525.Az

Tariximizdə izləri qalan iki Miller


 

VƏ YA LƏNKƏRANLILARIN YADDAŞINDAN BOY GÖSTƏRƏN XATİRƏLƏR

Tariximizdə izləri qalan iki Miller<b style="color:red"></b>

2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetinin dosenti, Prezident təqaüdçüsü Mirhaşım Talışlı ilə birgə yazdığımız "Lənkəran: ensiklopedik məlumat" kitabı çapdan çıxandan sonra şərqşünas-alim, professor Boris Vsevolodoviç Millerin nəvəsi, 95 yaşlı Natalya Mixaylovna Somikdən məktub aldıq. Onu bizə yaxın yaradıcılıq əlaqəsi saxladığım Belarus Dövlət Universitetinin tarix müəllimi İqbal Əbilov yönəltmişdi. Nəvəsi babasını yada saldığımıza görə minnətdarlığını bildirir və görkəmli alimlə bağlı məktuba əlavələr etməklə, həm də irad və tövsiyələrini verirdi. Burada professor Boris Vsevolodoviç Millerlə bağlı bizə məlum olmayan əlavə faktlar vardı. Əlyazmaları vərəqlədikcə, yaşlı nəslin nümayəndələrini dinlədikcə Boris Vsevolodoviç Millerlə bağlı müxtəlif fikirlər olduğunu görürük. Bunu professor Millerin nəvəsinin həmyerlimiz alim-tədqiqatçı İqbal Əbilovla birgə qələmə aldıqları qeydlərindən də aydın görmək olur. Odur ki, vaxtilə yazdıqlarımıza yenidən nəzər salmağı lazım bildik.

lll

Faktlar göstərir ki, Miller familiyalı bu iki şəxs çox vaxt səhv salınır. Təsadüfi deyil ki, B.V.Millerin nəvəsi Natalya Mixaylovna Somik və həmyerlimiz İqbal Əbilov da məktublarında bu faktı qeyd edirlər.

Uzun illər Lənkəranda Veravul kənd məktəbinin direktoru işləmiş Şahrza Abdullayevin məlumatına görə, qvardiya polkovniki Robert Karloviç Miller hərbidə xidmətdən sonra mülkiyyətçi-sahibkar olub, Veravulda iri mülkiyyət sahəsi varmış. Boris Vsevolodoviç Miller isə dilçi-alim, bu sahə üzrə professor idi. Robert Karloviçin bu kənddə yaşaması təsadüfi deyildi. Kənd vaxtilə xan-bəy tayfalarının bağ yeri, istirahət guşəsi olmuşdu. Görünür, kəndin füsunkar təbiəti tədqiqatçı-alim Boris Millerin də diqqətini cəlb etmiş, qohumu Robert Karloviç Millerin köməyindən istifadə etməklə yerli sakinlərlə qaynayıb-qarışmışdı.

Şair Ağamir Cavadın bizə təqdim etdiyi Tbilisi Məhkəmə Palatasının 9 noyabr 1883-cü il tarixli arayışda Lənkəranın Veravul kəndində olan bağ sahələri haqqında məlumat verilir. Arayışda göstərilir ki, qvardiya polkovniki Robert Karloviç Miller, qvardiya polkovniki Miri bəy Talışxanov, kapitan Mirəli bəy, Fatmabəyim xanım, Tutu xanım Talışinskaya, general-mayor Mirzə İbrahim bəy (Yaranal xan), ştab rotmistr Mirəli Qulu bəy, Mirhəsən bəy, Mirəsgər xan Talışinski, Ağabacı xanım Kələntərova, Rəhim bəy, Həsən bəy, Hüseyn bəy Kələntərovlar və başqalarının kənddə iri torpaq sahələri olub.

Ağamir Cavad, vaxtilə nənəsi Mirşərəf xanımdan eşitdiyinə əsasən deyir ki, Robert Millerin torpaq sahəsi babamız Miri bəy Fərəculla bəy oğlu Talışxanovun mülkünə yaxın imiş. Həyətində müxtəlif növ meyvə ağacları, o cümlədən, tərəvəz, üzüm yetişdirir və mal-qara saxlayırmış.

Məktəb direktoru Sabir İbrahimov Robert Karloviç Millerin qonşuluğunda yaşayırdı. Deyərdi ki, Robert Karloviç Miller bağında işləyənlərə qayğı ilə yanaşardı, imkansız ailələrə bağının məhsulundan pay ayırar, kənd sakinlərə mənəvi dəstək olardı.

R.K.Millerin Veravul kəndində kərpic kürəsinin olduğundan da danışırlar. O, üstündə "M.R." sözləri həkk edilmiş kirəmid istehsal etmiş və yaşayış evini kürədəki qırmızı kərpicləri ilə tikdirmişdi.

lll

Boris Vsevolodoviç Miller 12 noyabr 1877-ci ildə Moskva şəhərində tarixçi, etnoqraf və dilçi Vsevolod Fyodoroviç Millerin (1848-1913) ailəsində anadan olub, Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Talış dilinin mənşəyini, folklorunu və mədəniyyətini öyrənmək məqsədilə 1902-1925-ci ilədək müxtəlif vaxtlarda Lənkəranda olub.

B.V. Millerin Lənkəranda və ətraf rayonlarda apardığı tədqiqat və elmi axtarışlar əsasında bir neçə kitabı işıq üzü görüb. Onların arasında rusca "Talış mətnləri" (1930), "Talış dili" (1953) kitabları vardır. Maraqlıdır ki, birinci kitabın axırına "talışca-rusca-fransızca" lüğət əlavə olunub. B.Miller 1939-cu ildə elmlər doktoru, daha sonra professor elmi adına layiq görülüb. O, ilk dəfə Lənkərana 9 iyul 1902-ci ildə həmkarı A.M. Zavadski ilə gəlib. Lənkərana növbəti gəlişi 10 avqust 1925-ci ilə təsadüf edir. Həmin il sentyabrın 10-dək Lənkəranda olub. 1928-ci ildə anası, arvadı və kiçik qardaşının vəfatından sonra Lənkərana növbəti səfərini təxirə salıb.

İqbal Əbilovun tapdığı arxiv sənədlərinə görə, B.V.Millerin 1949-cu il dekabrın 28-də tərtib etdiyi anketdə o, fransız, alman, ingilis, fars, tacik dillərini bildiyini qeyd edir. Lənkəranlı ziyalılar onun talışca danışdığını da bildiriblər.

Boris Miller 6 avqust 1956-cı ildə Moskvada vəfat edib.

Əsərlərindən və tədqiqatçıların yazdıqlarından görünür ki, B.V.Miller elmi işi ilə əlaqədar Azərbaycanın müxtəlif regionlarında da olmuş, bu yerlərin adət-ənənələri ilə maraqlanmışdı. Tələbəsi Liya Aleksandrovna Pireyko Lənkəranda olarkən deyərmiş ki, elmi rəhbəri B.V.Miller cənub bölgəsinin adət-ənənələrinin vurğunu, bu yerin təbiətinə, qonaqpərvər adamlarına bağlı insan idi.

Liya Pireyko talış dilini öyrənmək məqsədilə ötən əsrin 60-cı illərin əvvəllərində cənub bölgəsinə gəlib. Təqaüddə olan gömrük xidməti polkovniki İdris Cəfərov bildirir ki, L.Pireyko Şahağacı kəndində Fərzi adında bir kişi ilə nikaha girmiş, daha sonra onlar 5 il Moskvada yaşamışlar. L.Pireyko ilə gələn xanım da Astarada ərdə olub.

L.A. Pireyko ərinin bələdçiliyi ilə kəndləri gəzmiş, 1976-cı ildə onun "Talışca-rusca lüğət" kitabı nəşr olunmuşdu.

lll

Dilçi-alim, professor Boris Vsevolodoviç Miller Lənkəran ziyalıları, xüsusilə "Fövcül-füsəha" ədəbi məclisinin üzvləri ilə də məktublaşmışdı. Lənkərana gəlməmişdən əvvəl B.V.Millerin yerli ziyalılardan şair Mirzə Əziz Əliyevlə tanışlığı varmış. Sonralar Mirzə Əzizin oğlu görkəmli maarif xadimi Mirzə Ağəli Əliyev bu ünsiyyəti davam etdirmişdi.

B.Miller 1925-ci ildə növbəti dəfə Lənkərana gələrkən Mirzə Ağəli Əliyevin evində qonaq olmuşdu. M.A.Əliyev Millerdən Lənkəran Xalq Muzeyinin zənginləşdirilməsi və Moskva muzeyləri ilə əlaqə saxlanması ilə əlaqədar kömək istəmişdi. Doğrudan da Lənkəranda Xalq muzeyinin açılmasında və fəaliyyətinin genisləndirilməsində B.V.Millerin mühüm xidmətləri olub. Muzey açıldıqdan sonra M.A.Əliyev 1934-cü il sentyabrın 27-də Moskvadan - RSFSR Xalq Komissarları Sovetinin muzeylər şöbəsindən bir məktub almışdı. Məktubda "professor B.Miller vasitəsilə bizə məlum oldu ki, sizin muzey müəyyən eksponatlar əldə etmək üçün mərkəzi muzeylərlə əlaqə yaratmaq istəyir... Muzeyə hər cür kömək göstəriləcəkdir" sözlərinə yer verilmişdi.

Boris Miller kənddə və ətraf yaşayış məntəqələrində keçirilən tədbirlərdən də boyun qaçırmazmış. Veravul məktəbinin yetirməsi İdris Cəfərov qocaman müəllimlərindən tədqiqatçı, dilçi-alim B.V.Miller haqqında eşitdiklərindən maraqla danışaraq deyir ki, işdən sonra axşamlar bir-birlərinə qonaq gələnlər (buna talışca "şəvnışt" deyilərdi) ev sahibləri tərəfindən şor armuda, şor əzgilə, heyvaya və digər meyvələrə qonaq edilirdi. Elə süfrə arxasındaca nağılçılar söhbətə başlar, olub-keçənlərdən söz açılar, ağsaqqalların söhbətləri dinlənilərdi. Qərib diyardan gəlmiş Boris Miller hər evin əziz qonağı sayılardı. O da heç kəsin dəvətini yerə salmaz, eşitdiklərini səliqə ilə qeyd edərdi.

lll

Bir qədər də qvardiya polkovniki Robert Karloviç Miller haqqında.

Allahverdi Səmədovun məlumatına görə, 1924-cü ildə Veravulçaya bərk sel gəlir, təsadüfən qvardiya polkovniki Robert Millerin oğlu çayda batır. Oğlunun faciəsinə dözməyən ata elə həmin il öz vətəninə qayıdır.

R.Miller kənddən köçəndən sonra evində ibtidai məktəb təşkil edilib. Salman müəllim yuxarıbaş məhəlləsində yerləşən bu məktəbdə dərs deyərdi.

Qırmızı kərpicli həmin bina Veravulçayın kənarında, indiki kənd 1 saylı orta məktəbi ilə üzbəüz yerləşirdi. Məktəb üçün 1927-ci ildə R.K.Millerin malikanəsi yerində yeni binanın tikintisinə başlanmış və 1930-cu ildə istifadəyə verilmişdi. İndiki Veravul 1 saylı orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun sayəsində tikilib. Millerin evinin qalıqları isə bu günədək yerindədir, sahibsiz qalmış həyətə heç kəs köçməyib.

P.S. 2015-ci ildə nəvəsi Natalya Mixaylovna Somikdən və həmyerlimiz İqbal Əbilovdan aldığımız şəkli "525-ci qəzet"in oxucularına təqdim edirik. 30 mart 1955-ci ildə çəkilmiş bu şəkildə B.V.Millerlə qızı Yekaterina əks olunub. Dilçi-alimin redaksiyaya təqdim etdiyim portreti isə 20 may 1911-ci ildə Albaniyada çəkilib.

 





08.05.2023    çap et  çap et