525.Az

Rusiya səması təhlükəsiz deyil


 

Rusiya səması təhlükəsiz deyil<b style="color:red"></b>

Ukraynaya qarşı müharibənin ilk həftəsində Rusiya Müdafiə Nazirliyi Ukrayna səmasına nəzarəti tamamilə ələ keçirdiklərini bəyan edirdilər. Müharibənin başlamasından ötən 15 ay sonra Rusiyanın özünün hava məkanının təhlükəli olduğu üzə çıxıb. Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı, Su-35 qırıcısı və iki Mi-8 helikopteri məhv edilib. Rusiya Müdafiə Nazirliyi bu hadisə ilə bağlı heç bir məlumat verməyib. "Kommersant" qəzeti xəbər verir ki, helikopter və təyyarələr eyni vaxtda vurulub. Helikopter və təyyarələrin ekipajları həlak olub.

Qırıcılar Ukraynanın Çerniqov vilayətindəki hədəflərə raket və bomba hücumu təşkil etməli, vertolyotlar isə təyyarələr vurulacağı halda onların ekipajlarını xilas etməli idi. Sosial şəbəkələrdə yayılan videolara əsasən, Klintsı şəhərinin kənarında qəzaya uğrayan ən azı bir Mi-8-in raketlə vurulduğu qənaətinə gəlmək olar. Ekspertlər bildiriblər ki, hücum çox güman ki, hava tipli silahlardan, yəni təyyarələrdən və ya helikopterlərdən həyata keçirilib. Ekspertlər qırıcı təyyarələrin və helikopterin pusquya düşdüyünü güman edirlər. İnternet resurslarda yayılan məlumata görə, altısı 2 Mi-8-in helikopterinin ekipajı olmaqla, ikisi Su-34 qırıcısının pilotu və bir isə Su-35 qırıcısının pilotu olmaqla 9 nəfər ölüb.

Bryansk vilayətinin Starodubski rayonunun administrasiyası "VKontakte" sosial şəbəkəsində yerli sakinlərdən qəzaya uğrayan təyyarənin pilotunun cəsədinin axtarışına kömək etmələrini xahiş edən yazı dərc edib. Hakimiyyət orqanları mayın 13-də Starodub yaxınlığında Su-34 qırıcı-bombardmançı təyyarəsinin qəzaya uğramasını dolayısı ilə təsdiqləyib. Vətəndaşlara ünvanlanan müraciətdə deyilir: "Hörmətli rayon sakinləri, qəzaya uğramış təyyarənin ekipajının ikinci pilotunun bataqlıq ərazisində axtarışının təşkili məqsədilə sizdən köməklik göstərməyinizi xahiş edirik".

Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məlumatları şərh etmir. Bryansk vilayətində dörd təyyarənin qəzaya uğradığı haqqında Belarus prezidenti Aleksandr Lukaşenko da açıqlama ilə çıxış edib. "Vaqner" Özəl Hərbi Şirkətinin qurucusu Yevgeni Priqojin isə hadisəyə görə birbaşa olmasa da, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrini günahlandırıb. Rusiyanın siyasi-hərbi rəhbərliyi isə inadla susur. Çünki Ukraynanın hava məkanına nəzarət etdikləri haqqında rəsmi məlumat verən şəxslər Rusiya səmasında dörd uçuş aparatının məhv edildiyini etiraf etməkdən qorxur.

Aydın görünür ki, Rusiya Silahlı Qüvvələri yad ərazilərdə hücum əməliyyatları apara bilmədiyi kimi, öz ərazisini də qorumaq imkanlarına malik deyil.

 





18.05.2023    çap et  çap et