Kiyev, Xarkov və Herson ətrafındakı rüsvayçı məğlubiyyətdən sonra Rusiya ordusu daha bir uğursuzluğa düçar olub. Rusiya ordusu Baxmutdan geri çəkilməyə başlayıb. Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, Ukrayna qoşunları Rusiya qüvvələrini iki kilometrdən artıq geri çəkilməyə vadar edib: "Onlar məğlub olub geri çəkildilər".
Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq cəbhə xəttinin yarılmadığını bildirib, Ukrayna tərəfinin iddialarını təkzib edib. "Ukrayna ordusunun Soledar bölgəsində irəliləməsi və Baxmutda rusların mühasirəyə alınması, eləcə də Xarkov vilayətində çoxlu sayda Ukrayna tanklarının Rusiya ilə sərhədə doğru irəliləməsi haqqında məlumatlar həqiqətə uyğun deyil".
Rusiya Müdafiə Nazirliyinin məlumatında Ukrayna Silahlı Qüvvələrinin Donetsk istiqamətində üç kəşfiyyat cəhdinin qarşısının alındığı, səkkiz hücumunun dəf edildiyi və "Vaqner" Özəl Hərbi Şirkətin muzdlularının Baxmutun qərb hissəsində irəliləməyi davam etdirdiyi də vurğulanırdı.
Rusiya Müdafiə Nazirliyindən fərqli olaraq "Vaqner" ÖHŞ-in qurucusu Yevgeni Priqojin bildirib ki, Rusiya ordusunun bölmələri Baxmut bölgəsində mövqelərini döyüşsüz tərk edirlər. Priqojin açıq mətnlə Rusiya ordusunun strateji məntəqələrdən qaçdığını bəyan edib.
Priqojinin bu açıqlamaları Rusiya Müdafiə Nazirliyinin həqiqətləri təhrif etdiyini, Ukraynanın yaydığı məlumatların gerçəkliyə daha uyğun olduğunu təsdiqləyir.
Deep State (Dərin Dövlət) interaktiv xəritə internet resursunun yaydığı məlumatda da Ukrayna ordusunun Baxmut və Soledar bölgələrində üç mövqeni ələ keçirdiyi təsdiqlənir.
Aydın görünür ki, Rusiya Müdafiə Nazirliyi Kiyev, Xarkov və Herson ətrafında rüsvayçı məğlubiyyətdən sonra yaşanan Baxmut rüsvayçılığını gizləməyə çalışır. Moskvada anlayırlar ki, Baxmut məğlubiyyəti haqqında məlumatlar Rusiya cəmiyyətində geniş əks-səda doğura bilər. Buna görə də Baxmutda yaşananları gizlədərək yalan məlumat yaymaqdan çəkinmirlər.
Rusiya cəmiyyətinin Baxmut cəbhəsində uğursuzluqlara sərt reaksiya verəcəyini şərtləndirən bir neçə məqam var. ABŞ kəşfiyyatının məlumatına görə, son 5 ayda Rusiya Ukraynada 100 minə yaxın əsgərini itirib. Bu itkilərin böyük əksəriyyəti Baxmut uğrunda gedən döyüşlərin payına düşür. Rusiya ordusunun bir ilə yaxın müddətdə ələ keçirməyə çalışdığı, lakin çox böyük itkilər verdiyi Baxmut müharibədən əvvəl təxminən 70 min insanın yaşadığı bir şəhər idi. İndi bu şəhər tamamilə dağılıb və böyük bir xarabalığı xatırladır. Rusiya ordusu Baxmutu bir ilə yaxındır ələ keçirməyə çalışsa da, istəyinə nail ola bilməyib. Şəhərin böyük hissəsi Rusiya ordusu tərəfindən işğal olunsa da, Ukrayna ordusu Baxmutda qalaraq müqaviməti davam etdirir. Baxmutdakı mövqelərini çox böyük fədakarlıq hesabına qoruyan Ukrayna ordusu Rusiyanın nizami ordusunu və "Vaqner" muzdlularını ağır itkilər verməyə məcbur edib. Ukrayna ordusu Baxmutda elə bir fədakarlıqla döyüşür ki, hətta "Vaqner" qrupunun sahibi Yevgeni Priqojin də ukraynalı döyüşçülərin cəsarətindən və qəhrəmanlığından ağızdolusu bəhs edir. "Ukraynalı döyüşçülər hər ev uğrunda, şəhərin hər qarışı uğrunda ağılasığmaz fədakarlıqla döyüşlər. Onlar çox yaxşı döyüşçülərdir".
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsu Con Kirbi hesab edir ki, Rusiyanın Donbasdakı genişmiqyaslı hücumları dalana dirənib. "Rusiya dekabr ayında başlatdığı kampaniyanın gedişatı ərzində heç bir strateji əhəmiyyətli ərazini ələ keçirə bilməyib". Kirbi bəyan edib ki, bu cəhdlər, xüsusi ilə də Baxmut istiqamətində hücumlar çox ağır itkilər hesabına başa gəlib. Bu isə Rusiya ordusunun hərbi ehtiyatlarını və silahlı qüvvələrinin tükənməsinə səbəb olub.
İsrailli hərbi ekspert David Şarp Baxmut istiqamətində aktiv döyüşlərin ötən ilin mayında başladığını, ötən bir il ərzində Rusiya ordusunun böyük itkilər verməsinə baxmayaraq, bu kiçik şəhəri hələ də tam ələ keçirə bilmədiyini vurğulayır. Şarp qeyd edir ki, 2022-ci ildə Kiyev, Çerniqov, Suma və Xarkov vilayətlərinin bir hissəsindən geri çəkildikdən sonra Rusiya bütün diqqətini "Donbass uğrunda döyüş"ə cəmlədi. "Rusiyanın məqsədi Donetsk bölgəsi üzərində tam nəzarəti ələ keçirmək idi. Lakin Rusiya bu istəyinə də nail ola bilmədi".
Ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan da hesab edir ki, Baxmutu ələ keçirə bilsəydi, Rusiya Donetsk vilayətində mövqeləri gücləndirəcəkdi.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu Baxmutu ələ keçirsəydi, Ukrayna cəmiyyəti özünü yorğun hiss edə və prezidenti güzəştə getməyə çağırmağa başlaya bilərdi. "Ona görə Baxmutun sona kimi müdafiəsinə qərar verilmişdi".
Rusiya ordusu bir il ərzində hücum etdiyi kiçik şəhəri ələ keçirə bilmədiyi kimi, böyük itkilər hesabına ələ keçirdiyi mövqeləri də itirməyə başlayıb. David Şarp hesab edir ki, Rusiya 24 fevral 2022-ci ildən bəri ölən və yaralananlarla birlikdə 300 minə yaxın itki verib. İsrailli hərbi ekspertin bu iddiasını əksər ekspertlər və təhlilçilər də bölüşür. Rusiyanın 300 minlik itkisinin təxminən 100 min nəfərə yaxınının Baxmutun payına düşdüyü güman olunur. Bir il davam edən və 100 min insan itkisi hesabına başa gələn Baxmut döyüşlərinin sonunda şəhəri ələ keçirə bilməmək və bu günə kimi ələ keçirilmiş mövqelərin itirilməyə başlanması Rusiyanın yeni hərbi rüsvayçılıqla üz-üzə olduğunu göstərir. Bir zamanlar dünyanın ikinci ən böyük ordusu hesab olunan Rusiya ordusunun bir il ərzində kiçik bir şəhəri ələ keçirə bilməməsi həqiqətən də ciddi faktdır. Halbuki Rusiyanın təbliğat maşını uzun illər ərzində bir neçə aya Rusiya ordusunun bütün Avropa ərazisindən keçərək La-Manş boğazına çıxa biləcəyini təbliğ edirdi.