525.Az

Müharibə bütün pulları "yeyir"


 

Müharibə bütün pulları "yeyir"<b style="color:red"></b>

Rusiyanın altı əyalətinin büdcəsi tükənib. Ehtiyatlarında "heç nə qalmayan" əyalətlər Tıva, Kalmıkiya, Buryatiya, Kareliya, Murmansk və Çukotka Muxtar Dairəsidir. Problemlər bununla yekunlaşmır. Rusiyanın hər üç əyalətdən biri vergi çatışmazlığı ilə üzləşib. Məsələn, Tümen vilayətində vergi ödənişləri 48,9 faiz azalıb. Krasnoyarsk diyarının gəlirləri 39, Murmansk vilayətinin gəlirləri 33,  Xakasiyanın gəlirləri 32, Kemerovo vilayətinin gəlirləri isə 30 faiz azalıb. Hər beş əyalətdən biri isə gəlirlərin tam şəkildə azalması ilə üz-üzədir.

Lakin ekspertlər hesab edirlər ki, bunlar yalnız başlanğıcdır və 2023-cü il regionlara yeni büdcə problemləri gətirəcək. Rusiya şirkətlərinə qarşı sanksiyalar nəticəsində metallurqların,  kömür mədənçilərinin və ağac emalı sənayesinin xarici bazarlardan kənarlaşdırılması nəticəsində şirkətlərin kəsiri 1.9 trilyon rubl təşkil edə bilər.

Ən ağır vəziyyətlə bələdiyyələr üzləşib. Maliyyə Nazirliyi bələdiyyələrin dövlət dəstəyindən məhrum qalmayacağı ilə bağlı məlumatlar yaysa da, reallıqda heç bir yardım göstərə bilmir. Eyni zamanda, Maliyyə Nazirliyi meşə yanğınlarının viran qoyduğu kəndlərə, evləri yanan insanlara da yardım edə bilmir.

Maliyyə çatışmamazlığı ilə üzləşən yalnız əyalətlər və bələdiyyələr deyil. Maliyyə Nazirliyi aprel ayında büdcə kəsirinin ödənilməsi üçün Milli Rifah Fondundan 83,2 milyard rubl xərcləyib. Bunun üçün Milli Rifah Fondunun Rusiya Bankındakı hesablarındakı 4,26 milyard Çin yuanı və 6,41 ton qızıl 83,153 milyard rubla satılıb. Bütövlükdə birinci rübdə Maliyyə Nazirliyi Milli Rifah Fondundan 307,3 milyard rubl xərcləyib. Beləliklə də dörd ayda xəzinədəki yırtığın qapadılması üçün ehtiyatdan 390,5 milyard rubl xərclənib.

Ötən il Rusiya büdcəsi 3,3 trilyon rubl və ya Ümum Daxili Məhsulun 2.3 faizi həcmdə kəsirlə icra edilib və Maliyyə Nazirliyi onu ödəmək üçün ehtiyatlardan 2,97 trilyon rubl xərcləyib.

Sanksiyaların sərtləşməsi büdcə gəlirlərinin daha da azalmasına, müharibənin daha çox xərc tələb etməsi büdcə xərclərinin artmasına səbəb olur. Belə bir vəziyyətdə ölkənin maliyyə sisteminin stabilliyini təmin etmək get-gedə daha da çətinləşir. Ekspertlər bir neçə aydan sonra vəziyyətin nəzarətdən çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Bu xəbərdarlığı rəsmi şəxslər də bölüşməyə başlayıblar. Artıq təhsil və səhiyyə xərcləri kəskin ixtisar olunur, əyalətləri maliyyələşdirməyə pul tapılmır. Müharibənin sonu görünmədiyi üçün Maliyyə Nazirliyində prosesi necə idarə edə biləcəklərini bilmirlər. Çünki müharibə bütün pulları "yeyir".

 

 

 





12.05.2023    çap et  çap et