525.Az

"Bu saziş türk dünyasında vahid iqtisadi sistemin qurulmasına töhfələr verəcək"


 

"Bu saziş türk dünyasında vahid iqtisadi sistemin qurulmasına töhfələr verəcək"<b style="color:red"></b>

Türk dövlətlərilə qarşılıqlı əlaqələrin inkişafı Azərbaycan üçün həmişə ən önəmli məsələlərdən biri olub. Bununla bağlı atılan ən ciddi addımlar isə son 15 ilə təsadüf edir. 2009-cu ildə Türk Dövlətləri Təşkilatının (TQT) yaradılmışdı. Bu qurumun yaradılması ilə türk dövlətləri arasında təhsil, nəqliyyat, iqtisadiyyat, eləcə də turizm və digər sahələrdə qarşılıqlı əlaqələrin, işbirliyinin gücləndirilməsi istiqamətində bu günədək bir sıra addımlar atılıb.

Bu ilin noyabrında isə Səmərqənddə "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" saziş imzalandı. Bu saziş Azərbaycan, eləcə də bütün türk dövlətlərinin iqtisadiyyatının inkişafı üçün çox əhəmiyyətlidir. Artıq sadələşdirilmiş gömrük dəhlizinin yaradılması sayəsində daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadilə edilməsi də mümkün olacaq ki, bu da sürətli yük daşımalarına şərait yaradacaq.

TDT-yə üzv ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizi sazişinin Azərbaycan və eləcə də üzv ölkələrin tranzit potensialını artıracağı da istisna olunmur. Bu ölkələr arasında yük daşınması prosedurunun asanlaşmasının Azərbaycanda sahibkarlığın böyüməsinə töhfə verməsi imkanı da varmı?

İqtisadçı Eldəniz Əmirov "525"ə bildirib ki, son dövrlər Azərbaycanın bütün türk dövlətləri ilə ticarət dövriyyəsində ciddi artımlar var: "Hökumətlər arasında imzalanmış sənədlər təkcə gömrük dəhlizi anlamında deyil, eyni zamanda, ölkənin iqtisadiyyatına öz töhfəsini vermis olacaq. Bu gün türk dünyasının iqtisadiyyatının toplamı 1.2 trilyon dollardan çoxdur və türk dövlətləri arasında olan əlaqələrin getdikcə güclənməsi imkan verir ki, iqtisadi əlaqələr də sürətlənsin, vahid türk dünyası inteqrasiyası baş tutsun. Zəngəzur dəhlizi açıldıqdan sonra isə düşünürəm ki, bu inteqrasiya tamamlanacaq və Zəngəzur dəhlizi açılanadək isə müxtəlif istər ticarət, istərsə də gömrük, loqistika istiqamətində olan sazişlər mövcud potensiallardan daha yüksək səviyyədə istifadə etməyə imkan verəcək. Təsəvvür edin, son dövrlər Azərbaycanın bütün türk dövlətləri ilə iqtisadi əlaqələrində, ələlxüsus da ticarət dövriyyəsində ciddi artımlar var. Artımın ən az olduğu ölkə Qırğızıstandır, onunla belə 17 faizlik bir artım var, Özbəkistanla 64 faiz artım. Qazaxıstanla isə 135,8 milyon dollarlıq bir dövriyyəmiz var idi, indi isə 600 milyon dollar çatıb. Yəni ortam olaraq götürdükdə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsində nəticəsində 70 faizlik bir artım var. Ümumilikdə bu göstərici 5,2 milyard dollardan 7,2 milyard dollar qədər gəlib çatıb.. Bu gün Ələt beynəlxalq ticarət limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində işlər gedir. Digər tərəfdə də Zəngəzur dəhlizinin açılması və vahid türk dünyasının inteqrasiyası ilə bağlı işlər gedir. İndi isə haqqında danışdığımız loqistik fəaliyyətin asanlaşdırılması ilə bağlı olan bu saziş imzalanıb. Bütün bunlar kompleks şəklində türk dünyasında vahid iqtisadi sistemin qurulmasına və ciddi inkişafına öz töhfəsini verəcək".

Fərid SANÇAR

 





11.05.2023    çap et  çap et