525.Az

Sovet dövründə Türkiyə Baş nazirinin Azərbaycana səfəri


 

TARİXİ GÖRÜŞÜN QISA TARİXÇƏSİ...

Sovet dövründə Türkiyə Baş nazirinin Azərbaycana səfəri<b style="color:red"></b>

Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyev və Süleyman Dəmirəlin  dostluq münasibətləri xüsusi önəm daşımışdır. Bu təkcə şəxsi dostluq yox, Azərbaycan və Türkiyə arasında zəngin dövlətçilik irsinin inkişafına çevrilən münasibətlərdir və lider-şəxsiyyət faktorunun dövlətlərarası münasibətlərdə nə qədər önəmli olduğunu da təsdiqləyir. Bu münasibətlərin Heydər Əliyevin Naxçıvana tarixi qaydışı və Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə pik həddə çatdığını təsdiqləsək də onun təməllərinin daha uzaqlara, hətta sovetlər dövrünə getdiyini də söyləməkdən çəkinmədik. Bütün türk dünyasının həmrəylik rəmzinə çevrilən Heydər Əliyev-Süleyman Dəmirəl münasibətlərini bu baxımdan dəyərləndirmək istədik.

Azərbaycan-Türkiyə əlaqələrində 1960-cı illərdən sonra başlanan dövr, əslində SSRİ-Türkiyə münasibətlərinin bir hissəsi olmuş, amma  xüsusi əhəmiyyət kəsb etmişdir. Bu dövr münasibətlərin yumşalma, dostluq ənənələrinin yeni mərhələdə davam etdiyi bir tarixi dövr kimi diqqəti cəlb edir. Həm də SSRİ-Türkiyə, eləcə də Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ olmaqla,  İ.Stalinin ölümündən sonra başlayır.

İki ölkə arasındakı rəsmi səfər və görüşlər ilk dəfə 1963-cü ilin əvvəllərində Sovetlərlə Türkiyə arasında elmi-mədəni razılaşmalardan sonra baş tutdu. Dövlətlərarası rəsmi səfərlər isə ilk olaraq az bir müddət-altı ay Türkiyə Respublikasının hökumət rəhbəri olan Suat Hayri Ürgüplünun  1963-cü ildə  Sovetlər Birliyinə rəsmi səfəri ilə başladı.  Maraqlıdır ki, elə o vaxtdan Türkiyə nümayəndə heyətinin səfər proqramında Azərbaycanı ziyarət də planlaşdırılmış və Bakı səfərləri uğurla baş tutmuşdur.

Respublikanın baş mətbu orqanı olan "Kommunist" qəzetində bu səfərlər işıqlandırılmış, amma bu müəyyən hədlər daxilində mümkün olmuşdur. Daha dəqiq deyilərsə, qəzetə bu məsələdə geniş yaradıcılıq imkanı verilməmiş, əksinə, rəsmi materiallar da məhdud bir çərçivədə SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) və yaxud onun yerli təşkilatı olan Azərinform  tərəfindən təqdim olunmuşdur. Bu xəbərlər, əsasən, rəsmi xarakter daşımış, nümayəndə heyətlərinin görüşlərinin işıqlandırılması ilə məhdudlaşdırılmışdır.

1965-ci ilin dekabrında dövlət naziri Mehmet Kamil Ocak SSRİ-yə səfər etmiş, bir il sonrasa SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıginin Türkiyə səfəri nəinki sovet, eləcə də Türkiyə və dünya mətbuatının böyük diqqət yetirdiyi məsələlərdən olmuşdur. Türkiyə Cümhuriyyətinin baş naziri Süleyman Dəmirəl isə 1967-ci il  sentyabrın 19-da  Moskvaya rəsmi səfərə gəlir. Türkiyənin baş nazirini Vnukovo təyyarə limanında SSRİ hökumətinin rəhbərləri qarşılayır və ilk məlumat da  "Türkiyə Respublikası hökumətinin başçısı Moskvada" adlı qısa bir xəbərlə oxuculara çatdırılır. Mətbuatı izlədikcə görürük ki,  ali qonaq sentyabrın 23-də  Leninqradda, 24-də  Daşkənddə olur və sentyabrın 25-də Bakıya gəlir. Diqqətçəkən faktdır ki, Türkiyə hökumətinin başçısının Bakı səfəri 3 günə qədər davam edir.

Respublikanın baş mətbu orqanında-"Kommunist" qəzetində qarşılanma ilə əlaqədar rəsmi material qəzetin 1-ci səhifəsində dərc edilib. "Bakı Türkiyə hökumətinin başçısını qarşılayır" adlı bu yazıda  istər hava limanında, istərsə də yol boyu qonaqları qarşılayanların izdiham təntənəsini görürük.  Ola bilsin ki, bu təntənəni gizlətmək meyli də olub, amma mümkün olmayıb. Hətta Dəmirəlin  şlapasını çıxararaq onu qarşılayanları salamlaması belə bu təntənəni daha da canlandırır.

Yeri gəlmişkən, Dəmirəlin "şlyapa jesti"  onun bütün siyasi fəaliyyəti dövründə  maraq doğurub. Hələ sovetlər dövründə Türkiyədə çalışmış, indi BDU-nun Türk filologiyası kafedrasının müdiri olan Rüfət Rüstəmov çox həvəslə  danışır ki, o vaxtlar da Dəmirəlin "şlyapa jesti" - şlyapasını çıxararaq onu qarşılayanları sevgi ilə salamlaması bütün görüşlərinin yaddaqalan sloqanı idi. O, bu jesti ilə adamları təkcə  salamlamayıb, həm də sanki ovsunlayıb. Bir dəfə Türkiyədə maraqlı bir hadisə də baş vermişdi. Dəmirəllə görüşlərin birində tədbir iştirakçılarından biri şlyapanı "qaparaq aradan çıxmaq" istəmişdi alınmasa da, Dəmirəl şlyapa salamını "tərgitməmişdi". Uzun illər sonra da onun  bu jesti nə unuduldu, nə yaddan çıxdı.  Bu böyük xadim həm də şlyapası ilə xatırlandı...

Bakı səfərində də təyyarədən enən kimi də Dəmirəl bu jesti ilə onu qarşılayanları  salamlayır və qəzetin birinci səhifəsində dərc edilən məqaləyə aid  fotoda da bunu görməkdəyik.  "Kommunist" qəzetinin sonrakı sayında - sentyabrın 27-də  "Azərbaycan torpağında görüşlər" sərlövhəsi ilə Sumqayıt səfəri haqqında yazı təqdim olunur. Gənc şəhərin zəhmətkeşləri  tərəfindən təntənə və sevgi ilə qarşılanan Dəmirəl şəhərin sənaye müəssisələrində olur. Məqalə  Qum adasındakı görüşlərlə davam etdirilir. Qəzetin 28 dekabr sayında "Türkiyə Respublikasının baş nazirinin şərəfinə" adlı məqalədə qonağın şərəfinə düzənlənən ziyafət haqqındadır. Səfərlə əlaqədar daha iki xəbər də qəzetdə yer alır: "Türkiyəli qonaqlar Bakının görməli yerləri ilə tanış olmuşlar" və "Türkiyə Respublikasının baş naziri Bakıdan yola düşmüşdür".

Süleyman Dəmirəlin SSRİ-yə səfəri ərəfəsində "İzvestiya" qəzeti Türkiyə üzrə müxbiri Azad Şərifovun baş nazir ilə müsahibəsini dərc edir. Müsahibədə SSRİ ilə dostluqdan və gələcək perspektivlərdən söhbət açılsa da, onun "Kommunist" qəzetində dərc edilməsinə icazə verilməmişdir. Amma xalqlarımızın tarixi bağlılığını, qardaşlığını da ört-basdır etmək mümkün olmamışdı. Ola bilsin, bu bağlılığın və qardaşlığın təntənəsi idi ki, Süleyman Dəmirəl SSRİ-yə səfərinin mühüm bir hissəsini Bakı üçün ayırmışdı. Onun Bakı səfərində söylədiyi "kökləri müştərək olan kültürümüzün bir-birimizi tanımağa imkan verdiyi" ifadəsini Türkiyə və Azərbaycanın hökumət adamları da coşqu ilə qarşılamışdılar. Şübhəsiz ki, 60-cı illərdə Azərbaycanda yeni bir milli intibahın başlanmasında bu kimi faktların rolu  az olmamışdır.

Bir faktı da unutmayaq ki,  Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1967-ci ilin iyununda Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdi. Süleyman Dəmrəlin Bakı səfərində onun Ulu öndərlə görüşü olubmu? Bu barədə mətbuatda məlumat olmasa da dövlətin təhlükəsizlik orqanının rəhbər postunu tutan Heydər Əliyevin məşhuq qonaqdan - Türkiyənin baş nazirindən kənarda qalması da istisna edilmir. Dövrün mətbuat orqanlarının, əsasən də  "Kommunist" qəzetinin dərc etdiyi  məqalələrdə və fotolorda bunu təsdiqləyən məlumat yoxdur. "Kommunist" qəzetinin adını ona görə vurğulamağı vacib bildik ki, onda SİTA və Azərinforumun yaydığı materiallardan "Kommunist"dən başqa kimsəyə "pay düşməyib", yəni bu materiallar ancaq və ancaq "Kommunist" qəzetində yayımlanıb.  O dövrün ən populyar və tirajlı qəzetləri, Azərbaycan KP MK-nın sahə qəzeti "Sovet kəndi",  Azərbaycan LKGİ MK-nın orqanı "Azərbaycan gəncləri" qəzetlərində belə Dəmirəlin Bakı səfəri haqqında bircə sətirlik xəbərə belə yer verilməyib. Eləcə də adlarını çəkmədiyimiz digər mətbuat orqanlarında da bunu görmürük. Amma Dəmirəlin Bakı səfərindən bir həftə sonra Azərbaycan Yazıçılar İttifaqının və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində Türkiyənin baş nazirinin Qum adası səfərindən 2 cümləlik bir xəbər və  Nazirlər Sovetinin  sədri  Ənvər  Əlixanovla neftçilərin əhatəsində olan 10x10 ölçüdə bir fotosu verilmişdir. 

Dəmirəlin Bakı səfəri haqqında rəsmi məlumatlar 4 məqalə və 2 fotodan ibarət olmuşdur. Təəssüf ki, qəzetin o dövrə aid olan arxivi olmadığından dərc edilməyən fotolar haqqında heç bir məlumat əldə etmək mümkün olmadı. Amma çox sonralar, müstəqillik illəri dövründə tədqiqatçıların ortaya qoyduğu foto faktlar və telexronikalar isə ən azı Heydər Əliyevin bu görüşlərdə iştirakını və respublika təhlükəsizlik orqanının rəhbəri kimi fəal iştirakını təsdiqləyir. Heç şübhə etmirik ki, sonralar münasibətləri böyük türk dünyasının həmrəylik rəmzinə çevrilmiş iki dövlət xadiminin dostluğunun güvənli təməlləri də elə o vaxtlarda qoyulmuşdur. Hətta Türkiyə baş nazirinin Bakı təyyarə limanında və şəhərə gələrkən yolboyu böyük bir izdihamla qarşılanmasından tutmuş,  Bakıda,  Sumqayıtda  təşkil edilmiş görüşlərin, mötəbər qonağın şərəfinə verilən ziyafət mərasiminin və koloritli  çıxışların "Kommunist" qəzetində  yer almasından Ulu öndərin xəbərsiz olmasını da söyləmək absurd olardı... 

Düzdür, dövlətlərarası münasibətlərdə dostluğun və qarşılıqlı əməkdaşlığın bol-bol vurğulanmasına baxmayaraq, mətbuatın yaydığı və SİTA-nın mətbəxindən çıxan xəbərlərdə ideologiyadan gələn "qısqanclıq", "məqsədəuyğun təqdimat" kimi meyilləri də aşkar görməkdəyik. Eləcə də Türkiyənin siyasi gündəmi ilə bağlı  məsələlərin təqdimatında oxuduqlarımız fərqli bir təəssürat yaradır. Necə ki, Türkiyə boyda bir ölkənin baş nazirinin səfərinə vur-tut 4 rəsmi məlumat və 2 foto ayrıldığı kimi.

Əslində sovet mətbuatının Türkiyə ilə bağlı dərc etdiyi bütün təqdimatlarda bu tendensiya olub. Əminliklə demək olar ki, bunun obyektiv səbəbi həm də "kökləri bir olan Azərbaycan və Türkiyə xalqları"  kimi ifadələrin mətbuata "ayaq açmamasından"  qaynaqlanırdı.

...Yeni müstəqilliyimiz bu qorxunu birdəfəlik yox etdi. İndi xalqlarımızın birliyinə töhfələr verən elə bir hadisə olmayıb ki, orada Heydər Əliyev və Süleyman Dəmirəlin yeri olmasın! Ortaq tariximizin dəyərlərini xalqlarımıza, dövlətlərimizə miras qoyan tarixi şəxsiyyətlər  sırasında onların açdığı tarixi yol Qarabağın da xilas yolu oldu...

 





11.05.2023    çap et  çap et