525.Az

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Naxçıvan Kitab Sərgisi açılıb


 

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Naxçıvan Kitab Sərgisi açılıb<b style="color:red"></b>

Naxçıvanda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB Birinci Naxçıvan Kitab Sərgisi açılıb.

525.az APA-ya istinadən xəbər verir ki, "Naxçıvan" Universitetində təşkil olunan və iki gün davam edəcək sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçiriləcək, eyni zamanda oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.

Sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı, Varis, Zahid Xəlil və şair Rüstəm Behrudinin imza mərasimləri olacaq. Eyni zamanda, E.Elatlı yeni romanı olan "Belçika ovçarka"sını oxucularına təqdim edəcək.

Bundan başqa kitab sərgisində təlimçi Orxan Şahbaz "Naxçıvanlılar nə oxuyur?", təhsil texnoloqu Şəmil Sadiq "Çevrənin hissələri - müəllim, şagird və valideyn", Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov "Təhsil tələbə krediti nədir?", dilçi alim Rafiq İsmayılov "Oxuyub anlama - təhsildə metabacarıq kimi", Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və professor Qulu Məhərrəmli "Azərbaycan jurnalistikası dünəndən bu günə" panelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.

Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatı da nəzərdə tutulur.

Qeyd edək ki, sərgi hər gün 10:00-dan 20:00-a qədər davam edəcək.

 





13.05.2023    çap et  çap et