş, saçı bəyazlaşmış,  gözündən dərd yağan şəhid anaları! Yüz-yüz illərdi tanıdığımız yağının belin qırıb yurdumuza sahib çıxmışdıq, amma ayrı bir gözəgörünməz düşmən də hər an işində idi. Xəbərdarlıqların ardı-arası kəsilmirdi; evdən çıxma, əllə görüşmə, maska tax, öpüşmə, uzaqlaş hamıdan, sosial məsafə saxla və s. Görünən odur ki, çağdaş dünya insanı özünə qapatmaq və özü haqda düşündürmək hayındaymış...

Bütün bu qarışıq hisslərlə söz də acizləşmişdi elə bil. Ya da bu təzə durumun, vəziyyətin adını tapmaqda çətinlik çəkirdik, bilmirəm... Keçmiş zamanda danışmağım qəribə gəldi özümə, axı hələ də heç nə dəyişməyib, elə o ab-havanın, ovqatın, təhlükə və xəbərdarlıqların, xəstəlik və ölüm xofunun içində yaşamağa davam edirik. Əksinə, dünyanın müharibə ocaqlarının, fəlakət və ölüm yuvalarının sayı hər gün artır, təəssüf. İndi xoş xəbər aclığı içində, yaxşı ovqat tamarzısı kimi yaşayırıq... Lap əvvəldə isə daha çətin idi sanki, istənilən arzunun, gələcəyə aid planların yanında bir ümidsizlik bitirdi... Böyük Qarabağ Savaşımızın zəfərlə nəticələnməsi ümid etməyin, inanmağın, mübarizənin gec ya tez mütləq nəticə verəcəyinə əmin edib bizləri, şükür! 

...Amma pandemiyanın ilk günlərində nə dünyanın, nə də çağdaş insanın alışa bildiyi durumda hər kəs necəsə yaşamağa, bədbinliyi yaxına buraxmamaq üçün başını qatmağa çalışırdı. Məndən ötrü isə bütün reallıqlarda - ən kiçik, yaxud ən böyük problemlərin içində ədəbiyyat hər zaman xilasdı. Elə həmin ərəfələrdə   sosial şəbəkələrdə Mövlud Süleymanlının doğum günü münasibətiylə bir neçə paylaşıma, yazıya rast gəldim. Artıq aylar idi ki, rus nəsri ilə məşğul olmağım doğma dildə sevimli əsərləri yenidən oxumaq ehtiyacı yaratmışdı. Maralların soyuq yerlərdəki duz aclığına bənzəyir ruhun belə ehtiyacı; birdən ürəyinə nəsə düşür, sən ona çatmağa can atırsan və elə bilirsən ki, bir az da geciksən, nəfəsin kəsiləcək. Hə, bu dəfə Mövlud Süleymanlı nəsri dadıma yetmişdi. "Dəyirman"ı, "Şeytan"ı, "Köç"ü, "Ceviz qurdu"nu, "Səs"i, "Günah dua"sını bir-birinə calayıb oxumuşdum, əsərlərin birindən digərinə cığır açıldığını, qəhrəmanların müxtəlif zaman kəsimlərində və tale "qaçhaqaçında" necə göründüklərini də hiss etmişdim... Amma indi nəyisə təhlil etmək yeri deyildi, elə-belə söz azuqəsi toplayırdım, duz ehtiyacımı ovudurdum, vəssalam! Yazıçının digər əsərlərini əldə etmək üçün özüylə zəngləşəndə isə elə ilk bir neçə kəlmədən bədbinləşdim: - gözlərim mənimlə dostluq eləmir, işləyə bilmirəm - dedi.  Mövlud müəllim uzun illərin həmkarı, dostu, nə bilim məslək yoldaşı kimi yazdığı və yazmaq istədiyi mətnlərdən elə telefondaca danışır, gah yaşından, gah ona əziyyət verən göz təzyiqindən gileylənirdi. Deyirdi - yuxumda bir nurani kişi nə qədər yaşayacağımı söyləmişdi mənə, amma hesablayıram, o yaşı çoxdan keçmişəm, riyaziyyatı yaxşı bilmirmiş yəqin... Sonra birdən pauza verib - Bilirsən, Cücəkənddə evimizdən necə mənzərə açılırdı?! - deyir, elə "Cücəkənd" dilinə gələn kimi yazıçı dostlarını ora qonaq aparmasını yada salıb hansısa məzəli məqamlara gülürdü. Sonra yadına düşürdü ki, ot özü "icazə verməsə" onu çalmaq mümkün deyil... Hələ Novruz çərşənbələrimizin ardıcıllığının kobud şəkildə pozulması da onu rahat buraxmırdı; siz axı cavansız mənə kömək edin, yazın bunları, çərşənbələri düzgün qeyd edək də...  Bir mövzunu dincə qoyub, ya unudub o birinə keçən yazıçı ilə danışdıqca mütaliəmi davam edirdim elə bil; yəqin o, elə yazdıqlarının davamıdı, ya da onların içindədi... Bir telefon söhbətində aldığım informasiya, ovqat, ab-hava elə yazıçının kitabını, əsərini oxumağa bərabər idi. Bəlkə bu aralar yaza bilmirdi, ona görə bu qatmaqarışıq mövzuların içində özü də itib-batmışdı! Bir neçə gün sonra Mövlud müəllim istədiyim kitabları mənə gətirəndə üstündə bir qovluq da verdi, dedi ki, 40 il əvvəl yazdığı, amma üzə çıxarmadığı əsəridir. Nə əsər?! "Dəyirman"ın davamı... Məgər "Dəyirman"ın davamı da yazılıb?! Sən demə yazılıbmış! Axı "Dəyirman"ın elə yarandığı gündən daşı ağır olub?! Gənc yazıçının məhkəməsi qurulub, əsərini məşəl ayağına çəkiblər... Məgər bunu bilməyən var?! Əsəri və müəllifi qorumağa çalışanlar da olub. Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev həmin o amansız iclasdakı çıxışları ilə, Rəsul Rza məqaləsiylə müdafiə ediblər onu... Axı necə ola bilər ki, "xoşbəxt" Sovet ölkəsini belə tünd boyalarla təsvir edəsən?!

Hə, mühitin damarının yerini yaxşı bilən xeyirxahları müəllifə əsərin ardını yazmağı və hadisələri yumşaltmağı, xoşbəxt sonluğa gətirib çıxarmağı məsləhət görürlər. Füzuli demiş - "özünü təfəkkür atəşi içində əridən" yazıçı gecəsini gündüzünə qatır, əsərin ardını qələmə alır. Amma bu dəfə povesti elə həmin dostlara oxuyanda - "Bunu ümumiyyətlə gizlət, heç kəs görməsin" - deyirlər.

...Və o gizlədən 40 ildən çox uzaq sandığa atılıb əsər... Yazıçının xəttini anlaya bilən yaşlı makinaçı da dünyasını dəyişib, əsərin çap maşınında yığılmış versiyası da itib. Az qala orta əsr əlyazmaları haqqında deyilən təki - əlimizdə olan yalnız budur.

Bəli, mən indi çox dəbdəbəli sözlər işlədib deyə bilərəm ki, özümü xəzinə xəritəsi tapan kimi hiss edirdim. Ya da bir az daha dərinə gedərəm, deyərəm ki, böyük missiya ilə üz-üzə idim və ədəbiyyat tarixi üçün bunu etməli idim. Amma əlyazmanın elə bircə səhifəsini görən oxucu başa düşər ki, kiril əlifbası ilə yazılan və oxunmaz halda olan kağızlara baxanda çaşıb qalmaq daha təbii duyğudu... İkicə-üçcə sözünü oxuya bildiyim əlyazmadan nə isə anlayacağıma heç cür inanmırdım. Məncə buna heç Mövlud müəllim özü də inanmırdı... Həm də qarışıq kağızlardan əsərin əvvəlini, ardıcıllığı tapmaq da müşkül məsələydi. Eləcə bir neçə gün qaldı əlyazma, deyəsən bir-iki həftəlik yadımdan da çıxdı. Həm də özümü böyük sual qarşısında, məsuliyyət altında hiss edirdim. Əlyazmanı ən etibarlı yerdə saxlasam da, ara-sıra birdən it-bata düşər deyə tez-tez yoxlayırdım bu saralmış kağızları. Yoxlayırdım ey, lap belə səliqə-sahmanla saxlayırdım da, intəhası oxuya bilmirdim, yaxın düşə bilmirdim mətnə...

...Hər dəfə cəhdlərim bir nəticə verməyəndə başa düşürdüm ki, bunu yalnız yazıçı özü oxuya bilər. Ancaq "gözlərim mənimlə dostluq eləmir" deyən Mövlud müəllimin bunu köçürə bilməsi də inandırıcı deyildi. Ona görə çox düşünüb bir yol  tapdım. Anladım ki, əlimdəki əlyazmanın açarı birinci "Dəyirman"dadır, əsəri mətnşünas kimi oxumalı və yazıçının üslubunu, qəhrəmanlarının adlarını, taleyini, başına gələnləri, dedikləri sözləri əzbərləməliyəm. Yalnız belə olduğu halda əsərin ardını o saralmış kağızlardan (bəzi hissələri əldə ovulurdu da!) "görə" bilərəm... Bir neçə ay çək-çevirdən sonra nəhayət yazının açarını - əvvəlini, ortasını, axırını tapdım və söz-söz köçürməyə başladım. Qəribədi bu əlyazma yalnız gün işığında oxunurdu. Səhər açılan kimi vərəqləri götürüb həyətə çıxır və günün altında oxumağa, köçürməyə cəhd edirdim. Alınanda, inanmırdım gözümə... Hansısa suallarıma cavab tapanda sevinirdim, qayıdıb əsərin əvvəlindən oxumağa başlayırdım. Əsas sual bu idi ki, "əsəri yumşalt" tövsiyyəsinə görə necə davam edəcəkdi hadisələr və niyə yazılandan sonra "əsəri gizlət" - deyilib?! Elə ilk cümlədən aydın olur; əgər birinci "Dəyirman" tozanaqla, hər yerə dolan toz-torpaqla başlayırsa, əsərin ardında yazıçı şəhəri günəşin şəfəqləri ilə işıqlandırır. Hətta evlənəcəyini ya evlənməyəcəyini dəqiq bilməyən gəncləri də xoşbəxtlik, dinclik içində göstərir, binalardan insanlara kimi hər şeyi, hər kəsi böyük bir iş daxilində, iş görən yerdə təsvir edir... Bu ilk təsvirlərdən adamı vahimə də basır, vallah. Bu nə nikbinlikdi axı?!  Düzünü deyirəm, təzə ayaq açmağa başlayan körpələr təkin "dar-dar" deyib mətn içində irəlilədikcə və gün işığından göz qamaşdıran cümlələri oxuduqca yaman qorxuya düşürdüm. Vay, birdən hardasa rejimin tərifini, ya da elə sadəcə cəmiyyətin necə "xoşbəxt" olduğunu oxusam, sehrini itirməzmi sevdiyim əsər?! Sənətin yox vaxtında, bu mənə lazımdı?! Amma "əsəri gizlət" məsləhətini də öncədən bilməyim toxtaxlıq verirdi...

... İlk "Dəyirman"ı oxuyanda keçirdiyim duyğular və ortaya çıxan suallar əsərin ardında öz məntiqi davamını tapdı sanki... Hər şeydən əvvəl onu deyim ki, zaman keçdikcə ilk Dəyirmana qənim kəsilənləri əndişələndirən nə imiş, bunu anlamaq sadələşir. Məsələ mühiti sadəcə tünd boyalarla təsvirdə, yaxud bir çox ədəbiyyatşünas təhlillərin təkrar-təkrar dediyi kimi - alkoqolizmə qurşanmış kənd əhlində deyil. Əslində zaman keçdikcə, bərəkət yeri olan Dəyirmanın harınlıq yuvasına çevrilməsi də, kişilərin içməsi, qadınların ağzını elə hey qarğışla açması da ayrı cür qavranır. Bəli, əsər hər hansı birbaşa təsvir, tənqid, ifşa olmadan Sovet reallığını, özü də acı gerçəkliyi iri plana çəkib. Kişilər alkoqolizmə qurşandıqları və ət yeməyi sevdikləri üçün dadanmayıblar Dəyirmana... Məgər Kefli İskəndər alkoqolizmdənmi əziyyət çəkirdi?! Əlbəttə mən Mövlud Süleymanlının Dəyirman əhlinin hamısını Mirzə Cəlilin həqiqət aşiqi Kefli İskəndəri ilə müqayisə etmək niyyətində deyiləm... Burda gəlib yekə qarnını bir az da yekələndirən Yoğun kişi, dava vaxtı bir ovuc unu bir ovuc qızıla dəyişən Dəyirmançı, arvadını, balasını pul qazanmaqdan, müştəri cəlb etməkdən ötrü ortaya atan Göyçək kababçı, yaxud hər şeyin satıldığına əmin olan Qızıl oğlanlar elə Kefli İskəndərin "Tfu sizin üzünüzə" deyib hədəfə aldığı məxluqlardı... Ancaq Dəyirmana, ordakı ab-havaya bütöv baxanda; insanların yaşamaq üçün səbəb, sevinmək, özünü insan hesab etmək üçün tutalqaç tapmadığını görəndə sanki elə bütün zamanın Kefli İskəndər vaxtı olduğu təəssüratı yaranır... Və bu zamanın ən dəhşətli tərəfi odur ki, insanı yalnız hakimiyyət xoşbəxt və güclü edə bilir. Elə başlanğıcdan "İki çobanın iki kolxoz sədrinə bərabər olmadığını" müzakirə edən qəhrəmanlar bərabərsizliyi ifadə edirlər. Rəqəmlər, yazılmış və yazılmamış qanunlar heçdir; pulu, vəzifəsi, hakimiyyəti olanlar özlərini güclü sayırlar. Bəlkə əslində özünü insan hesab edən də elə yalnız bunlardı. Ona görə Dəyirmançı heç kimə gücü çatmasa da, heç olmasa bıçağı-bıçağa çəkib toğluları qorxudur, ona görə burnundakı ləkədən xəbərsiz bədbəxtlər başqasını yamanlayıb xoşbəxt hiss edirlər özlərin... Başlar da qaynar qazanda bişdikcə dişlərin ona görə ağardırlar, ona görə gülürlər ki, daha əzaba, işgəncəyə dözmək üçün ayrı yol da qalmayıb. Yazıçı bunları deməyə çalışıb. Unnuqdan arxa kimi hər yer murdarlıq, qan, kir, çirkab içindədi və kiçik detallarla ifadə edilmiş bu dözülməz durumda yeganə yol elə Kefli İskəndərin yoludur.

Və anladığım budur ki, cəmiyyətin xoşbəxtliyi Kişilərin gücündən asılıdır. Kişilərin özgüvənli, güclü, iradəli, vicdanlı, bacarıqlı olmadığı yerdə Qadının rahatlığı, xoşbəxtliyi əlçatan deyil. Ona görə də Dəyirmanın (deməli həmin mühitin!) bütün Qadınları həyatdan, ruzigardan şikayətçidilər, heç kəs məmnun deyil yaşayışından. Ən bacarıqlısı elə Ayatın anasıdır ki, başını götürüb qaçıb. Və əsərin ardı elə Ayatın anasının haqqındadır...     

Əsər və onun ardı haqqında çox danışa bilərəm, amma nə ehtiyac?! Elə Mövlud müəllim də artıq köçürülmüş və çapa hazırlanan variantı dəyişmək, düzəltmək, redaktə etmək istəyəndə etirazımı bildirirdim... Necə yazılıbsa o cür qalmalı, oxucuya elə də təqdim olunmalıdı, məncə. Axı "Dəyirman" özü ayrıca bir varlıq kimi, adam kimi, öz taleyini yaşayıb və elə keşməkeşli ömür sürən müdrik bir ağsaqqal kimi ədəbiyyat tariximizdə öz yerini tutub. İndən sonra onun nə bir mətn, nə də elə müdrik ağsaqqal kimi mükəmməl olmaq borcu var...

Əsər ilk dəfə "Qobustan" Sənət Toplusunun 2021-ci il Payız sayında işıq üzü gördü. Yazıçının yubileyi ərəfəsində "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu hər iki "Dəyirman"ı bir kitabda çap edib oxucuların ixtiyarına buraxmaq təşəbbüsü irəli sürəndə sevindim. Kitabın təbliğatı üçün böyük işlərə imza atan "Qanun"çuların gerçək sənət naminə gördüyü daha bir nəcib iş alqışalayiqdir. Əminəm ki, bu dilogiya ədəbiyyat tariximizdə yeni bir ab-havada, təzə bir baxışla öz yerini tutacaq və ədəbi tənqidçilərin, ədəbiyyatşünasların diqqətini cəlb edəcək.  

 

 





08.05.2023    çap et  çap et