İqtisadiyyatın inkişafına təsir göstərən başlıca sahələrdən biri də bank sektorudur. Qeyri-neft sektorunun əsas maliyyə təminatçılarından olan bank sektorunun qarşısında yeni çağırışlar dayanır. Maliyyə-bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlar həm də iqtisadiyyatın digər sahələrini stimullaşdırır. Bir çox banklar fəal şəkildə "nağd kredit" prosesini inkişaf etdirməyə üstünlük verir. Bəzi banklar isə digər banklar tərəfindən verilmiş kreditlərinin təkrar maliyyələşdirilməsini təklif edir. Bu isə rəqabətin nə qədər gücləndiyini göstərir.
Kreditlərdən yararlanmaq inkişaf etmiş ölkələrdə də var. Bu ölkələrdə bankların kredit faizləri aşağı olduğundan insanlar əllərindəki kapitalı xərcləməmək, yaxud da daha effektiv xərcləmək üçün borclana bilirlər. Amma bizdə kredit faziləri 20 faizdən yuxarıdır. Buna baxmayaraq, insanların kredit almağa meyl göstərmələri onların pula ciddi ehtiyacı olduğunun göstəricisidir. Son dönəmlərə qədər risklərin çoxluğu səbəbindən biznesin kreditləşməsində ən problemli sahələrdən biri kənd təsərrüfatı hesab olunurdu. Artıq ölkəmizdə yeni aqrar sığorta modelinin tətbiqinə başlanıb ki, bu da sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində effektiv fəaliyyəti təmin edəcək.
Bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov "525" ə açıqlamasında son zamanlar iri banklarda faiz dərəcələrinin aşağı olduğunu bildirib: "Bu banklarda pul çox olur, lakin maliyyəni hara yerləşdirəcəyini və hardan qazanacağını bilmirlər. Həmin banklardan kredit alan müştərilər üçün maliyyə tələbləri daha sərtdir. Onlar kreditlərdən yararlanmaq istəyənlərin maliyyə vəziyyətini yoxlayır, işləməyən və pensiya almayan vətəndaşa kredit verilmir. Əgər vətəndaşın bankla problemi yaranarsa, vətəndaş haqlı olsa belə, qanuni yolla haqqını müdafiə edə bilmir. Çünki həmin bankların inzibati alətdən istifadə etmək imkanları daha genişdir. Vətəndaşlar banklara müraciət edəndə bunu mütləq şəkildə nəzərə almalıdırlar. Ölkəmizdə bir çox vətəndaşlar banklara etibarsız yanaşırlar. Ona görə ki, son 10 ildə Azərbaycanda 20-dən çox bank müflisləşib, bağlanıb və xüsusən də sahibkarların əmanətləri batıb. İnsanların daha çox iri banklara meyilli olmasının səbəbi də məhz budur. Lakin nəzərə almaq lazımdır ki, 2016-cı ildən həyata keçirilən əmanətlərin sığortalanması sistemi insanları müdafiə edir. Mövcud qanunvericiliyə görə, bir şəxsin bankda 100000 manat vəsaiti varsa və faizi 12 faizdən çox deyilsə, bu, qorunan əmanət sayılmır. O bank bağlansa, əmanətlərin sığortalanması fondu pulu geri qaytaracaq. Qeyd edək ki, ölkəmizdə daha çox çətin vəziyyətdə olanlar sahibkarlardır. Çünki onların ancaq 20000 manatadək vəsaiti sığortalanır, ondan yuxarı məbləğ isə sığortalanmır. Vəsaitlərin sığortalanması fondu ən qeyri-şərti fəaliyyət göstərən qurumlardandır. Onlar bankların əmlakını istədikləri kimi idarə edirlər".
Aparılan araşdırmalara və ekspertlər dediklərinə görə, əhalinin aylıq gəlirləri az olduğundan tələbatı qarşılamır və bu hal banklara kredit üçün çoxlu sayda müraciətlərə səbəb olur. Buna görə də təhlilçilər bank kreditlərinin faizlərinin çox olduğunu və bank sahəsində islahatların zəruriliyini bildirirlər.
Havar ŞƏFİYEVA
çap et