Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı, şəxsiyyəti, titanik fəaliyyəti və öz ölkəsi qarşısındakı misilsiz xidmətləri indiyə qədər çoxsaylı araşdırmaların, elmi-tədqiqat işlərinin, habelə bədii-publisistik və tarixi əsərlərin predmeti olub. Heydər Əliyev fenomeni bu əsərlərdə ən müxtəlif aspektlərdən qiymətləndirilib, onun müstəsna dəyərə malik tarixi rolu göstərilib. Bu günlərdə bu qəbildən olan növbəti kitab işıq üzü görüb. 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olmuş, Ümummilli liderin bilavasitə rəhbərliyi altında çalışmış ədəbiyyatşünas-alim və diplomat Vilayət Quliyevin "Böyük insan haqqında xatirələr" kitabı "TEAS Press" nəşriyyatında çapdan çıxıb.
V.Quliyevin "Heydər Əliyev İli"nə töhfəsi olan əsərdə müəllifin sıx təmasda olduğu dövlət başçısı ilə bağlı düşüncə, müşahidə, təəssürat və xatirələri öz əksini tapıb. Müəllif bu kitabında Heydər Əliyev fenomeninə ən müxtəlif rakurslardan baxmağa çalışır, bu böyük azərbaycanlını qeyri-adi nüfuza malik xarizmatik siyasi xadim, millətin rəhbəri və ağsaqqalı, iti zəkası və incə yumor hissi ilə seçilən sadə, səmimi və həssas insan, eyni zamanda hər bir səviyyədə neqativ hallara qarşı mübarizə aparan prinsipial, qətiyyətli və barışmaz dövlət adamı kimi səciyyələndirir, onu Azərbaycanın dünyada səsi və sözü olan görkəmli lider adlandırır.
Qeyd edək ki, "Böyük insan haqqında xatirələr" kitabı bir neçə gün öncə "Libraff" mağazalarında satışa çıxarılıb.
Ş.MÜŞFİQ
çap et