Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə humanizm prinsipləri hər zaman öndə olub. Dövlət siyasətində humanizm prinsiplərinin əsasını qoyan, əfv ənənəsini yaradan Ümummilli lider Heydər Əliyev olub. Onun hakimiyyətə gəlişindən sonra, 1993-cü ildən başlayaraq əfv ənənəsi formalaşmağa başlayıb, humanist dəyərlərə söykənərək verdiyi sərəncamlarla minlərlə vətəndaş əfv edilib. Məhkumların cəzasının yüngülləşdirilməsi və ya cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb. 2001-ci ildə isə bu institut Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. 1995-2003-cü illər ərzində ümumilikdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Ümummilli liderin imzaladığı bu fərman və sərəncamlarla 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Azərbaycan dövlətinin humanist siyasətinin daha bir göstəricisi isə 1998-ci ildə ölkəmizdə ölüm hökmünün ləğvi olub. Azərbaycan Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin siyasətində bu ənənə davam etdirilir. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu istiqamətdə ardıcıl iş aparır, edilən bütün müraciətləri diqqətlə araşdıraraq, siyahılar hazırlayır və dövlət başçısına təqdim edir. Heydər Əliyevin 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilib, həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub.
Mayın 8-də Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ən böyük əfv aktına imza atdı. Bu əfv sərəncamı 801 məhkuma şamil edilib. Onlardan 463 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Sərəncamda cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inam ifadə olunub. Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunub. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir. Bununla yanaşı, sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib.
Onların arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer alıb, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilmişdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib.
Əfv sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.
Qeyd etdiyimiz kimi, bu sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün vurğulanmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli əfv sərəncamı 634 məhkuma şamil edilib. Ümumilikdə isə indiyə qədər 69 əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Əfv sərəncamını şərh edib. O, "525"ə açıqlamasında bu sərəncamı çox yüksək qiymətləndirdiklərini söyləyib: "Bu, olduqca təqdirəlayiq addımdır. Sərəncam ümumilikdə 801 nəfərə şamil edilib. Kifayət qədər geniş siyahıdır, neçə-neçə insanın öz ailələrinə qovuşması deməkdir. Onların arasında Gəncə hadisəsi zamanı həbs olunanlar, siyasətçi, jurnalist də var. Bizim təqdim etdiyimiz siyahıdan da əfvə düşənlər var. Məni həm də daha çox o sevindirir ki, xeyli sayda sadə insanımız həbsdən çıxaraq öz evinə gedəcək, ailələrinə qovuşacaqlar. Bu, çox böyük bir addımdır. Biz, ümumiyyətlə, bütün əfv sərəncamlarını alqışlayırıq. Əfv sərəncamı insanların azad olunması, öz evinə, ailəsinə qovuşması deməkdir. Eyni zamanda bu istiqamətdə fəaliyyətimiz davam etdirəcəyik".
N.Cəfəroğlu deyib ki, ömürlük azadlıqdan məhrum edilənlərlə bağlı da məsələyə baxmaq lazımdır: "Hər bir halda biz bu sərəncamı əlbəttə ki, yüksək qiymətləndiririk".
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib: "Azərbaycanda əfv ənənəsini yaradan məhz böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyev olub. Məhz Ulu öndərin hakimiyyəti dövründə ictimai təhlükə törətməyəcək qədər az cinayətlər törətmiş, yaxud əfv sərəncamının tələblərinə uyğun olan hüquq pozuntularına yol vermiş vətəndaşlarımızın kütləvi şəkildə əfv olunması vaxtaşırı həyata keçirilib. Bu gün bu, bir ənənə halını alıb. Ona görə də təsadüfi deyil ki, məhz Ulu öndərin anadan olmasının 100 illiyində ölkəmizdə bu vaxta qədər şamil edildiyi şəxslərin dairəsinə ən böyük əfv aktı imzalanıb. Sərəncamla çox sayda məhkumların azadlığa buraxılması, yaxud onların cəzalarının qismən azaldılması Ümummilli liderin ənənələrinin layiqli davamıdır. Şübhəsiz ki, hər əfv ailə üçün sevincdir. Bir vətəndaş üçün isə yeni bir başlanğıcdır. Bu səbəbdən də bəzən insanlara şans vermək lazımdır ki, onlar yol verdiyi səhvləri düzəltsinlər. Doğrudur, hüquqi baxımdan bu məsələnin izah olunması bir qədər çətin olsa da, amma cəmiyyət, vətəndaş və dövlət münasibətləri hüquqi məzmunla bərabər, həm də humanitar məzmun kəsb edir. Azərbaycan humanitar hüququn verdiyi bütün imkanlardan istifadə etməklə bu cür fərmanlarla vətəndaşların yeni həyata başlaması üçün imkanlar yaradır. Düşünürəm ki, bu ənənə Azərbaycan Prezidentinin hüquqa humanist yanaşması nəticəsində bundan sonra da davam edəcək".
çap et