525.Az

Şəxsiyyətin diapazonu - Firuz Mustafa yazır


 

XALQ YAZIÇISI ELÇİNİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR

Şəxsiyyətin diapazonu - <b style="color:red"> Firuz Mustafa yazır</b>

...Hərdən mənə elə gəlir ki, ciddi ədəbiyyatda mövcud məkanın və eləcə də konkret mövzuların "bölüşdürülməsi" artıq başa çatmaq üzrədir. Bəs bu güzəştsiz rəqabətdə, bu "ərazi qıtlığında" yazıçı özünə necə "yer" tapmalıdır?..

O, ədəbiyyata gələndə, sözün müəyyən mənasında, xatırlatdığımız ərazidəki "boş yerlər" sanki tamamilə "bölüşdürülmüşdü". Həmin dövrdə zavod, fabrik, kolxoz, sovxoz və digər təsərrüfat sahələri ədəbi təsərrüfatın inhisarında idi. Yox, demək olmaz ki, ortada parlaq əsərlər yox idi. Bu cür mülahizə yürütmək insafsızlıq olardı. Amma bu əsərlərin qəhrəmanlarının heç olmazsa "quş qoymaq" üçün mütləq bir "iş yeri" olmalı idi. İşsiz-gücsüz, tüfeyli və yaxud mövcud gerçəkliklə barışmayan "azad" adamların simasında ədəbi əsər qəhrəmanı yaratmaq mümkün olardımı? Belə bir iddiada bulunmaq həm də cəsarət tələb edirdi - ən azı ədəbi cəsarət...

Onun ilk əsərlərinin qəhrəmanları öz xarakter, xasiyyət və dünyagörüşləri etibarı ilə fərqli, bir qədər də "qeyri-ənənəvi" idi. Ədəbiyyata öz obrazlar pleyadası ilə qədəm qoymuşdu. Nəhəng meqapolisin ortasında və yaxud bir qədər ondan kənarda öz adi, sadə həyatını yaşayan personajların yeni, həm də qeyri-doqmatik təqdimatı peşəkar oxucular, habelə müqtədir tənqidçilər üçün də gözlənilməz idi. Sən demə, hər gün rastlaşdığımız bu sıravi insanların öz qəribə, sirli dünyası varmış. Və həmin "dünyaya" nüfuz etmək elə də asan məsələ deyilmiş...

Yəqin ki, oxucular indiki halda söhbətin qüdrətli yazıçımız Elçindən və onun ilkin yaradıcılıq mərhələsində mühüm yer tutan "adi" qəhrəmanlardan, onlara bəzən ədəbiyyatşünaslıqda "kiçik adamlar" da deyirlər, getdiyinin fərqinə vardılar. Bəli, ədibin personajları öz "qapalı" mühitlərindən geniş ədəbi arenaya çıxmağa başladılar. Xatırlatmağı lazım bilirəm ki, bir neçə il əvvəl qələmə aldığım bir yazıda vurğulamışdım ki, uzun illərdən bəri əksər yazıçılarımızın əsərlərində tənqid və ya istehza hədəfinə çevrilmiş "həmin kiçik qəhrəmanlar"a ədəbiyyatımızda ilk dəfə Elçin "reabilitasiya" verdi. Bu ədəbi bəraətin sosial mahiyyəti də az əhəmiyyət kəsb etmirdi. Sadə şəkildə deməyə çalışsaq, təkcə ədəbi personaljar arasında deyil, həyatda mövcud olan personaların  timsalında da mənfidən müsbətə doğru sıçrayışa bənzər bir təkamül baş verdi və həmin insanlara münasibət dəyişməyə başladı. Bu mənada "Baladadaşın toy hamamı", "Baladadaşın ilk məhəbbəti" hekayələri, habelə ötən əsrin 70-ci illərində işıq üzü görən "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" povestləri daha xarakterik səciyyə daşıyır. Sonrakı mərhələdə lentə alınan filmlər, habelə adı çəkilən və çəkilməyən əsərlər əsasında səhnəyə qoyulan tamaşalar bu qənaəti daha da möhkəmləndirdi...

Artıq qeyd etdiyimiz kimi, yazıçının yaradıcılığının ilkin dövründə onun qəhrəmanlarının fəaliyyət göstərdiyi konkret (və kiçik) ərazi məhdudluğu və  əlvanlığı, rəngarəngliyi ilə diqqəti çəkir. Bu kiçik mühitin özü və onun sakinləri böyük qayğılarla, problemlərlə çiyin-çiyinə yaşayır. Amma nə qədər vurnuxsalar da, həmin kiçik mühitdəki kiçik qəhrəmanların əksəriyyəti bu fiziki, coğrafi və mənəvi "ərazidən" kənara çıxmağı bacarmır və ya buna cəhd göstərmirlər. Elə buradaca vurğulamaq istəyirəm ki, dünya ədəbiyyatında öz qəhrəmanlarının fəaliyyəti üçün bu cür "xüsusi ərazi" yaradan sənətkarlara az da olsa təsadüf edilir. Məsələn, məşhur Nobel mükafatçısı Uilyam Folknerin əsərlərinin əksəriyyətinin qəhrəmanları Amerikanın cənubundakı "zonada" -  yaşayırlar. Yazıçı hətta, həmin yaşayış məkanına ad da uydurub: "Yoknapatof". Digər amerikan yazıçısı Con Steynbekin qəhrəmanlarının əksəriyyəti isə Amerikanın şimalındakı ərazidə məskunlaşmışlar...

Əlbəttə, bu uydurulan və ya həqiqətən mövcud olan "ərazi" söhbəti əslində şərti səciyyə daşıyır. Bu cür "coğrafi mühit konkretləşdirmələri" qətiyyən əsərlərdəki qəhrəmanların daxili aləminin məhdudlaşdırılmasına xidmət etmir. Əksinə, bu, həm də onun göstəricisidir ki, dar və yaxud qapalı bir mühitdə belə, insan idrakının və dünyagörüşünün ənginliyini ədəbi əsərdə bütün rəngarənliyi və rəngləri ilə vermək mümkündür. Bu yerdə istər-istəməz Frans Kafkanın daha kiçik, kameral, dar mühitdə yaşayıb, daim genişliyə can atan qəhrəmanlarını xatırlatmaq da pis olmazdı...

Zaman keçdikcə, Elçinin mövzu diapazonunun və onun qəhrəmanlarının fəaliyyət "ərazisinin" genişləndiyi müşahidə olunur. Onun bir sənətkar kimi mövcud həyatın və  yaratdığı personajlarının psixologiyasının dərin qatlarına vardığını müşahidə etmək elə də çətin deyildir. Bu "nüfuzetmə" Elçinin bir-birinin ardınca nəşr olunan romanlarında daha qabarıq şəkildə nəzərə çarpmaqdadır. Yazıçının genişplanlı epik əsərlərindən söhbət açan tədqiqatçıların bir çoxu onun romanlarını əsasən tarixi əsərlər kimi səciyyələndirirlər. Doğrudur, Elçin tarixə, tarixi qəhrəmanlara tez-tez müraciət edir. Lakin orasını da vurğulamaq lazımdır ki, ədibin "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanlarında tarix oxucuya həm də bir obraz kimi təqdim edilir. Xüsusi diqqət yetirsək görərik ki, adını çəkdiyimiz əsərlərdə qəhrəmanlar təkcə öz müasirlərinin, yaşadıqları mühitin adamları ilə deyil, həm də tarixin özü ilə, habelə tarixi proseslərin özü ilə konfliktdədir...

Elçinin epik əsərlərinin əksər qəhrəmanları, öz həyat və fəaliyyət dinamikası ilə bir çox hallarda "qırmızı xətt"i keçir, bədii məntiqin əvvəldən "hesablanmış" radiusundan kənara çıxır. Qəhrəmanlar mövcud gerçəkliyə tabe olmur, aktiv və yaxud passiv şəkildə "qapalı mühitə" etiraz edirlər...

Əsl söz adamları cəsarətdən xali ola bilməzlər. Onlar həm yaradıcı şəxsiyyət, həm də təəssübkeş bir vətəndaş kimi daim həqiqətin, gerçəkliyin yanında olurlar. Bu mənada Elçinin "Baş" romanı əsl yazıçı cəsarətinin parlaq təzahürü və şəksiz ədəbi hadisə kimi qiymətləndirilməlidir. Doğrudur, bu əsərdə də hadisələr təlatümlərlə dolu olan konkret tarixi müstəvidə cərəyan edir. Amma bu, həm də yazıçının özünün yaratdığı tarixi müstəvidir. Əsərdəki hadisələr vizual şəkildə Azərbaycan reallığında baş versə də, hadisələrin kökü daha dərin qatlara enir. Yazıçı təkcə personajlarının deyil, hadisələrin baş verdiyi epoxanın, yəni təxminən iki yüz il bundan əvvəlki dövrün də psixoloji və mənəvi "xarakteristikasını" dəqiqliklə verib. "Baş" tam milli düşüncənin məhsulu olsa da, müasir dünya romançılığının sanballı nümunələrindən biri hesab oluna bilər...

İlk pyesini gənclik illərində qələmə alan Elçin ("Poçt şöbəsində xəyal" sürreal dramı nəzərdə tutulur) yaradıcılığının coşqun və kamillik mərhələsində yenidən dramaturgiyaya üz tutdu, teatral qalereyanı maraqlı əsərlərlə zənginləşdirdi. Onun bir-birinin ardınca qələmə aldığı "Mənim sevimli dəlim" (Diaqnoz "D"), "Ah, Paris, Paris", "Mənim ərim dəlidir", "Mən sənin dayınam", "Arılar arasında", "Şekspir", "Qatil", "Cəhənnəm sakinləri", "Teleskop" pyesləri bu gün təkcə milli səhnəmizdə deyil, dünyanın bir çox nüfuzlu teatrlarında uğurla tamaşaya qoyulmaqdadır. Əgər belə demək caizsə, bu gün ədəbi-mədəni həyatımızda "Elçin teatrı" anlayışı mövcuddur... 

Elçin həm də ciddi ədəbiyyyatşünas alim, tənqidçi, publisist və tədqiqatçıdır. Onun qələmindən çıxan "Tənqid və nəsr", "Bəstəkarın vətəndaş sözü" (Üzeyir Hacıbəylinin publisistikası haqqında), "Klassik aşıq poeziyasında "Dünya" obrazı", "Ədəbiyyatda tarix və müasirlik problemi" və digər tədqiqat əsərlərində, habelə M.F.Axundzadə, M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, A.Ağayev, C.Cabbarlı, Ü.Hacıbəyli, M.Ə.Sabir, Ə.Hüseynzadə, Ümmül Banu, S.Vurğun,  M.Müşfiq, R.Rza yaradıcılığına həsr olunmuş ədəbi oçerklərində, o cümlədən, ədəbiyyata yeni gələn istedadlı gənclər haqqında yazdığı təqdimat xarakterli esselərində sözün geniş mənasında mədəniyyətimizin areal və coğrafiyası diqqətlə araşdırılıb...

Yazıçının son illərdə çapdan çıxmış  "Daha dərin qatlara" (Seçilmiş məqalə və esselər. "Təhsil". 2019) kitabı öz universal və ensiklopedik siqləti ilə ədəbiyyatşünaslığımıza çox qiymətli töhfə kimi qiymətləndirilə bilər...

Bir neçə il öncə Elçin öz müsahibələrindən birində maraqlı bir məsələyə toxunmuşdu. O, "yazıçı nə üçün yazır?" - sualına sualla cavab verərkən təxminən belə bir mülahizə söyləmişdi ki, dünyada bu qədər əsərlərin olduğu bir əyyamda təzə bir söz deməyə və nəsə yazmağa ehtiyac qalırmı? Elçin tərəf-müqabilinin və özünün özünə verdiyi sualı cavablandıraraq demişdi ki, hər bir yazıçı öz xalqının taleyini və tarixini yazır. Doğrudan da, hər hansı millətin bədii salnaməsini hansısa yad, ögey bir xalqın yazı-pozu adamı istənilən səviyyədə qələmə ala bilməz. Məlum həqiqətdir: bütün böyük yazıçılar bəşəri olduqları qədər də millidirlər...

Haşiyə. 1977-ci ilin yağışlı-çiskinli bir noyabr günündə xalqımızın böyük milli  şairi Bəxtiyar Vahabzadə ilə Moskva şəhərində təsadüfən görüşdük. Mən elmi ezamiyyətə getmişdim. Şairin o vaxtlar Moskvada yerləşən daimi nümayəndəliyimizdə işi vardı. Bəxtiyar müəllim isə bir-iki günə həyat yoldaşı Dilarə xanımla Ankaraya uçacaqdı... Taksiyə əyləşib lazım olan ünvana yollandıq. O, yolboyu oradan-buradan söhbət açdı. İşlərimlə maraqlandı. Söhbətarası soruşdu: "Elçinin yaradıcılığına bələdsən?" Mən yazıçının əsərlərinin adını çəkərkən Bəxtiyar müəllim qımışıb dedi: "Bilirsən, niyə bu sualı verdim?" Çiyinlərimi çəkdim. O, söhbətinə davam edərək əlavə etdi: "Yuxarıdan bizə, bəzi ziyalılara xəbər göndəriblər ki, yeni bir təşkilat yaradılacaq. Bu, ilk baxışda Nəbinin (o, Nəbi Xəzrini nəzərdə tuturdu) rəhbərlik etdiyi cəmiyyətə oxşasa da, fəaliyyəti bir az başqa yöndə olacaq. Burada əsas məqsəd bizim dünyaya səpələnmiş istedadlı soydaşlarımızla birbaşa əlaqə yaratmaq, onları öz Vətənimizdə tanıtmaqdan ibarət olacaq. Düzünü deyim ki, mən bu vəzifədə Elçini görürəm. Niyə? Çünki o, milli adamdır. Övladları da milli dilimizdə təhsil alır. Atası İlyas Əfəndiyev də uşaqlarını öz dilimizdə oxudub. Zənnimcə, bu sahə üçün Elçin çox yaxşı namizəddir. Mən "yuxarıdan" maraqlananlara da elə bu cür dedim". Həqiqətən, Elçin həm "Vətən" cəmiyyətinə rəhbərlik edərkən, həm də ondan sonrakı dövrdə - milli hökumətdə yüksək ranqlı vəzifədə çalışarkən mədəniyyətimizin təbliği və dünya mədəni arenasına çıxması üçün əlindən gələni əsirgəməmişdir...

Bu gün millətimizin bütün təbəqələri Elçini adət-ənələrimizə dərindən bələd olan, dilimizin zəngin rənglərinə yeni çalarlar qatan, sanki mövcud zamanın onun çiyninə qoyduğu missiyanı - şəxsən tanıyıb-tanımadığı insanlara xüsusi diqqət və qayğını əsirgəməmək missiyasını ləyaqətlə daşımaqda və doğrultmaqda olan, ölkənin ictimai, siyasi, ədəbi mühitində xüsusi yeri və çəkisi olan şəxsiyyət kimi tanıyır. Onun zəngin yaradıcılığının arealı haqda az yazılmayıb. Elə buradaca qeyd etmək yerinə düşərdi ki, Elçinin təkcə yaradıcılığının deyil, elə  şəxsiyyətinin diapazonu da onun bütün fəaliyyətinin miqyasını tamamlayır. 

P.S. Bu günlərdə Elçinin yuvarlaq rəqəmli ad günü, yubileyi qeyd olundu. Bu, əlbəttə, mühüm hadisədir. Lakin xüsusi olaraq vurğulamaq istəyirəm ki, oxuduğunuz yazı heç də yubiley məqaləsi deyil. Mən, sadəcə olaraq böyük söz ustası haqda öz yığcam, fraqmental düşüncələrimi qələmə aldım.

 

 

 

 





16.05.2023    çap et  çap et