525.Az

"Planetin ağciyərləri"nə qayğı: yaşıllıqların qorunması naminə tədbirlər sərtləşdirilir


 

"Planetin ağciyərləri"nə qayğı: yaşıllıqların qorunması naminə tədbirlər sərtləşdirilir<b style="color:red"></b>

Ölkədə yaşıllıqların mühafizəsi ilə bağlı qanunlar kifayət qədər sərtdir. Paytaxtda diametri 20 santimetr olan ortaölçülü ağacın kəsilməsi artıq cinayət tərkibi təşkil edir. Ağac kəsilməsi faktı ilə əlaqədar toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilir. Əgər bununla əlaqədar cinayət işi qaldırılarsa, həmin şəxs azadlıqdan məhrum edilə bilər. Buna baxmayaraq, yaşıllıqların mühafizəsi ilə bağlı müvafiq qanunvericilik aktlarının dəyişdirilməsi üzərində layihə işlənib və bütün aidiyyəti qurumların rəyi alınıb. Bir neçə detalın dəqiqləşdirilmısi işi gedir. Yaxın aylarda həmin qanunun təsdiq ediləcəyi gözlənilir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyir ki, qanunvericiliyə dəyişikliyə əsasən, qanunsuz ağac kəsintisi faktları ilə əlaqədar dəymiş ziyanın həcmi bir neçə dəfə artırılacaq: "Məlum olduğu kimi qanunsuz ağac kəsintisi faktları zamanı dəymiş ziyanın məbləği rayonlarla Bakı və Sumqayıt şəhərlərində fərqlənir. Belə ki, əvvəllər Bakıda və Sumqayıtda eyni ağacın kəsilməsi faktı zamanı dəymiş ziyanın məbləği regionlara nisbətən üç dəfə çox idi. Yeni dəyişikliyə əsasən, həmin məbləğ Bakı və Sumqayıtda beş-altı dəfə yuxarı olacaq. Məsələn, rayonda bir ağacın kəsilməsinə görə dəymiş ziyanın məbləği yüz manatdırsa, paytaxtda 600 manat olacaq. O cümlədən, hüquqi şəxslərin cərimə olunması ilə bağlı təkliflərdə cərimə məbləğinin 35 min manatdan 50 min manata qaldırılması nəzərdə tutulub. Bu cür dəyişikliklər vətəndaşların, şirkətlərin məsələyə daha məsuliyyətlə yanaşmasına xidmət edəcək".

Hikmət Əlizadənin dediyinə görə, bir yandan ölkə ərazisində yaşıllıqların artırılması ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir, ilbəil əkilən ağacların sayı artırılır. Təkcə bu il Ümummilli liderin 100 illiyi ilə bağlı 3 milyon ağacın əkilməsi hədəf götürülüb. Respublika ərazisində bütün aktiv ictimaiyyət bu işlə məşğuldur. Lakin digər tərəfdən təəssüf ki, istər meşə, istərsə də şəhər ərazilərində ağacların qanunsuz kəsilməsi faktlarına rast gəlinir. Buna baxmayaraq, son beş ilin statistikasına əsasən, qanunsuz ağac kəsilməsi faktlarında azalma tendensiyası müşahidə edilir. Əgər beş il əvvəl il ərzində 55-58 min kubmetr həddində qanunsuz qırıntı müəyyən edilirdisə, son ilin göstəricisi 10 min kubmetrə yaxındır. Bu, o deməkdir ki, ən azı beş dəfə azalma var. Lakin istər-istəməz yenə də belə halların olması təşviş və narahatlıq doğurur. Bu cür qanunsuzluqlarla cəmiyyətin hər bir üzvü mübarizə aparmalıdır.

Xidmət rəisinin sözlərinə görə, vətəndaşlar və ya şirkətlər tərəfindən ağacların kəsilməsi faktları iki halda baş verir: "Birincisi onların qanunvericiliyi bilməməkləri, yəni ağacın qanunsuz kəsilməsinin hansı hüquqi məsuliyyətə səbəb ola biləcəyindən xəbərsiz olmalarıdır. Onlar bilmirlər ki, bir ağacın qanunsuz kəsilməsi hətta insanın azadlıqdan məhrum edilməsi ilə də nəticələnə bilər. Digər halda böyük şirkətlərin cəzasızlığa ümid etmələridir. Həmin tikinti şirkətlərinin məsul şəxsləri elədikləri qanunsuzluqların üzə çıxmayacağını düşünsələr də, mövcud üsullarla onların qanunazidd əməllərini üzə çıxarırıq. Təkcə ötən il ölkə üzrə 1963 belə fakt müəyyən edilib. Həmin faktlardan 223-ü hüquq-mühafizə orqanlarına və əksər hallarda Baş Prokurorluğa göndərilib. Cinayət tərkibli işlər üzrə ziyanın məbləği 2 milyon 550 min manat müəyyən edilib. Bu ilin üç ayı ərzində 67 cinayət tərkibli iş müəyyən edilərək hüquq-mühafizə orqanlarına təqdim edilib. Dəymiş ziyanın məbləği 850 min manat həddində hesablanıb. Sadalanan faktlar üzrə işlər təkcə ziyanın ödənilməsi ilə yekunlaşmır, eyni zamanda, qanunsuz ağac kəsən şəxsə və ya tikinti şirkətinin məsul şəxsinə qarşı cinayət işi qaldırıldığı təqdirdə onların azadlıqdan məhrum edilməsi halları da var".

Əsasən də ağaclara zərər vurulması, yaşıllıqların məhv edilməsi insan sağlamlığı üçün birbaşa təhlükədir.  "Təbiətin ağciyərləri" adlandırılan ağaclar təbiətdə oksigen balansının təmin olunmasında əsas rol oynayır.  Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər. Qanunsuz ağac kəsənləri Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, cinayət məsuliyyəti yaratmaqla 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Hikmət Əlizadə qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrin qırılması, ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün sərt tədbirlər görülür: "Meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması üçün daim müvafiq tədbirlər həyata keçirilir. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı nazirlik tərəfindən qəti tədbirlər görülür. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilir. Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün ictimai nəzarət və ictimai mühafizə təşkil olunur. Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək".

Azərbaycanda meşələrin ümumi sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir. Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentdən bildirilib ki, ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər çatması ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə səbəb olub. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin meşələrində bitir. Bu isə ölkə florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir. Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələ gətirən növlər azdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki,  Azərbaycanda meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramı hazırlanıb: "Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bu baxımdan ölkəmizdə meşələrin bərpasına, yeni meşə zolaqlarının salınmasına çox böyük önəm verilir. Meşə fondunun əkinəyararlı açıq sahələrində aqrobağlar salınır. Həmçinin, tezböyüyən ağac cinslərindən ibarət plantasiyalar yaradılır. Belə meşə zolaqlarının salınması qida və ağac emalı sənayesinin inkişafı üçün də əhəmiyyətlidir. Milli Meşə Proqramının hazırlanmasının məqsədi ölkədə meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi, institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasıdır. Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün işlənib hazırlanıb. Bu proqram ölkədə meşəçiliyin inkişaf strategiyasını əks etdirən əsas sənəddir".

Sevinc QARAYEVA

 

 





15.05.2023    çap et  çap et