525.Az

Rasim Musabəyov: "Paşinyan Brüssel görüşünün gündəliyini dəyişməyə çalışır"


 

Rasim Musabəyov: "Paşinyan Brüssel görüşünün gündəliyini dəyişməyə çalışır"<b style="color:red"></b>

Ermənistanın son hərbi təxribatları bu ölkənin məqsədli şəkildə vəziyyəti gərginləşdirdiyini bir daha ortaya qoydu. Xüsusilə, indiki durumda, yəni Vaşinqton danışıqlarının ardınca Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 14 may tarixində planlaşdırılan görüşü ərəfəsində İrəvan öz təxribatları ilə sülh sazişində maraqlı olmadığını göstərir. Ermənistanın məqsədi saziş üzrə əsas məsələlərdən yayınmaq,  sərhəddə təhlükəsizlik kimi məsələləri önə çıxarmaqla prosesin uzanmasına nail olmaqdır.

Xatırladaq ki, mayın 10-da axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları - Novruzəlizadə Orxan Elxan oğlu həlak olub, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanıb. Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ötən il Brüsseldə  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş  naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina etdiyi üçün proses donduruldu.

Azərbaycanın Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, rəsmi Bakı Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.

Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş təklifinə Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil. Hazırda Paşinyan öz addımları ilə  sələfləri Köçəryan və Sarkisyanın siyasətini davam etdirməkdədir.  Yəni bilərəkdən prosesi əngəlləyəcək addımlar atır, mövcud vəziyyəti uzadır.

Danışıqların aktiv fazaya daxil olduğu vaxtda Ermənistan niyə vəziyyəti gərginləşdirməyə çalışır? İrəvan pozuculuq fəaliyyətini nə vaxta kimi davam etdirəcək?

Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı "525"ə deyib ki, Zod istiqamətində törədilən təxribatı ermənilər Brüssel görüşünün gündəmini sülh müqaviləsindən sərhəd bölgəsində təhlükəsizlik məsələlərinə dəyişmək məqsədilə təşkil ediblər: "Yarım illik fasilədən sonra, mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında danışıqlar bərpa olunacaq. Ermənistanın Baş nazirinin təkidli istəklərinin əksinə olaraq, Fransa prezidenti Makronun bu görüşdə iştirakı gözlənilmir. Baxmayaraq ki, bu siyasətçinin çağrılmadan belə iştiraka çalışmaq vərdişləri var, ona görə də Belçikaya da dəvətsiz gələ bilər. Bütün hallarda o, danışıqlar masası arxasında oturmaq istəyinə imtina alıb, kulisdə oturmaq isə Fransa prezidenti üçün alçaldıcı görünməlidir".

R.Musabəyov əlavə edib ki, danışıqların gündəliyi ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və dəstəyi ilə Birləşmiş Ştatlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında  4 günlük hərtərəfli dialoqda  əvvəlcədən müəyyən edilib: "Bu, davamlı sülhün bərqərar olması ilə Ermənistan-Azərbaycan münasibətlərini normallaşdıran sənəd üzərində işləməyi nəzərdə tutur. Bununla belə, Amerika-Avropa vasitəçiliyinə Rusiyadan reaksiyanı bilirik. Bu mövqe Paşinyana İkinci Dünya müharibəsində Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya son səfəri zamanı prezident Putinlə görüşdə çatdırıldı. Hesab edirəm ki, Paşinyan  Brüsseldəki danışıqların gündəliyini sülh müqaviləsi üzrə razılaşmadan Laçın yolunun girişində sərhəd buraxılış  məntəqəsinin yaradılmasının   ermənilər üçün qəbuledilməzliyini bəhanə edərək   sərhəd bölgəsində təhlükəsizlik məsələlərinin müzakirəsini gündəmə gətirməklə dəyişməyə çalışacaq. Paşinyan sazişin imzalanmasından yayınmaq üçün bundan bir bəhanə kimi istifadə etməyə cəhd göstərəcək. O,  yenidən tərəflərin silahlı qüvvələrinin sərhəd xəttindən çıxarılması məsələsini irəli sürəcək, Aİ müşahidəçilərinin hazırkı 100 nəfərdən 500 nəfərə qədər artırılmasını xahiş edəcək və s. Lakin Paşinyanın səyləri nəticə verməyəcək və onun qeyri-konstruktiv davranışının nəticəsi mayın sonunda Kişinyovda Fransa prezidenti Makron və Almaniya kansleri Şultsun iştirakı ilə gözlənilən görüşün mümkünsüzlüyü olacaq. Paşinyanın manevrləri çətin ki, ABŞ Dövlət Departamentinin müsbət reaksiyasına səbəb olsun. Bakıya gəlincə, biz Azərbaycanın ayrılmaz hissəsi olan  Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla suveren ərazimizdə öz gündəliyimizlə hərəkət etməyə davam edəcəyik".

 

 





15.05.2023    çap et  çap et