525.Az

Ukraynaya tərəddüdsüz dəstək - Xaqani Cəfərli yazır


 

Ukraynaya tərəddüdsüz dəstək - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ukraynanın müttəfiqləri və tərəfdaşları Kiyevə dəstəklərini tərəddüdsüz şəkildə davam etdirməkdə qərarlı olduqlarını son zamanlar daha qətiyyətlə nümayiş etdirirlər. "Böyük yeddilik" ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Yaponiyada keçirilən görüşündə 2023-cü ilin qarşıda olan ayları və 2024-cü ilin əvvəli üçün Ukraynaya iqtisadi və büdcə dəstəyi üzrə beynəlxalq yardımlarını artıraraq 44 milyard dollara çatdırmaq qərarı veriblər. Bu dəstəyin Ukrayna hakimiyyət orqanlarına hökumətin fəaliyyətini təmin etməyə, əsas xidmətlərin göstərilməsini davam etdirməyə, zədələnmiş infrastrukturda vacib təmir işləri aparmağa və iqtisadiyyatı sabitləşdirməyə imkan verəcəyi güman olunur. G7 ölkələrinin bu dəstəyi Ukraynaya digər ölkələr və qurumların, eləcə də özəl sektor tərəfindən maliyyə dəstəyinin göstərilməsini də təşviq edəcək.

"Böyük yeddilik" Rusiyaya qarşı sanksiyaları da davam etdirmək niyyətindədir və Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində boru kəməri ilə qaz ixracını qadağan etməyi planlaşdırırlar. G7 ölkələrinin belə bir qərar verəcəyi halda Rusiyanın Türkiyə üzərindən Avropaya qaz nəql etmək üçün son ümidi olan "Mavi axın" kəmərləri üçün təhdid yaranacaq.

Ukraynaya tərəddüdsüz maliyyə dəstəyi Rusiyaya qarşı qadağaların artırılması ilə yanaşı, Kiyevə hərbi yardımın göstərilməsində də özünü göstərir. May ayının 9-da ABŞ Ukraynaya ümumi dəyəri 1,2 milyard dollar olan növbəti yardım paketini açıqlayıb. Bu yardım paketinə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları, pilotsuz uçuş aparatlarına qarşı döyüş sursatları, 155 mm-lik artilleriya mərmiləri, kommersiya peyk təsvirləri xidmətləri, kadr hazırlığı və texniki xidmətlər daxildir. Bundan öncə, may ayının əvvəlində 300 milyon dollarlıq, aprel ayında isə ABŞ Ukraynaya 2,6 milyard və 325 milyon dollarlıq iki yardım paketi ayırmışdı.

Avropa İttifaqı Ukraynaya Avropa Sülh Fondu çərçivəsində Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini və dayanıqlığını daha da gücləndirmək, mülki əhalini Rusiyanın davam edən hərbi təcavüzündən qorunmasını gücləndirmək üçün 1 milyard avro məbləğində yardım ayırıb. Bununla da Brüsselin Kiyevə hərbi dəstəyinin ümumi həcmini 5,6 milyard avroya çatıb. Yeni yardım paketi əsasən Ukrayna Silahlı Qüvvələrini 155 mm-lik mərmilərlə təmin etməyə yönəldiləcək.

Avropa İttifaqı ilə yanaşı, "köhnə qitə" ölkələri ayrı-ayrılıqda Ukraynaya yardım edirlər. Danimarka Ukraynaya 1,7 milyard Danimarka kronu (250 milyon dollar) dəyərində hərbi yardım edəcək. Bu yardım paketi çərçivəsində Danimarka Ukraynaya minatəmizləmə vasitələri, döyüş sursatları, sahə körpüləri və hava hücumundan müdafiə vasitələri verəcək.

Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa ölkələrinə son səfəri də uğurla keçib. Avropaya səfəri çərçivəsində prezident Vladimir Zelenski Romada İtaliyanın prezidenti Sergio Mattarella və Baş nazir Giorgia Meloni ilə görüşərək Ukraynanın müdafiəsinə yardımla bağlı danışıqlar aparmışdı. Baş nazir Giorgia Meloni ilə danışıqlardan sonra məlum oldu ki, İtaliya Ukrayna səmasının qorunması üçün Kiyevə ciddi dəstək verəcək. Romadan Berlinə gedən Ukrayna dövlət başçısı burada Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansleri Olaf Şolts ilə danışıqlar aparıb. Danışıqlardan sonra Almaniya da Ukraynaya 2.7 milyard avroluq hərbi yardım paketini açıqlayıb.

Berlindən Parisə gedən Ukrayna prezidenti Fransanın da dəstəyini qazanıb. Rəsmi Paris Ukraynaya onlarla zirehli texnika və yüngül tanklar, o cümlədən, AMX-10RC göndərəcəyini vəd edib. Fransa həmçinin Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək və NATO-dakı tərəfdaşları ilə birlikdə Ukrayna hərbçilərinə təlim keçmək niyyətindədir. Bu hərbi yardımlardan əlavə, Fransa hərbi cinayətlərin araşdırılmasına kömək etmək üçün DNT analizi üçün iki mobil laboratoriya Ukraynaya göndərilib.

Parisdən Londona gedən Ukrayna prezidenti Britaniya rəsmilərindən güclü dəstək alıb. Britaniya Ukraynaya yüzlərlə zenit-raket kompleksi, eləcə də pilotsuz uçuş sistemləri, o cümlədən, 200 km-dən uzaqda olan hədəfləri vura biləcək yüzlərlə yeni hücum pilotsuz uçan aparatları verəcək. Bu silahlar qarşıdakı hərbi əməliyyatlarda istifadə edilə bilməsi üçün yaxın vaxtlarda Ukraynaya göndəriləcək. 

Ukraynaya hərbi yardımı gücləndirmək üçün Kiyevin müttəfiqləri və tərəfdaşları, xüsusilə də Vaşinqton bütün imkanlardan istifadə edir. Vaşinqtonun Seulla apardığı danışıqların nəticəsində Cənubi Koreya Ukraynaya göndərmək üçün ABŞ-a 500 min 155 mm-lik artilleriya mərmisi verəcək. Bu ABŞ-ın Ukraynaya verməyə planlaşdırdığı 1 milyon mərminin yarısını təşkil edəcək. Ötən il Cənubi Koreya ABŞ-a ehtiyatlarını artırmaq üçün artıq 100 min mərmi satıb. İndi isə 500 min mərmini ABŞ-a kreditə verəcək. Əslində bu, Cənubi Koreyanın Ukraynaya dəstəyidir. Sadəcə Cənubi Koreya qanunvericiliyi münaqişə zonalarına öldürücü silah satışını qadağan etdiyi üçün bu əməliyyat ABŞ vasitəsilə həyata keçirilir. Moskva Seulun bu addımını Rusiya əleyhinə davranış kimi dəyərləndirsə də, Cənubi Koreya müttəfiqi ABŞ-ın istəklərinə uyğun davranır.

ABŞ-ın müdaxiləsindən sonra Misir mövqeyini dəyişib və Rusiyaya satmağı planlaşdırdığı artilleriya mərmilərini Ukraynaya göndərməyə başlayıb. "The Washington Post" qəzetinin istinad etdiyi sənədlərə əsasən, qərar mart ayında ABŞ rəsmiləri ilə danışıqlardan sonra qəbul edilib. Vaşinqtonla "sövdələşmə" nəticəsində Misir Ukrayna Silahlı Qüvvələrini təmin etmək üçün 152 və 155 mm-lik mərmini ABŞ-a verəcək, əvəzində Amerikadan müasir silahlar alacaq.

Göründüyü kimi, gözlənilən əks-hücum ərəfəsində müttəfiqlərinin Ukraynaya dəstəyi görünməmiş miqyas almaqdadır. Müttəfiqləri Ukraynanın gücləndirdikləri bir zamanda Rusiya ard-arda hərbi uğursuzluqlarla üzləşir. Belə görünür ki, hərb meydanında qüvvələr nisbətinin və döyüş xəttinin dəyişməsinə çox az qalıb.

 

 





17.05.2023    çap et  çap et