525.Az

Prezidentin Şuşadan verdiyi mesajlar


 

Prezidentin Şuşadan verdiyi mesajlar<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda ölkəmizin xarici siyasəti, Ermənistanla münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu beynəlxalq layihələr, xüsusilə enerji siyasəti, dünyada cərəyan edən qlobal proseslər barədə ətraflı bəhs etdi. Konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzular üzrə suallarını cavablandıran dövlət başçısı bir daha qeyd olunan məsələlərdə ölkəmizin mövqeyini açıq şəkildə diqqətə çatdırdı.

Azərbaycan bu gün regionda lider dövlət olmaqla yanaşı, qlobal müstəvidə də mühüm oyunçuya çevrilməkdədir. Cənubi Qafqazda maraqları olan güclər mütləq Azərbaycanla hesablaşmalı olduqlarını başa düşürlər. Birincisi, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm coğrafi mövqeyə malikdir. Bu coğrafi mövqe ölkəmizi həm də regional haba, nəqliyyat və logistika mərkəzinə çevirir. İkincisi, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu "Cənub Qaz Dəhlizi",  Dəmir İpək Yolu"  adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq əhəmiyyətli layihələr bu gün Avropa üçün üçün də vacib əhəmiyyət daşıyır. Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılması üçün əlavə vəsait ayırır. Dövlət başçısı konfransda bildirdi ki, Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına təxminən 140 milyon dollar ayrılıb və maksimum bir il ərzində biz buna nail olacağımıza ümid edirik. Eyni zamanda, Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünü də ilk gündən dəstəkləyib. Azərbaycanın xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunduğunu söyləyən dövlət başçısı deyib ki, biz çox nikbin fikirdəyik. Nikbinliyi artıran, ilk növbədə, odur ki, öz üzərimizə düşən işi çox yaxşı yerinə yetirmişik. Nəqliyyat infrastrukturunu tamamilə müasirləşdirmişik və hələ də son tamamlama işlərini görülür. Eyni zamanda, Mərkəzi Asiya tərəfindən Azərbaycanın infrastrukturunu istifadə etməklə bağlı böyük maraq var.

Bu gün Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təminində vacib rol oynayır. Bu məqam avropalı rəsmilər tərəfindən xüsusilə vurğulanır. Məsələn, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı "ümumavropa qaz təchizatçısı" adlandırıb. Hazırda Azərbaycan 6 ölkəyə qaz ixrac edir. Bir neçə il ərzində isə 10 ölkəni, o cümlədən, 8 Avropa ölkəsini qazla təchiz edəcək. Bakıtəkcə qaz deyil, bərpaolunan enerji, yaşıl hidrogenlə bağlı da Avropa ilə əməkdaşlıq edir.

Bu gün əsas aktuallıq kəsb edən məsələlərdən biri də Ermənistanla normallaşma prosesidir. ABŞ-da iki ölkənin xarici işlər nazirlərinin müzakirələrinin ardınca Moskvada görüş gözlənilir. Brüsseldə də növbəti raundun keçirilməsi barədə xəbərlər var. Konfransda da daha çox diqqət bu məsələyə fokuslanmışdı.

Azərbaycan lideri hesab edir ki, razılığa gəlmək üçün ən yaxşı yol Bakı ilə İrəvan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Keçmiş Minsk qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirak cəhdlərinə gəlincə, onlar kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır: "Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir".

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını vurğulayıb: "Dövlətimizin başçısı xarici işlər nazirlərinin Vaşinqton görüşünə toxunaraq qeyd edib ki, erməni tərəfi görüşdən bir həftə əvvəl sülh sazişi layihəsinə şərhi bizə təqdim edib. Burada yenə də, Azərbaycana qarşı ərazi iddiaları var. Ərazi iddialarının olması isə Vaşinqton görüşündə nəticənin əldə olunmasına imkan vermir. Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur".

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir: "Həmçinin, Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən, regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlət başçısı hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə, bütün region üçün faydalı olacaq".

 

 





12.05.2023    çap et  çap et