525.Az

Böyük Qayıdışa doğru: Ağdam sürətlə abadlaşdırılır


 

Böyük Qayıdışa doğru: Ağdam sürətlə abadlaşdırılır<b style="color:red"></b>

Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu günlərdə Ağdam rayonuna səfər etdilər.  Səfər zamanı Ağdam Muğam Mərkəzinin, Ağdamda "Azərişıq" ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağdamda inzibati binanın və Ağdamda salınacaq yeni yaşayış məhəllələrinin təməli qoyuldu. 

Təməli qoyulan Ağdam Muğam Mərkəzinin birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər və müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək. Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.

Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinini ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır. Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.

Şəhərdə inşa olunacaq inzibati bina zirzəmi və beş mərtəbədən ibarət olacaq binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetr təşkil edəcək. Zirzəmi qatında avtomobil dayanacağı, mülki müdafiə sığınacağı, texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq. Binanın birinci mərtəbəsində rayon statistika idarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, Qida Təhlükəsizliyi Agentliyinin, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli bölməsi, rayon mədəniyyət şöbəsi, Məşğulluq Mərkəzi (DOST mərkəzi), Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi, iclas otağı və arxiv olacaq.

İkinci mərtəbədə 7 iclas otağı, 8 açıq ofis, zal, katiblik fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı, iki hissəyə bölünə bilən ziyafət zalı yaradılacaq. Dördüncü və beşinci mərtəbələrdə də ofislər, görüş, iclas və digər otaqlar olacaq. İnzibati binanın qarşısında tədbirlərin keçirilməsi üçün parad meydanının, sahəsi 17,5 min kvadratmetr olan park və şəhər meydanının da tikintisi nəzərdə tutulub.

Ağdam şəhərində bir neçə xüsusi əhəmiyyətli mərkəzlərin və yaşayış binalarının təməlini qoymaqla Prezident İlham Əliyev Ağdamın nəzərdə tutulduğundan da sürətlə Böyük Qayıdışa hazırlandığını göstərdi. Prezident İlham Əliyevin Ağdama mütəmadi səfərləri, göstərdiyi diqqət və qayğı bu bölgədə tikinti-quruculuq işlərinin ahəngdarlığını daha da artırır.

Xatırladaq ki, Ağdama bundan öncəki səfəri zamanı Prezident  şəhər üçün çox önəmli olan 1 saylı məktəbin, gələcəkdə yeni iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının, İmarət kompleksinin, Ağdamda İşğal muzeyi və Zəfər muzeyinin, şəhərin içində 125 hektarlıq böyük bir meşə sahəsinin təməli qoyub. Baş Plana görə, Ağdamda süni göl yaradılacaq, kanallar, körpülər inşa ediləcək. Hazırda Baş Plana əsasən tikinti quruculuq işləri sürətlə davam etdirilir. Bir sözlə, ən qısa zamanda ağdamlı keçmiş məcburi köçkünlərin əzəli-əbədi dədə-baba yurdlarına qayıtması, Ağdama Böyük Qayıdış üçün çox böyük işlərə imza atılır. Bu da illərdir vətən, yurd həsrəti çəkən ağdamlılar tərəfindən böyük sevinclə qarşılanır. Bu gün Prezidentin qətiyyəti, cəsarəti, ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları Ağdam şəhəri yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevrilir. Qarabağın mərkəzi sayılan, mənfur ermənilər tərəfindən yerlə-yeksan olunan Ağdam yenidən qurulur. Özü də Ağdamın qədim ruhunu saxlamaqla. "Qafqazın Xirosiması" olan Ağdamın indi çox sürətlə dirçəldiyinin şahidi oluruq. Bu gün Ağdamda reallaşan layihələr Böyük Qayıdışın tərkib hissəsidir, tezliklə bu gözəl diyarın əzəli sakinlərinin tarixi torpaqlarına əbədi Qayıdışının şahidi olacaqlar.

İşğalçıların tamamilə viran qoyduqları, bir salamat bina belə saxlamadıqları Ağdamın yenidən qurulması üçün işlərə xeyli vaxtdır ki, start verilib. Azad edilmiş ərazilər üzrə ilk baş plan Ağdam rayonuna aid olub.

Qeyd edək ki, Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4 fazi, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, postsovet məkanında birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Prezident İlham Əliyevin müdrik siyasi liderliyi, yüksək sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.

Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb və həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub, orada bayrağımız ucaldılıb.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilən Ağdamda olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

Millət vəkili Aqiyə Naxçıvanlı bildirib ki, Ağdam sürətlə yenidən qurulur və artıq çox az müddətdən sonra bir zamanlar erməni işğalı səbəbindən öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu torpaqlara daimi yaşamaq üçün geri dönəcəklər. Bu gün Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlərin miqyası və əhatəliliyi bunu deməyə əsas verir. Prezident İlham Əliyevin birbaşa göstərişləri əsasında artıq Ağdamın gələcək inkişafı ilə bağlı bir çox önəmli addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir: "Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər rayonun məruz qaldığı erməni vandalizminin nəticələrinin tezliklə tamamilə aradan qaldırılmasına və bu torpaqların yenidən dirçəlməsinə misilsiz töhfələr verəcək".

Sevinc QARAYEVA

 

 





10.05.2023    çap et  çap et