525.Az

Ümidli yaradıcılıq üfüqləri - İlham Rəhimli (IV məqalə)


 

Ümidli yaradıcılıq üfüqləri - <b style="color:red"> İlham Rəhimli (IV məqalə)</b>

Şəfəq Əliyeva (6 noyabr 1956-cı il). 1978-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Ali təhsilini başa vuran ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adı ilə təltif olunub.

Teatrın yaşlılar nəslinin nümayəndəsidir və qırx beş ildir kollektivdə səmərəli yaradıcılıq fəaliyyəti göstərir. Gənclik illərində lirik, lirik-dramatik, psixoloji, faciə çalarlı, şən ovqatlı Aynur ("Sənin dostun, düşmənin", Əfqan), Şahanə ("Sehrli xalça", Əli Səmədov), Leyla ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov və Həsən Seyidbəyli), Qumru ("Sabah çoxdan başlayıb", Rəhman Əlizadə), Zərif ("Pillələr", Əli Kərim), Pəri ("Kiçik təpə", Nəbi Xəzri), Güllü ("Mağara", Aygün Həsənzadə), Şahzadə xanım ("Danışan gəlincik", Abdulla Şaiq), Bənövşə ("Açıl bənövşəm, açıl", İsgəndər Coşqun), Pəri ("Nəsrəddin", Yusif Əzimzadə) kimi əsas və aparıcı rollarda çıxış edib. İllər keçdikcə müxtəlif janrlı əsərlərdə, fərqli estetik səhnə yozumu olan tamaşalarda iştirak edib, ayarı-ayrı üslublu rejissorlarla işləyib. Təbii ki, ayrılıqda hər tamaşaya təyin olunan janrların mahiyyət və prinsiplərini, lazım olan psixoloji və yaradıcı aktyor yanaşmasını, vacib ifadə vasitələrindən necə peşəkarlıqla istifadə etməyi bacarır.

İllər keçdikcə peşəkarlıq təcrübəsi daha da püxtələşib, yeni-yeni ifadə vasitələri ilə aktyorluq arsenalını daha da zənginləşdirib. Mürəkkəb xarakterli, kəskin dramatik konfliktli tamaşalarda yüksək peşəkarlıq göstərir. Obrazın böyük-kiçikliyindən asılı olmayaraq oynadığı tamaşanın janr-üslub estetikasından kənara çıxmır. Bu baxımdan müxtəlif mənəvi-əxlaqi dəyərlər daşıyıcısı olan Gövhər xanım ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev), Fatma xala, Firuzə ("Ağ dəvə" və "Ölüm hökmü", Elçin), Fərqanə ("Yaddaş ağrısı", Hüseynbala Mirələmov), Lalə ("Ərizə", Əli Əmirli), Xavər Qarayeva ("Kod adı "V.X.A", Mehriban Ələkbərzadə), Ledi Montekki ("Romeo və Cülyetta", Vilyam Şekspir), Qonşu qadın ("Viktoriya", Knut Hamsun) rolları aktrisaya yeni uğurlar qazandırıb.

Natiq Fərzəliyev (1 fevral 1962-ci il). 1987-ci ildə Mirzağa Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1989-2009-cu illərdə Dövlət Gənclər Teatrında işləyib. 1 may 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyor truppasındadır.

Natiq bəstəboydur və oynadığı rolların hamısında özünün zahiri görkəmindən, səhnə imkanlarından kənara çıxmamaqla tamaşaçıların səmimi rəğbətini qazanıb. İddiasız olduğu kimi həm də özünə, yaradıcılığıa qarşı tələbkardır, sənətə romantikcəsinə vurğundur. Bədən quruluşunun görümünə, sifət ifadələrindəki əsas cizgilərə görə rejissorlar ona əsasən sırf komediya personajı, yaxud komizm səciyyəli koloritli dramatik obraz tapşırırlar. Aktyorda zahirən "soyuq", "sakit" yumor var, ancaq bu soyuqluqda, bu sakitlikdə çox enerjili ehtiras, çılğın emosiya və ən əsası dadlı-duzlu yumor cazibəsi var. Komediya janrının özünün məsxərə, məzhəkə, hoqqa, qaravəlli, satira, qrotesk və sair bu kimi növləri var. Təbii ki, bu növlərin hər birinin ayrılıqda xarakterik xüsusiyyətləri, fərqli estetik səciyyələri mövcuddur. Natiq Fərzəliyevin məharəti, peşəkar ustalığı orasındadır ki, dediyim xüsusiyyətləri və səciyyələrin səhnə təfsirinə necə uyğunlaşmasını çox yaxşı bilir. Bildiyi və bildiyini yüksək sənət səriştəsi ilə səhnədə reallaşdırmağı bacardığı üçün Aşpaz ("Qurbanəli bəy", Cəlil Məmmədquluzadə) qrotekslə, Bəstəçi ("Sevirəm səni, Türkiyə", Kamal Abdulla) ironiyalı məsxərəylə, Kiçik kamerger ("Çipollino", Canni Rodari) Avropa karnaval estetikasında, Burqomister ("Şelkunçik", Ernest Teador Amadey Hofman) məzəli nağıl-uydurma zəminində, Poçtalyon Fətoş ("Buzovna kəndinin əhvalatları", Elçin) sadəlövhlüyə yönələn səmimi gülüşlə, Qulaməli ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə) məsxərəli hekayət prinsipində çox dəqiq səhnə təfsiri tapıb. Bu dəqiq yozumlu ifa seyrçilərdə aktyorun sənətinə səmimi məhəbbət oyadıb.

Natiq Fərzəliyev II Lord ("Yatmış gözəl", Blangi Marvin), Səfərin oğlu ("Əcəl atı", Vaqif Əlixanlı), Kor heykəltaraş ("Neron oynayır və ya İblisin komediyaları", Mikloş Xubai) kimi dramatik səciyyəli rolların ifasında da peşəkarlıq göstərməyi bacarıb.

İlham Əsədov (1 may 1970-ci il). 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. "İlham" miniatür teatrında aktyorluq edib. 2003-cü ildən Gənc Tamaşaçılar Teatrının truppasında çalışır. Kalmıkiya Respublikasının teatr aləmi ilə yaradıcılıq əlaqələrində səmərəli fəaliyyət göstərdiyinə görə 2016-cı il noyabr ayının 9-da həmin ölkənin Əməkdar artisti fəxri adına layiq görülüb. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Təşəbbüskar aktyordur, teatrın ictimai fəaliyyətində səmərəli işlər görür. Mehribanlığı, qayğıkeşliyi, diqqətcilliyi ilə kollektivdə hörmət qazanıb. GTT-nin janr-üslub estetikasına uyğun olaraq faciələrdə, komediyalarda, dramlarda, uşaq pyeslərində, alleqorik tamaşalarda bacarıqla və canfəşanlıqla oynayır. "Şəhərin qış gecələri" (Anar), "Viktoriya" (Knut Hamsun), "Sarıköynəklə Valehin nağılı" (İlyas Əfəndiyev), "Balaca, yaramaz məxluq" (İsmayıl İman), "Ünvansız qatar" (Əli Əmirli), "Arzu və Murad" (Sevinc Elsevər) tamaşalarında Firuz, Otto, Cavanşir, Həsən, Famil və Azad rollarının səhnə təfsirində dramatik və lirik-psixoloji üslubun xarakterik ifadə vasitələrindən sərrastlıqla istifadə edir. Janrın estetik cazibəsini və poetik vüsətini saxlamağa çalışır. "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev), "Kod adı: "V.X.A" (Mehriban Ələkbərzadə) tamaşalarındakı sırf tragik Əmrah və faciə çalarlı Müstəntiq rollarında romantik pafosun təbiiliyinə, daxili ehtirasın dalğavari ritmlə hərəkətinə xüsusi diqqət yetirir. "Çəkməli pişik" (Şarl Perro), "Çeburaşka" (Eduard Uspenski), "Oliver Tvistin macəraları" (Çarlz Dikkens), "Buratinonun macəraları" (Aleksey Tolstoy), "Çipollino" (Canni Rodari), "Don Kixot" (Migel de Servantes), "Qar kraliçası" (Hans Xristian Andersen), "Tıq-tıq xanım" (Abdulla Şaiq), "Ələddinin sehrli çırağı" (Ərəb xalq nağılı) uşaq dramlarında və nağıl tamaşalarında Kral, Poçtalyon, Cüvəllağı Cek, Karlo, Çipollone, Hersoq, Quldur, Atlı və Tacir rollarını şən ovqatda, nağılvari danışıq və ədalalarla, gülməli və məzəli jestlərlə, dinamik ritmdə oynayır. Kiçik yaşlı tamaşaçılarla səmimi ünsiyyət qurmaqda təcrübəsi var.

Sevinc Əziz (4 dekabr 1972-ci il). 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 19 sentyabr 1995-ci ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Əvvəllər Mehrəliyeva soyadı ilə çıxış edib.

Aktrisanın mənimsədiyi lirizmində maraqlı dramatik psixologizm var. Romantik səciyyəli obrazların ifasında istifadə etdiyi emosional ifadə vasitələrində cazibəli zəriflik ön plandadır. Tapdığı jestləri, sifət ifadələrini mütləq oynadığı rolun ritm ahəngi və plastik hərəkət kompleksi ilə birləşdirməkdə xeyli təcrübə toplayıb. Konfliktin mayası məhəbbət mövzusunda yoğrulan Sara ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev) rolunda psixoloji dramatizmə əsaslanırsa, Qeysin anasında ("Leyli və Məcnun", Məhəmməd Füzuli) poetik və epik teatr estetikasının psixoloji yükünü əsas götürüb. Mülayim yumor xüsusiyyətləri olan obrazları tipik xarakter kimi realizə etməyi və mövzudan asılı olaraq ona sosial, ictimai və məişət kontekstindən yanaşmağı bacarır. Ortenziya rolunda italyan del arte teatr elementlərindən ("Mehmanxana sahibəsi", Karlo Qoldoni), Gülər, Cəmilə ("Bala bəla özündəndir" və "M.S.S. Mən səni sevirəm", Əli Əmirli) surətlərində ironiyalı, bir qədər satirik çalarlı məsxərədən, Dilarə ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev), Olcay xatun ("Mola Nəsrəddin və Əmir Teymurun filləri, Əjdər Ol) personajlarında məzhəkəvari komediya elementlərindən ustalıqla istifadə edib. Əbdüləzəl Dəmirçizadənin türk eposunun motivləri əsasında yazdığı "Dədəm Qorqud"dakı Gülçinin səhnə təqdiminə epik romantikaya əsaslanan psixoloji-fəlsəfi "açarla" yanaşıb. Tamaşanın enerji nüvəsinin mərkəzində duran Şamama Cadu ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Böyükxanım ("Aydın", Cəfər Cabbarlı) obrazlarını romantik-dramatik ehtirasla, Lalə ("Büllur sarayda", İlyas Əfəndiyev), Gülər ("Mənim ağ göyərçinim", Tamara Vəliyeva) surətlərini lirik-psixoloji zərifliklə oynayıb. Ernest Teador Amadey Hofmanın "Şelkunçik", Abdulla Şaiqin "Tık-tık xanım", Azərbaycan xalq nağılı "Göyçək Fatma" əsərlərinin tamaşalarındakı alleqorik rolların təqdimat şirinliyinin cazibəsində şuxluq və səmimiyyət var.

Nuriyyə Əliyeva (6 yanvar 1977-ci il). 29 iyun 1998-ci ildə Əhməd Cavad adına Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1 mart 1998-ci ildən Azərbaycan Dövlət GəncTamaşaçılar teatrının aktrisasıdır.

Yaradıcılığa Məryəm ("Mahmud və Məryəm", Elçin) kimi mürəkkb baş rolla başlayıb və quruluşçu rejissor Loğman Kərimovun riskli etimadını doğruldub. Nuriyyə Əliyevanın ifasında Məryəm kövrək, zərif, pak qəlbli, ürkək, saf eşqin müqəddəsliyinə layiq banu-qız təsiri bağışlayırdı. Aktrisanın emosiyası, lirik-psixoloji ovqatdakı səlist ifası obrazın ülviyyət ruhuna poetik vüsət verirdi. Belə bir ifa həm janrın estetik xarakterinə, həm dramaturqun izlədiyi ideyaya, mövzunun psixoloji ruhuna, həm də rejissorun əsərin səhnə yozumu üçün müəyyənləşdirdiyi ali məqsədin fəlsəfi fikri ilə üst-üstə düşürdü. Aktrisanın uğuru digər rejissorların da diqqətini cəlb etdi və tezliklə o, teatrın istedadlı gəncləri sırasında daha inamlı addımlarla uğurlar qazandı. Onun istedadının yeni-yeni maraqlı keyfiyyətləri açıldı və bir neçə il ərzində məlum oldu ki, inamla müxtəlif janr-üslublu janrda da maraqlı nailiyyətlər qazana bilər. Nuriyə xanım ona bəslənən ümidləri doğrultdu. Dramatik-psixoloji Şövkət ("Ağ dəvə", Elçin), italyan del arte xalq teatr estetikası ilə yoğrulmuş Marianna ("Məzəli hadisə", Karlo Qoldoni), fəlsəfi-psixoloji ruhlu Ana ("Viktoriya", Knut Hamsun), tarixi hadisələr zəminində çağdaş reallığa çıraq tutan Xədicə xala ("Mustafa", Orxan Asen), klassik Avropa tragediyasının bədii təcəssümünün mürəkkəbliyini göstərən York hersoginiyası, Mələk ("III Riçard" və "Romeo və Cülyetta", Vilyam Şekspir), komediyaya xas olan səmimi və koloritli gülüşlə şirələnən  Tükəz ("Hacı Qara", Mirzə Fətəli Axundzadə) rolları aktrisaya qələbə qazandırdı. Hüsniyyə xanım Azərbaycan türklərinin milli gülüş mədəniyyətinin incəliklərini koloritli şəkildə açan Ağabacı ("Buzovna kəndinin əhvalatları", Elçin), poetik teatrın səciyyələri ilə yoğrulan Leylinin anası ("Leyli və Məcnun", Məhəmməd Füzuli), xalqımızın mənəvi-əxlaqi dəyərlərini fərqli rakurslardan canlandıran Raifə ("Ünvansız qatar", Əli Əmirli) rollarında inamla çıxış edib.

Rəşad Səfərov (10 iyun 1978-ci il). 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Azərbaycan Dövlət İrəvan Dram Teatrında (2001-2005), Şuşa Dövlət Musiqili Dram Teatrında (2005), Dövlət Gənclər Teatrında (2006-2009) aktyorluq edib. 1 may 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyor truppasında fəaliyyət göstərir.

Yaradıcılığı ilk növbədə lirik-psixoloji üslubun estetikasına köklənib. Obrazın mənəvi əxlaqi dəyərlərinə, zaman və məkan daxilində obrazın cəmiyyətlə ünsiyyətinə ilk növbədə psixoloji-fəlsəfi prizmadan yanaşır. Təmkinli oynamağı, yöndaşının replikalarının psixoloji ahəngini tutub, duyub, ani ovqat süzgəcindən keçirərək reaksiya verir, yəni obrazın sözünü deyir. Buna görə də onun pauzalara həssaslıqla, sakit, lakin mənalı sükutla, ifadəli baxışlarla, zərif plastika ilə reaksiya verməsində peşəkarlıq münasibəti göz oxşayır. Müxtəlif teatrlarda bu janrda Ədalət Yusifov ("Məhv olmuş gündəliklər" və "Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev), Seymur ("Telefon gecələri", Anar), Eldar ("Qum üstündə ev", Rüstəm İbrahimbəyov), Uve Sivers ("Dəlixanada qətl", Fridrix Dürrematt), Müəllim ("Əcəl atı" Vaqif Əlixanlı) rollarını uğurla ifa edib.

Aktyorun yaradıcılıq palitrası zəngindir. Bu zənginlik poetik teatr estetikasında oynanılan Qanpolad, Quldurbaşı, Dəvəçi ("Ana", "İblis" və "Şeyx Sənan", Hüseyn Cavid), Sultan Süleyman ("Leyli və Məcnun", Məhəmməd Füzuli), tragediya qəhrəmanları Hersoq, Lodoviko ("Romeo və Cülyetta" və "Otello", Vilyam Şekspir), kəskin dramatik təzadlı hadisələr burulğanında təsvir edilən Surxay ("Aydın", Cəfər Cabbarlı),  Hacı Bağdad ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), komediya janrının təmsilçiləri İbrahim və Mirzə Mehdi ("Xortdanın cəhənnəm məktubları", Əbdürrəhim bəy Haqverdiyev), Qraf Albofiortia ("Mehmanxana sahibəsi", Karlo Qoldoni), nağıl-tamaşa personajı Kral ("Yatmış gözəl", Blangi Marvin) obrazlarının timsalında açıq-aydın və yüksək peşəkarlıqla nəzərə çarpır.

Rasim Cəfər (17 oktyabr 1978-ci il). 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 15 mart 2005-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Əvvəllər Cəfərov soyadı ilə çıxış edib. 29 iyul 2016-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Maraqlı və xarakterik sifət cizgiləri var. Lirik-psixoloji, realist, romantik teatrlara xas olan ifadə vasitələrini müxtəlif dərəcədə mənimsəyib. Eyni zamanda mənimsədiklərini səhnədə bədiiliklə canlandırmaq üçün kifayət qədər texniki imkanları var. Daxili coşqunluğunu, oynadığı obraza xas və xarakterik olan hərəkət ritmini tənzimləməkdə səriştəlidir. Xüsusən faciə qəhrəmanları Əcinnəni ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Oğuz ("Şeyx Sənan", Hüseyn Cavid) ehtiraslı və bədii pafosla oynamaqla tragediyaya xas prinsiplərlə oynayır. Az da olsa çıxış etdiyi komediya rollarını (məsələn, Çarlz Dikkensin "Oliver Tvistin macəraları"nda Cüvəllağı Cek və Vilyam Şekspirin "Səhvlər komediyası"nda Hersoq) dramatik yumorla canlandırır. Vəziyyətdən asılı olaraq obrazın pauzalarını,  keçirdiyi daxili sükutun psixoloji mahiyyətini hərəkət plastikası ilə reallaşdırır. Qənimət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev), Ağa ("Pələng ili", Firuz Mustafa), E ("Mən gəldim, qızlar", Lars Nuren), Yevgeni Sergeyeviç Dorn ("Qağayı", Anton Çexov) kimi lirik-psixoloji və dramatik-psixoloji obrazları da məharətlə və yaradıcı şövqlə oynayır. Didaktik səciyyəli Saray təbibi ("Xeyir və Şər", Nizami Gəncəvi), melodrama estetikasında Dilmanc ("Məkkəyə gedən yol", Cəlil Məmmədquluzadə), poetik teatr estetikasında İbn Səlam ("Leyli və Məcnun", Məhəmməd Füzuli), nağıl-tamaşa ovqatında Tom ("Zorro, ispan xalq rəvayəti əsasında), qarışıq sintezli Fərhad ("Yarımçıq qalmış...", Yefim Abramov və Leyla Bəyim), ironiyalı-yumorlu Şirin ata ("Şirinlər", Pyerri Culliford) rolları da aktyorun yaradıcılıq uğurlarına aiddir.

Rasim Cəfər iyirmidən çox bədii və televiziya filminə, ona yaxın teleseriala çəkilib. Ekran rollarının da xarakterləri, cəmiyyətdəki mövqeləri, mənəvi-əxlaqı dəyərləri fərqlidir.

Şəbnəm Hüseynova (1 fevral 1981-ci il). 2002-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Bakı Kamera Teatrında işləyib. 2009-cu il oktyabrın 1-dən Gənc Tamaşaçılar Teatrının aktyor truppasında çalışır.

Bədii tutumuna, janr-üslubuna görə müxtəlif obrazlar, o cümlədən, Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Fəridə ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev), Lalə ("M.S.S. Mən səni sevirəm", Əli Əmirli) kimi baş rollar oynayıb. Lakin müxtəlifliyə baxmayaraq, yaradıcılığının xarakterik cizgiləri olan personajlarda çevik və cəld, məlahətli və sərbəstdir. Hiss olunur ki, səhnədə gərginlik keçirmir. Şən, gülərüz, mehriban və səmimi olması ifa etdiyi rollara məlahət və təravət verir. Xeyli nağıl-tamaşada maraqlı rollar ifa edib və zərif plastikası bu cür personajları təbiiliklə səhnədən canlandırmaqda ona yardımçı olur. Səslə obraz-xarakter yaratmaqda, nağıl-tamaşa personajlarını bədii reallıqla, çağdaş teatr estetikasında, şən ovqatda təqdim etməkdə artıq kifayət qədər təcrübə toplaya bilib. Onun bu ifadəli, cazibəli, müxtəlif mənalar kəsb edən yaradıcılıq imkanları Aleksey Tolstoyun "Buratinonun macəraları" (Malvina), Abdulla Şaiqin "Danışan gəlincik" (Zərif), Çarlz Dikkensin "Oliver Tvistin macəraları" (Missis Roz), Azərbaycan xalq nağılı "Məlik Məmməd" (Dilşad), Ernest Teodor Amadey Hofmanın "Şelkunçik" (İkinci dayə), Yevgeni Şvartsın ("İfritin kələyi" (Cəmil) əsərlərinin tamaşalarında açıq-aydın görünür və tamaşaçı marağına səbəb olur.

Aktrisa GTT-də Sona, Mariya Adamovna ("Hacı Qara" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Məşədi Zeynəb ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Hüseynova Böyükxanım ("Aydın", Cəfər Cabbarlı), Əzra ("Şeyx Sənan", Hüseyn Cavid), Nisə ("Buzovna kəndinin əhvalatları", Elçin), Suğra İsazadə ("Kod adı: "V.X.A."), Gülşad ("Leyl və Məcnun", Məhəmməd Füzuli), Ortenziya ("Mehmanxana sahibəsi", Karlo Qoldoni), Monika Ştetler və Line Roze ("Dəlixanada qətl", Fridrix Dürrematt), Anya ("Albalı bağı", Anton Çexov) kimi dramatik, lirik, komik rolları da  şövqlə  oynayıb.

Aybəniz Heydərova (29 yanvar 1983-cü il). 2002-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb. 1997-2005-ci illərdə Körpəm Eksperimental Uşaq Teatrının aktrisası olub. 2006-cı il noyabrın 1-dən Gənc Tamaşaçılar Teatrının truppasında çalışır. Əvvəllər Əhmədova soyadı ilə çıxış edib.

Əbdürrəhim bəy Haqverdiyevin "Pər cadu" (Əcinnə rəqqasə), Cəfər Cabbarlının "Aydın" (Kazino rəqqasəsi Susanna) əsərlərinin tamaşasında zərif plastika, incə əl və barmaq hərəkətləri ilə bədənin ritmə uyğun forma dəyiməsinin elastikliyini tamaşaçılara çatdırmaqda rəqqasə kimi yüksək peşəkarlıq nümayiş etdirib. Nağıl-tamaşalarda obrazın dəcəlliyini, məzəli hərəkətlərini, gülüş doğuran davranışlarını, şən ovqatını duyğulu inandırıcılıqla, real təbiiliklə, şirəli səmimiyyətlə, qaynar coşquyla oynayır. Tamaşaların janrına uyğun şəkildə ifasında lakonik, axıcı, ifadəli emosionallıq var. Aybəniz xanım şair-dramaturq İsgəndər Coşqunun "Çal-oyan", Rəsul Rzanın "Ana qaz", Rəvan Tohidoğlunun "İncəbel qarı",  Xanımana Əlibəylinin, "Dovşanın ad günü", Samuil Marşakın "Pişiyin evi", Xalq nağılı "Göyçək Fatma" əsərlərinin tamaşalarında maraqlı alleqorik rollar oynayıb. Aktrisa bu teatr estetikasının incəliklərini səylə mənimsəməyə çalışıb və xeyli uğurlar qazanıb. Bu səpkili rolları peşəkarlıqla, az yaşlı uşaqların zövqlərini oxşayacaq tərzdə oynamaq üçün mürəkkəb səs variasiyalarından sənətkarlıqla, obrazlı şəkildə istifadə etmək qabiliyyəti formalaşıb. Cəlddir, çevikdir, səhnədə daim hərəkətdə olur.

 Aybəniz Heydərova teatrda Fizzə və Əhməd ("Məkkəyə gedən yol", Cəlil Məmmədquluzadə), Nazı ("M.C.C. Mən səni sevirəm", Əli Əmirli), Şagird və Məzun ("Mənim ağ göyərçinim", Tamara Vəliyeva), Şah qızı ("Xeyir və Şər", Nizami Gəncəvi), Nəimə Məmmədova ("Kod adı: "V.X.A.", Mehriban Ələkbərzadə), Mələk ("Romeo və Cülyetta", Vilyam Şekspir), Əks-səda ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı), Mauqli ("Mauqli", Redyard Kiplinq), Bet ("Oliver Tvistin macəraları", Çarlz Dikkens), Malış ("Axırıncı qatar və yaxud itlər", İlqar Fəhmi) rollarında da çıxış edib.

Vahid Orucoğlu (2 sentyabr 1986-cı il). 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2007-2009-cu illərdə Dövlət Gənclər Teatrında aktyorluq edib. 2009-cu il may ayının 1-dən  Gənc Tamaşaçılar Teatrının truppasında çalışır.

Maraqlı və cazibəli, məlahətli və gözoxşayan sifət cizgiləri oynadığı obrazlara təbiilik və canlılıq verir. Lirik-psixoloji janrlı tamaşalarda (məsələn, İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər"ində Savalan, Anarın "Şəhərin qış gecələri"ndə Rasim), eləcə də dramatik, faciə və komediyalarda dramaturji yükü psixologizm kontekstində işlənmiş obrazların ifasında (Hüseyn Cavidin "İblis"ində Vasif) daha çox uğur qazanır. Lirik-poetik faciə ştrixləri maraqlıdır və hiss olunur ki, həmin janrda daha sanballı rollarda uğurla çıxış edə bilər. Qaravəlli oyun üslub-prinsiplərinə, poetika səciyyələrinə uyğun olaraq şən, oynaq və məzəli surətlərin yumorlu təqdimində ölçü hissini unutmur. Ümumən oyununda həyati təravət güclü, ifadəli və cəlbedicidir. Ağagül ("Buzovna kəndinin əhvalatları", Elçin), Mazandaranski ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Mixaylo ("Ünvansız qatar", Əli Əmirli), Əhməd ("Tənbəl Əhməd", Azərbaycan xalq nağılı) rollarını canlı, gözoxşayan koloritlə oynayıb. Aktyor məktəblilər, yeniyetmələr, gənclər üçün tamaşaların hamısında teatrın üslub prinsiplərini məharətlə qoruyur. Səhnədə təmkinli və sərbəst, hadisələrin emosional dairəsi "daxilində" davranmağı bacarır.

Aktyor fərqli yaradıcılıq üslubları olan rejissorların hazırladıqları tamaşalarda Səlim, Dəvəçi ("Ana" və "Şeyx Sənan", Hüseyn Cavid), Müəllim ("Əcəl atı", Vaqif Əlixanlı), Stansiya rəisi ("Kod adı: "V.X.A", Mehriban Ələkbərzadə), Pegginin atası ("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt), Kay ("Qar kraliçası", Hans Xristian Andersen), Rulle, Karl ("Balaca və damda yaşayan Karlson" və "Uzuncorab Pippi", Astrid Lindqren), Həbəş ("Ezop", Gilerma Fiqeyredu), Birinci qatil ("III Riçard", Vilyam Şekspir), Aşpaz ("Yatmış gözəl", Blangi Marvin) rollarında maraqlı oyun tərzi ilə çıxış edib.

Xaliq Bəkirov (28 may 1991-ci il). 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib. 2017-ci ildən Gənc Tamaşaçılar Teatrının truppasında aktyorluq edir. Dəvətlə Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" operettasında Hambal rolunu oynayır. Onun ifasında Hambal zavallı, bir qədər yazıq, məzlum təsiri bağışlasa da, diribaşdır, cəld və çevikdir. Bir abbası bəhanəsilə imkan yaranan, ələ düşən fürsəti fotə vermir, Məşədi İbadın həndəvərində

Aldığı ali təhsil ixtisasına uyğun olaraq musiqi müşayiəti çox olan, sosial-məişət, ictimai janrlarda hazırlanan komediyalarda xüsusi bacarıqla oynayır. Heyrətamiz səhnə plastikası coşqun ilhamla oynadığı Lal kəndirbaz ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əjdaha ("Məlik Məmməd", Azərbaycan xalq nağılı), Rəqqas ("Danışan gəlincik", Abdulla Şaiq), eləcə də "Bremen musiqiçiləri", "Mauqli", "Qızıl balıq", "Tıq-tıq xanım" nağıl-tamaşalarındakı, "Xırs quldurbasan" məzhəkəsindəki alleqorik rolların bədii bitkinliyinə xüsusi əlvanlıq verir. Dram janrlı "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Göyçək Fatma" (Azərbaycan xalq nağılı) tamaşalarındakı Şahqulu, Şahzadə obrazlarında da zərifliklə işlənmiş şirin yumor çalarları var.

1-ci dustaq, 2-ci oyunçu ("Don Kixot", Migel de Servantes), Təpəgöz, Quldur, Furiya ("Sindibad". "1001 gecə" nağılları əsasında), Su Şahzadəsi ("Quliver cırtdanlar ölkəsində", Conatan Svift), Gürcü ("Şeyx Sənan", Hüseyn Cavid), Qoca Moor ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Usta Şirin ("Şirinlər", Pierre Cullifod), Döyüşçü ("Leyli və Məcnun", Məhəmməd Füzuli), Qaraçı ("Qaraca qız", Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında), Baltazar, Birinci mühafizəçi ("Romeo və Culyetta", Vilyam Şekspir), Kolya ("Çeburaşka", Eduard Uspenski), Bloxer ("Dəlixanada qətl", Fridrix Dürrematt) rollarında aktyor formalaşdırdığı plastika hərəkətləri yeni kolorit və ritm ahəngində canlandırır. Xalıq Bəkirovun cəldliyinin, plastika zərifliyinin gözəlliyi orasındadır ki, o, bu imkandan oynadığı obrazın xarakterinə uyğun tərzdə, yaradıcı coşquyla istifadə edir.

 

 

 

 

 

 

 





16.05.2023    çap et  çap et