525.Az

Öz ömrünü sevgisinə qıyarlar


 

Öz ömrünü sevgisinə qıyarlar<b style="color:red"></b>

Anar MƏCİDZADƏ

 

Nə xoşbəxtdir bu dünyada sevənlər

 

Məhəbbətin hikmətini duyarlar,

Öz ömrünü sevgisinə qıyarlar,

Ülvi hissi uca zirvə sayarlar -

Nə xoşbəxtdir bu dünyada sevənlər.

 

Sevmək özü imtahandır, sınaqdır,

Bəzən ağır məzəmmətdir, qınaqdır,

Sevilərsə, qüssə-qəmdən uzaqdır,

Nə xoşbəxtdir bu dünyada sevənlər.

 

Əsl eşqin son ünvanı vüsaldır,

Sevənlərə sevgiləri halaldır,

Hər insanı saf sevgisi ucaldır,

Nə xoşbəxtdir bu dünyada sevənlər.

 

Sevənlərin könülləri xoş olar,

Arzuları qanadlanmış quş olar,

Sevgiləri səadətə qovuşar;

Nə xoşbəxtdir bu dünyada sevənlər.

 

Dünyada sözüm qalacaq

 

Bu torpaqda boy atdımsa,

Bircə şeir yaratdımsa,

Sözdən qala ucaltdımsa,

Dünyada sözüm qalacaq.

 

Şeir qoşum fəsillərə,

Töhfə olsun nəsillərə,

Körpü olsun könüllərə;

Dünyada sözüm qalacaq.

 

Sözdür mənim şöləm-şamım,

Tükənməz şair ilhamım,

Qara torpaq son ünvanım,

Dünyada sözüm qalacaq.

 

Şeir etdim neçə sətri,

Hər birində çiçək ətri,

Gözümü yumsam əbədi,

Dünyada sözüm qalacaq.

 

Bəxtsiz qadın

 

Taleyini yazan yazıb beləmi,

Ürəyində min dərd yatır, nədəndir?

Qara bulud alıb başın üstünü,

Gözlərində Günəş batır, nədəndir?

 

Yollarını boran kəsir, qar kəsir,

Yolun üstə külək əsir, yel əsir.

Həyat səni yıxmağamı tələsir?

Sevincinə kədər qatır, nədəndir?

 

Özün gözəl, sanki dünya maralı,

Görən nədən könlün olub yaralı?

Günün keçir həm ağlı, həm qaralı,

Ahü zarın göyə çatır, nədəndir?

 

Yazdığına pozu yoxmu fələyin?

Gül-çiçəkli yazı yoxmu fələyin?

Qəmi sevincindən çoxmu fələyin?

Sevinc alıb dərdi satır, nədəndir?

 





12.05.2023    çap et  çap et