525.Az

Tarixin qiymət verdiyi insan - Misir Mərdanov yazır


 

Tarixin qiymət verdiyi insan - <b style="color:red"> Misir Mərdanov yazır</b>

Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi haqqında qənaətin formalaşması təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə də daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, bəlkə də intibahı adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları - bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, heç şübhəsiz, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur.

Böyük tarixi şəxsiyyətlərin rolunu adekvat şəkildə qiymətləndirmək asan olmur. Görünür, bu, həm də onunla əlaqədardır ki, dünyamiqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar tarixin elə özünü yaradır. Tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir.

Həyatım elə gətirib ki, gənclik illərimdən taleyimdə Heydər Əliyev həmişə olub. Buna görə taleyimdən çox razıyam və özümü xoşbəxt insan hesab edirəm. Universiteti bitirən il Ulu öndər Azərbaycanda hakimiyyətə gəldi, bütün ölkədə olduğu kimi, mən də bunu öz həyatımda hiss etdim. Sonralar da müxtəlif  təsadüflərdən, yaxud xoşbəxt hadisələr səbəbindən onu bir neçə dəfə yaxından görmüşdüm. Ancaq 1997-ci ilin fevralın 16-da Bakı Dövlət Universitetinə rektor, 1998-ci il 25 mart tarixində Azərbaycan Respublikasının təhsil naziri vəzifələrinə təyin olunanda bilavasitə onunla görüşmək, tövsiyələrini dinləmək şansım olub.

Mən bilirdim ki, o, təhsil sahəsinə yaxşı bələddir, ancaq  nazir vəzifəsinə təyin olunanda onunla görüşdüyüm bir saat ərzində təhsilin incəliklərinə bu qədər bələd olması məni təəccübləndirdi. Yadıma bir  xatirə düşdü. 1980-ci illərdə, Ulu öndərin SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini olduğu və bir çox mürəkkəb  sahələrlə yanaşı, elm və təhsilə də rəhbərlik  etdiyi dövrdə Moskvada Universitet müəllimlərinin bir tədbirində iştirak edirdim. Mənim azərbaycanlı olduğumu bilən tanınmış rus alimlərindən biri yaxınlaşıb sual verdi ki, Heydər Əliyev neçə il kafedra müdiri vəzifəsində işləyib?!

Təəccübləndim, Heydər Əliyevin nəinki kafedra müdiri vəzifəsində, ümumiyyətlə, təhsil sistemində heç zaman çalışmadığını deyib nə üçün belə düşündüyünü soruşdum. Cavab verdi ki, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin kollegiya iclasında Heydər Əliyevin bir çıxışını dinləyəndən sonra bu qərara gəlib:

- Heydər Əliyev ali təhsil sistemində mövcud olan problemləri o qədər yüksək peşəkarlıqla, incəliklə təhlil etdi ki, biz onun uzun illər universitetlərin birində kafedra müdiri, ya dekan vəzifələrində çalışdığını düşündük.

Burada hörmətli oxuculara tanınmış jurnalist Mais Məmmədovun bir xatirəsini təqdim etmək istəyirəm:

"Mən düşünürəm ki, onun kimi şəxsiyyət çətin ki, bir də dünyaya gəlsin: Rusiyanın Prezidenti Putin bir dəfə onun barəsində belə bir söz demişdi ki, o, siyasi nəhəngdir. Biz Heydər Əliyev barəsində ANS-də film çəkəndə, xüsusi olaraq Moksvaya getmişdik. Orada müxtəlif insanlarla görüşmüşdük. Onların arasında Lujkov, Kabzon və başqa yüksək rəsmilər var idi. Onların hamısı deyirdi ki, belə bir insan dünyada yoxdur. Mən həmin vaxt onlara belə bir sual vermişdim ki, bəs nə üçün Qorbaçov o vaxt Heydər Əliyevi vəzifədən kənarlaşdırmışdı? Deyirdilər ki, bu, siyasi məsələdir. Mən deyim ki, bu, siyasət deyildi. Hamısı əla başa düşürdü ki, əgər Əliyev vəzifədə olsaydı, Qarabağ problemi olmazdı. Ona görə Heydər Əliyevi Kremldən çıxarmaq bu insanlara lazım idi. 20 Yanvar hadisələrindən sonra başa düşdüm ki, doğrudan da bu, belədir. Qorbaçov sovet ordusunu Bakıya göndərəndə bu, mənə aydın oldu.

Bir dəfə Böyük Britaniyada səfərdə olanda Heydər Əliyev Sumqayıtdakı zavodla bağlı ölkənin böyük şirkət rəhbəri ilə görüşmüşdü. Tərəflər arasında söhbət gedən zaman, britaniyalı şirkət rəhbəri Heydər Əliyevin onun sahəsi barədə bu qədər məlumatlı olmasından çox təəccüblənmişdi. Bundan başqa, Heydər Əliyev Marqaret Tetçeri də Londonda onunla danışarkən pərt etmişdi. Həmin görüşdə Tetçer bizə iradlar bildirir, erməniləri blokadaya salmaqda ittiham edirdi. Heydər Əliyev ona elə bir cavab vermişdi ki, qarşı tərəf susmuşdu. Ona Qarabağda baş verən cinayətlərdən, insanların öldürülməsindən, öz torpaqlarından didərgin düşməsindən və Azərbaycanda ermənilərin törətdiyi cinayətlərdən danışdı. O, Tetçerə sual verdi ki, siz istəyirsiniz ki, sizdə də belə olsun? Xanım Tetçer qıpqırmızı oldu və Heydər Əliyevə, "Mən indi sizi başa düşdüm, mən sizi tanımırdım", - deyə cavab verdi.

 Dəfələrlə görmüşəm ki, Heydər Əliyev xarici ölkələrə səfər edərkən mediaya açıqlamalar verərkən, jurnalistlər onun hazırcavablığı, zəkası və belə qüdrətli siyasi lider olmasından heyrətlənirdilər".

Həyatı boyu çoxşaxəli fəaliyyət göstərən  Ulu öndərin bir şəxsiyyət kimi hərtərəfli yüksək keyfiyyətlərə malik olduğuna bir daha əmin olmaq üçün 2001-ci il iyunun 10-da "Bakılı oğlanlar" Şən və hazırcavablar Klubunun üzvləri ilə söhbətindən bir hissəni təqdim etmək istəyirəm:

"Bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyov "Məşədi İbad" operettasını yaradıbdır. İnsanların, demək olar ki, əksəriyyəti - əgər mütəxəssisləri nəzərə almasaq - indiyə qədər hesab edirlər ki, "Məşədi İbad" operettası komediyadır, insanlar gəlib baxsınlar, istirahət etsinlər. Ancaq bu, bir tərəfdən komediyadır, digər tərəfdən isə, əgər bu əsəri dərindən təhlil etsən, aydın olar ki, o dövrdə cəmiyyətdə gedən prosesləri, nöqsanları, çatışmazlıqları göstərir. Eləcə də, məsələn, Qoqolun əsərlərini götürsək, onun əsərlərindəki obrazlar indiyə qədər yaşayırlar. Əslində yumor iki məna, məqsəd daşıyır. Bir tərəfdən insanlar həqiqətən gülür, istirahət edirlər. Deyirlər ki, sizin bu tamaşanız 3 saat 15 dəqiqə çəkibdir. Başqa bir tamaşada buna dözmək mümkün deyildir. Amma siz bir tərəfdən, insanları güldürürsünüz, ikinci tərəfdən isə düşündürürsünüz..."

Yaxşı xatırlayıram, 1998-ci ildə məni təhsil naziri vəzifəsinə təyin edərkən Heydər Əliyevin verdiyi çoxsaylı tapşırıqlardan biri də, ölkədə təhsil sahəsində əsaslı islahatların aparılması ilə bağlı verdiyi tapşırıq idi. O, dedi ki, yaxın günlərdə təhsil sahəsində islahatlarla bağlı sərəncam imzalayacaqdır. Bu sərəncamı həyata keçirərkən unutma ki, orada aşağıda konseptual ideya və prinsipləri nəzərə almaq lazımdır:

1. Təhsil sistemində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir;

2. Biz heç bir ölkənin təhsil sistemini olduğu kimi Azərbaycanda qurmağa çalışmamalıyıq;

3. Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemləri ilə, hazırda həmin ölkələrdə aparılmaqda olan islahatlarla yaxından tanış olmalıyıq;

4. Xalqımızın milli-mənəvi xüsusiyyətlərindən, adət-ənənələrindən, milli mentalitetindən, xüsusən təhsil sahəsində XX əsrdə Azərbaycanda formalaşmış mütərəqqi ənənələrdən səmərəli istifadə etməliyik;

5.  Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrənməli, prioritet sahələri müəyyən etməliyik;

6.  Müstəqil Azərbaycanın təhsil sistemi  milli zəminə söykənərək, ümumbəşəri dəyərlərdən bəhrələnməlidir.

Hesab edirəm ki, bu tarixi kəlamlar, bu gün də qüvvədədir və öz əhəmiyyətini itirməmişdir.

Nazir vəzifəsinə təyin edərkən o, mənə bir çox tapşırıqlar vermişdi. Bunlar, əsasən, ali təhsil sistemindəki qeyri-qənaətbəxş vəziyyətlə bağlı idi. Heydər Əliyev özəl ali məktəblərə lisenziya verən komissiyanı - Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasını ləğv etdi. Tezliklə, Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə Komissiya yaradıldı və bu komissiyanın sədri təyin olundum. Komissiya bir il ərzində Azərbaycanda məktəbəqədər tərbiyədən ali təhsilə qədər bütün istiqamətlər üzrə islahatlar proqramı hazırladı. Heydər Əliyev iki dəfə Prezident Administrasiyasında bu proqram üzrə müzakirə keçirdi. Dünya Bankını da prosesə cəlb etdi. Proqram 1999-cu il iyunun 15-də - Milli Qurtuluş Günü təsdiqləndi. İndi fikirləşirəm ki, bu simvolik məqamın özü də Heydər Əliyevin təhsilə qayğısının təzahürü idi.

1993-cü ildən başlayaraq büdcədən təhsil üçün nəzərdə tutulan vəsaitin həcmi ildən-ilə artırılırdı. Məsələn, əgər 1995-ci ildə təhsilin ehtiyaclarına ümumi büdcənin 17 faizi ayrılmışdısa, 2001-ci ildə bu rəqəm artıq 23 faiz idi. Ərazisinin 20 faizi işğal altında olan, 1 milyondan çox əhalisi məcburi köçkün vəziyyətində yaşayan ölkə üçün bu, çox yüksək göstərici sayıla bilərdi. Heydər Əliyevin hakimiyyəti dövründə dövlət ali məktəblərində pulsuz təhsillə yanaşı, ödənişli təhsilin də tətbiqi bu təhsil müəssisələrinin maddi problemlərinin həllinə böyük kömək göstərdi. Bu, dövlət ali məktəblərinin qismən maliyyə müstəqilliyi qazanmasına, gəlir əldə etməsinə və həmin gəlirlər hesabına pedaqoji heyətin əmək haqlarının artırılmasına, bir sıra maddi-texniki problemlərin həllinə böyük kömək oldu.

1994-cü ildən ali məktəblərə ödənişli təhsildən vəsait daxil olmağa başladı. Yalnız bundan sonra müəllimlərin xaricə axını dayandı, müəllimlərin əmək haqlarına əlavələr edildi. Universitetlərin maddi-texniki bazası tədricən möhkəmləndirildi. Belə bir addım azad bazar iqtisadiyyatı prinsiplərini aydın dərk edən, qabaqcıl ölkələrin təhsil sistemindəki müasir inkişaf meyllərini yüksək fəhmi ilə dərindən duya bilən Heydər Əliyevin ölkənin təhsil həyatına qazandırdığı nailiyyət idi. Tam məsuliyyətimlə bildirirəm ki, əgər Ulu öndərin bu qərarı olmasaydı, bir çox dövlət universitetləri fəaliyyətlərini sadəcə dayandırmaq məcburiyyətində qalacaqdı. Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasına on bir illik icbari təhsil haqqında müddəa daxil edildi. Böyük rəhbərin müəllifliyi ilə hazırlanmış Konstitusiya layihəsinə belə bir müddəanın salınması Heydər Əliyevin həyata keçirdiyi təhsil siyasətinin daha bir uğuru idi.

Ulu öndər Azərbaycan dili və tarixinin yüksək səviyyədə tədrisinə hər zaman ciddi önəm verirdi. Ana dilimizdə dərsliklərin yüksək səviyyədə hazırlanması, bu işə aparıcı alimlərin, peşəkar mütəxəssislərin cəlb olunması onun ən sərt tələblərindən idi. Məlumdur ki, sovet dövründə ümumtəhsil məktəblərinin dərslikləri Moskvada hazırlanır və tərcümə olunaraq şagirdlərə pulsuz paylanırdı. Müstəqillik əldə etdikdən sonra  təhsilin bu mühüm sahəsində iki ciddi problem yarandı. Birincisi, indi dərslikləri öz mütəxəssislərimiz hazırlamalı idi. Aydındır ki, bu, o qədər də sadə məsələ deyildi. İlk illərdə dərslikləri əsasən orta təhsillə heç bir əlaqəsi və pedaqoji təcrübəsi  olmayan nüfuzlu alimlər hazırlayırdılar. Az sonra məlum oldu ki, hazırlanmış dərsliklər elmi baxımdan yüksək səviyyədə olsa da, pedaqoji-metodik baxımdan qənaətbəxş deyil. Nəticədə dərsliklərin hazırlanması təcrübəli müəllimlərə və tanınmış metodistlərə tapşırıldı. Bir neçə ildən sonra bütün dərsliklər azərbaycanlı müəllimlər və metodistlər tərəfindən hazırlanır və tender yolu ilə çap olunurdu. İkinci problem ondan ibarət idi ki, müstəqilliyin ilk illərində ölkədə iqtisadi vəziyyətin çətinliyi ilə əlaqədar hökumətin dərslikləri şagirdlərə pulsuz vermək imkanı yox idi, ölkədə kitab çapı üçün kağız çatışmırdı və valideynlər də dərslik almaq iqtidarında deyildilər.

Yaxşı xatırlayıram, o zaman Ulu öndərin tapşırığı və dəstəyi ilə Türkiyəyə gedib dərsliklərin çapı üçün xeyli miqdarda pulsuz kağız gətirə bildik. 2001-ci ildən etibarən orta məktəb dərsliklərinin dövlət vəsaiti hesabına çap olunaraq şagirdlərə pulsuz paylanmasına nail olduq. O da yaxşı yadımdadır ki, vəziyyətin çətin olmasına baxmayaraq, həmin dövrdə Heydər Əliyev dönə-dönə tapşırırdı ki, Gürcüstanda və Dağıstanda təlim Azərbaycan dilində olan məktəblərdə şagirdləri dərsliklərlə pulsuz təmin etməyi unutmayın.   

Heydər Əliyev hər il sentyabrın 1-də məktəblərə baş çəkir, uşaqlara sevgi göstərir, onlarla söhbət edir, şəkil çəkdirir, balacaları fərəhləndirirdi. Elə bil ki, Siyasi Büroda SSRİ-nin taleyini həll edən qərarlarla bağlı çıxış edən, Qorbaçovla döş-döşə gəlib kəskin mübarizə aparan, Azərbaycanı uçurumun kənarından xilas edən, BMT Baş Məclisinin iclasında nitq söyləyən, güclü qar yağmasına, çətin aşılan dağ yollarının son dərəcə təhlükəli olmasına baxmayaraq, Şuşada Vaqifin məqbərəsinin açılış mərasimini keçirən,  daha nələri, nələri edən bu adam deyildi...

2002-ci ildə Heydər Əliyev məktəblərə, təəssüf ki, sonuncu dəfə baş çəkirdi. Əgər belə olduğunu bilsəydim, bəlkə də bu nəhəng, qeyri-adi ali keyfiyyətlərə malik olduğu qədər də sadə, səmimi insanla daha çox bir yerdə olmağa çalışardım. Ancaq sonralar məni təəccübləndirən başqa məsələ idi. Heç kəsə hiss etdirmədən daxilindəki ağrılarla, xəstəliklərlə mübarizə aparan bu insan ömrünün son aylarında ənənələri pozmamaq üçün yenə də məktəblərə gedir, bəlkə də son qüvvəsini uşaqlara, xalqımızın gələcəyinə olan sevgisinə sərf etmək istəyirdi.

Yeni dərs ilinin ilk günündə o,  Suraxanıdakı 275 nömrəli məktəbə gəlmişdi. Biz birlikdə məktəbin sinif otaqlarından birinə daxil olduq. Hər detala diqqət yetirməyi bacaran Ulu öndər tarix dərsliyini götürüb vərəqləməyə başladı. Bu, 2001-ci ilə qədərki dövrə aid tarixi materialların əks olunduğu yeni dərslik idi. O, 2000-ci ildə keçirilmiş Sidney Yay Olimpiya Oyunlarından şəkilləri dərslikdə görməsindən çox məmnun oldu. Ulu öndər məktəbin həyətində toplaşanlar qarşısında maraqlı bir çıxış etdi.

Həmin tədbirdən evə gəldim. Evə təzə çatmışdım ki, zəng edib, cənab Prezidentin müşavirəyə çağırdığını dedilər. Müşavirədə Prezident məndən əvvəlcə Azərbaycandakı məktəblərin sayını və onların neçəsinin pis vəziyyətdə olduğunu soruşdu. Məndə olan təxmini rəqəmləri söylədim. Onda Prezident dedi:

- Mən o məktəbləri görmüşəm. Onların vəziyyəti dəhşətlidir. İndiyədək bizim bu problemlə məşğul olmağa imkanımız çatmayıb. İndi isə Nazirlər Kabinetinə tapşırıram ki, məktəblərin təmiri ilə məşğul olsun.

Heydər Əliyev yeni məktəblərin tikintisi, mövcud məktəblərin isə əsaslı təmiri və müasir avadanlıqlarla təminatı proqramının hazırlanaraq ona təqdim edilməsini tapşırdı. O günlərdə, demək olar ki, gecələr də yatmırdıq. İlk növbədə hansı məktəblərin təmirə ehtiyacının olduğunu, harada yeni məktəblərin inşasına, 2-3 növbədə dərs keçilən hansı məktəblərdə yeni korpusların tikintisinə ehtiyac olduğunu müəyyənləşdirirdik. Proqramı 2003-cü ilin əvvəlində təhvil verdik və Prezident bu sənədi təsdiqlədi. O vaxtdan məktəblərin yenidən qurulması və modernləşdirilməsi istiqamətində böyük bir iş başlandı.

Bu xatirələr niyə yadıma düşdü, açıqlamaq istəyirəm. Düşüncələrim məni 20 il bundan əvvələ aparır.  2003-cü il aprelin 21-də keçmiş Respublika (indiki Heydər Əliyev) sarayında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının 30 illiyi ilə bağlı təntənəli mərasim keçirilirdi. Zalın əksəriyyəti həmin liseyin kursantları və məzunları idi, təhsil naziri olduğumdan mən də orada iştirak edirdim. Yaxşı xatırlayıram ki, televiziya kanallarında canlı transilyasiya edilən bu tədbirdə Ulu öndər tribunada çıxış edərkən birdən ürəyini tutaraq bir neçə kəlmə dedi və yıxıldı. Onun yıxılması bütün sarayı ayağa qaldırdı, salonda hamının sanki xorla dediyi dərin bir "ah" eşidildi. Hamı səhnəyə qaçıb nə isə kömək etmək istəsə də,  ancaq mühafizə xidmətinin əməkdaşlarını ora buraxdılar. Həmin dəqiqə televiziya verilişi dayandırıldı və 20 dəqiqəlik fasilə elan edildi. Gözlərimizin qarşısında bu məğrur insanı qolundan tutub səhnənin arxasına apardılar, sonradan bildik ki, xərək gətirib rahat aparmaq istəsələr də, canından çox mənliyinin, şəxsiyyətinin təəssübünü çəkən Öndər razılaşmayıb, öz ayağı ilə getmək istəyib. Arxada həkimlər ilkin müayinədən sonra təcili uzanıqlı vəziyyətdə xəstəxanaya aparılmalı olduğunu deyiblər, razılaşmayıb. "Mənim sözüm yarımçıq qaldı, belə şey heç vaxt olmayıb, ola da bilməz!", - deyərək səhnəyə qayıdacağını bildirib. Qalstukunu, pencəyini səhmana salandan sonra tribunaya gedib. Həmin anlar gözümün önündən getmir, bir də gördük ki, Heydər Əliyev əzəmətlə tribunaya doğru addımlayır, bayaqdan keçirdiyimiz stresdən, həyəcandan idi, yoxsa başqa səbəbi də var idi, dəqiq bilmirəm, ancaq elə bərk alqış sədaları ucaldı ki, bəlkə də 30 illik tarixi ərzində o sarayda belə gurultulu alqışlar olmamışdı.

Ancaq qısa çıxışdan sonra Ulu öndər ikinci dəfə yıxıldı və bu dəfə daha pis oldu - sonradan bildiyimiz kimi, bir neçə qabırğası sınmışdı. Şahidlər danışırlar ki, həkimlər onun qarşısında diz çöküb yalvarıblar: "Cənab prezident, ayağa qalxmaq qəti olmaz, icazə verin Sizi birbaşa xəstəxanaya aparaq". Yaxın adamlara vəziyyətin kritik olduğunu izah edən həkimlər onlardan da xahiş ediblər ki, onu hospitalizasiya olmağa razı salsınlar. Ancaq deyilən bütün sözlər onu fikrindən döndərə bilməyib: "Bəlkə də başqa tərkibdə iştirakçılar olsaydı, siz deyənə qulaq asardım. Ali Baş Komandan gənc kursantların önündə yıxılıb səhnədən çıxa bilməz! Səhnəyə qayıdıram!"

Və qayıtdı da, qabırğaları sınmış, dəhşətli ağrının əzablarına dözə-dözə, bunu heç kəsə hiss etdirmədən, bir qədər asta addımlarla, ancaq yenə də şux yerişlə qayıtdı... Qayıtdı ki, kursantlar onu ayaq üstdə, ölümə də, ağrıya da, əzablara da qalib gəlməyi bacaran Ali Baş Komandan kimi yadda saxlasınlar! Qayıtdı ki, ləyaqətli bir ömrün son akkordları da ləyaqətlə olsun! Qayıtdı ki, ömrünü həsr etdiyi xalqına son dualarını desin: "...Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!.."

Dünyanın hər üzünü görmüş, heç kəsin önündə əyilməmiş, şərəfli bir ömür yaşamış cəsur və qəhrəman insan başqa qərar qəbul edə bilməzdi - kimin ömründə yalnız ləyaqət və dəyanət qərar tutursa, onun qərarı belə də olmalıydı. Əgər o, həkimlərin məsləhətinə qulaq assaydı, xərəkdə uzanıb xəstəxanaya getməyə razılıq versəydi, tribunaya qayıtmasaydı, bəlkə də bir qədər artıq yaşayardı, ancaq həmin Heydər Əliyev olmazdı. Onu milyonlardan fərqləndirən əsas keyfiyyət də bu idi - ölümün gözünün içinə dik baxmaq, həyatdan da üstün olan dəyərləri görmək və onları düzgün qiymətləndirmək! O, dünyaya Heydər Əliyev kimi gəlmişdi, Heydər Əliyev kimi də getməliydi.

Bu gün xeyli zaman ötdükdən sonra həmin müdhiş günü xatırlayaraq düşünürəm ki, əgər Heydər Əliyev onda kursantların qarşısına qayıtmasaydı, bəlkə də biz 44 günlük müharibədə qalib gələ bilməzdik. Əgər həmin jesti ilə gənclərə cəsarət, mərdlik, vətənpərvərlik, ölümə də meydan oxumaq dərsi keçməsəydi, onların sırasında Polad Həşimov kimi yüzlərlə igid, vətən yolunda hər şeyə hazır qəhrəman yetişməzdi, həmin yenilməzlik ruhu Azərbaycan Ordusunun qanına, canına hopmazdı, biz o igidlərə güvənib haqq savaşına qalxa bilməzdik və möhtəşəm qələbəni qazanmazdıq!

"Hər zaman həyatını xalqına qurban verməyə hazır olan" Heydər Əliyev "həyatından artıq sevdiyi xalqına" ömrünü qurban verməyi bacardığını əməli ilə sübut etdi.

...Həkimlərin ciddi etirazına baxmayaraq, aprelin 21-də yıxılmış, yeddi qabırğası sınmış 80 yaşlı bu insan aprelin 24-də işə çıxdı. Aprelin son günlərinin birində prezident telefonu zəng çaldı. Həyəcanla götürdüm. O vaxtdan danışmamışdıq:

- Misir müəllim,vəziyyət necədir?

- Çox sağ olun, cənab Prezident, - dedim, - Siz necəsiniz? Bir az narahat olduq.

Sualıma cavab vermədi:

- Gürcüstana kitabları göndərə bildiniz? Dünya bankı ilə söhbətiniz nə yerdə qaldı?

Məlumat verdim, ancaq yenə sözarası xoşlamadığını bildiyim səhhəti haqqında soruşdum, bunu mənəvi borc hesab etdiyim üçün tərəddüdlə də olsa, deməli oldum.

- Hər şey yaxşıdır, - dedi.

Ancaq yenə də söhbəti  onu daha çox düşündürən məsələlərin üstünə gətirdi:

- Yapon səfiri məktəb tikməyə söz vermişdi, o məsələ necə oldu?

Ətraflı cavab verdim, diqqətlə dinlədi, yenə rayonlardakı məktəb tikintisi ilə bağlı qayğı ilə soruşanda ürəklənib dedim:

- Cənab Prezident, bəlkə bir az istirahət edəydiniz?

Hiss etdim ki, məsləhətim xoşuna gəlmədi, ancaq cavabında bunu bildirmədi:

- Bilirsən, Misir müəllim, çətin olsa da, gərək yerimdə olam, eşitmişəm ki, həmin gün ermənilər toy-bayram  edib, elə başqa erməni əqidəlilər də. Daxili və xarici sabitlik naminə mən vəzifə başında olmalıyam, bir az çətin olsa da, ağrılarım olsa da, işdə olmalıyam...

Doğrusu, məəttəl qaldım, bu qədər fədakarlıq olarmı? Həyatının belə böhranlı dəqiqələrində də ictimai borcu, milli mənafeləri, dövlət və xalq qarşısında məsuliyyəti unutmayasan, ölümün bir addımlığında olduğunu bilə-bilə Gürcüstana kitabların göndərilməsi, yaxud yapon səfirinin Bakıda tikdirəcəyi məktəb səni narahat etsin?! Bir azca dişi ağrıyan insanın dünya yadından çıxdığı halda, yeddi qabırğanın sınmasından yaranan dəhşətli ağrıları keçirən bu insanın yadına Dünya bankı düşüb? Görəsən, buna görə nə qədər vətənpərvər, nə qədər işinə ciddi münasibətdə, nə qədər xalqa, dövlətə bağlı olmaq lazımdır?

Tarix, əslində, Heydər Əliyevə bir dövlət adamı, böyük vətənpərvər və dahi azərbaycanlı kimi öz qiymətini verib. Bundan sonra da verəcək. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin miqyasını, dəyər və əhəmiyyətini zaman ötdükcə daha aydın hiss edirik. Heydər Əliyevin dühası, onun siyasət məktəbi və dövlətçilik kursu tariximizin bundan sonrakı mərhələlərində özünü daim göstərəcək. Azərbaycan dövləti hələ uzun illər öz inkişafında o dühadan bəhrələnəcəkdir!

Bəzən məndən soruşurlar ki, Heydər Əliyevlə işləmək çətin idimi?

Bəli, Ulu öndər çox tələbkar, eyni zamanda, ədalətli, müdrik bir rəhbər idi. Doğrudur, verdiyi hər bir tapşırığın icrasında maksimum mükəmməllik tələb edirdi, xatirindən heç nə çıxmaz, ən xırda detal belə nəzərindən yayınmazdı. Bununla belə, heç kəsin haqqında kiminsə sözü ilə qərar qəbul etməzdi, heç vaxt şəxsi münasibətini milli maraqlardan yüksək tutmazdı, kiminsə şəxsi keyfiyyətləri xoşuna gəlməyə bilərdi, ancaq əgər həmin insan xalq üçün, ölkə üçün fədakarlıq edirdisə, işinə can yandırırdısa, Heydər Əliyev onun bütün günahlarını bağışlayardı. Əlbəttə, onun etimadına layiq olmaq, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, həm də böyük şərəf və məsuliyyət idi.

Çox xoşbəxt insanam ki, bu tarixi şəxsiyyətlə eyni dövrdə yaşamaq, hətta onunla ünsiyyətdə olmaq mənə nəsib olmuşdur.

 

 





12.05.2023    çap et  çap et