525.Az

Mifləri dağıdan seçki


 

Mifləri dağıdan seçki<b style="color:red"></b>

Mayın 14-də Türkiyədə bütün dünyanın maraqla müşahidə etdiyi prezident və parlament seçkiləri başa çatdı. Qardaş ölkədə yüksək demokratiya şəraitində keçirilən seçkilərdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan rəqiblərini üstələyərək liderliyini saxlasa da, seçkinin taleyi birinci turda həll olunmadı. Namizədlərdən heç biri 50 faizlik baryeri keçə bilmədi. Daha əvvəldən verilmiş proqnozlar özünü doğrultdu. Qardaş ölkə 13-cü prezidentini mayın 28-də ikinci turda seçəcək. Bununla belə, Ərdoğanın 50 faizə yaxın səs alması onu göstərdi ki, Türkiyə xalqı 21 ildir hakimiyyətdə olan öz liderini yenə də dəstəkləyir və ona güvənir. Buna bir nümunə də Ərdoğanın məhz zəlzələ bölgəsindən daha çox səs almasıdır. Türkiyə lideri dəhşətli zəlzələ zamanı dərhal bütün lazımi tədbirləri həyata keçirərək, insanların yanında oldu, onların acısını bölüşərək, tamamilə dağıdılmış bölgələrin yenidən qurulması üçün sürətli tikinti işlərinə başlamaq barədə göstəriş verdi. Bu, özünü həm də AKP-nin parlament seçkilərində ən çox yer qazanması ilə təsdiqlədi. 

Siyasi təhlilçilər ikinci turla bağlı öz proqnozlarını verir, ssenarilər irəli sürürlər. 

Politoloq Elşən Məcidov "525"ə şərhində bildirib ki, 14 may seçkiləri Türkiyədə demokratiyanın olmaması və yaxud iqtidarın avtoritarizm yaratması haqqında bütün fikir və mifləri alt-üst etdi: "Bu, sözsüz ki, Ərdoğanın ikinci turda daha üstün olmasına gətirib çıxaracaq. Belə proqnoz etmək olar ki, hazırda iqtidar partiyası məhz buna istinad edəcək ki, birinci tur çərçivəsində hər hansı bir ciddi hüquq pozuntusu və s. baş vermədi. Yəni ki, müxalifətin Ərdoğana qarşı irəli sürdüyü əsas ittihamlardan biri ondan ibarət idi ki, guya Ərdoğan ölkə ərazisində avtoritarizm yaradıb, ancaq bu əsas miflərdən biri belə formada dağıldı. Ehtimal etmək olar ki, insanların bir qismi Kılıcdaroğluna məhz bu səbəbdən səs vermişdi və onlar öz səslərini yenidən nəzərdən keçirib, Ərdoğana səs verə, yaxud seçkiyə gəlməkdən imtina edə bilərlər". 

Politoloq deyib ki, prezidentin kim olacağını indidən müəyyənləşdirmək mümkün deyil: "Ancaq bir faktı bilirik ki, parlamentdə çoxluq iqtidar partiyasına məxsusdur. Bu, o anlama gəlir ki, qanunverici hakimiyyət Ərdoğanın partiyasının əlindədir. Prezident hakimiyyəti kimin əlində olacağından asılı olaraq, biz bir neçə ssenari formalaşdıra bilərik. Əgər 28 mayda Ərdoğan qalib gəlsə, bu ona gətirib çıxaracaq ki, həm qanunverici, həm də icraedici hakimiyyət Ərdoğanın əlində cəmləşəcək. Bununla bərabər vurğulamaq lazımdır ki, məhkəmə hakimiyyəti ilk iki hakimiyyət qolunun birgə iştirakı ilə formalaşdığına görə Ərdoğan çox güclü bir hakimiyyətə sahib olacaq. Əgər birdən Kılıcdaroğlu prezident olarsa, onun hakimiyyəti qanunvercivi və məhkəmə hakimiyyətinin qarşılıqlı əlaqəsi ilə balanslaşdırılacaq. Çünki məhkəmə hakimiyyətini dəyişdirmək üçün hakimlərin yenidən təyini və s. bağlı parlamentlə sıx əməkdaşlığa ehtiyac var. Parlament də Ərdoğanın partiyasının nəzarəti altında olduğu üçün yeni hakimlərin təyini və s. gözlənilmir. Kılıcdaroğlu prezident olsa, kifayət qədər güclü olmayacaq. İlk növbədə ona görə ki, parlamentdə Ərdoğanın partiyası çoxluq təşkil etdiyi üçün istədiyi qanunverici aktları keçirə bilməyəcək. Bunlar mütləq şəkildə parlament tərəfindən razılaşdırılmalıdır. İkincisi, onun hakimiyyəti koalisiya olduğuna görə portfellər "Altılı masa"da olan fərqli partiyalar daxilində bölüşdürüləcək. Bildiyimiz kimi, "Altılı masa"nın baxışları heç də vahid deyil, bunları əsas birləşdirən Ərdoğanın hakimiyyətinə qarşı olan iddiaları və ittihamlarıdır. Amma əgər hakimiyyətə gəlsələr, yenə də öz ideoloji-siyasi baxışları nöqteyi-nəzərdən fərqli yanaşmalardan çıxış edəcəklər. Bu da sözsüz ki, icraedici hakimiyyət daxilində koordinasiyanı aşağı salacaq. Əgər Ərdoğan məğlub olsa, müxalifətə keçəcək, amma onun nüfuzu daha da artacaq. Çünki Ərdoğana bütün səs verənlər məhz onun özünə səs veriblər. Amma Kılıcdaroğlunun topladığı səslər sırf onun deyil, həm də ətrafında toplanan digər beş partiyanın nümayəndələrinin səsləridir. Məhz onlar Kılıcdaroğlu ilə bir olduğuna görə bu insanlar ona səs verirlər. Deməli, cəmiyyətin daxilində belə bir seqment var: Ərdoğan, Kılıcdaroğlu və onun ətrafında olan 5 partiya. Düşünürəm ki, prezident seçilsə, Kılıcdaroğlunun cəmiyyət daxilində nüfuzu daha aşağı düşəcək. Çünki artıq onu kor-koranə dəstəkləməyə ehtiyac olmayacaq. Ona görə ki, bu, seçki ərəfəsi deyil. Burda daxili parçalanmalar özünü büruzə verəcək. Digər tərəfdən, hökumətin koalisiyalı olması ona gətirə bilər ki, hökumət daxilində müəyyən bir parçalanmalar müşahidə edilsin. Fərqli siyasi partiyaların fərqli siyasi-ideoloji baxışları olduğu üçün bu baxışlar özünü siyasətdə, praktikada büruzə verdikcə, kordinasiya zəifləyəcək. Ola bilər ki, hökumət üzvləri arasında narazılıqlar artıq bağlı qapılar arxasından ictimaiyyətə sızsın və dediyim kimi, Kılıcdaroğluna verilən səslər tək onun deyil, həmçinin beş digər partiyanın səsidir. Vəziyyət ona gətirə bilər ki, cəmiyyətin hər bir seqmenti rəğbət bəslədiyi partiyanın namizədinə,  yəni ki, nazir vəzifəsində, yaxud da vitse-prezident səviyyəsində olan yanaşmaya daha çox üstünlük verəcək, nəinki prezidentin yanaşmasına. Bu da həm koalisya daxilində, həm də onların cəmiyyətdəki elektoratı daxilində parçalanmalara gətirə bilər. Ancaq ehtimal etmək olar ki, ikinci tur indiki iqtidar partiyasının qələbəsi ilə yekunlaşsın. Buna çoxlu faktorlar istinad edir". 

Bununla belə, E.Məcidov hesab edir ki, 100 faizlik proqnoz vermək siyasi, elmi cəhətdən korrekt deyil.

 





17.05.2023    çap et  çap et