2004-cü ildən fəaliyyətə başlayan "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində indiyədək yığılmış 15 min ədədədək müxtəlif model və modifikasiyalı traktor və digər kənd təsərrüfatı texnikaları respublikamızın aqrar sahəsində etibarlı surətdə çalışmaqdadır. Həmçinin bu müəssisənin fəaliyyəti dövründə 5 min ədədən çox müxtəlif markalı və modeldə yük avtomobilləri də yığılıb. İndiyədək Gəncə avtomobilqayıranları bu müəssisədə davamlı istehsalı öz Belarus həmkarları ilə birgə əməkdaşlıq sayəsində qurublar.
Amma "Gəncə avtomobil Zavodu" İB-nin tarixində daha bir səhifə açılmaqdadır. Müəssisə bu gün həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyət göstəriciləri və yüksək məhsuldar xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın "SDF Group" şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Müqaviləni "Gəncə Avtomovil Zavodu" İB-nin direktoru Bağban Nəbiyev və İtaliyanın "SDF Group"unun beynəlxalq regional direktoru Umberto Miceli imzalayıblar.
Qeyd edək ki, bir əsrə yaxın tarixi olan SDF (Same Deutz-Fahr) şirkəti 1927-ci ildə İnaliyada yaradılıb və Avropanın ən aparıcı traktor istehsalçılarındandır. SDF öz istehsalında alman kənd təsərrüfatı maşınları modelərinə üstünlük verir.
Əməkdaşlıq sazişinin imzalanması, eləcə də artıq bir neçə ədədi istehsal edilmiş yeni model traktorların təqdimatı mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib. Görüşdə bildirilib ki, SDF şirkəti istehsalı olan traktorların yığımı MDB məkanında Qazaxıstandan sonra ilk dəfə olaraq ölkəmizdə həyata keçirilir.
"Azərbaycan aqrar texnika üzrə gələcək istehsal və satış üçün çox əlverişli və uyğun ölkədir. Düşünürəm ki, bu əməkdaşlıq uzunmüddətli olacaq. Bu müqavilənin bağlanması və birgə işlərin həyata keçirilməsi bu sahədə inkişaf üçün perspektivlər açır", - deyə SDF qrupunun beynəlxalq regional direktoru Umberto Miceli bildirib.
Keyfiyyəti ilə seçilən alman modelli traktorlara Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alınaraq, "Gəncə Avtomobil Zavodu" İB ilkin mərhələdə il ərzində 300-ə yaxın traktorun yığılmasını planlaşdırır. İlkin olaraq "DEUTZ-FAHR 4100 W", "6205 G" və "115 G AGROFARM" Alman traktor modellərinin Azərbaycanda yığılması üçün razılıq əldə edilib. Müqavilənin şərtlərinə əsasən əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırası genişləndiriləcək.
Bu traktorların Qazaxıstandan sonra ilk dəfə olaraq ölkəmizdə yığılması həyata keçirilir. İlkin olaraq bu ilin sonuna kimi təxminən 300-ə yaxın bu traktorların istehsalı nəzərdə tutulub.
Bildirilib ki, Gəncə Avtomobil Zavodunda Belorus avtomobil və traktorların istehsalı da davam etdiriləcək.
Zakir MURADOV,
Gəncə
çap et