525.Az

Bilinməyən günahların aşkar cəzaları - Şahanə Müşfiq yazır


 

Bilinməyən günahların aşkar cəzaları - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Balaca Fəridin bir neçə gün öncə ölkə gündəmini alt-üst edən ölüm xəbərindən, daha doğrusu, bu ölümün ardından tez-tələsik "tapılan" günahkardan sonra bu mövzuda yazı yazmağı düşünürdüm. Amma nə hikmətdirsə, kompüter arxasına keçməyə heç cür imkan tapmırdım. Hər sosial şəbəkələri açanda gözümü qanadan o xəbərlərə, yalan-yanlış məlumatlara, bilib-bilmədən atılan şərlərə, yaxılan böhtanlara əsəblərim pozula-pozula baxır və düşünürdüm ki, bu, necə də tanış ssenaridir.

Hə, idman zalında məşqçisi tərəfindən məşq etmək adı ilə vəhşicəsinə döyülüb öldürülən yeddi yaşlı Fəridi deyirəm. Türklər demişkən, "qapı kimi" videolar, hadisə anının görüntüləri, faktlar olduğu halda, yenə də körpəsi qucağından qoparılıb məzara qoyulmamış ananı günahkar çıxarıb, üstünə qoşunla yeridi bizim bəzi namus keşikçilərimiz. Dedim axı, tanış ssenaridir. Öldürülən uşağın anasını günahkar çıxartmağı, əsl qatili ört-basdır edib ananı az qala edama göndərməyi biz yaxşı bilirik axı. Nərmin, Elina ilə bağlı hadisələrdən təcrübəliyik. Övladı məktəbdə direktor tərəfindən "bullinqə" məruz qalıb intihar edən ananı da suçlamamışdıqmı?!

Fəridin də anasını günahlandırmağa bəhanə tapdıq. Dırnaqları niyə uzunmuş və o uzun dırnaqlarla üz-gözünü cırmaq əvəzinə niyə efirə çıxıb övladının haqqını arayır, qatilə ən ağır cəzanı tələb edir? Niyə övladı içəridə döyüləndə çöldə gözləyib və məşqçinin sözü ilə onu xəstəxanaya yox, evə aparıb? Niyə məşqçiyə adı ilə xitab edir? Və sair və ilaxır. Əsassız iddialar, məntiqsiz suallar o qədər böyüdü ki, hələ utanmadan ssenari də yazdıq: ananın məşqçiyə simpatiyası olub. Bütün bunları da niyə elədik? Çünki ana ərindən boşanmış bir qadın idi. Axı bizim cəmiyyətdə boşanmış qadın olmaq əxlaqsız qadın olmaqla eyniləşdirilir çox vaxt. Heç kim dönüb anaya "niyə boşanmışdın?", "iki oğlan uşağını təkbaşına necə böyüdürdün?" sualını vermədi, verməyib. Heç kim balası qollarında can verən ananın psixologiyasını düşünüb empatiya qurmadı ki, onun niyə həmin an elə davrandığını anlaya bilsin. Övladı öləndən sonra oğlu olduğu yada düşən və atalıq damarı tutub çıxıb efirdə ən asan yolu- keçmiş arvadını günahlandırmağı seçən kişidən də heç kim soruşmadı ki, sənin iki oğlun idmana gedərkən onları qapıda niyə sən yox, anası gözləyirdi? Oğlan uşağını idmana ana aparar, yoxsa ata? Onları "kişi kimi" böyütmək ananın vəzifəsidir, yoxsa atanın?

Yox, biz ancaq qadını qınamağı, qadını günahkar bilməyi, qadına daş atmağı bacarırıq. Axı bilirik, qadın zəifdir, qadın arxasızdır, qadın köməksizdir, qadın haqqını tələb etməkdə çox zaman acizdir. Çünki qadının qarşısında ona-buna şər atmaqdan ötrü ölən, ac qurd kimi ağzı havaya böhtan atacağı, bilib-bilmədən haqqında hərzə-hərzə danışacağı "yem" gözləyən böyük bir dəstə dayanıb. 

Bütün bunları düşünür, amma hələ yazmağa tələsmirdim. Mən bu düşüncələrlə məşğulkən növbəti cinayət hadisəsi baş verdi: tanınmış plastik cərrah Türkün Gündüz öz evində həyat yoldaşı tərəfindən qətlə yetirildi. Xəbər gündəmə düşər-düşməz, yenə də məlum dəstə mənsubları bilib-bilmədən danışmaqlarından qalmadılar, yazıq qadının meyidi soyumamış, cansız bədəni torpağa tapşırılmamış qurdlu beyinlərdən, çirkin dillərdən qopan suallar şəbəkə-şəbəkə gəzdi: nə zibili var imiş ki, kişi öldürməyə "məcbur qalıb"?, belə gözəl, baxımlı qadındırsa, yüz faiz, ərinə xəyanət edib deyə öldürülüb... Və sair və ilaxır. Yenə də özünü müdafiədən məhrum olan biri haqqında çirkin, eybəcər iddialar dolaşmağa başladı. Ancaq çox keçmədi ki, burada da videofakt hamının danışan ağzına şapalaq kimi dəydi: sən demə, xəyanət edən tərəf qadın yox, kişi imiş, özü də evin qulluqçusu ilə. Bunu bilən qadın boşanmaq istəyərkən isə aqibəti ölüm olur.

Bəli, bu cəmiyyətdə əksərən qadın ölsə də, öldürülsə də, övladı ölsə, əri ölsə, qardaşı ölsə, atası ölsə, fərqi yoxdur, qadın harada varsa, orada tək günahkar məhz odur. Elə bil bu cəmiyyətdə qadın doğulmağın özü ən böyük günahdır. Bunu deməyə cəsarətləri çatmayanlar gözləyirlər ki, o qadın böyüsün, həyatında və ya ətrafında nəsə baş versin ki, kinlərini, nifrətlərini qusmağa bəhanələri olsun.

Yazımı nikbin notlarla bitirmək üçün bunun nə vaxtsa düzələcəyinə inandığımı demək istəyirdim ki, indicə bir xəbər də yayıldı: yenə bir qadın illər öncə boşandığı əri tərəfindən qısqanclıq zəminində öldürülüb...

 





12.05.2023    çap et  çap et