525.Az

Təsir nümayişi


 

Təsir nümayişi<b style="color:red"></b>

Mayın 9-da Moskvada İkinci Dünya müharibəsinin başa çatmasının 78-ci ildönümünə həsr olunmuş hərbi paradda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov, Belarus prezidenti Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı Ukraynada böyük narazılıq yaradıb. Ukrayna Xarici İşlər Nazirliyi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan liderlərinin hərbi cinayətkar Vladimir Putinlə və Belarusda hakimiyyəti qəsb etmiş Aleksandr Lukaşenko ilə birlikdə bir tədbirdə iştirak etməsini Ukraynaya qarşı əxlaqsız və qeyri-dost addım, Ukrayna xalqına hörmətsizliyin təzahürü kimi qiymətləndirib. Mayın 9-da Rusiyanın raket hücumuna məruz qalan Dnepr şəhərinin meri Boris Filatov adları qeyd edilən ölkələrin dövlət və hökumət başçılarının Moskvaya səfərinə və Rusiya prezidenti Vladimir Putinlə bir tədbirdə iştirakına çox sərt reaksiya verib. Ukrayna mediasında bu hadisə çox sərt tənqid olunmaqdadır.

Çox maraqlıdır ki, əvvəlcə yalnız Qırğızıstanın rəhbərinin paradda iştirak edəcəyi gözlənilirdi. Mayın 9-dan bir neçə gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, yeganə xarici qonaq Qırğızıstan rəhbəri Sadır Japarov olacaq. Kreml digər liderlərə dəvət göndərmədiyini açıqlamışdı. Lakin Orta Asiyanın bütün postsovet respublikalarının rəhbərlərinin Moskvaya səfər etməsi çox sürpriz hadisə oldu. Paradda yeddi dövlət başçısının iştirak etməsi Rusiyanın təcrid olunmadığını, postsovet respublikaları üzərində təsir imkanını saxladığını göstərməyə xidmət edir.

Berlindəki Karneki Mərkəzinin tədqiqatçısı Teymur Umarov hesab edir ki, Orta Asiya respublikalarının liderlərinin təcili şəkildə hərbi paradda iştirak etməyə razı olmaları bu ölkələrin Rusiyadan asılılığının davam etməsinin nəticəsidir. Çünki Rusiya ilə sabit münasibətlərin təminatı Vladimir Putinin şəxsi razılığındadır. Rusiya Qazaxıstan üçün neft ehtiyatlarının Avropaya ixracı üçün tranzit ərazi kimi vacib olduğu üçün Tokayev Putini narazı salmaq istəmir. Qırğızıstan və Qazaxıstan üçün zəruri malların, ilk növbədə şəkərin və digər kənd təsərrüfatı məhsullarının əsas tədarükçüsü də Rusiyadır. Rusiya tərəfdən istənilən məhdudiyyət avtomatik olaraq qıtlığa gətirib çıxarır ki, bu da ərzaq inflyasiyasını xeyli çoxaldır və əhalinin narazılığını artırır. Ermənistan isə Orta Asiya respublikaları ilə müqayisədə Rusiyadan daha çox asılıdır. Ona görə bu ölkələrin liderləri Rusiya rəhbərliyinin təklifindən imtina edə bilmirlər. Lakin Rusiya ilə yaxınlaşma da çox təhlükəlidir və Ukraynanın qəzəbinə səbəb olur. Ukraynanın hər hansısa sərt addıma əl atması bu ölkələrin Qərblə münasibətlərinə ciddi təsir edə bilər. Ona görə də Ukrayna ilə Rusiya arasında seçim etmək çətin məsələyə çevrilməkdədir.

 





16.05.2023    çap et  çap et