Bu günlərdə Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri (1993-1998), tarixçi alim, diplomat Həsən Həsənovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr" kitabı işıq üzü görüb.
Kitab Ümummilli lider Heydər Əliyevin çoxillik titanik fəaliyyətindən, onun məhz hansı keyfiyyətlərinə görə Azərbaycan Xalqının Ümummilli lideri mövqeyinə yüksəlməsindən bəhs edir. Qeyd olunur ki, sovet dövründə azərbaycanlı siyasətçilərin və ziyalıların iki tipi formalaşmışdı. Onlardan bəziləri Moskvanın iradəsinə tabe olaraq xalqın ruslaşdırılması və milli maraqların kommunist ideologiyasına tabe etdirilməsi siyasəti ilə razılaşırdı. Lakin azərbaycanlı siyasətçilərin və ziyalıların başqa bir tipi də var idi. Onlar mövcud vəziyyətlə əlaqədar sovet dövləti və kommunist partiyası strukturları ilə əməkdaşlıq etsələr də, öz qarşılarına xalqın maraqlarını müdafiə etmək, milli şüuru daha da inkişaf etdirmək və gücləndirmək kimi ali məqsədlər qoymuşdular. Bunu yalnız ikinci tipə mənsub siyasətçilər bacarırdı. Heydər Əliyev onların ən parlaq nümayəndəsi idi. Onilliklər boyu hakimiyyətdə olan bu dahi şəxsiyyət öz həyatını milli maraqlar uğrunda mübarizəyə həsr edib, Sovet İttifaqının beynəlmiləlçilik ideologiyasının sərt tələbləri çərçivəsində Azərbaycan xalqının milli şüurunun güclənməsinə nail olub. Bir neçə onillik ərzində yüksək dövlət vəzifələrində çalışan Heydər Əliyev bu fəaliyyəti sayəsində həm öz xalqı, həm də dünyanın aparıcı siyasi xadimləri arasında böyük nüfuz qazanıb.
"TEAS Press" nəşriyyatında çap edilən və "Heydər Əliyev İli"nə töhfə olan kitab bu günlərdə "Libraff" kitab mağazalarında satışa çıxarılıb.
ŞAHANƏ
çap et