525.Az

Bənzərsiz şəxsiyyət və Azərbaycan gəncliyinin əbədi nümunəsi - Aydın Tağıyev yazır


 

Bənzərsiz şəxsiyyət və Azərbaycan gəncliyinin əbədi nümunəsi - <b style="color:red">Aydın Tağıyev yazır</b>

Tarixə nəzər saldıqda görürük ki, dünya düzəni qurulanda, yeni müharibələr, inqilablar baş verdikdə, millətlərin azadlıq məqamı yetişəndə dövlətin ətrafında birləşmək arzulu insanlarda seçilmiş şəxsiyyətləri sanki günün günorta çağı əliçıraqla axtarıb tapmaq istəkləri olur. Bu cür fenomenal, dünyamiqyaslı şəxsiyyətlərdən biri də Ulu öndər Heydər Əliyev idi!

Bu gün həm siyasi arenada, həm də sosial həyatda, hətta fikrində mənəvi Azərbaycanı anlayan, nəbzi bu millətlə döyünən hər kəs Ulu öndəri sonsuz sayğı və hörmətlə anır. Ulu öndər Heydər Əliyev haqqında böyük məmnuniyyətlə qələmə aldığım bu kiçik yazımda əminliklə deyə bilərəm ki, onun haqqında nə yazsam, az olar. Bu deyilən meyarın mənbəyi, Heydər Əliyevin şəxsiyyəti, vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və dönməz fədakarlığı ilə səciyyələnir.

Şərəfli ömür yolu...

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş və Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, İkinci Dünya müharibəsi başlandığına görə təhsilini başa çatdıra bilməmişdir. Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilmişdir. 

1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilmiş və 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilmişdi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrki rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.

Mən fəxr edirəm ki, azərbaycanlıyam və ya xalqa bağışlanan ömür...

1993-cü ildə Azərbaycan ayaq üstə idi, həmin vaxt hakimiyyət davası, dərəbəylik o dərəcədə idi ki, torpaqlarımızın işğalı hakimiyyətdə olanları narahat da etmirdi.

Xalqımızın tarixinin taleyüklü hadisələrlə zəngin, dilemmalarla üz-üzə qaldığı çox məsuliyyətli hadisələrin baş verdiyi dövrü bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində cənab Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ağır sınaqlarından uğurla çıxarmış, ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsdir.

Bu cür halda millətimiz ayağa qalxdı, bu oyanışdan sanki insanlar silkələndi, özünə gəldi. İnsanlar mütərəqqi gücün yalnız cənab Heydər Əliyevdə olduğunu gözəl dərk edirdi. Həmin andan  xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq, tarix səhnəsindən silinmək təhlükəsindən xilas etdi. Vilhelm Diltey dediyi kimi, “Dövlətimiz cansız, ruhsuz, başsız, dağıdıcı düşüncələrdən xilas oldu!”

Ulu öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti olmuşdur. Bütün bu xüsusiyyətlə dahi şəxsiyyət gənclərə örnəkdir və biz onunla fəxr edirik!

Heydər Əliyev hansı vəzifədə işləməsindən, hansı şəraitdə olmasından asılı olmayaraq, ona münasibətin vahid ünvanı və məzmunu ümumxalq məhəbbəti olmuşdur.

O, 1969-cu ildə hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında geniş vüsət alan dəyişikliklərə təkan vermiş, qısa müddət ərzində bütün istiqamətlərdə naliyyətlər əldə olunmuş, milli-mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm addımlar atmışdır. Sovetlər dönəmindən başlamış Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca istiqaməti məhz milli özünüdərkin güclənməsinə şərait yaradan sürətli inkişaf strategiyası təşkil etmişdir.

Beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu, suveren Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi kimi vacib məsələlərin həlli şəxsən Ümummilli lider Heydər Əliyevin xidmətləridir.

İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərar qəbul etmə qabiliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır, sevilir, öyrənilir və daima tədqiq edilir. Heydər Əliyev ideyalarının gerçəkləşməsinin parlaq təcəssümü müstəqil Azərbaycan Respublikasıdır. Dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası azərbaycançılıq məfkurəsinin şüurlara hakim kəsilməsi, milli-mənəvi dəyərlərimizin dövlətçilik ənənələrinə, strateji hədəflərə yönəldilməsi ilə nəticələnib. Azərbaycan dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həsaslıq və müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə bağlıdır. Bu bağlılıq ənənəvi olaraq bu gün də uğurla davam etdirilir. 

Azərbaycan xalqına məxsus ümumbəşəri dəyərləri özündə əks etdirən nadir maddi mədəniyyət nümunələrinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer alması bunun bariz nümunəsidir.

Qeyd olunan sahələrə Heydər Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, hazırda elmin inkişafı, təhsilin tərəqqisi, əhalinin sağlamlığı, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği sahəsində onlarla (yüzlərlə) dövlət proqramı, regional inkişaf proqramları, xüsusi tədbirlər planı və konsepsiyalar yerinə yetirilməkdədir.

Memarı olduğu müstəqil Azərbaycan dövləti, layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası Heydər Əliyevin bizə əmanətidir. Vətəni göz bəbəyi kimi qorumaq, inkişaf etdirmək, qüdrətlənməsi naminə cənab Prezidentimizin ətrafında birləşmək biz gənclərin borcudur.

Bir gənc kimi anlayıram ki, Tanrının tam və bütöv yaratdığı şəxsiyyətlər haqqında söz demək, mütləq həqiqətin özünü ifadə edən fikir söyləmək qüdrəti qədər insan iradəsinin möhtəşəmliyinə söykənən çətin, məsuliyyətli və bir o qədər də şərəfli bir işdir. Onu deyə bilərəm ki, Ulu öndər cənab Heydər Əliyevlə fəxr edirik, onu sonsuz sayqı və hörmətlə anırıq! 

Azərbaycan xalqı sizi və sizin əvəzsiz xidmətlərinizi heç zaman unutmayacaq! Ruhunuz şad olsun, Ulu öndər!

 





10.05.2023    çap et  çap et