Əslən Qərbi Azərbaycandan olan el şairi Həsən Küskün 1948-ci ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya olunaraq, Ağcabədiyə pənah gətirən soydaşlarımızdandır. O, burada yaşayıb, fəaliyyət göstərib, şeir yaradıcılığı ilə məşğul olub. Mətbuatda dərc olunmasa da, şeirləri ağızlarda dolaşan, dillər əzbəri olan qələm sahibi adıçəkilən bölgə əhalisi arasında sayılıb-seçilib, geniş şöhrət qazanıb. Necə deyərlər, sözün həqiqi mənasında, xalqın əsl şairinə çevirilib.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Qarabağ Bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Həsən Küskünün yaradıcılığına həsr olunmuş tədbir keçirilib. YAP Ağcabədi rayon təşkilatının inzibati binasında baş tutan tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi günlərinə təsadüf edib.
Yığıncaqda alimlər, şair və yazıçılar, mədəniyyət, təhsil işçiləri, Qarabağ qazisi və şəhid ailəsinin üzvləri, ziyalılar, tələbələr, şagirdlər, şairin doğmaları, media mənsubları iştirak ediblər.

Öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Əlizadə Nəcəfov el şairi Həsən Küskünün həyat və yaradıcılığı haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Natiq xalq arasında bu gün də böyük məhəbbətlə sevilən şairin şeirlərinin müstəqillik illərində toplanılaraq, "Bəxtəvərsən könlüm" və " Həsən Küskün köç eylədi dünyadan" adlı kitablarda işıq üzü gördüyünü vurğulayaraq, keçirilən tədbirin mühüm əhəmiyyət kəsb etdiyini, Həsən Küskün sevərlərin ürəyincə olduğunu bildirib.
Sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov, ADPU Ağcabədi filialının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif Allahverdiyev, tanınmış ziyalı Əli Bədəlov, Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədr müavini Taryel Əsədov, yazarlar, AYB üzvləri Zahid Avşar Eloğlu, İslam Kəbirli, Şirxan Aranlı, Eldar Qarqarçay, Adil Misirli, əməkdar müəllim Zəhra İbrahimova, şairin keçmiş iş yoldaşları Asif İsmayılov, Xanlar Qasımov və başqaları çıxış edərək Həsən Küskün poeziyası haqqında səmimi ürək sözlərini, xoş xatirələrini bölüşüb, onun xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar təkliflərini səsləndiriblər.
Sonda şairin qızı həkim Gülşən Hüseynova söz alaraq, tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü və minnətdarlığını bildirib.
ADPU Ağcabədi filialı tələbələrinin və Həsən Küskünün nəvələrinin təqdim etdikləri şeirlər, çıxışlar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Yığıncaq yüksək əhval-ruhiyyə və xoş ovqatla başa çatıb.
Yəhya Paşazadə
çap et