525.Az

"Heydər Əliyevə baxıb sıralarımızı düzəldirik..."


 

"Heydər Əliyevə baxıb sıralarımızı düzəldirik..."<b style="color:red"></b>

Ölkəmizdə geniş qeyd olunan "Heydər Əliyev İli" münasibəti ilə keçmiş xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev mayın 10-da "Bakinski raboçi" qəzetinin müxbiri Əbülfəz Babazadəyə geniş müsahibə verib. "525-ci qəzet" həmin müsahibənin Azərbaycan dilindəki variantını təqdim edir.

 

- Vilayət müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Siz  vaxtı ilə böyük liderin komandasında çalışan yüksək vəzifəli dövlət məmuru olmusunuz. Heydər Əliyevin xalqın çağırışına cavab olaraq yenidən hakimiyyətə qayıtdığı taleyüklü dövrlə bağlı xatirələriniz oxucularımız üçün çox maraqlı olardı...

- Əvvəla onu deyim ki, 29 sentyabr 2022-ci il tarixli sərəncam təkcə mərhum dövlət başçısı Heydər Əliyevin 100 illik yubileyini qeyd etmək deyil, həm də Heydər Əliyev fenomenini daha bariz şəkildə aşkara çıxarmaq, Sovet Azərbaycanının və müstəqil dövlətimizin son yarım əsrlik tarixini öyrənmək və qiymətləndirmək baxımından mühüm sənəddir.

Əslində mən Heydər Əliyev komandasına bir qədər gec - artıq vəziyyətin nisbətən sabitləşdiyi, çətinliklərin qismən dəf edildiyi, amma birdən-birə qəfil fırtınaın qopduğu 1999-cu ilin oktyabrında qoşulmuşan. Bundan əvvəl isə Birinci çağırış Milli Məclisin üzvü olmuşam. Bütünlüklə həmişə ictimai-siyasi proseslərlə maraqlanan bir vətəndaş, ziyalı kimi 1980-ci illərin sonundan başlanan sarsıntı və ziddiyyətlər gözlərim önündə cərəyan edib.

Heydər Əliyevi həyatda ilk dəfə 1970-ci ildə görmüşdüm. O zaman hələ Azərbaycan Dövlət Universiteti adlanan ilk universitetimizin 50 illik yubileyinə gəlmişdi. Yadımdadır ki, bu ali məktəbin özündən cavan məzununu (o zaman ölkə rəhbərinin 47 yaşı vardı) böyük heyranlıq hissi ilə dinləmişdik. Təntənəli hissə bitəndən sonra isə ətrafını saran tələbələrlə xeyli söhbət etmişdi.

İlk şəxsi tanışlıq 1992-ci il sentyabr ayının 27-də oldu. Ərzurum Atatürk universitetindən işləmək üçün dəvət almışdım. Ərzuruma Naxçıvandan, yenicə açılmış Ümid körpüsündən keçib getməyi planlaşdırmışdım. Naxçıvanda görüşdüyüm həmkarım, indi Azərbaycan MEA-nın prezidenti, akademik İsa Həbibbəyli ortaya çıxmış bir məsələnin həlli üçün muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevin yanına getməyi təklif etdi. Doğrusu, adi bir işə görə belə böyük insanı narahat etməyi yersiz sayırdım. Amma Heydər Əliyevi görmək, onunla bir neçə kəlmə danışmaq istəyi tərəddüdlərimə üstün gəldi. 5-10 dəqiqəlik qəbul gözlədiyimiz halda Ali Məclis sədrinin otağında iki saatdan artıq qaldıq və elə ilk ünsiyyətdən Heydər Əliyevin şəxsiyyətinin sehrinə düşdüyümü, özümü onun ardıcılları sırasında gördüyümü hiss etdim.

O zaman ayrı-ayrı şəxslər - tanınmış ziyalılar, nüfuzlu ağsaqqallar, ictimai təşkilatların nümayəndələri Naxçıvana gəlib təkidlə Heydər Əliyevi taleyin ümidinə buraxılmış Bakıya dəvət edirdilər. Aydın məsələdir ki, mənim üzərimə belə missiya qoyulmamışdı. Amma həmin görüşdən sonra tam inandım ki, mövcud xaotik vəziyyətdə bu, yeganə çıxış yoludur. O da aydın idi ki, vətənin taleyi üçün məsuliyyət duyğusu ilə yaşayan hər bir Azərbaycan vətəndaşı yalnız Heydər Əliyevin gəlib çətinlikləri dəf edəcəyini gözləməməli, ona necə və hansı şəkildə kömək edəcəyi haqda düşünməlidir. Yəqin ki, bu hisslərin təsiri altında cəmiyyətə birdən-birə qeyri-adi rakursda - bir gün də işləmədiyim diplomatiya sahəsində, həm də ölkənin baş diplomatı statusunda görünməkdən qorxmadım. Bilirdim ki, Heydər Əliyevin rəhbərliyi altında işləyəcəyəm, diqqət və yardımına arxalanacağam, mükəmməl bir həyat, idarəçilik və dövlətçilik məktəbi keçmək imkanım olacaq. Bu, çətin, məsuliyyətli, amma şərəfli bir məktəb idi...

- Fikrinizcə, eyni dövrdə çalışdığı siyasətçilər və dövlət xadimləri ilə müqayisədə xalqı üçün daha böyük işlər görməyə müvəffəq olan Ümummilli lideri fərqləndirən hansı orijinal, təkrarsız keyfiyyətlər bu böyük uğurların bünövrəsində dayanmışdı? 

- Heç şübhəsiz, burada Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, siyasi müdriklik və uzaqgörənliyi, beynəlxalq müstəvidəki nüfuzu, yalnız tərəfdarları deyil, həm də əleyhdarları ilə dil tapmaq bacarığı və xalq arasındakı populyarlığı mühüm rol oynadı. Yenidən hakimiyyətə qayıdandan sonra dövlət başçısı kimi ilk baxışdan çox da cəlbedici görünməyən, hətta müəyyən mənada əleyhinə işləyən, amma gələcəyə hesablanmış uzaqgörən siyasi qərarlar qəbul etdi və onları cəsarətlə həyata keçirdi. Məsələn, əslində ölü qurum kimi doğulmuş MDB-yə üzv olmaqla Rusiya ilə münasibətləri stabilləşdirdi. Atəşkəsə nail olmaqla ordu quruculuğuna və daxili islahatlara diqqəti artırdı. "Əsrin müqaviləsi"ni imzalayıb fərqli maraqların episentrində dayanmış ölkəmiz üzərində müəyyən təhlükəsizlik çətiri və iqtisadi inkişaf üçün etibarlı baza yaratdı. Xalqı üçün təkcə rəsmi şəxs - dövlət başçısı yox, həm də müdrik ağsaqqal oldu. İnsanlara ümid və inam təlqin etməyi bacardı. Nəticədə keçmiş sovet respublikaları arasında ən çətin durumda olan Azərbaycanı vətəndaş müharibəsi riskindən və parçalanma təhlükəsindən qorudu, dünya güclərinin tərəfdaş kimi qəbul etdiyi, müstəqil daxili və xarici siyasət yürüdən, iqtisadi imkan və resursları ilə diqqəti çəkən dövlətə çevirdi.

- Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin əsaslı siyasi, iqtisadi, sosial, humanitar islahatlar yoluna qədəm qoyması heç kimə sirr deyil. Həyata keçirilən islahatların əsas ideyası və başlıca özünməxsusluqları nədən ibarət idi? Onların müasir həyatımıza təsiri, dövrümüzdəki əks-sədası haqda nə deyə bilərsiniz?

- Təbii ki, əsas ideya dövlət müstəqilliyi, Heydər Əliyevin məşhur ifadəsi ilə desəm, "müstəqilliyin əbədiliyi və dönməzliyi" idi. Bütün siyasi, sosial, iqtisadi və humanitar islahatların kökündə də həmin strateji məqsəd dayanırdı. Ölkəni Qarabağda və Cənubda baş qaldıran separatizm meyllərindən - qondarma "DQR" və "TMR" xülyalarından, vətəndaş müharibəsi təhlükəsindən qorumaq, Azərbaycanı burada yaşayan bütün millət və xalqların ümumi vətəninə çevirmək lazım idi. Yalnız belə olduqda məqsədyönlü şəkildə xaricdən körüklənən milli, dini, etnik hədələrin qarşısını almaq mümkün idi. Heydər Əliyev böyük iradi qüvvə, siyasi fəhm, zəngin dövlətçilik təcrübəsi, nəhayət xalqın inamı sayəsində bu çətin vəzifənin öhdəsindən gəlməyi bacardı. Güclü ordu quruculuğu, güclü iqtisadiyyat və çoxqütblü diplomatiya milli müstəqilliymizin etibarlı qarantlarına çevrilərək Azərbaycana gələcək sınaq və risklərə hazırladı. İlham Əliyevin hakimiyyəti dövründə bu sağlam bünövrəyə əsaslanan institutlar daha da möhkəmləndirildi. Ona görə də "Heydər Əliyev İli"nin biri-birindən məsul günlərini yaşadığımız dövrdə əminlik hissi ilə demək olar ki, möhkəm təməl üzərində qurulmuş dövlətimiz bütün istiqamətlər üzrə uğurlu inkişafını davam etdirir və etdirəcək. Yalnız regionda deyil, daha geniş bir coğrafiyada söz sahibinə çevrilib və bu trasformasiya uğurla davam etdiriləcək.

- Kadr siyasəti fəaliyyəti boyu Heydər Əliyevin mühüm diqqət yetirdiyi məsələlərdən biri olmuşdu. Ümummilli lider öz seçimində nəyə, hansı insani, peşəkar və fərdi kefiyyətlərə daha çox əhəmiyyət verirdi?

- Heydər Əliyev komanda üzvlərində məsuliyyət hissini, özünə və başqalarına  tələbkarlıq duyğusunu, yüksək peşəkarlığı, heç zaman tələskənliyə yol verməməyi, zahiri effektə uymamağı mühüm şərt sayırdı. Vətənpərvərliyə, tarixi yaddaşa, milli təəssübkeşliyə böyük önəm verirdi. Nazim Hikmətin məşhur misralarında deyildiyi kimi, insanları, xüsusən də üzərlərinə başqalarının taleyini həll etmək səlahiyyəti qoyulmuş vəzifə sahiblərini yanmağa və ürəyinin odu, işığı ilə qaranlıqları aydınlatmağa borclu sayırdı. Miqyasından, əhəmiyyətindən asılı olmayaraq işə can yandırmaq onun dəyişməz tələblərindən biri idi. Özü geniş nəzəri və təcrübi biliyə malik olduğu kimi, yaxın ətrafındakıların da ağıl və intellekt baxımından seçilmələrini, fərqlənmələrini istəyirdi. Yüksək vəzifə sahiblərini daim öz üzərində işləməyə, biliklərini artırmağa, oxuyub-öyrənməyə çağırırdı. Onları rahat, dəbdəbəli kabinetlərinin divarları arasında qapanıb qalmamağa, xalqın arasına getməyə, sadə insanlarla birbaşa əlaqə yaratmağa, camaatın dərd və problemlərini özlərindən eşidib həll etməyə səsləyirdi. Və özü az qala hər gün bunun ibrətamiz nümunələrini göstərirdi. Heydər Əliyev dəbdəbəli saraylarda da, qaçqın çadırlarında da eyni sərbəstliklə davranmağı, sadə və həssas olmağı bacarırdı.

Prezdent komandasından həmişə səmimiyyət tələb edirdi. Saxta sözlər, göstəri xarakterli münasibətlər onu hövsələdən çıxarıb əsəbiləşdirirdi. Eyni zamanda hakimiyyət və səmimiyyət, siyasət və  cəngavərlik kateqoriyalarının bir araya sığmasının çətin olduğunu da hamıdan yaxşı başa düşürdü. Bəlağətli ifadələrlə ürəyinə yol tapdıqlarını düşünənlərin mənəvi-əqli dayazlığını hamıdan yaxşı özü görürdü və bunu ilk diqqətə çatdıran da özü olurdu. Şəxsinə hörmət etməyi bacaranlara da hörmətlə yanaşırdı. Hər hansı bir məsələdə haqlı olduğunu sübut edə bilirdinsə, mövqeyinlə razılaşır, haqqı nahaqqa vermirdi.

Düşünmədən, ölçüb-biçmədən danışmağı, yersiz təklif verməyi heç sevməzdi.

Bu yolla özünü göstərməyə, gözə girməyə çalışanlara dərhal yerini göstərirdi.

- Vilayət müəllim, tutduğunuz vəzifənin xarakter və tələblərinə görə dövlət başçısını xarici ölkələrə əksər rəsmi və işgüzar səfərlərdə müşayiət etmisiniz. Heydər Əliyevin şəxsiyyət və həyat təcrübəsinin böyüklüyünü, zənginliyini göz önünə gətirəndə bu səfərlər zamanı çoxlu maraqlı hadisə və məqamların olduğunu tərəddüdsüz söyləmək mümkündür. Yəqin ki, bu barədə xatirələriniz az deyil. Onlardan bəzilərini oxucularımızla bölüşə bilərdinizmi? 

- Hər bir xarici səfər Prezidenti yeni rakursdan görməyə, fərqli keyfiyyət və cəhətlərini aşkara çıxarmağa imkan yaradırdı. Təbii ki, Azərbaycanda olduğu kimi, ölkədən kənarda da həmişə işin əsas ağırlığı dövlət başçısının üzərinə düşürdü. Danışıqları o aparırıdı, mətbuat konfransında suallara o cavab verirdi, çoxsaylı görüşləri o keçirirdi. Həm də bu gərgin iş qrafiki təyyarəmiz Bakı hava limanından yola düşəndən dərhal sonra başlanırdı. Müxtəlif vəzifəli şəxslər Prezidentin salonuna dəvət olunurdu. Səfərqabağı fikir mübadiləsi aparılır, mühüm sənədlər son dəfə gözdən keçirilib dəqiqləşdirilirdi. Getdiyimiz ölkə ilə bağlı  hansısa vəd və öhdəliklərimiz vardısa, onların yerinə yetirilməsi məsələsinə aydınlıq gətirilirdi. İş çox olsa da, Heydər Əliyev heyət üzvləri, mətbuat təmsilçiləri, xüsusən də jurnalist xanımlarla maraqlanmağa, hər birinə ayrıca diqqət göstərməyə vaxt tapırdı.

Maraqlı, yaddaqalan, ibrətamiz epizodlar çoxdur. Demək olar ki, hər xarici səfərdə dövlət başçısını yeni cəhət və keyfiyyətləri ilə kəşf edir, daha yaxından tanıyırdıq. Bir epizod danışım. 2000-ci ilin aprelində Gürcüstanda rəsmi səfərdə idik. Sonuncu gün  iki dövlət başçısının məşhur heykəltaraş Zurab Seretelinin emalatxanasında birgə naharı nəzərdə tutulmuşdu. Şəhərin dağlıq hissəsində, meşəlik ərazidə yerləşən emalatxana əslində böyük qəsr və açıq hava muzeyi idi. Müxtəlif səmtlərə uzanan alleyalarda Sereteli yaradıcılığının fərqli mərhələlərini əks etdirən heykəllərin ilk variantları, yaxud surətləri qoyulmuşdu.

Protokola görə, naharda ev sahibi yalnız Prezidentlərlə birlikdə olmalı idi. Lakin son anda qərar dəyişdi. Gözlənilmədən xarici işlər nazirlərinin də dəvətli olduqları  bildirildi. Həmkarım İosif Meneqaraşvili ilə birlikdə başdan başa Seretelinin rəsmləri ilə bəzədilmiş salona keçdik.

Milli mətbəxin məzə və yeməklərinin düzüldüyü masa ətrafında çox səmimi atmosfer hökm sürürdü. Bir qədər kənarda gürcü qızlarından ibarət kvartet skripkada əsasən klassik musiqi ifa edirdi. Əvvəlcə ev sahibi Heydər Əliyevin şərəfinə badə qaldırdı. Sonra Şevardnadze Prezidentimizin şəxsiyyəti və xidmətləri haqqında uzun bir nitq söylədi. Heydər Əliyev yığcam, lakin müdrik cavabla kifayətləndi.

Gözləmədiyimiz halda Şevardnadze gürcülərin zəngin masa ənənələrinə uyğun olaraq "Alaverdi" - deyib tost növbəsinin nazirlərə çatdığını elan etdi. İosif Meneqaraşvili iki ölkənin, iki dövlət başçısının və iki xalqın şərəfinə badə qaldırdı. Mən də eyni sağlığı bir qədər fərqli şəkildə dedim. Prezidentləri öz xalqlarını Misir əsarətindən qurtaran Moiseyə (Musa Peyğəmbərə) bənzətdim. Onların müdrikliyi və nüfuzu sayəsində müstəqil dövlətçiliyə, inkişaf və demokratiyaya, dinc və rahat həyata gedən yolumuzun "Bibliya"da təsvir edildiyi kimi qırx il çəkməyəcəyinə, məqsədə daha tez nail olacağımıza əminliymi bildirdim.

Sözümü qurtarıb oturmaq istəyəndə Şevardnadze dilləndi:

- Batono nazir, bizim kiçik Qafqaz üçün iki Moisey çox olar. Əgər həqiqəti bilmək istəyirsinizsə, mən həmişə hörmətli Heydər Əliyeviçi bizim regionun şəksiz lideri və ağsaqqalı saymışam və sayıram. 

Məclisin sonuna yaxın şərabdan xumarlanan Şevardnadze xoş əhvali-ruhiyyədə idi. Üzünü İrakli ilə mənə tutub dedi:

- Uşaqlar, sizə bir sirr açmaq istəyirəm. Yəqin ağlınıza da gəlməz ki, siyasət Olimpinə yüksəlişimdə Heydər Əliyeviçin necə böyük rolu olub! Bu məsələdə o, həmişə təvazökarlıq edir, amma mən bu sirri özümlə məzara aparmaq istəmirəm.

Söhbətin gedişindən məlum oldu ki, L.İ.Brejnev 1972-ci ildə Gürcüstandakı total korrupsiya faktlarına görə birinci katib Mjavanadzeni işdən uzaqlaşdırmaq qərarına gələndə onu kiminlə əvəz etmək məsələsini Heydər Əliyevlə məsləhətləşmişdi. Azərbaycan lideri uyğun namizəd kimi həmin dövrdə Gürcüstan SSR İctimai Asayişi Mühafizə naziri Eduard Şevardnadzenin adını çəkmişdi. Ali rəhbərlikdə təyinatla bağlı fikir ayrılığı yarandığından Heydər Əliyev daha iki dəfə Brejnevlə görüşmüş, onu Gürcüstanın yeni rəhbəri ilə bağlı seçimin düzgünlüyünə inandıra bilmişdi. Yalnız bundan sonra Eduard Amvrosieviçi Kremlə "söhbətə" çağıran Baş katib "Sizə Heydər Əliyeviç zamin durub" - deyə kimin sayəsində irəli çəkilməsinə aydınlıq gətirmişdi. Həmin vaxta qədər Heydər Əliyev özü bu barədə heç nə demədiyindən yalnız Brejnevin etirafından sonra Şevardnadze həqiqi xeyirxahının kim olduğunu bilmişdi.

Prezident sifətində sirli təbəssümlə söhbətə qulaq asırdı. Lakin əlavə izahat, yaxud şərh vermək istəmədi, sadəcə "Hə, belə bir iş olub..."  - deyib gülümsədi.

Eşitdiyimiz etiraf gözlənilməz idi. Gürcü lider müsahibələrindən birində memuarları üzərində işlədiyini demişdi. Mənə maraqlıdır - siyasi bioqrafiyasında Heydər Əliyevin rolu barəsində bizə danışdığı epizodu olduğu kimi əks etdirəcəkmi? 

Bu arada deyəsən, ziyafətdə söylədiyim tost Prezidentin çox da xoşuna gəlməmiş, ya da sözlərim ona bəlağət nümunəsi kimi görünmüşdü. Çünki aeroporta yola düşməyə hazırlaşanda məni çağırıb gülə-gülə:

- Sən də lap dostun Şevardnadze kimi tarixin dərinliyinə gedib çıxmışdın.  Moiseydən-filandan dəm vururdun, - dedi.

Bir şey anlamadığımı görüb gülməyini güclə saxlayaraq izah etdi:

- Lissabon sammitində Şevardnadzeyə söz veriləndə Vaska de Qamadan danışmağa başladı. Hamı bir-birinə baxırdı. Heç kim başa düşmürdü ki, onun söbətə nə dəxli var?  Akif Muradverdiyevdən soruşdum ki, bu Vaska de Qama kimdir? Sən işə bax ki, heç Muradverdiyev də bilmirmiş...

Sonra ürəkdən, doyunca güldü.

- Bu günlərdə Prezident İlham Əliyevin ölkəmizin diplomatik missiyasına rəhbərlik etdiyiniz Bosniya və Herseqovinaya rəsmi səfəri oldu. Səfər nəticəsində qarşılıqlı münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi hər birimizi sevindirdi. İnanırıq ki, yeni səviyyə Azərbaycanın siyasi və iqtisadi sahədə, eləcə də enerji sektorunda Avropa və dünyada rolunun yüksəlməsinə xidmət edəcək və qarşıda yeni imkanlar açacaq... 

- Dövlət başçısının səfəri çox qısa müddətdə hazırlandı və yüksək səviyyədə həyata keçirildi. Bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVİD-19 üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində  Prezident İlham Əliyevlə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri xanım Jelka Tsiviyanoviç arasında görüş keçirildi. Söhbət zamanı xanım Tsiviyanoviç Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi. Dəvət qəbul olundu və elə görüş bitən kimi cənab Prezident səfərin təşkili ilə bağlı hazırlıq işlərinə başlamaq barəsində göstəriş verdi.

- Bakıdakı görüşdən heç ay yarım keçməmiş - aprelin 13-də Prezident İlham Əliyev böyük bir heyətlə Sarayevoya gəldi. Bu, otuz ilə yaxın tarixə malik diplomatik münasibətlərimiz dövründə Azərbaycan tərəfdən dövlət başçısı səviyyəsində ilk  səfər idi. Yəqin həm də bu səbəbdən BvH-nın siyasi spektrində elə bir qüvvə yox idi ki, siyasi gündəmi dəyişən tarixi səfərlə maraqlanmasın, ümid, rəğbət və inamını ifadə etməsin. Aparılan danışıqlar nəticəsində strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması mövcud əhval-ruhiyyənin ən yaxşı ifadəsi idi. Ölkəni təşkil edən hər iki entitet - Boşnak-Xorvat Federasiyası və Serb Respublikası Azərbaycanla əməkdaşlıqda eyni dərəcədə maraqlıdırlar.

Prezident İlham Əliyevin BvH Rəyasət heyətinin üzvləri Jelka Tsivyanoviç, Jelko Komşiç və Denis Beçiroviçlə təkbətək və nümayəndə heyətləri səviyyəsində apardığı danışıqlarda enerji sektorunda, kənd təsərrüfatı, kimya sənayesi, əczaçılıq, turizm, təhsil, hava rabitəsi və digər sahələrdə əməkdaşlıq, ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsi barəsində prinsipial razılıq əldə edildi. Tezliklə hökumətlərarası birgə iqtisadi komissiyanın yaradılması haqda qərar qəbul olundu. BvH tərəfi bir daha Azərbaycanın ərazi bütünlüyünü və sərhəd toxunulmazlığına hörmətlə yanaşdığını, ölkəmizin Cənubi Qafqaz regionunda sülhün və stabilliyin təmin olunması istiqamətində səylərini dəstəklədiyini bəyan etdi.

Azərbaycanla BvH-nını yaxınlaşdıran cəhətlər çoxdur. Hər iki ölkə ərazi iddiaları və silahlı münaqişələrdən əziyyət çəkib, hər iki ölkə çoxkonfessiyalı və çoxmillətlidir. Bu bənzərlik mövcud problemlərə oxşar baxış bucağından baxmağa, beynəlxalq meydançalarda mühüm məsələlərlə bağlı ümumi platformadan çıxış etməyə və bir-birini dəstəkləməyə imkan yaradır. Məncə, səfərin mühüm nəticələrindən biri də bu həqiqətin hər iki tərəfdən təsdiqlənməsi oldu.

Bir maraqlı detala da diqqəti çəkmək istərdim. Prezidentin səfəri başa çatandan saat yarım sonra BvH Rəyasət Heyətinin boşnak həmsədri Deniz Beçiroviç həmin gün rəsmi danışıqlar və mətbuat konfransı keçirilən salonda Sarayevodakı İKT üzvü ölkələrin səfirlərinə iftar yeməyi verirdi. O, qonaqları salamlayarkən günün mühüm hadisəsi kimi Azərbaycan Prezidenti ilə keçirilən görüş və danışıqlar haqda nikbin tonda məlumat verdi, İlham Əliyevin Sarayevoya gəlişinin Azərbaycan-BvH tarixində yeni səhifə açdığını, hökumətin və ölkə vətəndaşlarının səfərin nəticələrindən çox şey gözlədiklərini bildirdi. İftar süfrəsinin müəyyən hissəsinin az qala Azərbaycan səfirinin mətbuat konfransına çevrildiyini desəm, yəqin ki, mübaliğəyə yol vermərəm. Həmkarların çox şey öyrənmək istəyirdilər.

İndi yalnız Bosniya və Herseqovinada deyil, bütünlükdə Qərbi Balkanlarda Azərbaycana maraq, ölkəmizlə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq istəyi çox güclüdür. Nəhayət bir neçə ay öncə  Prezident İlham Əliyevin Belqradda superdövlətlərin başçılarına layiq ehtişamla qarşılanması Sarayevoda da böyük əks-səda doğurmuşdu. Odur ki, az müddət sonra ali qonağı ölkələrində görmək dövlət rəsmilərindən tutmuş sıravi vətəndaşlara qədər hamı üçün çox xoş idi.

- Maraqlıdır, Ümummilli lider Heydər Əliyevin adı və siyasi irsi Bosniya və Herseqovinada nə dərəcədə təbliğ edilir? Şəxsiyyətinə və fəaliyyətinə maraq nə dərəcədə böyükdür? "Heydər Əliyev İli" çərçivəsində xatirəsinin əbədiləşdirilməsi üçün hansı işlər görülür? Ulu öndərin keçmiş silahdaşı kimi siz özünüz ölkəmizdə və xaricdə insanları onun yorulmaz fəaliyyəti və cəlbedici şəxsiyyəti ilə daha yaxından tanış etmək üçün hansı işlər görürsünüz? 

- Vaxtı ilə Heydər Əliyevin birbaşa rəhbərliyi altında işləməyim, yüksək vəzifəyə irəli çəkdiyi dövlət məmurlarından olmağım, heç şübhəsiz, "Heydər Əliyev İli"nin Azərbaycan Respublikasını təmsil etdiyim ölkədə yüksək səviyyədə qeyd olunması baxımından üzərimə daha böyük məsuliyyət və vəzifələr qoyur.

Ümummilli liderin doğum günü - mayın 10-da Sarayevodakı səfirliyimizin inzibati binasının yerləşdiyi ərazidə onun büstünün açılış mərasimi keçirəcəyik (Müsahibə mayın 10-dan əvvəl götürülüb-red.). Heykəltaraş Nurəli Şahbazovun hazırladığı büst artıq Bakıdan gətirilib. Açılış mərasiminə BvH-də akkreditasiya olunan diplomatik korpusu, ölkə rəsmilərini, ictimaiyyətin və mətbuatın nümayəndələrini, habelə ölkəmizin regiondakı səfirlərini dəvət etmişik. Məlum olduğu kimi, Bakı ilə Sarayevo 1972-ci ildən qardaşlaşmış şəhərdir. Paytaxtımızda Sarayevo, burada isə Bakı küçəsi var. Hazırda Sarayevo meriyası ilə həmin küçədə, yaxud başqa bir yerdə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı birgə tədbir həyata keçirilməsinin mümkünlüyü barəsində danışıqlar aparırıq. BvH-da yaxşı tanınan siyasi icmalçı və tarixçi-alim Admir Lisitsa boşnak dilində Heydər Əliyevin ömür yolundan, siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən populyar kitab üzərində işləyir. Telejurnalist və siyasi publisist kimi dəfələrlə ölkəmizdə olan, Qarabağ münaqişəsi haqda "Dağlıq Qarabağ: hərb və sülh" adlı kitab yazan Adis Delyakoviç isə  sənədli film çəkmək niyyətindədir. Ümumiyyətlə, boşnaklar Heydər Əliyevi yaxşı tanıyır, ölkəsinin və xalqının taleyindəki rolu baxımından onu milli lider Aliya İzzetbeqoviçlə müqayisə edirlər.

Bir az təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, fərdi şəkildə Heydər Əliyev ilinə töhfə vermək üçün də bəzi işlər görürəm. "Teass Press" nəşriyyatında "Heydər Əliyev: Böyük insan haqqında xatirələr" kitabım çapa hazırlanır. Yəqin ki, mayın 10-na qədər oxuculara təqdim ediləcək. Şəxsi müşahidələr əsasında yazılan bu xatirələr toplusunda dörd ilə yaxın rəhbərliyi altında işlədiyim Heydər Əliyevin siyasi xadim və dövlət başçısı, insan və şəxsiyyət kimi portretini yaratmağa, idarəçilik məktəbinin sirlərini açmağa çalışmışam. Yəqin bilirsiniz ki, diplomatiyaya gəlməmişdən əvvəl filoloq olmuşam. Yubiley ilində  "Heydər Əliyev və klassik ədəbi irsimiz" monoqrafiyasını da çap etdirməyi planlaşdırıram. Bu yaxınlarda Xalq yazıçısı Elmira Axundovanın Zərifə xanım (bu il onun da yubileyidir!) və Heydər Əliyevin nəsillərə nümumə olacaq ailə həyatından bəhs edən "Əbədiyaşar məhəbbət" ("Löbovğ dlinoö v veçnostğ") kitabı mənim tərcüməmdə çap edilib. İl başlanandan bəri müxtəlif qəzet, jurnal və məcmuələrdə Ümummilli lider haqqında 10-a yaxın məqalə və müsahibəm dərc olunub və təbii ki, bu işləri yenə davam etdirəcəyəm. Əvvəldə də dediyim kimi,  "Heydər Əliev İli" təkcə böyük şəxsiyyətin xatirəsinin anılması deyil, həm də  Azərbaycanın dövlətçilik tarixinin çətin, mürəkkəb bir dövrünün dərindən öyrənilməsi ilə səciyyəvi olmalıdır. Ümummilli liderin ölkəmiz və xalqımız üçün gördüyü böyük işlər bunu hər birimizdən bilik və imkanlarımız daxilində mənəvi borc kimi tələb edir.

 





15.05.2023    çap et  çap et