525.Az

Böyük Qayıdışa doğru: layihələr uğurla icra edilir


 

Böyük Qayıdışa doğru: layihələr uğurla icra edilir<b style="color:red"></b>

Vətən Müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.

Prezident İlham Əliyev bununla bağlı çıxışlarında bəyan edir ki, Böyük Qayıdış naminə işlər uğurla icra edilir: "Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir".

Bununla yanaşı, 10-dan çox kəndin Baş planının təsdiqləndiyini və bir neçə kəndin təməlini şəxsən qoyduğunu qeyd edən Prezident deyib: "Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək".

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə ayırmaları 6,6 milyard ABŞ dollarından çox olacaq: "Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını, məcburi köçkün və qaçqınların öz doğma yerlərinə qayıtmasını nəzərdə tutan "Böyük Qayıdış" proqramına start verib. 30 ildən artıq işğal altında qalan, 2020-ci ildə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi zərurəti yaranıb. Əsas istiqamətləri Prezident öz çıxışında göstərib. Bunlar Böyük Qayıdış proqramına uyğun layihələrin maliyyələşdirilməsini sürətlə həyata keçirmək, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Odur ki, büdcəyə yenidən baxılması nəzərdə tutulub. Bundan başqa digər məsələlər də dəyişikliklərdə əksini tapacaq".

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, yaxın gələcəkdə qarşımızda duran əsas məsələ - işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır. Bu proses soydaşlarımızın əzəli torpaqlarımıza Böyük qayıdışı ilə üst-üstə düşür. Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir: "Əminliklə deyə bilərik ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək. Bunu müxtəlif beynəlxalq reytinq agentlikləri və maliyyə qurumlarının ölkəmizin iqtisadiyyatı ilə bağlı müsbət proqnozları da təsdiq edir. Bugün biz ərazi bütövlüyünü bərpa etmiş, azad, sosial-iqtisadi göstəriciləri yüksək, dünyada nüfuzlu və etibarlı tərəfdaş, Cənubi Qafqazda lider olan ölkədə yaşayırıq. Ehtiramla yad etdiyimiz Ulu öndər Heydər Əliyev məhz belə qüdrətli Azərbaycanı görmək arzusunda idi. Bugünkü uğurlarımızın əsasında onun müstəsna xidmətləri və mütərəqqi ideyaları dayanır. Dünya siyasətçilərinin birinciləri sırasında dahi və fenomenal siyasətçi kimi xüsusi yer tutan Ulu öndərimizin əziz xatirəsi hər birimizin qəlbində daim yaşayır və bundan sonra da əbədi olaraq yaşayacaq".

Nazir əlavə edib ki, yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və özəl sektorun Qarabağa ayaq açması ilə bağlıdır: "Bu proses bizim vətəndaşlarımızın böyük qayıdışı ilə üst-üstə düşür. Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiq edilib, baza infrastrukturun yaradılması istiqamətində işlər tam gücü ilə davam etdirilir. Eyni zamanda, sahibkarlarımızı və investorları Qarabağa investisiya yatırmağa və biznes qurmağa bir daha dəvət edirəm. Dövlət bu məqsədlə zəruri dəstəyi təmin edir və bundan sonra da edəcək. "Araz Vadisi İqtisadi Zonası" və Ağdam sənaye parklarında sahibkarlar üçün əlverişli şərait yaradılıb. İşğaldan azad olunan ərazilərimiz üçün vergi güzəştləri təsdiq olunub. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayələrin cəlbinə, sahibkarlığın inkişafına və əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək. Bütün bunlar bir daha göstərir ki, dövlət daim sahibkarın yanındadır və biz nəticəyönümlü tədbirlər, effektli dəstək və güzəşt mexanizmləri ilə özəl sektorun davamlı və etibarlı inkişafına nail oluruq".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin tikintisi, tarixi abidələrin bərpası işləri aparılır və bu işlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətindədir: "Bu işlərlə bağlı xüsusi proqram tərtib olunub. Həmin proqrama uyğun olaraq Qarabağda məscidlər tikilir və bərpa edilir. Əsasən fikir verilir ki, əvvəlki dövrdə olan məscidlər eyni formada restavrasiya olunsun. Çünki işğal dövründə məscidlərin böyük əksəriyyətini məhv edib, dağıdıblar. Bütün bu məscidlərdə restavrasiya işləri başa çatdırılacaq, Böyük Qayıdış yekunlaşdıqdan sonra həmin yerlərə din xadimlərinin təyinatı başlayacaq".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, hazırda Naxçıvan, Bərdə, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallıda da DOST mərkəzlərinin açılması üçün işlər davam etdirilir. Onun sözlərinə görə, işğaldan azad edilən bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi ötən ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən 2023-2026-cı illərdə Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşada DOST xidmətləri infrastrukturu qurulacaq.

Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan 5 mərhələ üzrə işlər paralel görülür: "Onlardan biri ümumi və baş planların layihələndirilməsi, ikincisi minatəmizləmə fəaliyyəti, baza infrastrukturunun yaradılması, sosial-ictimai-iqtisadi infrastrukturun tam miqyaslı yenidən qurulması və nəhayət böyük qayıdışın təmin olunmasıdır. Göründüyü kimi ilk növbədə planlaşdırma olmalıdır".

E.Hüseynovun sözlərinə görə, təkcə quruculuqla bağlı deyil, hətta minatəmizləmənin də planlaşdırmasının olması vacibdir: "Daha sonra ciddi şəkildə çirklənmiş ərazilərdə müəyyən dəhlizlər açılmalıdır ki, bərpa prosesi baş versin. Bu dəhlizlər açıldıqdan sonra yol, qaz, işıq, su, rabitə kimi baza infrastrukturları təmin olunmalıdır. Daha sonra isə məktəb, xəstəxana, inzibati binalar, yaşayış evləri kimi sosial infrastrukturlar hazır olmalıdır. Və nəhayət böyük qayıdış baş verməlidir. Bütün bunlar əslində ardıcıl deyil eyni zamanda, baş verir. Yəni hər bir mərhələ üzrə fasiləsiz iş gedir. Hamısında eyni mərhələdə deyil. Daha erkən başlamış ərazilər var və onlar daha da qabaqdadır".

Emin Hüseynov qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köç davamlı bir prosesə çevriləcək. "Hazırda həmin ərazilərdə əsas baza infrastrukturu ilə bağlı layihələr yekunlaşmaqdadır. Növbəti il biz işlərin əksəriyyətinin yekunlaşdığının şahidi olacağıq. Bu isə o deməkdir ki, artıq Qarabağın yol, kommunikasiya, digər infrastruktur xətləri tam olacaq, həyatın qayıtması üçün bütün zəruri şərait yaradılacaq. Böyük Qayıdış artıq başlayıb. İlk olaraq Şərqi Zəngəzurda yerləşən Zəngilanın Ağalı kəndinə keçmiş məcburi köçkünlər köçürülüb. Köç bundan sonra davamlı prosesə çevriləcək". E.Hüseynovun dediyinə görə, keçmiş təmas xəttində yerləşən ərazilər Qarabağ iqtisadi rayonunun ərazisinə düşür: "Həm Ağdamda, həm də Füzulidə mina təmizləyən heyətin əməyi nəticəsində biz işlərimizi sürətləndirə bilmişik. Azərbaycan dövləti öz gücü hesabına Qarabağı bərpa edir. Qarabağın dirçəlişi üçün hər cür şərait var. Biliklərimizi, bacarıqlarımızı ortaya qoyaq, bu işləri vaxtında icra edək".

Millət vəkili Elnur Allahverdiyevin dediyinə görə, 2023-cü ilin dövlət büdcəsi layihəsinin başlıca hədəfləri sırasında Qarabağ və Şərqi Zəngəzur rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi strateji çağırışların olması tədqirəlayiq haldır. Azərbaycan bu gün işğaldan azad etdiyi torpaqları öz gücü və imkanları ilə bərpa edir. Bu, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" isə dövlətimizin siyasi iradəsinin nümayişidir, dövlətimiz bu proqramı qəbul etməklə dünyaya göstərir ki, bizim öz hərbi gücümüzlə torpaqlarımızı işğaldan azad etmişik: "İkincisi, bizim siyasi iradəmiz var, azad edilmiş şəhər və kəndlərimizi yenidən qururuq. Üçüncüsü isə, iqtisadi qüdrətimiz var, bütün işləri öz hesabımıza edirik. Dövlət Proqramının ambisiyalı layihələrdən ibarət olduğunu vurğulayan deputat bildirib ki, bu layihələr həm insanlarımızın doğma yurdlarına qayıtmasından sonra rahat və firavan yaşayışına hesablanıb, həm də büdcəyə gəlir gətirməyə hesablanıb. "Məsələn, götürək turizmi. 2026-cı ildə artıq bölgə ilkin turizm üçün hazır olacaq. Bu, büdcəmizə böyük miqdarda qazanc gətirəcək. Həm daxili turizm baxımından, həm də xarici. Sirr deyil ki, dünyada, ələlxüsus da Türk dünyasında Qarabağ bölgəsinə ciddi maraq var. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə illərdir ki, geniş tikinti-abadlıq işləri həyata keçirilir. Qarabağ və Zəngəzurda görülən işlər göz qabağındadır. Proqramda inşaat sektoruna da ciddi yer ayrılıb. Belə ki, 2027-ci ilədək vətəndaşlarımız üçün 30 mindən çox mənzil tikilməlidir. 200-dək təhsil ocağı, ali məktəb filialı, DOST və "ASAN xidmət"ləri də unutmamaq lazımdır".

Sevinc  QARAYEVA

 





12.05.2023    çap et  çap et