525.Az

“Azad olunmuş ərazilərdə müsbət irəliləyişləri görmək bizi sevindirir”


 

MARDİANA MOHAMED ROHANİ: “MALAYZİYA HƏMİN ƏRAZİLƏRƏ İNVESTİSİYA YATIRMAQDA MARAQLIDIR”

“Azad olunmuş ərazilərdə müsbət irəliləyişləri görmək bizi sevindirir”<b style="color:red"></b>

Malayziyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Mardiana Mohamed Rohaninin “525-ci qəzet”ə müsahibəsi.

- Bu il Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Ötən müddətdə iki ölkə arasında əməkdaşlıq necə inkişaf edib?

- Malayziya və Azərbaycan arasında 1993-cü ildə diplomatik əlaqələr qurulub. Ötən 30 ildə münasibətlərimiz geniş sahələri əhatə etməklə sıx şəkildə və dostluq çərçivəsində davam edib. Bu münasibətlər qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanır. Malayziya-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümü münasibətilə hər iki dövlətin rəhbərləri qarşılıqlı təbrik məktubları mübadiləsi apararaq, dostluq əlaqələrinin dərinləşdirilməsində möhkəm öhdəliklərini bir daha vurğuladılar.

Coğrafi cəhətdən böyük məsafənin olmasına baxmayaraq, ölkələrimizin bir çox oxşarlıqları var. Həm Malayziyada, həm də Azərbaycanda xalqın əksəriyyətini müsəlmanlar təşkil etdiyi üçün ənənələrdə, mədəniyyətdə, dini dəyərlərdə bir çox ortaq xüsusiyyətləri paylaşırıq. Azərbaycan və Malayziya bir sıra beynəlxalq təşkilatlarda təmsil olunurlar. Məsələn, hər iki ölkə həm Qoşulmama Hərəkatının (NAM), həm İslam Əməkdaşlıq Təşkilatının (OIC), eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvüdür. Biz Azərbaycanla sıx əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirik. Bundan başqa, yaxın tərəfdaşlar olaraq Malayziya və Azərbaycan müxtəlif beynəlxalq qurumlarda bir-birinin namizədliyini dəstəkləyib.   Pandemiyadan sonra münasibətlərimiz inkişaf etməkdədir. Bunun ən diqqətçəkən hissəsi rəsmilərin səfərləridir. Ötən il Malayziyanın turizm və mədəniyyət naziri və xarici işlər nazirinin müavini Bakıda rəsmi səfərdə olub. Həmçinin, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən il Malayziyaya səfər etdi. Malayziyanın Azərbaycanla ikitərəfli münasibətlərə sadiqliyini nümayiş etdirmək üçün hər iki ölkə arasında daha yüksək səviyyəli səfərlərin həyata keçirilməsinə ehtiyac var.

Bundan əlavə, kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Malayziya Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Aqrar Tədqiqatlar və İnkişaf İnstitutu (MARDI) arasında Anlaşma Memorandumunun (MoU) imzalanması ilə də sübut edilib. Gənclər və idman sahəsində də əməkdaşlıq davam edir. Hazırda Azərbaycandan olan  badminton üzrə üç oyunçu Malayziyada  Badminton Assosiasiyasının nəzdində təlim keçirlər. Malayziyanın milli gimnastika komandası da Bakı Milli Gimnastika Arenasında təlimdə olub.

Turizm sahəsinə gəlincə, apreldə Bakıda Beynəlxalq Turizm və Səyahətlər sərgisi (AITF) keçirildi. Malayziya orda öz stendi ilə təmsil olundu. Ölkəmizin unikal möcüzələri, görməli yerləri, mədəniyyəti nümayiş etdirildi. Üç gün davam edən tədbirdə ziyarətçilərdən alınan reaksiyalar və rəylər müsbət və ümidverici oldu.

Bundan əlavə, Beynəlxalq Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) çərçivəsində Bakıdakı 311 nömrəli orta məktəbdə Malayziyaya həsr olunmuş tədbirdə ölkəmizin mədəniyyəti, təhsil və idman sahələri barədə məlumat verildi.

- Azərbaycan və Malayziyanın əməkdaşlıq gündəliyində prioritet məsələlər hansılardır?

- Malayziya Azərbaycanla ikitərəfli münasibətlərin və əməkdaşlığın hazırkı vəziyyətindən məmnundur və iki ölkənin mənafeyi naminə əlaqələrin gücləndirilməsini səbirsizliklə gözləyir. Hazırda ilkin prioritetimiz xalqlar arsında əlaqələrin artmasıdır. Çünki məsafəyə və digər səbəblərə görə məlumat azlığı var. Bu istiqamətdə çox iş görülməlidir. Bu, bizim əsas prioritetimizdir. Biz insanlar arasında daha sıx əlaqə yaratmaq səylərində fəal iştirak etmişik. Mübadilələr ticarət, turizm, idman, təhsil, kənd təsərrüfatı, mədəniyyət və digər əməkdaşlıq sahələrində potensialın artırılmasına kömək edəcək. Səfirlik Azərbaycanda Malayziya ilə bağlı fikirlərin formalaşması üçün bir sıra tədbirlərdə iştirak edir. Ötən Beynəlxalq Xeyriyyə Yarmarkası, turizm sərgisi və Suşada ilk dəfə keçirlən Beynəlxalq Kulinariya Festivalında iştirak etdik. Mən MTCP (Malayziya Texniki Əməkdaşlıq Proqramı) kurslarını qeyd etmək istərdim. Bu proqram vasitəsilə Malayziyada kurslara qatılmaq mümkündür. Bu, ölkəmizi tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Azərbaycandan indiyədək 230-dan çox adam MTCP vasitəsilə Malayziyada kurs keçiblər. Hər iki ölkə bütün səviyyələrdə müntəzəm səfər mübadiləsini təşviq etməyə davam etməlidir. Biz, MTCP çərçivəsində Azərbaycandan olan iştirakçılar üçün daha çox yer ayırmağa hazırıq.

- Mən iqtisadi əməkdaşlığa toxunmaq istərdim. Bu sahədə əlaqələrin inkişafı üçün hansı addımlar atılmalıdır?

- Malayziya ilə Azərbaycan arasında Ticarət əlaqələrinin daha da inkişafı üçün 2 ölkə arasında potensiallar var. Çünki Malayziya özü də böyük ticarət potensialına malik ölkədir. 1957-ci ildə müstəqillik qazandıqdan sonra Malayziya öz iqtisadiyyatını elə qurub ki, onun əsaslandığı sahələr yüksək texnologiya, kapital əsaslı biliyə yönəlmiş sahələrdir ki, bunun əsasında da ixrac formalaşır. Qlobal İnnovasiya İndeksinə görə  2021-ci ildə Malayziya yüksək orta gəlirinə görə üçüncü ən innovativ ölkə seçilib, bundan başqa ən rəqabətçil ölkə kimi 25-ci yerdə qərarlaşıb.

Malayziya Azərbaycanla ticari əlaqələri genişləndirməkdə maraqlıdır. Azərbaycan, xüsusilə son illər iqtisadiyyatını qeyri-neft sektoruna yönəltməyə çalışır, ticarət bazarlarını şaxələndirməyə getdikcə daha çox diqqət yetirir. Hazırda Azərbaycanla Malayziya arasında ticari əlaqələr MATRADE İstanbul ofisi üzərindən aparılır. Bu agentlik Beynəlxalq Ticarət və Sənaye Nazirliyinin nəzdində yaradılıb, İstanbulda filialı mövcuddur. Biz Azərbaycanla ticarət və iqtisadi əməkdaşlığın təşviqinə kömək etmək və hər hansı potensial Azərbaycan idxalçı/ticarət qurumları, eləcə də yerli maraqlı tərəflər üçün biznes uyğunlaşdırma proqramını həyata keçirmək üçün MATRADE ilə sıx əməkdaşlıq edirik. Yerli biznes icmaları və özəl sektorla aktiv əlaqələr mövcud şəbəkəmizi genişləndirməyə, ticarət və investisiya fürsətləri üçün imkanlar açmağa kömək edəcəkdir. Məsələn, bu cür əməkdaşlıqla potensial ixracatçılara palma yağı, lateks və sair seçilmiş məhsulalrın Azərbaycana və digər MDB ğlkələrin idxalı üçün uyğun Malayziya şirkətləri ilə əlaqə yaradılmasına köməklik göstərilir. 

- Malayziyanın Azərbaycana investisiyaları daha çox neft-qaz sektoruna yönəlib. Digər hansı sahələr investisiya üçün cəlbedicidir?

- Malayziya Azərbaycanda bütün sektorlarda investisiya qoymaqda maraqlıdır. Amma son zamanlar təbii ki, ən diqqətçəkən məqam işğaldan azad edilmiş ərazilərin bərpası işləri üçün həyata keçirilən layihələrdir. Həmin ərazilərdə müsbət irəliləyişləri görmək bizi sevindirir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin abadlaşdırılması prosesi ilə bağlı baxışı çox diqqətəlayiqdir, çünki bu ərazilərin futuristik və dayanıqlı regionlara çevrilməsi üçün addımlar atılır və biz bu möhtəşəm layihələrin nəticəsini səbirsizliklə gözləyirik. Əgər şərait əlverişli olarsa, Malayziya şirkətləri gələcəkdə potensial layihələrə qoşulmağı və yerli şirkətlərlə əməkdaşlıq etməyi düşünə bilər.

Malayziya xaricdən investisiya qəbuluna çox münbit bir zəmin olan ölkədir. 2022-ci ildə xarici investisiyaya görə Cənub-Şərqi Asiyada birinci ölkə seçilib. Buna da bir sıra səbəblər var. Malayziyanın strateji mövqeyi, həmçinin biznes üçün uyğun mühüti və digər faktorlara görə investisiya üçün diqqətçəkən məkana çevrilib. Malayziya regionda ən sürətlə böyüyən ölkələrdən biridir, investisiya üçün ən yaxşı inkişaf edən bazarlar arasında yer alır və investorların müdafiəsi, eləcə də biznes ehtiyaclarının asanlaşdırılmasına cavab verməsi ilə tanınır. Azərbaycan şirkətlərini Malayziyada investiya əməkdaşlığında görməkdən məmnun olardıq. Çünki Malayziya Cənub-Şərqi Asiyaya bir qapı kimi qeyd oluna bilər. Burda qurulan əməkdaşlıqlar sonrakı mərhələ üçün zəmin yarada bilər. Malayziya Qlobal İmkanlar İndeksi 2022-də inkişaf etməkdə olan Cənub-Şərqi Asiyada xarici investisiyalar üzrə 1-ci yeri tutdu. Buna görə də biz azərbaycanlı investorları, treyderləri və biznesləri iqtisadiyyatımızın təklif etdiyi böyük potensialın kəşfinə təşviq edirik.

- Malayziya Azərbaycanla təhsil sahəsində də əməkdaşlıqda maraqlıdır. Malayziya təhsilini fərqli edən nədir və beynəlxalq maraq haqqında nə deyə bilərsiniz?

- Malayziya təhsil sahəsində də hər cür əməkdaşlığa hazırdır. Çünki son illər Malayziya deyə bilərik ki, beynəlxalq aləmdə təhsil sahəsində çox diqqətçəkən bir ölkəyə çevrilib. Bunun da bir çox səbəbləri var. Hazırda çox sayda xarici tələbə Malayziyada  doktorantura səviyyəsində təhsillərini davam etdirir. Səbəblər kimi yaşayış şərtlərinin uyğun olmasını, yüksək həyat səviyyəsi, tələbələr üçün uyğun şəraitin yaradılmasını göstərmək olar. Həmçinin, xalqımız çox qonaqpərvərdir, tələblər üçün yeni mühütlə tanış olmaq maraq doğura bilir, yaşayış xərclər, təhsil haqları da yüksək deyil. Bu, əsasən ona görədir ki, Malayziyanın valyuta məzənnəsi Azərbaycan manatı və digər valyutalarla müqayisədə daha ucuzdur. Bu da onun əlverişli təhsil məkanına çevirir. Malayziyada illik təhsil haqları 4000-6000 ABŞ dolları, yaşayış xərcləri isə ayda 300-700 dollar arasında dəyişir. Malayziya bir neçə dəfə təhsil üçün ən uyğun yerlərdən biri seçilib. Paytaxt Kuala Lumpur da Expat City Ranking 2021-də xarici işçilər və tələbələr üçün ən yaxşı şəhərlərdən biri seçilib. Həmçinin, uyğun təhsil şərtlərinə görə YUNESKO-nun siyahısnda da 11-ci yerdə qərarlaşıb.

31 dekabr 2021-ci il tarixinə təxminən 179 ölkədən 100, 381 beynəlxalq tələbə təhsilini Malayziyada davam etdirir. Hökumət 2025-ci ilə qədər xarici tələbə sayını 250 minə çatdırmağı hədəfləyib. Bütün bunlar Malayziyanın təhsil sahəsində uğurlarını göstərir. Azərbaycanda da bunu təbliğ etmək üçün səfirlik 2022-ci ilin dekabr ayında təhsil sərgisi təşkil etdi. Həmçinin, Azərbaycan da 4 mindən çox tələbəyə xaricdə təqaüd imkanları təqdim edir. Malayziya maraqlıdır ki, həmin tələbələr bizim ölkəmizdə də təhsil alsınlar. Eyni zamanda Malayziyadan olan tələbələrin də Azərbaycanda təhsil almasından məmnunluq duyarıq. Hazırda ADA Universitetində, Gəncə Dövlət Aqrar Universitetində və Xəzər Universitetində Malayziyadan tələbələr təhsil alır. Biz təhsil sahəsində əməkdaşlığın davam etməsində maraqlıyıq.

- Malayziya həm də yüksək texnologiyalar sahəsində dünyada lider ölkədir. Bu sahədə Azərbaycanla əməkdaşlıq nə yerdədir?

- Malayziya artıq Cənub-Şərqi Asiya regionunda yüksək sürətlə inkişaf edən ölkələrdən biridir. Ən çox inkişaf edən sahələrdən biri isə yüksək texnologiyalardır. Xüsusən, avtomatlaşdırma, robototexnika, süni intellekt (AI), maşın- maşın (M2M) və əşyaların interneti (IoT) kimi inkişaf etməkdə olan texnologiya sahələri dünyanın iş tərzini dəyişir, maraq doğurur. Hazırda hökumət MyDIGITAL platformasını irəli sürüb. Hədəf Malayziyanı rəqəmsallaşmaya yönəlmiş və rəqəmsal iqtisadiyyat üzrə regionda qabaqcıl yüksək gəlirli ölkəyə çevirməkdir.

Artıq Malayziyada bir çox sahələr də yüksək və rəqəmsal texnologiya sahəsinə böyük maraq göstərir. Maliyyə xidmətləri sektoruna, o cümlədən İslam bankçılığı və maliyyəsi və digər sahələrə böyük investisiyalar qoyulur.

Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsindəki kurslar yüksək texnologiyalar, süni intellekt, əşyaların İnterneti (IoT), 4-cü Sənaye İnqilabı, Rəqəmsal Təhlükəsizlik, İslam Maliyyəsi və Davamlılıq (Isustain) kimi müxtəlif növ kurslar təklif edir. Azərbaycandan buna marağın olduğunu görmək məmnunluq doğurardı. Həmçinin, Azərbaycan  Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (ACOA) tərəfindən səfirliyə müraciət olunub. Onlar Malayziyadakı kibertəhlükəsizliklə məşğul olan agentliklərlə əməkdaşlıq etmək niyyətindədirlər. Azərbaycanda bu sahəni gücləndirmək üçün müxtəlif təlimlərin keçirlməsi və s. gündəmdədir. Hazırda əməkdaşlıq davam edir.

- Turizm sahəsinə toxunmaq istərdim. Bu sahədə əməkdaşlığın inkişafı üçün hansı addımların atılması nəzərdə tutulur?

- Malayziya və Azərbaycan arasında turizm əlaqələrini genişləndirmək üçün böyük potensial mövcuddur. Biz bir çox mübadilə proqramlarını təklif edə bilərik. Məsələn, Malayziyanın burada, Azərbaycanın isə bizim ölkədə tanınması üçün qarşılıqlı mübadilə proqramları, təşviqat işləri aparıla, həmçinin tur şirkətlərini məlumatlandırmaq üçün müxtəlif seminarlar, turizm sessiyaları keçirilə bilər. Çünki Azərbaycanın Malayziyanın turizm təcrübəsindən faydalanması ona müsbət təsir göstərə bilər. Malayziya dünyanın ən çox turist qəbul edən ölkələrindən biridir. İldə ən azı 23 milyon turist gəlir. "Həqiqətən Asiya" şüarı ilə Malayziya uzun müddətdir ki, dünyanın ən yaxşı turistik yerlərindən biri kimi öz nüfuzunu möhkəmləndirib. Kinabalu dağı, Kinabalu Milli Parkı, Malakka şəhəri və təmiz dəniz parkları kimi yerlər YUNESKO-nun Dünya Mədəni İrs siyahsına daxil olub. Ona görə də turizm sahəsində əməkdaşlığın inkişafı üçün ən vacib olanı qarşılıqlı səfərlərdir. Hazırda ölkələrimiz arasında birbaşa uçuşlar yoxdur, yaxın zamanda belə uçuşların olması barədə tədbirlər görmək nəzərdə tutulub. Birbaşa uçuş vaxta qənaət və gediş-gəliş rahatlığının təmin olunmasıdır.

COVID-19 böhranından əvvəl turizm sektoru 2019-cu ildə ölkənin ÜDM-in 15,9%-ni və ümumi məşğulluğun təxminən 24%-ni təşkil etməklə Malayziya iqtisadiyyatına əsas töhfə verən sahələrdən biri olub. Həmin il Malayziya 26,1 milyon turist qəbul edib. 21 milyard dollar turizm gəliri, 3,6 milyon iş yeri təmin edib.

İnsanlar arasında əlaqələr xalqlarımızın bir-birinin mədəniyyəti haqqında daha çox öyrənməsinə kömək etmək üçün çox vacibdir.

Biz “Air Arabia” kimi əsas sənaye oyunçusu olan hava şirkəti ilə tərəfdaşlıq qura bildik. Bu ilin mart ayından etibarən Şarja şəhərindən paytaxt Kuala Lumpura birbaşa uçuşlar bərpa edildi. Bu, birgə əməkdaşlıq Malayziya və Azərbaycan xalqları arasında anlaşma və dostluğun daha da möhkəmləndirilməsi üçün turizm paketlərinin təşviqinə yol açacaq. Malayziya çox strateji coğrafi mövqeyinə -Asiya ilə Avropanın kəsişməsində yerləşməklə -, Azərbaycanın turizm üçün mərkəz olmaq potensialını görür.

- Siz Malayziya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı məsələsinə toxundunuz. Malayziya şirkətlərinin belə bir istəyi varmı?

- Əlbəttə, niyə olmasın? Malayziya azad edilmiş ərazilərdə ehtiyac duyulan sahələr üzrə MTCP platforması çərçivəsində müvafiq təlim kursları təklif edə bilərik. Malayziya, həmçinin regionda sülhün qorunması, bərqərar olması üçün maraqlı tərəflərdən biridir. Bu  səbəbdən  MTCP çərçivəsində sülhün qorunması, bərpası, regionda sabitliyin təmini üçün kurslar keçə bilər. Malayziya bütün sahələr üzrə, o cümlədən azad olunmuş ərazilərdə bərpa işlərinə də investisiya qoymağa maraq göstərir. 

- Yeni səfirin təyinatı ilə bağlı hansısa məlumat var?

- Biz yeni səfirimizin tezliklə təyin olunmasını səbirsizliklə gözləyirik.

- Sonda sizin Azərbaycan barədə təəssüratlarınızı öyrənmək istərdim...

- Azərbaycan çox gözəl, təhlükəsiz ölkədir. Burada gözəl,müasir tikililər var. Mən özümü evimdəki kimi hiss edirəm. Çünki Azərbaycan da Malayziya kimi əhalisinin əksəriyyəti müsəlman olan ölkədir, burada yeməklər də halaldır.

Pərvanə SULTANOVA

 





15.05.2023    çap et  çap et