525.Az

İllüziya, yoxsa gerçək? - Türkan Turan yazır


 

İllüziya, yoxsa gerçək? - <b style="color:red"> Türkan Turan yazır</b>

Yaşamaq həm də yanlışlardan ibarətdir. Heç nə və heç kim göründüyü kimi deyil. Doğulandan bəri həyat bunu bizə öyrətməyə çalışır, ancaq buna tam nail ola bilmir. Bilməz də! Çünki içində insan olan hər şey qarmaqarışıqdır. Təbii ki, bu qarışıqlığı yaradan da bizlərik, məruz qalan da. Məsələn, bir uşaq əlini yanan sobaya toxundurur, yandıqdan sonra bir də yaxınına getmir. Ertəsi gün başqa bir hadisə baş verir, uşaq yenə zərər görür, yenə uzaq durur.

Guya, böyüyəndə vəziyyət dəyişir? Yox! Yetkin olduğumuz halda dümdüz yolda neçə dəfə büdrəmişik? Yüz yol qırılıb min parça olmağımıza rəğmən, "o hamıdan fərqlidir" dediyimiz insanların uçurumlarından yerə düşərək azmı darmadağın olmuşuq? Güvəndiyimiz dağlara yağan qarın altında neçə dəfə qalmışıq? İşığına sığındıqlarımızın zülmətində yönümüzü, yolumuzu nə qədər itirmişik? Yüksəklik kimi gördüklərimizin bir çuxurdan ibarət olduğuna neçə dəfə şahid olmuşuq? "Dərindir" dediklərimizin qapqara bir dəlik olduğu ilə neçə dəfə üzləşmişik? Çox, lap çox! Ölənə qədər davam edəcək bu mənasız proses. Hətta öldükdən sonra da bitməyəcək, təbii ki, bir müddət. Sonra öldüyümüz də unudulacaq və hər şey bitəcək!

Bütün bunların bir adı var: heç nə göründüyü kimi deyil, hər şey mümkündür. Kim olursan ol, vəzifən, mövqen, seçimin, dayandığın pillə nə olur-olsun, bu həyatda yanılmamaq şansın yoxdur. Amin Maalofun dediyi kimi, "heç nəyə təəccüblənmə, həqiqətin də, insanların da iki üzü var".

Foto illüziyalar da belədir - insanları yanıltmağın, onları çaş-baş salmağın, olanın əslində olduğuna inandığın kimi olmadığını göstərən ən yaradıcı yoludur. Bu günün insanının az qala, əzbərinə çevrilən bir sözü var: kameralara yansıyan görüntülər yalan söyləməz. Əslində bu qədər əminlik düşünən beyində şübhə yaratmalıdır. Axı, heç nə göründüyü kimi deyil.

Bir neçə gün əvvəl üz tutduğum İllüziya muzeyindəki müşahidələrim bütün düşüncələrimi silkələdi. Muzey sənə əyləncəli anlar bəxş edir, ancaq fikirləşdirməyi də unutmur. Bu günə qədər doğru bildiklərinin yalan olduğunu, əminlik duyduqlarının yanlışlığını yaşadaraq sənə göstərir. Muzeyin hər bölümü düşüncələrimizin necə qüsurlu və dünyaya baxışımızda nə qədər əskiklər olduğunu xatırladır bizə.

 

Şübhələr, tərəddüdlər...

 

İllüziya muzeyi daha çox uşaqların üz tutduğu yerdir. Lakin uşaqlar qədər böyüklərin də qeyri-adi, sonrasını təxmin edə bilmədiyi, təəccübləndirən məqamlara ehtiyacları var.

Bu ehtiyaclardan yola çıxaraq, 2015-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə ilk İlluziya muzeyi açıldı və böyüklü-kiçikli hər yaş kateqoriyasının marağına səbəb oldu. Ardınca Nyu-York, Berlin, Atina kimi iri şəhərlərdə İlluziya muzeylərinin əsası qoyuldu. 2019-cu ildə isə sayca on altıncı olan bu muzeyə qapılarını açan şəhər İstanbul oldu. Özü də bir yox, iki muzey quruldu burada. Açıldığı gündən bəri populyarlığını qoruyan, sosial şəbəkələrdə gündəmdən düşməyən bir yerə çevrildi. Mən də sosial şəbəkədə görərək getdim. Halbuki İstiqlal caddəsində yerləşən bu maraqlı yerin önündən bəlkə də, yüz dəfə keçmişəm, varlığından xəbərim belə olmayıb.

Sanki yuxularınıza səyahət edirmiş kimi bir təəssürat yaradan İstanbul İllüziya muzeyində görüklərinizə inanmayacaqsınız. Bəzən ayaqlarınızla başınız yer dəyişəcək və dünyanı eləcə seyr edəcəksiniz. Bəzən bir qumar masası arxasında əksinizlə kart oynayacaqsınız. Ətrafda beş-altı cüt gözün üzərinizdə olduğunu görəcəksiniz. Hamısı da öz gözünüz olacaq. Bəzən böyük bir stulun üstündə ovuc içinə sığacaq qədər kiçik görünəcəksiniz, hərəkət edən silindir üzərində yox olacaqsınız. Hər şeyə şübhə başlayacaq. Nəyin doğru, nəyin yanlış olduğunu sorğulayarkən yaxalayacaqsınız özünüzü.

 

Vortex tuneli

 

Muzeyin ən diqqətçəkən qismi Vortex tunelidir. Sabit dayandığını zənn edirsən və bir anda ayaqlarının yerdən kəsildiyini və dünyanın fırlandığını görürsən. Dümdüz və hərəkətsiz dayandığın halda ətrafdakı hər şeyin necə fırlandığını düşünürsən...

Əslində heç nə fırlanmır, heç tərpənmir də, fəqət, silindir halında tunel sizi çalxalayır. Ziyarətçi tunelə addımını atar- atmaz ətrafdakı hər şey yatmış vulkan kimi birdən canlanır, bütün tarazlıq pozulur. Dünya sanki başına yıxılır. Təbii ki, insan belə zənn edir. O an düşünürsən ki, əslində realda da belədir. Hər şeyin qaydasında olduğunu sanır, hər şeyin sabit olduğunu düşünürük, bir də baxırıq ki, əmin olduğumuz hər şey başımıza uçub.

 

Rubinin vazası

 

Daha əvvəl Rubinin vazası sözü eşitmişdiniz? Bilməyənlər üçün qısa məlumat yerində olar. Rubinin vazası 1915-ci ildə danimarkalı psixoloq Edgar Rubinin psixologiya elminə gətirdiyi yeniliklərdən biridir. İki yönlü, qarmaqarışıq quruluşa malik bu vazalara baxanda bəzi insanların üzü, bəzilərinin isə bədəni görünür. Hətta fərqli şəkillər gördüyünü iddia edənlər də var. Rubinin vazası da həyatlarımızı canlandırır gözümüzün önündə. Çünki istədiyimiz yöndən baxır, gördüyümüzün doğru olduğunu sanırıq. Halbuki başqa yöndən baxsaq tamamilə fərqli mənzərə ilə qarşılaşarıq.

 

Sonsuzluq otağı

 

Bu otağa addım atanda sanki dünya ilə əlaqən kəsilir. İlk baxışda Alisanın "Möcüzələr ölkəsi"ni canlandırır insanın beynində. Adından da göründüyü kimi, burada heç bir şeyin sonu yoxdur. Bütün divarlar aynalarla əhatələnən sonsuzluq otağı insanı girdabın içinə salır. Ətrafda sən varsan, sənin içində bir sən daha, beş, on, on beş, otuz, qırx və daha artıq sənlə əhatələnir ətrafın. O an ağlına bu gəlir - eynilik dəhşətli qavramdır. Bir-birinin eynisi olan günlər, bir-birinin eynisi olan yerlər, bir-birinin eynisi olan üzlər, bir-birinin eynisi olan düşüncələr və daha da dəhşətlisi bir-birinin eynisi olan beyinlər gəlir ağlına. Eynilik insanın tükənməsinin, yox olmasının ən asan yoludur. Yeni dünya isə eyniliyi büsbütün rədd edir. Ona görə, bu qədər qopuqluqlar, ayrılıqlar, qırılmalar, uzaqlaşmalar və dözümsüzlük var.

 

Klon masa

 

Müasir dövr insanının demək olar ki, bütün günü iclasdan tədbirə, toya, ziyafətə, bağçaya, məktəbə, marketə, bazara yetişməyə çalışmaqla keçir. Çox yorulur və bəzən ağlından keçirir ki, kaş məndən bir dənə də olsaydı... Klon masa bu xəyalı canlandıran yerdir. Özü də sizdən bir yox, beş nəfər olur. Altmış dərəcəlik görüntü ilə yerləşdirilən aynaların yaratdığı dairəvi nəticəni ortaya çıxardan mənzərə insana həm xoş, həm də qəribə təsir bağışlayır. Muzeyin ən bəyəndiyim bölümü oldu bura. Özünlə üz-üzə oturmaq, kim olduğunu, nə olduğunu, hardan gəlib hara getdiyini, əslində vədəsi dolan kimi qeybə çəkiləcəyin bir heçdən ibarət olduğunu gətirir ağlına.

 

Ames otağı

 

Sevincliykən özümüzü dünyaya sığmayacaq qədər böyük, üzgünkən qum dənəsi qədər kiçik görürük. Ames otağı bu görüntünü əks etdirən yerdir. Otağın bir küncündə nəhəng, digər küncündə isə balaca görünürsünüz. İlk baxışda standart təsir bağışlayan bölüm insanı dərin düşünməyə sövq edir. Həqiqətən də belədir, bəzən alçalmaqla yüksəlmək arasındakı məsafə cəmi bir addım olur.

 

Başayaq otaq

 

Başayaq otaq həyata olan baxışımızı sorğulayır. Otağın içərisində sabit şəkildə oturmağına rəğmən səni 90 dərəcəlik bir yönlə başayaq edir. Tavandan asılan divan, masa, gül qabları, döşəkcələr otağın adını tamamlayan əsas dizayndır.

 

Biuşat stolu

 

Bu otaqda oturacaq yoxdur. Sadəcə taxta dirək və küncü olan kişik bir oturacaqdır. Buna rəğmən otaqda bir oturacaq varmış kimi bir qavram yaranır və fərqli bir mənzərə çıxır ortaya. Var sandıqlarımızın əslində yekə bir yoxdan ibarət olduğunu üzümüzə vurur.

 

Kaleydoskop

 

Kaleydosop sosial şəbəkədə tez-tez gördüyümüz filtrləri xatırladan bir bölümdür. Çiçək durbini adı da verilən kaleydoskopdan baxanda sizə bənzəyən saysız surətlərinizlə qarşılaşırsınız. Bir-birinə fərqli formada yaxınlaşan aynalar sayəsində bu görüntü əldə edilir.

 

Boşqabdakı baş

 

Bu otaq muzeyin ən təəccübləndirən bölümlərdən biridir. Təsəvvür edin, bədənin gizləndiyi masada sanki boşqab içində başınız süfrəyə verilir.

Yeri gəlmişkən, qeyd edim ki, muzeyi gəzəndə texnologiyanın inkişafının haralara gəldiyini, nələrə qadir olduğunu düşündüm. Məsələn, bu muzey telefonsuz çox da maraqlı bir yer olmaz. Bəzi bölümlər var ki, mənasını telefonla çəkdiyin şəkillərə baxaraq anlayırsan. Hətta məndə belə bir təəssürat yarandı ki, əgər şəkil çəkən telefonlar olmasaydı, belə bir muzey əsla yaradılmazdı.

Düşünməyi və həqiqətlə üzləşməyi sevənlər yolunu İlluziya muzeyindən salsın!

 

 

 

 





08.05.2023    çap et  çap et